“Hər səhər məşqə eyni həyəcanla gedirəm”



Xəbər verdiyimiz kimi, may ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatı keçirilib. Çempionatda iştirak edən yığma komandamızın üzvləri 2 qızıl, 3 gümüş, 6 bürünc medal qazanıblar.
Qızıl medalları yığmamıza qadın güləşi üzrə 65 kq-da mübarizə aparan Ceyla Nağızadə və yunan-Roma güləşi üzrə 77 kq-da yarışan Həsən Əliyev qazandırıb. Bu yaxınlarda xanım pəhləvanımız Ceyla Nağızadə redaksiyamızın qonağı olub.Güləşçimiz ona ünvanlanan sualları səmimi cavablandırıb.

- Ceyla xanım, əvvəlcə özün haqqında oxucularımıza məlumat verərdiniz.
- 1999-cu il martın 8-də İmişli rayonunun Muradxanlı (Əlipənahlı) kəndində anadan olmuşam. Uşaqlıqdan idmana böyük həvəsim var idi. Məni kiçik yaşlarımdan oğlan kimi böyüdüblər. Qohumumuzun köməyi ilə yığma komandada məşqlərə başladım. Bir müddət məşq etdikdən sonra çiynim sındığına görə idmandan uzaqlaşdım. Zədəm sağalandan sonra yenidən məşqlərimi davam etdirdim. Zədədən sonra Seyid Hadı Ərəbinin köməyi ilə kəbbadə yarışında iştirak etdim. Bu yarışdan sonra sambo idman növündə də gücümü sınadım. Anam idmançı olmağıma razı deyildi. Mənim üçün çox narahat olurdu. Bu indi də belədir. Atam isə anamdan fərqli olaraq mənə çox dəstək olur, mənə inanır.

- İstərdik ki, bir qədər nəticələrin barədə məlumat verəsiniz?
- 2015-ci ildə Osetiyada təşkil olunan beynəlxalq turnirdə üçüncü yeri tutmuşam. Bundan başqa Rəşid Məmmədbəyov turnirində üçüncülüyü qazanmışam. 2014-cü ildə Hindistanda təşkil olunan dünya çempionatında 5-ci yerə sahib çıxmışam. Ötən il Almaniyada keçirilən gənclər arasında Avropa çempionatında isə beşinci nəticə göstərdim. Dağıstanda təşkil olunan beynəlxalq yarışda isə çempion olmuşam. Ən böyük uğurum isə hərbçilər arasında təşkil olunan 33-cü dünya çempionatında olub. Bu yarışda qadınlar arasında Azərbaycana ilk qızıl medalı 65 kq çəki dərəcəsində mən qazandırdım.

- Qarşıda sizi hansı yarışlar gözləyir?
- İyulun 30-dan avqustun 5-dək İtaliyanın paytaxtı Romada gənclər arasında Avropa çempionatı təşkil olunacaq. Bu yarışda da 65 kq çəki dərəcəsində mübarizə aparacağam. Artıq bu yarışın hazırlıqlarına başlamışıq. Qitə birinciliyində mükafatçılar sırasında yer almaq üçün bütün bacarığımı nümayiş etdirəcəyəm.

- Qeyd etdiyin kimi, 65 kq çəki dərəcəsində güləşirsiniz. Bu çəkidə əsas rəqibləriniz kimlərdir?
- Gənclər arasında elə də ciddi bir rəqibim yoxdur. Böyüklərdə isə əsas rəqibim Elis Monolovadır. Düzünü desəm, hələ onunla güləşməmişəm. Lakin belə bir imkan olarsa, bütün bacarığımla ondan zəif olmadığımı nümayiş etdirərəm.

- Ailədə neçə uşaqsınız?
- 4 uşağıq. Məndən başqa 1 bacım və 2 qardaşım var. Böyük qardaşım İmişlidə polis işləyir. Bacım Təfəkkür Universitetini bitirib.

- Bəs, qardaşlarının sizin idmanla məşğul olmağına münasibəti necədir?
- Balaca qardaşım hərdən atama deyir ki, mənim qızım olsa, qoymaram idmanla məşğul olsun. Atam da zarafatla cavab verir ki, öz qızın olanda qoymazsan. Mən öz qızıma çox inanıram.

- Adətən, çəki problemi idmançıların həssas nöqtəsi olur. Bəs sizdə çəki salma problemi olurmu?
- Deməzdim ki, problem olur. Əvvəllər yarışlara görə çəki salırdım. Hətta elə bir vaxt olub ki, Avropa və dünya çempionatlarına görə 14 kq çəki salmışam. Lakin indi çəki salmıram. Hazırda çəkim 64 kq 200 qramdır. Mən də yarışlarda 65 kq çəkidə güləşirəm. Əgər lazım olarsa 62 kq çəkidə də mübarizə aparıram. Amma heç vaxt birdən-birə 7-8 kq çəki salmağı məsləhət görmürəm. Düzdür, 1-2 kq çəki salmaq olar, amma daha artığı məsləhətli deyil. İdmançı yarışda özünü yaxşı tərəfdən göstərə bilmir. Bu da yarış vaxtı öz mənfi təsirini göstərir.

- Kumiriniz varmı?
- Qadınlardan Mariya Stadnik, kişilərdən isə Hacı Əliyevə pərəstiş edirəm. Onlar bu idman növündə öz sözlərini demiş idmançılardırlar. Mən də gələcək karyeramı onlar kimi uğurla davam etdirmək istəyirəm.

- İdmançı kimi arzunuz nədir?
- Təbii ki, hər bir idmançı kimi, mənim də arzum Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsində yer alaraq bayrağımızı yüksəklərə qaldırmaq, dünya, Avropa çempionatlarında qalib olmaqdır. Bu arzumu həyata keçirmək üçün hər gün böyük səylə çalışıram. Hər səhər məşqə ilk günkü kimi, eyni həyəcanla gedirəm. Bu təkcə mənim yox bütün idmançıların arzusudur. Bəzən idmançı məğlub olanda ona müəyyən təziqlər olur. Amma həmin idmançının çempion olmasını özündən çox heç kim istəyə bilməz
.
- İdmançı karyeranı başa vurduqdan sonra hansı işlə məşğul olmağı düşünürsünüz?
- Hələ ki, güləşirəm. İdmançının ən böyük problemi zədə ilə bağlıdır. Yəqin ki, zədə problemim olmasa uzun müddət idmançı kimi fəaliyyət göstərəcəyəm. Əgər karyeramı başa vursam, Müdafiə Nazirliyində çalışmağı çox istərdim. Bu sahəyə çox böyük rəğbətim var. Əgər bu mümkün olmasa, idman zalı açıb, uşaq və gənclərin idmanla məşğul olmasına öz töhfəmi verərəm.

Azər Əlizadə



Bu yazı

7025 dəfə oxunub

Tarix

2018-07-03 14:47:48

Yazını

Çap et

Yazını

Paylaş