Vüqar Əliyev: “Bu gün jurnalistikanı idmansız təsəvvür etmək olmaz”




Bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən biri kimi tanınır. Təmsilçilərimizin beynəlxalq arenalarda qazandığı uğurlar, ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu yarışlar, tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycanın, həqiqətən, çox böyük idman potensialına malikdir. Şübhəsiz ki, qazanılan nailiyyətlərin işıqlandırılmasında, idmançılarımızın ictimaiyyət arasında tanınmasında jurnalistlərin böyük rolu var Etiraf etməliyik ki, bu gün idman jurnalistikası xüsusilə seçilir. Bəs, görəsən, bu, ali məktəblərin jurnalistika fakültələrində də hiss olunurmu? Ümumiyyətlə, jurnalistika fakültələrində idman jurnalistikasına maraq necədir? Bu və digər məsələlərlə bağlı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, politoloq Vüqar Əliyevlə həmsöhbət olduq:


- Vüqar müəllim, bildiyimiz kimi, jurnalistikanın müxtəlif sahələri var. Sizcə, bu gün ictimaiyyət arasında tələbat daha çox onlardan hansınadı və bu nə ilə bağlıdır?


- Bu gün jurnalistika maarifləndirmək, bilgiləndirmək və əyləndirməklə yanaşı, həm də onlardan heç də geri qalmayan ictimai nəzarət funksiyasını yerinə yetirir. Ümumiyyətlə, jurnalistika ictimai nəzarəti həyata keçirən və cəmiyyəti bilgiləndirən sosial-siyasi institutdur. Amma həmişə maarifləndirmək və bilgiləndirmək daha öndə olub və daha ciddi əhəmiyyət kəsb edib.


- Bu gün jurnalistika fakültələrində idman jurnalistikasının ayrıca sahə kimi tədris olunması gündəmdə olan əsas məsələlərdəndir. Bu, nə ilə bağlıdır?


- Çünki idman jurnalistikası populyardır. Deyərdim ki, idman jurnalistikası digər sahələr arasında ən çox reytinqə malikdir və bununla bağlı olaraq da ona maraq daha çoxdur. Hətta sevindirici haldır ki, bir neçə il əvvələ kimi ancaq oğlanlar idman jurnalistikasına həvəs göstərirdilərsə, indi zərif cinsin nümayəndələri arasında da bu istiqamətə maraq böyükdür. Bu amillərin nəticəsidir ki, jurnalistika fakültələrində istər bakalavr pilləsində seçmə fənn kimi, istərsə də magistr pilləsində idman jurnalistikasının ayrıca dərs kimi tədris olunması zaman-zaman müzakirə olunub. Çox xoş haldır ki, bu gün artıq Azərbaycan Dövlət ədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası fənn kimi tədris olunur. Düşünürəm ki, bu, tez bir zamanda öz müsbət nəticəsini verəcək və idman jurnalistikasında çalışan qeyri-peşəkarlar bu sahənin mütəxəssisləri ilə əvəz olunacaqlar. BDU-da isə hazırda tədris planında belə bir fənn yoxdur. Ancaq çalışacağıq ki, yaxın gələcəkdə idman junalistikasını da bir fənn kimi tədris planına daxil edək. Çünki zaman bunu tələb edir və danılmaz faktdır ki, bu gün jurnalistikanı idmansız təsəvvür etmək olmaz.


- İdman jurnalistikasını bu peşənin digər sahələrindən fərqləndirən əsas cəhətlər nələrdir?


- Dediyim kimi, idman jurnalistikası bu gün digər sahələrə nisbətən daha populyardır, auditoriyası daha genişdir. Həm də daha ağır zəhmət, enerji tələb edir. Gecə saat 1-2-ə kimi stadionlarda gərgin keçən futbol qarşılaşmalarını izləmək, səfərdən qayıdan idmançılardan operativ, eksklüziv müsahibə almaq üçün hava limanına getmək, gur izdiham içərisində həmsöhbət olacağın səxsi tapmaq və həmçinin hər an ezamiyyətə hazır olmaq o qədər də asan deyil.


- Siz həm də beynəlxalq jurnalistika üzrə ekspert, politoloqsunuz. İdmanın beynəlxalq aləmdəki rolu barədə nə deyə bilərsiniz?


