Rəşad Quliyev: “Gənclərimizdə vətənvərvərlik hissi çox yüksəkdir”






Buyaxınlarda xalqımız Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illik yubileyini qeyd etdi. Yubileylə bağlı dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirildi. Həmin ərəfədə Azərbaycan idmançılarının güləş üzrə hərbçilərin dünya çempionatından vətənə 11 medalla qayıtmaları bu yubileyə sanki bir töhfə oldu. Ölkəmizi bu yarışda Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası təmsil edirdi.
"Olimpiya dünyası” qəzeti olaraq bu qələbə münasibəti ilə MOİK-in rəisi, polkovnik-leytenant Rəsad Quliyevlə görüşüb söhbət etməyi qərara aldıq. Rəşad müəllim bizə komandanın fəaliyyətindən, uğurlarından, görüləcək işlərdən danışdı.

-Rəşad müəllim, MOİK komandası buyaxınlarda güləş üzrə hərbçilərin 33-cü dünya çempionatından vətənə qələbə ilə qayıtdı. Təəssüratlarınızı öyrənmək istərdik.

- Komandamızın Moskva şəhərindən vətənə medallarla qayıtması bizi hədsiz sevindirdi. Bu, ordumuz, xalqımız, idmanımız üçün gözəl qələbə idi. Hərbçilərin güləş üzrə 33-cü dünya çempionatı mayın 14-19-da Rusiyanın paytaxtında keçirilirdi. Yarışlarda dünyanın 22 ölkəsindən 350-dən çox idmançı iştirak edirdi. İdmançıların əksəriyyəti Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları idi. Təmsilçilərimiz onlara bəslənilən ümidləri döğruldaraq dünya çempionatını 11 (2 qızıl, 3 gümüş və 6 bürünc) medalla başa vurdular. Komandamız bu göstərici üzrə çempionatda iştirak edən 22 ölkə arasında üçüncü yeri tutdu və kubokla mükafatlandırıldı.



-Yarışlarda MOİK-in neçə idmançısı iştirak edirdi?

-MOİK komandasını çempionatda ümumilikdə, 21 idmançı təmsil edirdi. Onlardan 9-u sərbəst güləş, 9-u yunan-Roma, 3-ü isə qadın güləşi yarışlarında mübarizə aparırdı. İdmançılarımızdan ikisi - Həsən Əliyev (77 kq) və Ceyla Nağızadə (65 kq) qızıl medala layiq görüldülər. Gümüş medalları komandamıza Kənan Əliyev (86 kq), Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq) qazandırdılar. Sona Tumarxanova (50 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (74 kq), Roman Bəkirov (97 kq), Rafiq Hüseynov (82 kq) və İslam Abbasov (87 kq) isə yarışları bürünc medalla başa vurdular. Komandadan çox razıyam və uğurlarımızı bundan sonra da davam etdirəcəyik.

-Əldə olunan nəticə onu deməyə əsas verir ki, yarışlara çox ciddi hazirlaşmısınız?

- Komandamız dünya çempionatına çox məsuliyyətlə hazırlaşırdı. Yarışların Rusiyanın paytaxtı Moskvada keçirilməsi mübarizənin gərgin və maraqlı keçəcəyindən xəbər verirdi. Biz də hazırlıq prosesində bunu nəzərə almışdıq. Görülən işlərin nəticəsi isə göz qabağındadır.
Rusiyada qazandığımız qələbə həqiqətən, idmançılarımızın və məşqçilərimizin yarışlara məsuliyyətlə, ciddi yanaşmalarının bariz nümunəsidir. Daha böyük qələbələr qazanaraq üçrəngli bayrağımızı ucaltmaq və bəslənilən etimadı doğrultmaq üçün hər zaman inamla mübarizə aparacağıq.

-Dünya çempionatı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə təsadüf edirdi...

-Yarışların Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi ərəfəsinə təsadüf etməsi güləşçilərimizi qələbəyə daha da həvəsləndirdi, onlara stimul verdi. İdmançılarımızın bu qələbəsi yubiley ərəfəsində bir bayram hədiyyəsi idi.

- Hakim ədalətsizliyi barədə nə deyə bilərsiniz?

- Hər bir yarışda olduğu kimi biz də dünya çempionatında hakim haqsızlığı ilə qarşı-qarşıya qaldıq. Dörd idmançımıza finalda təzyiq göstərildi, hansı ki, onların rəqibləri Rusiya təmsilçiləri idi. Lakin buna baxmayaraq MOİK-in güləşçiləri əsil əzmkarlıq göstərərək yarışları uğurla başa vurdular.




