Rəşad Sadıqov: “Futbol da bir teatrdır: onun da sadiq tamaşaçıları var”

 
"Olimpiya dünyası” qəzetinin və olimpnews.az saytının "İdmançı sənət, sənətçi idman haqqında” rubrikasının qonağı futbol üzrə milli komandamızın keçmiş üzvü, "Qarabağ” klubunun kapitanı, U-21 yığma komandasının baş məşqçisi Rəşad Sadıqovdu.
Rəşad Sadıqov 1982-ci il iyunun 16-da Bakı şəhərində anadan olub. Azərbaycan milli futbol komandasının keçmiş və hazırda isə "Qarabağ” klubunun kapitanıdır. Müdafiəçimiz 2000-2001-ci illərdə Azərbaycanın "Turan Tovuz”, 2001-2002, 2003-2005, 2006-2008-ci illərdə "Neftçi”, 2009-2010-cu illərdə "Qarabağ”, 2002-2003-cü illərdə İranın "Fulad Xuzistan” və 2005-2006-cı illərdə Türkiyənin "Kayserispor”, 2008-2009-cu illərdə "Kocaelispor”, 2010-2011-ci illərdə Əskişəhərspor klublarının heyətində yer alıb. 2011-ci ildən Azərbaycanın "Qarabağ” klubunda çıxış edir.
Rəşad Sadıqov dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Beş dəfə Azərbaycan Premyer Liqasının, üç dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Azərbaycan milli futbol komandasında 2001-ci ildən çıxış edən Rəşad Sadıqov milli komandasının heyətində ən çox oyun keçirən futbolçudur.

- Rəşad, rubrikamızan ənənəsinə uyğun olaraq ilk sualımız sizin incəsənətə münasibətinizi bilmək istərdik.

- Bu barədə suallara çox az rast gəlirəm. Hər zaman həmkarlarınız yalnız futboldan - milli komandadan və "Qarabağ”dan suallar verirlər. Sizinlə müsahibənin hansı mövzuda olacağını soruşanda, dediniz ki, incəsənətdən danışacağıq. Bir anlıq nədən danışacağımı beynimdə bir araya gətirməyə çalışdım. Yəqin ki, çətin olmaz mənə. İncəsənətə, onun ayrı-ayrı sahələrinə qarşı hər zaman diqqətli olmuşam. Kinoya, musiqiyə, rəssamlığa və digər sahələrə qarşı biganə deyiləm. Hər sahədən qismən olsa da, xəbərim var.

- Yəqin ki, daha çox musiqi və kinodan danışmağa üstünlük verəcəksən ?

- Biz idmançılar üçün boş vaxt çox az olur. Uzun müddət səfərlərdə olur, ailədən kənarda qalırıq. Gərgin məşqlərdən və oyunlardan sonra yalnız dincəlmək barədə düşünürük. Musiqi bu işdə vasitəçi rolunu oynayır. Yaxud yuxusuz olanda televiziyada kinoya baxırıq. Ən azı yuxu gələnə qədər. İmkan düşəndə Azərbaycan musiqilərinə qulaq asır və milli kinolarımızın incilərinə tamaşa edirəm. Doğrudan da, Azərbaycan musiqisi və kinoları dünyada əvəzsizdir. Bizim hər birimiz uşaq vaxtından bu sənət nümunələrinin təsiri ilə böyümüşük.

- Musiqini başa düşdük. Bəs, hansı filmləri bəyənirsən?

- (Gülür) Bir qədər düşünməli olacağam. Bu o demək deyil ki, yadıma salmağa çalışıram. Ən yaxşılarını bir yerə yığmaq istəyirəm. Çox səmimi deyəcəyəm. Hər bir kinomuz özünəməxsusluğu ilə seçilir. Bilmirəm, hansıdan başlayım. Uşaq vaxtında ən çox "Sehirli xalat” filmini xoşlayırdım. Kinodakı hadisələr məni həyəcanda saxlayırdı. Gözümü qırpmadan "Xanı” tutmağa çalışan "pionerlər”dən biri kimi onları izləyirdim. "Yenilməz batalyon” filminə isə dəfələrlə baxmışam. Oradakı musiqini isə çox sevirəm. Adını bilməsəm də, harada eşitsəm, mənə zövq verir - (Anatollu Qəniyev - "Teymurun mahnısı”- red).

