Uğurlar inkişafa yol açır



Bu gün Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindən biridir. Bu, heç də təsadüfi deyil. Çünki idman ilk növbədə sağlamlıq, gümrahlıq mənbəyidir. İdmanın hər hansı bir ölkədə inkişafı, eyni zamanda onu dünyada tanıdan əsas vasitələrdən biridir.



Sabunçu idmançıları arasında Avropa çempionları da var

Müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı, bu sahədə həyata keçirilən islahatlar tez bir zamanda öz bəhrəsini verməyə başladı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə bu sahədə daha böyük canlanma yaranmağa başladı. 1995-ci ildən isə Gənclər və İdman Nazirliyinin qurumu kimi paytaxtın rayonlarında Gənclər və İdman idarələri fəaliyyət göstərir. Onlardan biri də Sabunçu rayon Gənclər və İdman İdarəsidir.Bu idman idarəsinin də əsas məqsədi, digər idman qurumları kimi, gənclər və idman siyasətinin uğurla həyata keçirilməsi, gənclərin fiziki, mənəvi və əqli inkişafı üçün müvafiq şərait, bərabər imkanlar yaratmaqdır.
Sabunçu rayonunda gənclər və idman sahəsində görülən işlər, əldə olunan uğurlar haqda məlumat toplamaq üçün adı çəkilən quruma üz tutduq. Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyevlə söhbət zamanı məlum oldu ki, bu rayonda 10-a yaxın rəsmi idman klubu var. Həmin klublarda uşaq, yeniyetmə və gənclərə təcrübəli məşqçilər tərəfindən cüdo, güləş, atletika və digər idaman növlərinin sirləri öyrədilir. 2000-ci ildən bu vəzifədə çalışan Rakif müəllimin sözlərinə görə rayonda bu idman növlərinə maraq daha böyükdür: "Ümumiyyətlə, bu gün yeniyetmə və gənclər arasında cüdo, güləş ən çox sevilən və kütləviliyi ilə seçilən idman növlərindəndir. Sevindirici haldır ki, həmin idman növləri ölkəmizdə yüksək səviyyədə inkişaf edib. Bu növlər üzrə uğurlarımız kifayət qədərdir. Məhz bu amillərlə bağlıdır ki, Sabunçuda da gənclər arasında cüdoya, güləşə, boksa maraq daha çoxdur. Balaxanıdakı idman klublarının birində təcrübəli cüdo mütəxəssisi Müşfiq Hüseynov məşq keçir. Onun yetirmələri arasında nəinki respublika, eləcə də, beynəlxalq səviyyəli yarışların qalibləri və mükafatçıları var. Məsələn, 2016-cı ildə Avropa çempionu, 6 qat Azərbaycan çempionatının qalibi Asim Əhmədov, Avropa çempionatının ikincisi, Avropa kuboku yarışının üçüncüsü Aytac Qardaşxanlı, dəfələrlə respublika çempionatlarının qalibi olan Həsən Əhmədov, Nihat Quliyev, Səlim Hüseynov və digərləri məhz Müşfiq müəllimin tələbələridir” - deyə, Rakif müəllim bildirdi. O, həmçinin əlavə etdi ki, Azərbaycanda son illərdə vüsət almağa başlayan bir çox idman növləri də Sabunçuda uğurla inkişaf etdirilir. "Rayonumuzda bacarıqlı və gənc məşqçi Emil Şamilovun baş məşqçiliyi ilə "Alparslan” alpaqut klubu fəaliyyət göstərir. Emil müəllim tez bir zamanda bu növü yeniyetmə və gənclər arasında sevdirməyi bacarıb. Deyərdim ki, o, çox peşəkar və uğurlu məşqçidir. Düşünürəm ki, gələcəkdə bu növdə nailiyyətlərimiz daha çox olacaq. Həmçinin Sabunçuda ağırlıqqaldırma növü də inkişaf etməkdədir. Məşqçi Atabəy Məhərrəmzadə Zabrat qəsəbəsində yerləşən "Sparta” idman klubunda bu növün sirlərini öz yetirmələrinə öyrədir. Fikrimcə, o, öz işinin öhdəsindən layiqincə gəlir. Bunu qazanılan uğurlar, əldə olunan nailiyyətlər əyani şəkildə sübut edir. Həmçinin bacarıqlı atlet, gənc idmançı Nazim Babayev də Sabunçu rayonunda yerləşən 80 saylı tam orta məktəbdə təhsil alıb. O, ilk dəfə idmana bədən tərbiyəsi müəlliminin sayəsində başlayıb. Həmin müəllim Nazim Babayevə idmanı sevdirib. Biz hamımız onunla fəxr edirik”, - deyə müsahibimiz bildirdi.


