İki güləşçimiz dünya çempionu adına layiq görülüb






İyulun 2-7-də Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə yeniyetmələrin dünya çempionatına yekun vurulub.

"Olimpnews.az" xəbər verir ki, çempionatda iştirak edən yığma komandamızın üzvləri yarışları 8 (2 qızıl, 2 gümüş və 4 bürünc) medalla başa vurublar.
Məşqçi Vahid Məmmədovun rəhbərliyi altında mübarizə aparan sərbəst güləş yığmamız 3 (2 qızıl və 1 bürünc) medalla komanda hesabında 4-cü yeri tutub. Yığmamızın üzvlərindən Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) dünya çempionu tituluna layiq görülüblər. Məlumat üçün bildirək ki, Turan Bayramov həm də ötən ay Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatının qalibi kimi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.Turnirin bürünc medalını isə Əbülfəz Nəsirov (55 kq) qazanıb.
Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında dünya çempionatında 5 idmançı ilə təmsil olunan yeniyetmə qızlarımız yarışları 1 gümüş medalla başa vurublar. 43 kq-da mübarizə aparan Şahanə Nəzərova yalnız final görüşündə məğlub olaraq çempionatı ikinci sırada tamamlayıb.
Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında 7 güləşçi ilə yarışda iştirak edən yunan-Roma yığmamız 4 (1 gümüş və 3 bürünc) medal qazanıb. Yalnız final görüşündə uduzan Sərxan Məmmədov (110 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) qazandırıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.




Bu yazı

11755 dəfə oxunub

Tarix

2018-07-09 16:41:34

Yazını

Çap et

Yazını

Paylaş