Almaniya poloçuları qalib olub


Azərbaycanın "Elite Horse and Polo Klub" komandası Bakıda keçirilən arena polo üzrə VI Dünya Kuboku yarışlarının finalında Almaniyanın "Rhein Polo Klub Düsseldorf" klubuna 7:6 xal hesabı ilə məğlub olaraq yarışda ikinci yerlə kifayətlənib. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən oyunda yarışın qalibi son saniyələrdə vurduqları qol hesabına Almaniya poloçuları olublar.
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə və Milli Qurtuluş Gününə həsr olunmuş builki yarışda Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən dörd beynəlxalq polo klubunun komandaları kubok uğrunda mübarizə aparıblar.
Bu mötəbər yarışda komandamızın heyətində Elçin Camallı (kapitan), Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov, Tərlan Qurbanəliyev və Lala Laplasette çıxış ediblər.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən arena polo üzrə dünya kuboku yarışlarına yekun vurulub.
Üçüncü yer uğrunda görüşdə Hindistanın "Indian Polo and Riding Klub Nyu Delhi" komandasının poloçuları İrlandiyanın "Polo Klub Viklov" kollektivi üzərində 7:4 xal hesabı ilə qələbə qazanıblar və bürünc medala yiyələniblər.
Final oyunundan keçirilən mükafatlandırılma mərasimində medalları və kuboku ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.





Bu yazı

2621 dəfə oxunub

Tarix

2018-06-18 08:27:30

Yazını

Çap et

Yazını

Paylaş