Görülən işlər ürəkaçandır

Məlumat üçün bildirək ki, paytaxt Bakı 12 inzibati rayondan ibarətdir. Onların hər birinin öz idman idarəsi və infrastrukturu var. Hər bir idman idarəsinin də qarşısında duran əsas məqsədlərdən biri də, rayonda bədən tərbiyəsini təbliğ etmək, yeniyetmə və gənclərə idmanı sevdirməkdir. Bu istiqamətdə Sabunçu rayon Gənclər və İdman İdarəsi öz işinin öhdəsindən layiqli şəkildə gəlir. Belə ki, Rakif müəllimin verdiyi məlumata görə, Sabunçu Rayon İcra Hakimiyətinin başçısı Adil Vəliyev tərəfindən idman idarəsinə daim lazımi dəstək göstərilir və bu kömək sayəsində də idman idarəsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qura bilir.
Müntəzəm olaraq keçirilən paytaxt miqyaslı idman yarışlarında Bakının rayonlarını təmsil edən komandalar bir-birləri ilə mübarizə aparır, ən yaxşı nəticə qazanmağa çalışırlar.Sağlam rəqabət isə şübhəsiz ki, inkişafa yol açır. Qazanılan uğurlardan danışan Rakif Əliyev bildirdi ki, hər il orta məktəblər arasında basketbol üzrə Bakı birinciliyi keçirilir və həmin yarışda artıq neçə illərdir ki, Sabunçu rayonunda yerləşən 69 saylı tam orta məktəbin basketbol komandası birinci yeri tutur. "2017-ci il oktyabrın 24-25-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilən mini futbol birinciliyində Sabunçu rayonunu təmsil edən 80 saylı orta məktəbin komandası layiqli şəkildə mübarizə apararaq bürünc medal qazanıb. Ötən ilin dekabr ayında Nərimanov rayonu 258 saylı məktəbin idman zalında paytaxt məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirilib. Həmin yarışda Sabunçu rayonunu təmsil edən komanda uğurla çıxış edərək üçüncü yerə yiyələnib. Əvvəlki illərdə də belə nailiyyətlərimiz çox olub və inanıram ki, bu uğurlarımız davamlı olacaq”, - deyə həmsöhbətimiz əlavə etdi.
Sevindirici haldır ki, müntəzəm olaraq Sabunçu rayonunda müxtəlif daxili birinciliklər, yarışlar keçirilir. Rakif müəllimin verdiyi məlumata görə, belə yarışları təşkil etməkdə əsas məqsəd həm yeniyetmə və gənclər arasında idmanın kütləviliyini artırmaq, həm də ayrı-ayrı klubların, idmançıların potensialını yoxlamaqdır. Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi bu barədə danışarkən söylədi ki, martın 2-də Balaxanı İdman-Sağlamlıq Mərkəzində Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "5 Mart bədən tərbiyəsi və idman günü” münasibətilə cüdo üzrə açıq birincilik keçirilib. Həmin yarışda müxtəlif klubları təmsil edən idmançılar iştirak ediblər. Qalib və mükafatçılar Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar. "Bundan baqa "Kaspi” liseyinin idman zalında Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında basketbol yarışı keçirilib ki, həmin yarışda da məktəblilər böyük həvəslə iştirak ediblər. 2017-ci il dekabrın 9-da Sabunçu rayon məktəb komandaları arasında rayonun 4 zonasını (Bakıxanov, Sabunçu, Zabrat, Maştağa) əhatə edən mini futbol turnirinə start verilib. Yarış yanvarın 19-dək davam edib. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə 90, 311 və 310 saylı məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. Yanvarın 10-da "Kaspi” liseyinin idman zalında bu idarənin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəbliləri arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turnirinə start verilib. Yalnız qızların mübarizə apardığı yarışda 311 saylı məktəbin komandası ən yaxşı nəticə göstərib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, 252 və 80 saylı məktəbin voleybolçu qızları tutublar. 2017-ci il noyabrın 14-də Sabunçu qəsəbəsində yerləşən 311 saylı tam orta məktəbin idman zalında məktəbli qızlar arasında voleybol yarışı təşkil olunub. Həmin yarış maraqlı idman mübarizəsi şəraitində keçib və qaliblər idarəmiz tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıblar”, - deyə müsahibimiz bildirdi.