- Adın çəkdiyin iki film ayrı-ayrı mövzulu və yaş həddi üçün fərqli filmlərdir. Lakin hər birinə xüsusi yanaşdın.

- Ola bilər. Bizim filmlərimizdə insan həyatı fərqli bir məkanda öz əksini tapıb. Ayrı-ayrılıqda hamısı yaddaqalandır. Filmlərdəki sözlər bu gün də hamının dilində əzbərdir. Məşqlərdə belə həmin sitatları işlədib, bir-birimizlə zarafatlaşırıq. Təəssüf ki, indi belə filmlər çox az çəkilir. Çəkilənlərdə isə mövzu maraqsız, bəsit və yorucu olur.

- Daha hansı filmdən danışa bilərsən? 

- Bayaqdan yadıma salmaq istəyirəm. İndi yadıma düşdü. Milli kinolarımızdan "Yeddi oğul istərəm” filmini bəyənirəm. Bu film çox maraqlı çəkilib. Bir növ Amerikanın "vestern” janrındadır. Filmdəki aktyor heyətinə isə söz ola bilməz. Həsən Məmmədov, Həsənağa Turabov, Şahmar Ələkbərov və başqaları bu filmə xüsusi maraq qatıblar. "Mirpaşa” rolu isə daha yadda qalandır - (Həmin rolu filmdə Elçin Məmmədov canlandırıb -red). Hər bir Azərbaycan filmi sanki dərslik, bir intellekt nümunəsidir. 

- Azərbaycanın ən yaxşı futbolçusuna sual versək ki, ən yaxşı aktyorumuz hansıdır? Bizə necə cavab verər, kimin adını çəkə bilər?

- (Gülür) Maraqlı sualdır. Amma deyim ki, Azərbaycanda ən yaxşı futbolçu tək mən deyiləm. İstər ölkə çempionatlarında, istərsə də yığma komandada yaxış futbolçularımız var. O ki qaldı ən yaxşı aktyora, bunu demək bir az çətindir. Hər birinin öz xüsusiyyəti, dəsti-xətti var. Mən daha çox Fəxrəddin Manafovu bəyənirəm. Onun çəkilidiyi "Təhminə və Zaur” filminə dəfələrlə baxmışam. Yeri gəlmişkən, həmin filmdə Zaur idmançı olur, deyəsən. Həmin aktyor çox istedadlıdır. Mən onun iştirak etdiyi bir sıra Rusiya filmlərinə də baxmışam. Aktrisalardan isə daha çox Afaq Bəşirqızını bəyənirəm. Həm tamaşalarda, həm də filmlərdə onun səhnə bacarığı hamını valeh edir.

- Söhbət zamanı qeyd etdin ki, müasir filmlərə baxmırsan. 
Bunu nə ilə əlaqələndirirsən?
 
- Qocaman aktyorlarımıza və gənclərə böyük hörmətim var. Amma nədənsə bugünki filmlər əvvəlkilər qədər yaddaqalan deyil. Bir dəfə baxdıqdan sonra ikin
ci dəfə baxmaq istəmirsən. İndiki filmlərdə düşündürücü və nəsihətamiz sözlər demək olar ki, yoxdur. Bu, bilmirəm nəyə görə belədir. Görünür nəsə lazımi səviyyədə deyil. Hansı sahənin nümayəndəsi, hansı peşənin sahibi olursansa, ol, fərqi yoxdur. Gərək dünyagörüşün lazımi səviyyədə olsun. Sənə verilən suallar təkcə futbolu əhatə edə bilməz. Hər bir sahədən nisbətən xəbərdar olmalısan. Çalışdım ki, suallara bacardığım qədər cavab verə bilim. Məncə söhbətimiz maraqlı alındı.




Bu yazı

8724 dəfə oxunub

Tarix

2018-06-16 14:24:08

Yazını

Çap et

Yazını

Paylaş