MOİK zəngin tarixi ənənələri olan klublardandır

- Necə düşünürsünüz, MOİK-in təmsilçilərinin uğur və nailiyyətlərinin əsasında nə dayanır?

- Hər bir sahədə uğur qazanmaq üçün şərait, diqqət və qayğı olmalıdır. Təbii ki, komandamızın əldə etdiyi uğurun əsasında Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğı dayanır. Xüsusi vurğulamaq istərdim ki, məhz bu qayğının nəticəsində respublikamızın idman həyatında baş verən böyük dəyişikliklər MOİK-in fəaliyyətinə də öz müsbət təsirini göstərir. İdmançı zabit və əsgərlərimiz mötəbər yarışlarda fəal iştirak edərək qələbələr qazanır, respublikamızın idman şöhrətini şərəflə qoruyurlar. Komandamızın qələbəsi nəticəsində Azərbaycanın bayrağının ucalması, himnimizin səslənməsi qürurvericidir.
Ölkə rəhbərinin diqqət və qayğısı, Müdafiə Nazirliyinin səmərəli fəaliyyəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qabaqcıl orduları ilə eyni cərgədə durur. Hərbi idmançılarımız da ordumuzun dünya miqyasında bu yerə layiq olduğunu, mənsub olduqları sahədə əldə etdikləri qələbələr və qazandıqları medallarla daim sübut edirlər.

- MOİK respublikada zəngin tarixi ənənələri olan klublardan biridir. Klubun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Mərkəzi Ordu İdman Klubu 1961-ci ildə yaradılıb və hazırda burada 17 idman növü üzrə məşqlər keçirilir. Zabit və əsgərlərimizin boks, cüdo, güləş, taekvondo, üzgüçülük, əlbəyaxa döyüş növlərinə marağı daha çoxdur. Qeyd edim ki, üzgüçülük üzrə bir neçə komandamız fəaliyyət göstərir.
Hərbi xidmətə çağırılan və idman sahəsində yüksək nəticələri olan idmançı gənclər vətənə xidmətlə yanaşı, idman karyeralarını MOİK-də yüksək səviyyədə davam etdirərək beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edirlər. Azərbaycan milli komandasının əksər üzvləri MOİK-in təmsilçiləridir. Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında və digər yarışlarda qazanılan qələbələrin bir hissəsi ordu idmançılarının payına düşür. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutan Azərbaycan yığmasının qələbəsində MOİK-in yetirmələrinin də payı vardır. Belə ki, medallardan 4-nü ( 2 qızıl, 1 gümüş və 1 bürünc) məhz hərbi idmançılar qazanıblar. MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək indiyədək ümumilikdə, 154 (35 qızıl, 45 gümüş və 64 bürünc) medal qazanıblar.
MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CISM) fəal üzvlərindəndir. CISM çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatlarına respublikamız ev sahibliyi edib. MOİK-in ən böyük uğurlarından biri də 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə dünya kuboku yarışının Azərbaycanda təşkil edilməsidir. CISM-in Avropa konfransı da bizim ölkədə keçirilib.
2015-ci ildə CISM-in xətti ilə Koreya Respublikasında keçirilən 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında 120 ölkədən 8100 nəfər idmançı ilə yanaşı, Azərbaycan Ordusu 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub.

- Necə düşünürsünüz, torpaqlarımızın 20 fazinin işğal altında olduğu bir vaxtda qazanılan hər bir uğur bizim üçün çox əhəmiyyətlidir?

- Moskvaya yola düşməzdən əvvəl Bakı hava limanında idmançılarla söhbətimiz oldu. Onlara dedim: "Biz burdan bir xalqın elçisi kimi gedirik və vətənə alnıaçıq, üzüağ, şərəflə qayıtmalıyıq”. Hərbçi idmançılarımıza Azərbaycanı Moskvada şərəflə, layiqincə təmsil etdikləri üçün minnətdaram.
İdman sağlamlıqdan əlavə, həm də böyük təsiredici gücə, qüvvəyə malikdir. İdman, həm də dövlətlərin, ölkələrin güc nümayişidir. Düşünürəm ki, bu güc nümayişində ölkəmiz qabaqcıl sıralarda yer alır. Sevindirici haldır ki, Azərbaycan dünyada özünü bir idman ölkəsi kimi tanıtmağa müvəffəq olub. Elə idman növləri vardır ki, xalqımızın qanına, canına hopub. Məsələn, götürək elə güləşi. Azərbaycan pəhləvanları ta qədimdən qələbələri ilə daim bizi sevindiriblər.