"Yeniyetmə və gənclər hərbi-vətənpərvərlik ruhunda böyüməlidirlər”

Sadalanan idman yarışları ilə yanaşı, Sabunçu rayon Gənclər və İdman İdarəsi həm də yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərini yüksəltmək məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər, konfranslar keçirir. Belə tədbirlərdən biri də "Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” devizi altında keçirilib. Bundan əvvəl isə AXC-in 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda seminar təşkil olunub. Aprelin 17-də Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən Bakı Olimpiya Stadionunda şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə ənənəvi "Şahinlər” hərbi-idman oyunlarının final mərhələsi keçirilib. Yarışda qələbə qazanan 142 saylı orta məktəbin komandası Bakı şəhəri üzrə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Ümumiyyətlə, hərbi-vətənpərvərlik ruhlu yarışların, tədbirlərin yeniyetmə və gənclər üçün çox vacib olduğunu vurğulayan Rakif müəllim dedi ki, "Şahinlər” tipli hərbi-idman oyunlarının keçirilməsi bu gün xüsusilə böyük əhəmiyyətə malikdir: "Bu gün müharibə şəraitində yaşayırıq. Düşmənlə sərhəd qonşusuyuq. Müharibə hər an başlana bilər və biz buna hazır olmalıyıq. Bunun üçün isə ilk növbədə yeniyetmə və gənclər hərbi-vətənpərvərlik ruhunda böyüməlidirlər. Orta məktəbin 10-11-ci sinif şagirdləri arasında "Şahinlər”, aşağı sinif şagirdləri arasında "Cəsurlar” hərbi-idman oyunlarının keçirilməsi, məktəblilərə müntəzəm olaraq milli qəhrəmanlarımız haqqında məlumat verilməsi, "Vətənin müdafiəsinə hazıram” devizi altında müxtəlif tədbirlərin həyata keçirilməsi bu istiqamətdə atılan ən uğurlu addımlardandır. Təcrübələr göstərir ki, hərbi-idman yarışlarının keçirilməsi, həqiqətən də, şagirdlərə çox yaxçı təsir edir. Bu yarışlarda məktəblilər özlərini sanki döyüşdə hiss edir, milli qəhrəmanlarımıza bənzəməyə çalışırlar”, - deyə Rakif müəllim bildirdi.


"Biz gənclərə hərtərəfli, eləcə də, mənəvi cəhətdən dəstək olmalıyıq”

Yarışlarda uduzan, ruhdan düşən idmançılara idarə tərəfindən psixoloji dəstək göstərilirmi? Bu, idmançı üçün çox vacibdir.Sualımıza cavab verən müsahibimiz bildirdi ki, onlar həmişə gənc idmançılara kömək olmağa çalışırlar və düzgün qərar vermək üçün bir çox hallarda psixoloji dəstək göstərirlər. "Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov keçirilən müxtəlif tədbirlərdə həmişə deyir ki, gənclərlə işləyərkən özünüzü onların yerinə qoyun, onları dinləyin, arzu və istəklərini müəyyənləşdirməyə çalışın. Biz də bu tövsiyəyə əməl edirik və düzünü deyim ki, müsbət nəticəsini də görürük. Etiraf edim ki, bəzi hallarda biz mühafizəkar davrana bilərik. Amma gəncləri təmkinlə dinləyəndən, onlara qulaq asandan sonra görürsən ki, daha ideal təklif və qərar çıxarmaq mümkündür. Bu mənada biz hər bir gənclə dost olmağa çalışır, onların problemləri ilə yaxından maraqlanırıq. Əslində bu, bizim borcumuzdur. Biz gənclərə hərtərəfli, eləcə də, mənəvi cəhətdən dəstək olmalıyıq. Çünki gələcəyimiz onların əlindədir. Əlbəttə, yarışlarda uduzan idmançılarla da profilaktik söhbətlər edir, onları gələcək uğurlar üçün həvəsləndirməyə çalışırıq”, - deyə Rakif müəllim bildirdi.

