Gimnastlarımız Minsk-2019 Avropa Oyunlarına lisenziya uğrunda mübarizəni davam etdirirlər






Azərbaycan gimnastları bugünlərdə Quadalaxarada (İspaniya) keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Minsk-2019 Avropa Oyunlarına maksimum sayda lisenziya əldə ediblər.

Lisenziya qazanan gimnastlarımızadan ölkəmizi fərdi proqramda təmsil edən Zöhrə Ağamirova çoxnövçülükdə 63.200 xal toplamaqla yarışlara vəsiqəni təmin edib. Qrup hərəkətləri proqramında isə gimnastlarımız Siyana Vasileva, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramova icra etdikləri iki kompozisiyanın ümumi nəticəsinə əsasən 35.700 xalla ölkəmizə ikinci lisenziyanı qazandırıblar.

Aprel ayında Bakıda təşkil edilən batut gimnastikası üzrə Avropa çempionatında 4 (2 kişi və 2 qadın) idmançımız Minsk-2019 Oyunlarına lisenziyanı təmin ediblər. Hesabında lisenziya olan digər gimnastika növü isə akrobatikadır. Bu növdə lisenziya Belçikanın Antverpen şəhərində keçirilən dünya çempionatında qarışıq cütlüklərin yarışlarında əldə edilib.
İdman gimnastikası növündə isə milli komandamızın üzvləri lisenziya uğrunda həm bu il, həm də 2019-cu ildə keçiriləcək Avropa çempionatlarında mübarizə aparacaqlar.
Təəssüf ki, aerobika gimnastikası üzrə millimizin üzvləri Portuqaliyada keçirilən dünya çempionatında lisenziya qazana bilməyiblər.



Bu yazı

3902 dəfə oxunub

Tarix

2018-06-07 13:16:51

Yazını

Çap et

Yazını

Paylaş