"Bizim çox güclü, qüdrətli ordumuz vardır”

-Qarşıdan Azərbaycan Silahlı Qüvvələrinin yubileyi gəlir…

-26 iyun -Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü ölkəmizdə yüksək səviyyədə qeyd olunacaq. Azərbaycan Şərqdə ilklərə imza atan bir xalqdır. Şərqdə ilk teatr, ilk opera, ilk cumhuriyyət, qadınlara seçki hüququ verilməsi məhz Azərbaycanda baş verib. Yaxın tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına da ölkəmiz ev sahibliyi edib. İnanıram ki, xalqımız, respublikamız ilklər yazmaqda davam edəcək.
Bizim çox güclü, qüdrətli ordumuz vardır və bütün dünya bunu yubiley münasibəti ilə keçiriləcək hərbi paradda görəcək. Bizim şanlı tariximiz vardır. Səfəvilər dövləti Şərqdə ən qüdrətli dövlətlərdən biri olub və Azərbaycan bu dövlərin bir parçası kimi tarixdə şanlı səhifələr yazmağı bacarıb. Dünyada millətlər, xalqlar var ki, bizim kimi zəngin tarixi keçmişə, dövlətçiliyə malik deyillər. 1918-ci ildə Azərbyacan Xalq Cumhuriyyətinin yaranması da tarixi bir zərurət idi. Cumhuriyyət fədailəri 23 ay ömrü olan AXC-nin varlığını şanlı tarixə çevirdilər. Ümummilli lider, müdrik siyasətçi Heydər Əliyev əsası 1918-ci ildə qoyulan Azərbaycan dövlətçiliyini 1991-ci ildə daha da möhkəmləndirdi, güclü dövlət yaratmağa müvəffəq oldu. Hər bir azərbaycanlının borcudur ki, bu dövlətçiliyin, müstəqilliyimizin qorunmasında vətənə xidmət etsin, öz borcunu versin.

- Gənclərimizin dövlət və ordu quruculuğunda rolu nədən ibarətdir?

Azərbaycan gəncliyi çox inkişaf edib. Gənclər hər bir sahədə - dövlət və ordu quruculuğunda, idman, diplomatiya sahəsində fəal iştirak edirlər. Gənclərimizdə vətənvərvərlik hissi çox yüksəkdir, onlar adət-ənənələrimizə hörmət edir, milli mənəvi dəyərlər ruhunda tərbiyə olunurlar. Milli, mənəvi dəyərlərimiz, tariximiz, adət-ənənələrimiz gənclərə aşılanmalıdır. Nəsildən, kökdən gələn ənənələri qoruyub saxlayaraq, gələcək nəsillərə ötürsək, bizə heç bir zaval gəlməz.

- Xalqımızın həddən artıq qonaqpərvər olması bəzən başına bəladır…

- (Fikirləşir) Sizə bir hadisəni danışım. Bakıda hansısa beynəlxalq tədbir keçirilirdi. Ev sahibi kimi bira gələn xarici qonaqların nazı ilə oynayır, onların hər sözünü canla-başla yerinə yetirirdim. Türkiyə nümayəndə heyətinin üzvlərindən biri mənə qayıtdı ki: "Rəşad bəy, bu qədər özünüzü yormayın. Siz onların ölkəsinə qonaq gedərkən bu qonaqpərvərliyin əvəzini görməyəndə mütəəsir olacaqsınız”. Düzü, bu söz məni tutdu. Həqiqətən, elədiyin hörmətin, yaxşılığın əvəzində etibarsızlıq, xəyanət görəndə özünə yer tapmırsan. Necə ki, ermənilərin bizim xalqa qarşı etdikləri kimi. Dinc yanaşı yaşamaq, dostluq, etibar, mərdlik bir türk kimi bizim qanımızda, canımızdadır. İllərdir qonşu olduğumuz ermənilərdən isə həmişə bunun əksini görmüşük. Tanrı bizə elə məkrli, iblis, şərəfsiz bir düşməni qonşu edib ki, bəlasından qurtula bilmirik. Biz torpaqlarımızın işğalı ilə barışmayacağaıq. Tezliklə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu xalqımıza zəfər sevincini yaşadacaq. Gün gələcək, onlar bizə yalvaracaqlar, bizdən aman diləyəcəklər. Ermənistan istər hərbi, istər də iqtisadi sahədə Azərbaycandan dəfələrlə geri qalır. Hey göz qabağındadır.