Sabunçu rayonunda yerləşən orta məktəblər arasında da idmanın inkişaf etdiyini söyləyən Rakif müəllim qeyd etdi ki, rayon ərazisində 46 orta məktəb var. Onlardan idman sahəsində və "Şahinlər” hərbi-idman oyunlarında qazandıqları uğurlara görə 72 saylı məktəb-lisey və 148, 309, 96, 107 və 69 saylı orta məktəblər daha qabaqcıldırlar. Həmin məktəblərdə təcrübəli idman müəllimləri çalışırlar, şagirdlər həvəslə bədən tərbiyəsi dərslərində iştirak edirlər. Maraqlıdır ki, adı çəkilən təhsil müəssisələri eyni zamanda təhsildə də fərqlənirlər.Bu da bir daha sübut edir ki, sağlamlıqla təhsil bir-birləri ilə sıx bağlıdır.Yəni bir sahənin inkişafı üçün o biri sahə də əhəmiyyətli rol oynayır.
Təhsildən söz düşmüşkən, müsahibimiz bildirdi ki, rayonda uşaq, yeniyetmə və gənclərin maairfləndirilməsi, biliklərinin artması istiqamətində müntəzəm işlər görülür, müxtəlif tədbirlər təşkil edilir. Bu barədə danışan Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi bildirdi ki, 252 saylı tam orta məktəbdə "Qələbəyə doğru kuboku” uğrunda Breyn-ring intellektual yarışı keçirilib. Həmçinin fevralın 24-də 209 saylı tam orta məktəbdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Xocalı faciəsinin ildönümünə həsr olunmuş "Xocalı əsrin faciəsidir” adlı ədəbi-bədii kompozisiya təşkil olunub. Yanvarın 30-da Sabunçu rayon Gənclər evində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "2 fevral-Azərbaycan Gənclər Günü” qeyd olunub. Yanvarın 12-də 215 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda Sabunçu rayon orta ümumtəhsil məktəbləri arasında inşa müsabiqəsi keçirilib. 2017-ci il dekabrın 11-də Sabunçu rayon İcra Hakimiyyətində ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilib. Həmin il dekabrın 2-də "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının icrası ilə əlaqədar Sabunçu rayonu Ramana qəsəbəsində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-realibitasiya Mərkəzində "3 dekabr Beynəlxalq Əlillər Günü” münasibətilə uşaqlarla görüş keçirilib. Noyabrın 27-də "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının icrası ilə əlaqədar Sabunçu rayon Gənclər və İdman İdarəsinn təşkilatçılığı ilə rayon Gənclər Evində "Gənclərin iqtisadiyyatda rolu” mövzusunda tədbir təşkil olunub. Həmçinin noyabrın 2-də 142 saylı tam orta məktəbdə "9 Noyabr - Azərbaycan Dövlət Bayrağı günü” münasibətilə Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Mənim bayrağım” adlı VII şeir müsabiqəsi keçirilib. Rakif müəllimin bildirdiyinə görə, keçirilən bütün bu tədbirlərin əsas məqsədi gəncləri ictimai mühitlə tanış etmək, dünyagörüşlərini artırmaqla yanaşı, həm də onlara vətən, millət, bayraq sevgisini daha da çox aşılamaqdır.
Yeniyetmə və gənclərin sağlam ruhda böyüməsi üçün onların zərərli vərdişlərdən uzaq durmaları əsas şərtdir. Çünki idman bədəni gümrah, sağlam edirsə, alkaqol və bu kimi zərərli vərdişlər bir başa xəstəliyə yol açır, qan-damar sisteminə, ürəyin, ağciyərlərin fəaliyyətinə mənfi təsir göstərir. Bununla bağlı olaraq rayonlardakı Gənclər və İdman idarələri fiziki tərbiyəni təbliğ etməklə yanaşı, həm də zərərli vədişlərə, o cümlədən narkomaniyaya qarşı mübarizə aparırlar. Bu haqda danışan müsahibimiz əlavə etdi ki, müntəzəm olaraq "Narkomaniyaya qarşı mübarizə” devizi altında tədbirlər keçirilir, tanınmış idmançılarla, millət vəkilləri ilə görüşlər təşkil olunur. Həmin yığıncaqlarda bu və ya digər zərərli vərdişlərin hansı fəlakətlərə səbəb ola biləcəyindən söhbət açılır, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün onlara tövsiyələr verilir.
Göründüyü kimi, Sabunçu rayon Gənclər və İdman İdarəsi rayonda idmanın və bədən tərbiyəsinin təbliğ olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində səmərli işlər, silsilə tədbirlər həyata keçirir. Bütün bunlar isə ölkəmizdə bədən tərbiyəsi və idmanın, eyni zamanda Olimpiya hərəkatının kütləviləşməsi sahəsində daha böyük nailiyyətlər qazanılmasına öz töhfəsini verir.

Kənan Novruzov




Bu yazı

6491 dəfə oxunub

Tarix

2018-06-12 15:16:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook