Fazil Hadıbəyov: ““Zenit”in yetirmələri ümidləri doğruldurlar”







Uşaq və yeniyetmə idmanının inkişafı Olimpiya Hərəkatının, dünya idman ictimaiyyətinin diqqətində olan vacib məsələlərdəndir. Azərbaycanda gənc nəslin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək, kütləviliyini təmin etmək üçün məqsədyönlü və kompleks tədbirlər həyata keçirilir. Dünyada idman ölkəsi kimi tanınan respublikamızda əksər idman növlərində böyük nailiyyətlər qazanmaq üçün uşaq və yeniyetmə idmanına xüsusi diqqət və qayğı göstərilir. Bu sahənin inkişafı üçün paytaxt və bölgələrdə müvafiq şərait yaradılıb. Uşaq və yeniyetmələrin böyük idmana yolu təbii ki, respublikamızda fəaliyyət göstərən və ölkə idmanının inkişafına töhfə verən idman cəmiyyətlərindən, klublardan keçir. Uzun illərdir ki, ölkənin idman və bədən tərbiyəsinin inkişafında uğurla fəaliyyət göstərən "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi (BTİCİB) məhz bu sahədə kifayət qədər zəngin təcrübəsi olan cəmiyyətlərdəndir.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı, gələcəyimiz olan gənc nəslin sağlam həyat tərzinə cəlb edilməsi məsələsinə böyük önəm verən və bununla bağlı geniş, maraqlı materiallar dərc edən "Olimpiya dünyası” qəzeti "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində bu dəfə çoxsaylı oxucularına "Zenit” İC”nin fəaliyyəti və onun yetirmələri haqda məlumat verəcək.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi ölkədə bədən tərbiyəsi və idmanın inkişafında, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və yüksək dərəcəli məşqçilərin, idmançıların hazırlanmasında əvəzsiz rol oynayır. Ölkədə bədən tərbiyəsi və idman hərəkatında müəyyən mövqe tutmağı bacaran "Zenit” İC-nin idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, birinciliklərində Azərbaycanı layiqincə təmsil edir, yüksək nəticələr əldə edirlər. Xüsusilə, təkbətək döyüş növləri üzrə idmançıların hazırlanmasında böyük təcrübəyə malik olan cəmiyyətin yetirmələri arasında Olimpiya çempionu Namiq Abdullayev və onun qardaşı, dünya çempionu Arif Abdullayev, 2 qat Avropa çempionu, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Cəbrayıl Həsənovun adlarını çəkmək mümkündür. Perspektivli gənc və yeniyetmə idmançılar sərbəst güləş üzrə 2 qat dünya və Avropa çempionu Əfqan Xaşalov, Avropa ikincisi Elmira Qəmbərova,yeniyetmələr arasında dünya çempionları Əlihəsən Əmirli, Turan Bayramov və başqaları əldə etdiyi yüksək nəticələrlə idmanımıza öz töhfələrini verirlər.
Cəmiyyətin paytaxt Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində filialları da fəaliyyət göstərir. Bu filiallarda idman növləri üzrə ümumilikdə, 66 məşqçi fəaliyyət göstərir. Cəmiyyətin təmsilçiləri Aslan Ağayev, Akif Qurbanov və Cavid Qurbanzadə (sərbəst güləş), Yaqub Abdullayev (sambo), Emin Fətullayev (cüdo), Təvəkkül Məmmədov, Ceyhun Rüstəmov (boks), Ramin Həsənov və Sənan Həşimov (taekvondo) kimi təcrübəli məşqçilərin rəhbərliyi altında ölkə və beynəlxalq səviyyəli yarışlarda dövlət himnimizi səsləndirir, üçrəngli bayrağımızı dalğalandırırlar. Bir sözlə, "Zenit”in yetirmələri onlara bəslənilən ümidləri doğruldurlar.

"Əldə olunan nailiyyət, qazanılan qələbə hər birimizin uğurudur”

Bugünlərdə cəmiyyətin yetirmələrindən Əlihəsən Əmirli və Turan Bayramov Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında qızıl medala layiq görülüblər. Azərbaycanın yeniyetmələrdən ibarət güləş yığmasının qazandığı 3 (2 qızıl, 1 bürünc) medaldan 2-si (hər ikisi qızıl) məhz "Zenit” İdman Cəmiyyəti İctiumai Birliyinin yetirmələrinin payına düşür. Əldə olunan bu yüksək nəticə cəmiyyətin səmərəli fəaliyyətinin göstəricisidir. Bu uğurun əldə olunmasında təbii ki, hər kəsin əməyi vardır. Ölkədə idman sahəsinə, yüksək səviyyədə diqqət və qayğının göstərilməsi öz bəhrəsini verir. Bu sahədə dövlət siyasətini əsas tutan Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, eləcə də, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdman Təşkilatları İctimai Birliyi öz işini günün tələbləri səviyyəsində qururlar. Ölkədə dövlətin idman sahəsindəki məqsədyönlü siyasətinin, idman və Olimpiya Hərəkatının və ideallarının təbliğini özünün başlıca vəzifəsi hesab edən "Olimpiya dünyası” qəzeti həmişə öz səhifələrində klub, cəmiyyət və ayrı-ayrı idmançıların uğurlarını işıqlandırır. Bu uğur münasibətilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) sədri Nadir Əliyevlə əlaqə saxlayaraq redaksiyamız adından təbrik etməyi özümüzə borc bildik. Nadir müəllim bizə öz səmimi təşəkkürünü bildirərək "Zenit” İB-nin yetirmələrinin uğurundan məmnun olduğunu dedi: "Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi özündə 9 idman qurumunu birləşdirir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına millət vəkili, iqtisad elmləri doktoru, professor Səttar Möhbalıyev rəhbərlik edir.AHİK-nın tabeleyində olan idman cəmiyyətləri və klubları uşaq və yeniyetmələrin idmana cəlb edilməsi, yetişdirilməsində çox mühüm iş görürlər. Sonra bu uşaq və gənclər idmanla peşəkar şəkildə məşğul olmağa başlayırlar. İstedadlı, perspektivli idmançılar ölkəmizdə fəaliyyət göstərən müxtəlif növlər üzrə idman federasiyalarının diqqətini cəlb edir və heyətə cəlb edilirlər. Əldə olunan nəticələr, qazanılan qələbələr təcrübəli və peşəkar idman mütəxəssislərinin əməyinin nəticəsidir. AHİTA-nın rəhbərliyi altında fəaliyyət göstərən idman klubları və cəmiyyətlər tez-tez orta məktəblərdə olur, istedadlı, idmana həvəsi olan uşaq və yeniyetmələrin aşkar edilməsində gərgin əmək sərf edirlər. Rəhbərliyin apardığı düzgün siyasətin əsasında görülən əməli işlər, səmərəli fəaliyyət, zəhmətsevərlik sonunda öz bəhrəsini verir. Dəstək, qayğı olan yerdə, həmişə nəticə də olacaq.

"Zenit” İdman Cəmiyyəti zəngin ənənələrə malik qurumlardan biridir. Cəmiyyətin yetirmələri hər zaman beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edir, medallar qazanırlar. Əldə olunan nailiyyət, qazanılan qələbə hər birimizin uğurudur, Azərbaycan idmanının uğurudur. Arzu edirəm ki, nəinki idmanda, bütün sahələrdə uğurlarımız bol olsun”.

"Ölkə idmanında əldə olunan uğurlarda klub və cəmiyyətlərin rolu
danılmazdır”

Dünya çempionatında Azərbaycan güləş yığmasına 2 qızıl medal qazandıran yeniyetmə idmançılar haqqında danışmazdan əvvəl onların bu uğurunda böyük zəhməti olan "Zenit” İC-nin sədri Fazil Hadıbəyovdan fikirlərini bölüşməyi xahiş etdik. Qeyd edək ki, MOK-un üzvü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Fazil Hadıbəyov bu cəmiyyətə 1993-cü ildən rəhbərlik edir. Son dərəcə səmimi, mehriban, qayğıkeş insan, həm də tələbkar rəhbər olan Fazil müəllim bizimlə söhbətində ölkədə idman və Olimpiya hərəkatının inkişafı, bu sahəyə göstərilən diqqət və qayğıdan, idmançılarımızn əldə etdiyi uğurlardan danışdı: "Ölkə idmanında əldə olunan uğurlarda klub və cəmiyyətlərin rolu danılmazdır. Bu idman təşkilatlarının yetirmələri getdikcə püxtələşir və sonralar karyeralarını federasiyalarda, yığma komandalarda davam etdirirlər. Rəhbərlik etdiyim "Zenit” İCİB Azərbaycan idmanına öz töhfəsini verirsə, bu, hər birimizin uğurudur, bütün kollektivin uğurudur. Məqsədimiz idmana həvəsi olan uşaq və gənclərə kömək göstərmək, onlara düzgün istiqamət verməkdir. Çalışırıq ki, onlardan diqqət və qayğımızı əsirgəməyək. Cəmiyyətimizin yetirmələri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğurla çıxış edir, yüksək nəticələrlə xalqımızı sevindirirlər. "Zenit” İB Olimpiya çempionu Namiq Abdullayev, Avropa çempionu, Rio-2016 Olimpiadasının mükafatçısı Cəbrayıl Həsənov, dünya çempionu Əfqan Xaşalov kimi idmançıları ilə fəxr edir”.

