Paytax sakinləri arasında sorğu-fikirlər, proqnozlar...


Sabah dünyanın diqqəti Rusiyaya, paytaxt Moskvaya yönələcək. Belə ki, saatlar sonra qədim tarixə malik olan həmin şəhərdə futbol üzrə Dünya Çempionatının təntənəli açılış mmərasimi keçiriləcək. Əlbəttə, Azərbaycanda da bu möhtəşəm idman mübarizəsinə maraq kifayət qədər çoxdur. Futbol mütəxəssisləri indidən mundialın qalibinin hansı yığma olacağı barədə proqnozlar verməyə başlayıblar. Bəs, görəsən, şəhər əhalisi nə düşünür? Onlar hansı milliyə azarkeşlik edir, hansı komandadan çempionluq gözləyirlər? Bununla bağlı vətəndaşlar arasında sorğu keçirdik.

Fəyyaz Hüseynov, 60 nömrəli orta məktəbin direktoru: "Mən hər zaman Türkiyə millisinə azarkeşlik etmişəm. Axı biz iki dövlət, bir millətik. Amma əsfuslar olsun ki, qardaş ölkə Dünya Çempioatında mübarizə aparmır. Ona görə də şərti olaraq Almaniyanı dəstəkləyirəm. Düşünürəm ki, bu komanda çempion ola bilər. Etiraf etmək lazımdır ki, Almaniyada futbol çox inkişaf edib.”


Rəşad Şıxəliyev, "Sərhədçi” Olimpiya-İdman Kompleksinin cüdo məşçisi: "Əslində mübarizə aparacaq komandalar arasında Türkiyə olsa idi, şübhəsiz ki, onu dəstəkləyərdim. Amma qardaş ölkə millisi 32-likdə yoxdur. Argentina, Braziliya yığmaları çox güclüdürlər. Bilmirəm, nədəndirsə Belçikaya da çox inanıram. Sürpriz edə bilər. Buna baxmayaraq, əgər Belçika mundialın qalibi olsa mən heç də təəccüblənmərəm.”


Azadə Bayramova, jurnalist, "TopXəbər.az” saytının müxbiri: "Çox istərdim ki, sabah başlayacaq Dünya Çempionatında Azərbaycan millisi də iştirak etsin. Ancaq təəssüf...İspaniyanın qalib olmasını çox istəyərdim. Ümid edirəm ki, İspaniya mənim ümidlərimi doğrulda biləcək. Azarkeşlik etdiyim milliyə keçirəcəyi hər bir matçda uğurlar arzulayıram. İnanıram ki, biz nə vaxtsa Dünya Çempionatında hamılıqla Azərbaycan yığmasının oyunlarını həyəcanla izləyəcəyik.”


Mirçingiz Ağazadə, "Qərbi-Kaspi” universitetinin tələbəsi "Düzü, mən İspaniya və Argentina komandalarına azarkeşlik edirəm. Ancaq etiraf etmək lazımdır ki, Braziliya və Almaniya yığmaları daha güclü oyun sərgiləyirlər və bəlkə də, onlar çempionluğa daha çox layiqdirlər. Lakin düşünürəm ki, Argentina ən pis halda yarımfinala qədər irəliləyə biləcək. Final görüşlərində Argentina İspaniya ilə, Braziliya Argentina ilə qarşılaşsa çox gözəl və maraqlı olar.








Bu yazı

4821 dəfə oxunub

Tarix

2018-06-13 18:03:26

Yazını

Çap et

Yazını

Paylaş