- İdmanın diplomatiyada, geosiyası münasibətlərdə çox mühüm əhəmiyyəti var. Təsadüfi deyil ki, hələ qədim vaxtlarda idman yarışları, olimpiadalar keçirilən zaman müharibələrə son qoyulardı. İdman əslində diplomatiyanın bir qoludur. Bunu sübut etmək üçün kifayət qədər fakt var. Məsələn, XX əsrin birinci yarısında, Almaniyada Hitlerin hakimiyyəti dövründə keçirilən Olimpiadalar zamanı almanların digərlərindən üstün olduqlarını göstərmək üçün idman yarışlarında mütləq həmin millətin nümayəndələri birinci olmağa çalışırdılar. Yaxud da Soçi Olimpiadası zamanı çox ciddi əhəmiyyətə malik Soçi görüşləri keçirilirdi. 7-8 il əvvəl Türkiyəylə Ermənistan arasında "futbol diplomatiyası” adlanan münasibət meydana çıxmışdı. Bunlar bir daha göstərir ki, idmanın beynəlxalq aləmdəki rolu çox böyükdür.


- BDU-nun jurnalistika fakültəsində idmana, idman jurnalistikasına münasibət necədir?


- İlk növbədə onu deyim ki, fakültəmizin parlaq keçmişi, tarixi var. Bu gün Azərbaycan jurnalistikasında çalışanların, o cümlədən peşəkar idman jurnalistlərinin bir çoxu məhz bu fakültənin məzunlarıdırlar. Hazırda fakültəmizin tələbələri arasında idmanla məşğul olanlar var. Fikrimcə, idmanla jurnalistikanı vəhdətdə saxlamaq üçün onlar gələcəkdə idman jurnalistikasına meyil edəcəklər. Eləcə də, şübhəsiz ki, idman jurnalistikasının seçmə fənn blokuna salınması onların ürəyincə olacaq.


- Fakültənin təlim-tədris studiyasında "BDU tv və radio” fəaliyyət göstərir. Orada xüsusi idman verilişləri çəkilirmi?


- Bildiyiniz kimi, studiyamızın "Xəbərlər” proqramı var. Hər buraxılşda mütləq əsas xəbərlərdən sonra idman xəbərləri təqdim olunur. Bu, ilk növbədə idmanı tələbələrə daha çox sevdirmək üçündür. "Xəbərlər”dən əlavə xüsusi müəllif proqramlarımız da var ki, tələbələrimiz özləri istədikləri sahə üzrə veriliş aparmaqla bağlı studiyaya müraciət edirlər və studiya əməkdaşlarının köməkliyi ilə bunu reallaşdırırlar. Studiyamızda "Ədəbi incilər”, "Riyazi reallıq”, "Uğurun alqoritmi” kimi müxtəlif formatlı verilişlər, o cümlədən sənin aparıcısı olduğun "İdmançı” idman verilişi çəkilir.


- Milli Olimpiyası Komitəsinin rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası” qəzeti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.


- "Olimpiya dünyası” təkcə Azərbaycan idman jurnalistikasında deyil, bütünlüklə mətbuatımızda öz ənənəsi, ağırlığı olan bir qəzetdir. Təxminən 10-11 il əvvəl mən də bu qəzetdə tərcüməçi kimi fəaliyyət göstərmişəm və həmin müddət ərzində redaksiya heyətinin peşəkar, öz işini bilən jurnalistlərdən ibarət olduğunun təsdiqini tapmışam. "Olimpiya dünyası” olimpiya və qeyri-olimpiya idman növlərinə fərq qoymur. Həmçinin öz səhifələrində təkcə xəbərləri translitarasiya etmir, reportaj və məqalələrlə kifayətlənmir. Bu qəzet müntəzəm olaraq tanınmış idmançılardan müsahibələr alaraq, onları ictimaiyyətə daha yaxından tanıdır, müxtəlif Olimpiadalar haqqında tarixi faktları, idmançıların bilinməyən tərəflərini üzə çıxarır. Həm də maraqlı rubrikalarla oxucuların görüşünə gəlir. Yəni "Olimpiya dünyası” qəzeti həm maarifləndirir, həm bilgiləndirir, həm də əyləndirir. Bax, bu da "Olimpiya dünyası”nın uğurunun sirridir.


Kənan Novruzov



Bu yazı

9777 dəfə oxunub

Tarix

2018-06-07 12:40:14

Yazını

Çap et

Yazını

Paylaş