"Fiziki hazırlığı olmayan əsgərin döyüş qabiliyyəti yüksək ola bilməz”

- Sizi orduya, idmana gətirən nə olub?

- 1978-ci il sentyabrın 9-da Füzulidə anadan olmuşam. Atam Quliyev Bakir Əliqulu oğlu Qarabağ döyüşlərində şəhid olub, ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Atası ilə fəxr edən bir oğul kimi mən də həmişə vətənimə, xalqıma şərəflə xidmət etmək istəmişəm. Peşəkar şəkildə universal döyüş növləri ilə məşğul olmuşam. Ölkə səviyyəli müxtəlif yarışlarda iştirak edərək, müəyyən nəticələr əldə etmişəm. Orta məktəbi bitirəndən sonra bir qarabağlı, müharibənin dəhşətini görən bir insan kimi ali təhsilimi hərbi sahədə davam etdirməyə qərar verdim. 1995-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul oldum. Ali məktəbi bitirdikdən sonra harda çalışdımsa, idmanı bir an buraxmadım. O mənə stimul verən qüvvə kimi hər zaman mənimlə oldu. 2004-cü ildən MOİK-də müxtəlif vəzifələrdə çalışmışam. 3 ildən artıqdır ki, MOİK-in idman rəisi kimi fəaliyyət göstərirəm. Rəhbərliyin etimadını hər zaman doğrultmağa çalışıram.

- İdmanın faydası nədir?

- İdman hər bir insan üçün vacib və mütləqdir. İdman genofondun qorunmasında, gənc nəslin sağlamlığında mühüm rol oynayır. İdman xüsusilə, ordu üçün xüsusilə, əhəmiyyətlidir, hətta deyərdim ki, bir nömrəli vacib məsələdir. Çünki fiziki hazırlığı olmayan əsgərin döyüş qabiliyyəti yüksək ola bilməz. Bunu təcrübə deyir. İstər Olimpiya, istər qeyri-Olimpiya idman növü olsun, fərqi yoxdur, orduda xidmət edən əsgər üçün idmanla məşğul olmaq mühüm amildir. Uşaqları kişik yaşlarından idmana cəlb etmək lazımdır. İlk növbədə onları gimnastika və üzgüçülüyə yönəltmək məqsəduyğundur. Bu zaman həmin uşağın bünövrəsi də sağlam olacaq, gələcəyi də.




Gəncliyində idman, bədən tərbiyəsi ilə məşğul olan insanlar ahıl vaxtlarında başqaları ilə müqayisədə daha qıvraq görünürlər. Bir dəfə evin yanındakı aptekdən dərman alırdım. Bir cavan oğlan aptekçiyə baş ağrısından, yorğunluqdan şikayətlənirdi. Ona bütün bunlardan qurtulmaq üçün idmanla məşğul olmasını məsləhət görəndə səhərdən-axşama kimi ayaqüstə olduğunu, hərəkətsiz qalmadığını dedi. Həmin adam düşünürdü ki, səhər yerindən durub işə getmək və evə qayıtmaq idmandır. İnsan səhər yerindən durub qaçmalı, hərəkət etməli, tərləməlidir. Cəmi 1 ay idmanla məşğul olduqdan sonra bəhrəsini görürsən, yorğunluqdan, stressdən əsər-əlamət qalmır. İdman, həm də insanı dözümlü, iradəli, sərbəst edir, özünəgüvəni formalaşdırır.

Tariximizi bilmək hər birimizin borcudur

-Özünüz necə idmanla məşğul olursunuz?

-İdmansız nəfəs ala bilmirəm. Bu sanki məndə bir tələbata çevrilib. Təsəvvür edin ki, 10 gün məşq etməyəndə əks-nəticəsini o dəqiqə hiss edirəm. Həftədə 3 dəfə futbol oynayır və trenajorda məşğul oluram.

-Ən böyük arzunuz?

- Hər bir azərbaycanlının ən böyük arzusu vətən torpaqlarının işğaldan azad edilməsini görməkdir. Ən böyük arzum azğın düşmənə öz yerini göstərmək, torpaq uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmamısını görməkdir. Hər birimiz vətənə xidmət edirik. Bu vətən mənim, sənin, onundur. Hər kəs vətən üçün, onun azadlığı, müstəqillyi üçün müsəlləh əsgər olmalıdır.