"Tokio-2020 Olimpiadasında
Əfqan Xaşalova böyük ümid bəslyirik”

Fazil Hadıbəyov bizimlə söhbətində gənc idmançı, Qazax güləş məktəbinin yetirməsi Əfqan Xaşalova böyük ümid bəslədiklərini bildirdi. Ondan Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal gözlədiklərini deyən Fazil müəllim vurğuladı: "Əfqan Xaşalov (54 kq) çox gənc və perspektivli idmançılardandır. Biz ondan növbəti olimpiadada medal gözləyirik, özü də qızıl. İkiqat dünya çempionu Əfqan Xaşalova ümidimiz böyükdür. Cəmiyyətimizdə tərbiyəli və istedadlı uşaq və gənclərimiz kifayət qədərdir.
Turan Bayramov (65 kq) və Əlihəsən Əmirli (48 kq) da gələcəyinə böyük ümid bəslədiyimiz idmançılarımızdandırlar. Çox hazırlıqlı və texnikalı güləşçidirlər. Onların hər ikisi ilə təcrübəli məşqçimiz Cavid Qurbanzadə məşğul olur. Bu idmançıların hər ikisi bu ilin fevralında keçirilən sərbəst güləş üzrə Azərbaycan birinciliyində qızıl medala layiq görülüblər”.

Qeyd edək ki, Turan Bayramov və Əlihəsən Əmirli bu il Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatının qalibi olublar. Turan Bayramov ötən il Yunanıstanın Afina şəhərində təşkil edilən dünya çempionatında da fəxri kürsünün ilk pilləsində yer alıb. O həm də Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına (Buenos-Ayres) vəsiqə qazanıb. Turan Bayramovun ilk məşqçisi hazırda Qazaxıstanda yaşayan Abil İbrahimovdur. Əlihəsən Əmirli dünya çempionatında bütün görüşlərini qələbə ilə başa vurub. İlk görüşünü Yaponiya təmsilçisi Kaisei Tanabeilə keçirən güləşçimiz yarışı 3:0 hesabı ilə başa vurub. Sonrakı görüşlərdə Bolqarıstan və İran təmsilçiləri ilə qarşılaşan Əlihəsən bu döyüşlərdən müvafiq olaraq 10:0 və 6:3 hesabı ilə qalib ayrılıb. İkidə bir finalda onu rəqibi gürcüstanlı pəhləvan Gioigi Gigelaşvili olub. Rəqibinə 8:2 hesabla qalib gələn Əlihəsən Əmirli finala vəsiqə qazanıb. Final qarşılaşmasında ikiqat dünya çempionu Riçard Figueroanı da döşəkdən kənarlaşdıran idmançımız 6:1 hesabı ilə dünya çempionu adına layiq görülüb.
Digər yeniyetmə idmançımız Turan Bayramov da dünya çempioantında uğurla çıxış edib. Yarışlara səkkizdəbir finaldan başlayan idmançımız Səudiyyə Ərəbistanından olan Hassan Şayanı (5:0) mübarizədən kənarlaşdırıb. 4/1 finalda ermənistanlı güləşçi Narek Harutyunyana 8:4 hesabı ilə qalib gələn Turanın növbəti rəqibi İran təmsilçisi olub. Mohammad Karimiseifabada qalib gələn (8:2) güləşçimiz finala vəsiqə qazanıb. Finalda Rusiya təmsilçisi İnalbek Şeriev ilə qarşılaşan Turan Bayramov 4:1 hesabı ilə döşəkdən qalib ayrılıb.

Fazil Hadıbəyov bizimlə söhbətində cəmiyyətin idman zalının əsaslı təmirə ehtiyacı olduğunu bildirdi. Sahəsi 600 kv m olan zalın təmirinin kifayət qədər vəsait tələb etdiyini deyən cəmiyyətin sədri vurguladı: "Cəmiyyətin iki idman zalı vardır. Hər il zala əl gəzdirsək də, daim istifadədə olduğu üçün mütləq təmir olunmalıdır. Öz gücümüz hesabına təmir etmək imkanımız yoxdur. İdman zalında əsaslı təmir təxminən 14 il bundan əvvəl aparılıb. Bugünlərdə hər iki idman zalı üçün İrandan örtük gətizdirmişik”.

"Sağlam insan gümrah, zirək olur və heç nədən yorulmur"

Zəhmətsevərliyi, çalışqanlığı yüksək qiymətləndirən Fazil müəllim tənbəlliyin insana heç bir xeyir gətirmədiyini deyir: "Cəmiyyətdə mütamadi olaraq söhbətlər aparırıq. Uşaq və gənclərə başa salırıq ki, idman və bədən tərbiyəsinə yüksək səviyyədə diqqət və qayğının göstərildiyi ölkəmizdə sizin üçün hər bir şərait yaradılıb. Yaxşı yaşamaq artıq sizin öz əlinizdədir. Dövlətimiz tərəfindən Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğur qazanan idmançılara hər bir sahədə güzəşt edilir, onlar hərtərəfli qayğı ilə əhatə olunurlar. Siz də uğur qazanın ki, özünüz, ailəniz yaxşı yaşayasınız. Onlara başa salırıq ki, insan mənən zəngin olmalıdır, ürəyi gözəl olmalıdır. Vətənə, cəmiyyətə gərəkli olmağı bacarmalıdır.
İnsan işdən yorulmamalıdır, əksinə zövq almağı bacarmalıdır. Həm özünə, həm ailəsinə, həm də cəmiyyətə gərəkli olmaqdan gözəl nə ola bilər ki?! Məni yormayan işimə olan həvəsim, zəhmətsevərliyimdir. Yetirmələrimizin uğurundan həvəslənir, daha gəncləşirəm. Hər gün saat 6-da dururam. Dənizdə çimirəm, idman edirəm, necə deyərlər, sağlam həyat tərzi keçirirəm. Sağlam insan gümrah, zirək olur və heç nədən yorulmur. Həyatdan şikayətlənən insanları sevmirəm. Tanrıdan bizə verilən ömür payını gözəl və mənalı yaşamaq öz əlimizdədir”.

Söhbətimizin sonunda Fazil Hadıbəyov "Olimpiya dünyası” qəzeti vasitəsilə öz təşəkkürünü də bildirdi: "AHİTA-nın rəhbərliyi "Zenit” İCİB-nin fəaliyyətindən razıdır. AHİTA-nın rəhbərliyinə və üzv təşkilatlara öz minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, bizdən öz köməklərini əsirgəmirlər. AHİTA-nın sədri Nadir Əliyev, Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Etibar Əliyev, Elektroenergetika və Elektotexnika Sənayesi İşçiləri Respublika Komitəsinin sədri Rafiq İldarov və digəriləri idmançılarımıza daim diqqət və qayğı göstərir, yardımlarını əsirgəmirlər. Baku Steel Kompani MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Əliqulu Quliyev daim idmançılarımızın çıxışlarını izləyir, "Zenit”in uğuruna bizimlə bərabər sevinir.
"Yeniyetmə və gənclərlə işləmək məşqçidən fərqli yanaşma tələb edir”
Yuxarıda qeyd etdiyimiz kimi, "Zenit” İC-də öz işini bilən peşəkar, vicdanlı məşqçilərçoxdur. Onlardan biri də sərbəst güləş üzrə təcrübəli məşqçi Cavid Qurbanzadədir. Əfqan Xaşalov, Elvin Dünyamalıyev, Əlihəsən Əmirli, Turan Bayramov məhz Cavid müəllimin yetirmələridir.
Cavid Qurbanzadə 2000-ci ildən sərbəst güləş sahəsində çalışır. İdmanda aldığı ağır zədələrdən sonra karyerasını məşqçi kimi davam etdirib. Cavid müəllim deyir ki, məşqçi olmaq insandan böyük məsuliyyət və hədsiz zəhmətsevərlik tələb edir. Məşqçi yetirməsi üçün həm müəllim, həm ata, həm də dost olmağı, ona düzgün istiqamət verməyi bacarmalıdır. "Yaş səviyyəsindən asılı olaraq uşaq, yeniyetmə və gənclərlə işləmək məşqçidən müəyyən və fərqli yanaşma tələb edir. Məşq prosesində idmançının fizki, texniki, taktiki və psixoloji hazırlığı çox mühümdür. Kiçik yaşlı yeniyetmələrlə işləmək daha çətin və məsuliyyətlidir. Çünki bu yaşda buraxılan səhvlərin sonra qarşısıalınmaz nəticələri ola bilər”.

Cavid müəllim yetirmələri Əlihəsən Əmirli və Turan Bayramovla bağlı ona ünvanladığımız sualı belə cavablandırdı: "Yetirmələrimiz Xorvatiyanın Zaqreb şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında iki qızıl medal qazandılar. Bu, çox böyük uğurdur. Cəmiyyətimizin, idmanımızın uğurudur, çəkilən zəhmətin bəhrəsidir. Dünya çempionatına hazırlıqlar ciddi aparılırdı. Əlihəsən Əmirli iki dəfə dalbadal yeniyetmələr arasında dünya çempionu adına layiq görülüb. Bu, bir ilkdir. O, çətin qrupda yarışırdı və rəqibləri çox güclü idilər. Əlihəsən bu yarışa həm fiziki, həm də mənəvi cəhətdən hazır idi. Bu bir faktdır ki, yarışa çıxan hər bir idmançıya qələbədə fiziki gücdən daha çox ağıl, məntiq daha çox kömək edir. Rəqiblər biri-birilərinin döyüşlərini izləyir, texnikasını öyrənir, hücüm və müdafiəsini dərindən tədqiqedirlər. Məşqçilər də həmçinin yetirməsinin döyüş texnikasını əzbər bilirlər və bunun əsasında təlimat verirlər. Hər dəfə eyni texnika ilə güləşmək olmur, hər dəfə yeniliklər etmək, inkişaf etmək lazım gəlir. Yoxsa, rəqibə qalib gəlmək mümkün deyil. Hər rəqiblə eyni texnika ilə döyüşmək olmaz. Uşaq və yeniyetmələrlə işləyəndə hərtərəfli hazırlamaq lazımdır ki, istənilən halda çətin vəziyyətdən çıxış yolu tapa bilsin.

Bütün idmançılar təbii ki, çempion ola bilmirlər. Burada anadangəlmə istedad, iradə, xarakter, çalışqanlıq çox mühüm rol oynayır. İdmançı var ki, güclü potensialı var, amma iradəsi zəifdir. Turan Bayramov da perspektivli idmançılarımızdandır. O, bu ilin oktyabrında Argentinanın Buenos-Ayres şəhərində keçiriləcəck Yeniyatmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb”.
Cavid Qurbanzadə şansından insanın həyatında böyük rol oynadığını qeyd etdi: "Şans istər həyatda, istər idmanda çox böyük rol oynayır. İdmançı var ki, istedadlıdır, bütün günü məşq edir, potensialı çox yüksəkdir, amma yarışda bəxti gətirmir. Hətta elə olur ki, o boyda gərgin və ağır məşqlərdən sonra zədələnir və yarışa çıxa bilmir. Buna misal olaraq Elvin Dünyamalıyevi göstərə bilərəm. O, çox bacarıqlıdır, potensiallı idmançıdır. Amma şansı gətirmir. Biz ondan dünya və Avropa çempionatında medallar gözləyirik. Füzuli Qasımov, Nəcəf Nurullayev, Elvin Qasımov da gələcəyi olan idmançılardır.
Kiçikyaşlı yeniyetmələrdən Şövqi Süleymanlı, Mircavad Nəbiyev, Elmir Rüstəmov, Məhəmməd Aydayev və başqalarının adlarını çəkə bilərəm. Məhəmməd Aydayev Çeçenistandan gəlib, çox güclü güləşçidir. Mən onun gələcəyinə böyük ümid bəsləyirəm. Sizə bir hadisə danışım. 2004-cü ildə yaşadığım həyətdən çıxanda bir uşaq maşının qabağını kəsdi. Azərbaycan dilində yaxşı danışa bilmirdi. Ürkək gözlərini üzümə zilləyərək dedi: "Məndə ata da yox, pul da yox. Amma güləşmək istəyirəm. Mənə kömək edərsinizmi? Olimpiya çempionu olandan sonra pulunuzu verəcəyəm”. Kiçikyaşlı uşağın bu sözlərindən çox təsirləndim. Bilmədim, gülüm, y ağlayım? İndi həmin uşaq bizim cəmiyyətdə məşğul olur. Belə istedadlı, imkansız uşaqlara mütləq qayğı göstərilməlidir. Bunun üçün cəmiyyətimizin sədri Fazil müəllimə təşəkkür edirəm. Biz də bacardığımız qədər bizə göstərilən etimadı doğrultmağa çalışırıq. Məqsədimiz budur ki, cəmiyyətimizin yetirmələri Olimpiya Oyunlarında, dünya və Avropa çempiontlarında bayrağımızı qaldırsınlar, himnimizi səsləndirsinlər.




Səadət Hakıyeva






Bu yazı

20833 dəfə oxunub

Tarix

2018-07-11 11:08:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook