BMX üzrə dünya çempionatı başa çatdı







Mayın 5-9-da Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatına yekun vurulub.

"Olimpnews.az"ın məlumatına görə, yarışda 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparıb.
Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunub. Məlumat üçün bildirək ki, Azərbaycan indiyədək Olimpiya idman növləri olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə bu yarış Azərbaycanda keçirilən sayca dördüncü dünya çempionatı olub. Çempionatın keçirildiyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.
Dünya çempionatının ilk yarış günündə "Challenge” yarışlarında yeniyetmə oğlanlar və qızlar arasında iki yaş kateqoriyası üzrə qaliblərin adlarına aydınlıq gəlib. 16 və daha aşağı yaşlı qızların yarışında ABŞ idmançısı Makkenziya Qeyhart birinci olub. 12 və daha aşağı yaşlı kişi idmançıların yarışında argentinalı Federiko Ariel Kapello fərqlənib.
13-14 yaşlı velosipedçilərin mübarizəsində Pedro Xose Benalkazar Querrero (Ekvador), 15-16 yaşlılar arasında Joris Bequin (Fransa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Həmçinin 17-24 yaş kateqoriyasında çempion adını Felippe Qonsalves (Braziliya) qazanıb. Oğlanlar arasında 25-29 və 17-29 yaş kateqoriyasında birinci yerləri Hollandiyalı velosipedçilər Robin Van Der Kolk (Hollandiya) və Suele Ruitenqa tutublar.
BMX üzrə dünya çempionatında veteran idmançılar da mübarizə aparıblar. Kişi velosipedçilər 30-34, 35-39, 40-44, 45-49, 50 və daha yuxarı yaş kateqoriyalarında, qadınlar isə 30-39 və 40 yaşdan yuxarı yaş kateqoriyalarında qüvvələrini sınayıblar.

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub. Mərasimdə yarışın Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində dünya çempionatının iştirakçılarını salamlayan baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov Azərbaycanın nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq deyib: "Gündən-günə inkişaf edən qonaqpərvər Azərbaycan artıq dünyanın ən güclü idman ölkələrindən biri kimi tanınmaqdadır. Bunun nəticəsidir ki, beynəlxalq idman qurumları böyük yarışların təşkilatçılıq hüququnu tərəddüd etmədən ölkəmizə etibar edirlər. 2015-ci ildə ilk Avropa Oyunları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın təşkilatçılıq potensialının kifayət qədər yüksək olduğunu bir daha bütün dünyaya göstərdi. Beynəlxalq Velosipedçilər İttifaqının builki dünya çempionatının Bakıda keçirilməsi barədə qərarını ölkəmizdə idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən yüksək qiymət kimi dəyərləndiririk”.

Yaqub Eyyubov yarışı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
İyunun 6-da kiçik yaşlı yeniyetmə (Challenge) və həvəskarlar arasında daha bir neçə kateqoriyada qaliblər müəyyənləşib. 8 yaşlı idmançıların yarışında Mana Savada (Yaponiya) fərqlənib. 9 yaşlıların mübarizəsində Qvadalupe Palasios Palomeque (Kolumbiya), 10 yaşlılarda Taylor Sprat (ABŞ) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Portia Eden (Avstriya) 11 yaşlı idmançılar arasında, Paula Kibare isə (Latviya) 12 yaşlılarda bütün rəqiblərindən üstün olub.
Yarışların üçüncü günündə 13 yaşlılar, həvəskarlar, Elit və "Masters” kateqoriyasında yarışlara yekun vurulub.
13 və 14 yaşlı oğlanların mübarizəsində çempion adını Avstraliya velosipedçiləri qazanıblar. Tomas Tuker və Cordan Kallum Bakını qızıl medalla tərk ediblər. Argentinalı Qianni Antonio Daddona 15 yaşlılar, fransalı Tatyan Lui Hin Tsan isə 16 yaşlılar arasında fəxri kürüsnün ən yüksək pilləsinə qalxıb.
13 yaşlı qızların mübarizəsində Leila Valker (Yeni Zelandiya), 14 yaşlı qızlar arasında Kira Hill (Avstriya) birinci pilləyə yüksəlib. Britaniyalı Lauren Anyon 15 yaşlıların mübarizəsində dünya çempionu adına sahib olub. 16 yaşlı qızların mübarizəsində qızıl medala İsveçrə idmançısı Nadine Aeberhard layiq görülüb.
Oğlanlar arasında 17-24 və 25-29 yaş kateqoriyasında Hollandiya təmsilçiləri Kevin Spanninq və Robin Van Der Kolk çempion adını qazanıb. Çempionatda kişilərin mübarizəsində 30-34 yaş kateqoriyasında Skott Vaterhaus (Böyük Britaniya), 35 və daha yuxarı yaş qrupunda Tim Ferqusan (Yeni Zelandiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışda 17-24 yaş kateqoriyasında qızların mübarizəsində Şarlotte Qrin (Böyük Britaniya), qadınların 25 və yuxarı yaş qrupunda isə Lieke Klaus (Hollandiya) birinci yeri tutub. "Masters” kateqoriyasında 30 və yuxarı yaş qrupunda ABŞ idmançısı Teylor Braun dünya çempionu olub.
İyunun 9-da velosiped idmanının BMX növü üzrə dünya çempionatında elit kateqoriyasında qaliblər bəlli olub. Qadınların yarışında Hollandiya idmançıları ilk üç pillədə yer alıblar. Birinci yeri Laura Smulders tutub. Kişilərin mübarizəsində isə fransalı velosipedçilər fəallıq nümayiş etdiriblər. Birinciliyi Silvain Andre qazanıb.
Son yarış günündə gənclər və Elit kateqoriyasında qaliblər müəyyənləşib.
Gənc qızların mübarizəsində hollandiyalı İndi Şipers, gənc oğlanların yarışında isə birinci yeri fransalı Leo Qaroyan tutub. Elit kateqoriyada yarışan qadınlar arasında Hollandiya idmançıları ilk üç pillədə yer alıblar. Fəxri kürsünün ən yüksək pilləsində Laura Smulders yer alıb.
Kişilərin mübarizəsində isə fransalı velosipedçilər fəxri kürsünün ilk 2 pilləsinə qalxıblar. Silven Andre birinci olub.
İlk üç pillədə qərarlaşan idmançılara medal və çempionatın rəsmi talismanı olan Qafqaz bəbiri, qalib idmançılara isə çempionluq köynəyi verilib.
Növbəti dünya çempionatı Belçikada keçiriləcək. Yarışın keçici bayrağı iyunun 8-də Bakıda Belçika nümayəndə heyətinə təqdim olunub.




Səadət Hakıyeva





Bu yazı

3413 dəfə oxunub

Tarix

2018-06-11 11:13:15

Yazını

Çap et

Yazını

Paylaş