- Gərgin iş günündən sonra yorğunluğu necə aradan qaldırırsınız?

- Məni sakitləşdirən, özümə qaytaran idman və kitablardır. Hər axşam 5-6 vərəq də olsa, mütaliə edirəm. Tarixi romanları daha çox xoşlayıram. Səfəvi dövləti, Osmanlı imperiyası ilə bağlı tarixi kitabları həvəslə oxuyuram. Oxuduqca da, özlüyümdə analiz edirəm. 

- Stolunuzun üstündə kitab görürəm.

- Hazırda Vaqif Səmədoğlunun "Gürzəçöl yazıları” kitabını mütaliə edirəm.

- Tarixi niyə bu qədər çox sevirsiniz?

- Tarixini, keçmişini bilməsən, gələcəyini qura bilməzsən. İnsan gələcəyi qurmaq üçün tarixdən dərs almalıdır. Tarixi bilməliyik ki, keçmişdə edilən səhvləri təkrar etməyək.

- Müasir gənclərin əksəriyyəti mütaliədən daha çox mobil telefonlara, sosial şəbəkələrdə vaxt ayırırlar…

- İnkişaf, texnologiya öz yerində, amma kitab oxumaq hər bir cəmiyyətdə, hər bir dövrdə mövcud olub və olacaq. Mütaliə mədəniyyətdir, bilikdir, informasiyadır. Avropa ölkələrində gənc insanlar metroda, avtobusda kitab, qəzet oxuyurlar. Məgər, onların telefonu yoxdur ki?! Gözümü açıb evdə atamı həmişə mütaliə edən görmüşəm. Sadə insan idi, heç bir vəzifədə işləmirdi. Amma o qədər cavadlı, bilikli idi ki. Hərdən bacılarımla fikirləşirdik ki, atam kitabları stolun üstünə elə-belə yığıb, yəqin oxumur (gülür). Amma sonra boyüdükcə atamın çox savadlı, geniş dünyagörüşünə malik insan olduğunu gördük. Bu da məhz kitabların sayəsində idi. Evdə, ailədə gözünü açıb kitab görən uşaq mütləq mütaliəyə həvəs göstərəcək.

- Övladlarınızı necə tərbiyə edirsiniz?

- Dörd qız övladım var. Mentalitetimizə uyğun olaraq mühafizəkar atayam. 24 yaşında ailə qurmuşam. Böyük qızım 7-ci sinifdə oxuyur. Balaca qızımın 2 yaşı var. Nə qədər yorulsam da, axşam evə gedəndə onların varlığı mənə ilham verir.

-Xoşladığınız film, teatr tamaşası?

- Daha çox tarixi filmləri xoşlayıram. "Cəngəvər” "Cəsur ürək” filmləri ən çox sevdiklərimdir. Azərbaycan kinolarından "Nəsimi”, "Babək” filmlərinə, teatr tamaşalarından "Fatehlərin divanı”na baxıram.



- Tünzalə Ağayevanın igid qəhrəman Mübariz İbrahimov haqqındakı "Şəhidim” mahnısına həyəcansız qulaq asa bilmirəm.

-Xoşladığınız aktyor?

- Xalq artisti Rasim Balayevə böyük hörmətim var. Orta məktəbdə oxuyanda müəllimlərimin çoxu məni hörmətli aktyorumuza bənzədirdilər. Bu da məni çox sevindirirdi.

-Hansı janrda müsiqiyə qulaq asırsınız?

-Gözəl müsiqini sevirəm, muğam, estrada, opera fərqi yoxdur. İslam Rzayev, Qədir Rüstəmov, Alim Qasımov, Şövkət Ələkbərova, Səxavət Məmmədov sevdiyim sənətkarlardır. Vaxtım olanda Opera və Balet Teatrında "Leyli və Məcnun”a tamaşa edirəm. Müxtəlif janrlarda müsiqi dinlədikcə insanın zövqü də formalaşır. Bayağı musiqi insanın zövqünü korladığı kimi, gözəl, ecazkar ifa insanın ruhunu oxşayır, gözəlləşdirir.




Səadət Hakıyeva








Bu yazı

27570 dəfə oxunub

Tarix

2018-06-06 11:40:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook