Nəsimi Musayev: “Bölgələrdə də badmintonun inkişafı prioritet məsələlərdəndir”



Son illər mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın dünya idman aləmində özünə layiqli yer tutmasında ölkəmizdə idmanın sürətli inkişafı, atletlərimizin beynəlxalq arenalarda qazandıqları parlaq qələbələr də mühüm yer tutur. Son dövrdə ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də badmintondur.
Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev son illər ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Nəsimi müəllim, Azərbaycan Badminton Federasiyası ötən əsrin 60-cı illərində yaradılsa da, idmanın bu növü üzrə inkişaf son bir neçə ildə müşahidə olunmağa başlayıb. Ümumiyyətlə, Azərbaycanda badmintonun hazırkı durumu, ölkəmizdə idmanın bu növünün kütləviliyinin artırılması istiqamətində atılan addımlar barədə məlumat verməyinizi istərdik.

- Hazırda ölkəmizdə badmintonun inkişafı üçün mühüm tədbirlər görülür. Müntəzəm olaraq, ölkədaxili birinciliklər, müxtəlif turnirlər keçirilir. Badmintonda kütləviliyə nail olmaq üçün bir sıra addımlar atılır. Badmintonla məşğul olan uşaqlarımız mütəmadi olaraq müxtəlif ölkələrdə keçirilən beynəlxalq turnirlərdə iştirak edirlər. Artıq cari ildə aşağı yaş qrupu üzrə badmintonçularımız Ukraynada, Gürcüstanda keçirilən turnirlərdə çıxış ediblər. Gələcəkdə yeniyetmə və gənc badmintonçularımızın beynəlxalq yarış təcrübəsinin artırılması məqsədilə Türkiyədə, İranda və Rusiyada keçiriləcək yarışlarda iştirakı planlaşdırılır. Azərbaycan Badminton Federasiyası olaraq, qonşu ölkələrin badminton qurumları ilə sıx əməkdaşlıq edirik.
Uşaq badmintonunun inkişafı ilə yanaşı, məşqçilərimizin bu sahədə təkmilləşməsi prosesi də diqqət mərkəzindədir. Fikrimizcə, uğura nail olmaq üçün bu iki sahədə işlər paralel görülməlidir. Bu məqsədlə iyunda milli komandanın üzvləri sayılan, hazırda yenicə məşqçiliyə başlayan Kənan Rzayev və Teymur Abbasov Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Badminton Federasiyası ilə Avropa Badminton Konfederasiyasının birgə təşkil etdiyi məşqçilik kurslarına qatılıblar. Gənc məşqçilərimizin bu sahədə biliklərinin artırılması məqsədilə onların növbəti aylarda badmintonun inkişaf etdiyi ölkələrə uzunmüddətli təlimlərə göndərilməsi planlaşdırılır. Söhbət badminton ənənələri güclü olan İndoneziya, Malayziya kimi ölkələrdən gedir. Bundan əlavə, hakimlərimizin də beynəlxalq təcrübəsinin artması məqsədilə yarışlara və kurslara göndərilməsi istiqamətində işlər aparılır. Bu yaxınlarda gənc hakimlərimiz Fidan və Gülcənnət Hüseynli Litvanın Kaunas şəhərində təşkil olunan kurslarda iştirak ediblər.
Aprel ayında təhsil müəssisələri arasında badminton üzrə ilk dəfə keçirilən çempionata yekun vuruldu. Çempionatda həm yerli, həm də xarici tələbələr qüvvələrini sınadılar. Fikrimizcə, bu da kütləviliyə nail olmaq üçün effektiv yollardan biridir. Növbəti belə turniri daha geniş miqyasda keçirməyi düşünürük. Budəfəki yarışa müxtəlif özəl şirkətlərin komandalarını da cəlb etmək istəyirik.

- İdmançılarımızın Beynəlxalq Badminton Federasiyasının siyahısında yer alan nüfuzlu turnirlərdə mütəmadi çıxışları barədə nə deyə bilərsiniz?

- İdmançılarımız Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan turnirlərdə mütəmadi iştirak edirlər. Cari ilin fevralında uzun fasilədən sonra ilk dəfə Rusiyanın Kazan şəhərində təşkil edilən kişi və qadın komandaları arasında Avropa çempionatında iştirak etdik. Ardınca badmintonçumuz Orxan Qələndərov İspaniyanın Huelva şəhərində keçirilən kişilərin şəxsi Avropa çempionatında qüvvəsini sınadı. Bundan əlavə, ötən ay keçirilən "YONEX Latvia International 2018” və "YONEX Lithuanian International 2018” turnirlərində də geniş heyətlə təmsil olunduq. Badmintonçularımız ötən 5 ay ərzində Çexiya, Portuqaliya, Sloveniya, Xorvatiya, Malayziya və İndoneziyada keçirilən müxtəlif seriyalı turnirlərdə də çıxış ediblər.

- Qarşıdan "Tokio–2020” XXXII Yay Olimpiya Oyunları gəlir. Federasiya bu istiqamətdə hansı tədbirləri həyata keçirir? İdmançılarımızın Olimpiadaya lisenziya uğrunda yarışlarda iştirakı barədə nə deyə bilərsiniz? Məsələn, Azərbaycan təmsilçisi Edi Reski Dviçayonun reytinq siyahısında sürətlə yüksəlməsi və qarşıya qoyulan məqsədə uğurla irəliləməsi bu baxımdan böyük ümid vəd edir? Digər idmançılarımızın imkanlarını necə qiymətləndirirsiniz?

- Edi Reski Dviçayonun beynəlxalq turnirlərdə uğurlu çıxışı bizi sevindirməyə bilməz. İnanırıq ki, bu tempdə davam edərsə, tezliklə beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almağı bacaracaq. Hər halda bəzi beynəlxalq yarışlarda reytinq favoritlərinə qalib gəlməsi və artıq turnirlərə seçmə yox, əsas mərhələdən qatılması Edinin oyun planında nə qədər inkişaf etməsinin göstəricisidir. Üstəlik, nəzərə almaq lazımdır ki, Dviçayonun hazırda cəmi 20 yaşı var. Bu isə, o deməkdir ki, Edi ən azı qarşıdakı üç Olimpiadada iştirak edə bilər. Badmintonda Olimpiadaya lisenziya qazanmaq idmanın digər növləri ilə müqayisədə daha çətin olsa da, Dviçayonun reytinqdə sürətlə irəliləməsi bu barədə bizi ümidləndirir.
Hazırda reytinqdə 218-ci pillədə qərarlaşıb. Təsəvvür edin, 5 ay öncə Dviçayo reytinqdə 1860-cı sırada idi. Lakin intensiv olaraq təlim-məşqlərə göndərilməsi və martdan başlayaraq ardıcıl müxtəlif seriyalı turnirlərə qatılması badmintonçumuzun reytinqdə nəzərəçarpan sıçrayışına səbəb olub.
Ümumiyyətlə, badmintonda 38 idmançı Olimpiya Oyunlarında iştirak edə bilər. Yalnız ilk beşlikdə qərarlaşan badmintonçular eyni ölkəni təmsil edirlərsə, bir ölkədən iki idmançının iştirakına icazə verilir. Otuz idmançı reytinq xalları hesabına bu şərəfə layiq görülürsə, digər 4 vəsiqə adətən Afrika ölkələrinə verilir. Digər idmançılarımızdan Ezmi Qovimuramadhoni, Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Murad Bayramov və Zaur İsazadəni fərqləndirmək olar.

- Gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarının proqramına badminton da daxil edilib. Bu yarışda Ezmi Qovimuramadhoninin iştirak etmək şansları yüksəkdir. II Avropa Oyunlarında Azərbaycan badmintonçularının iştirakı üçün hansı tədbirlər görülür?

- Dviçayo kimi, Ezmi Qovimumaradhoniyə də ümidlərimiz böyükdür. Hələ ki, Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında neçə idmançı ilə və hansı kateqoriyalarda təmsil olunacağımız dəqiq deyil. Buna baxmayaraq, qeyd etdiyiniz kimi, Ezmi Qovimumaradhoninin bu yarışda iştirak etmək şansı yüksəkdir. Böyük ehtimalla ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında olduğu kimi, II Avropa Oyunlarında da badminton idman növündə təmsil olunacağıq. Nəzərə alsaq ki, badmintonda ən güclü ölkələrdən sayılan Çin, İndoneziya, Malayziya milli komandaları II Avropa Oyunlarında iştirak etməyəcək, o zaman yüksək yerlər uğrunda mübarizə aparmaq olar.

- Yaxın gələcəkdə ölkəmizdə badminton üzrə hansısa beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulurmu?

- Bəli, 2019-cu ilin mayında Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan və Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan turnir keçirməyi planlaşdırırıq. Artıq bu istiqamətdə işlər görülür.

- Azərbaycanın bölgələrində badmintonun inkişafı, kütləviliyinin artırılması istiqamətində hansı tədbirlər görülür?

- Təbii ki, paytaxt Bakı ilə yanaşı, bölgələrdə də badmintonun inkişafı bizim üçün prioritet məsələlərdən sayılır. Bu məqsədlə bölgələrdə yarışlar keçirilir. Regionlardakı məşqçilərə dəstək məqsədilə raketka və volan paylanılır. Elə müsahibənin əvvəlində qeyd etdiyim kimi, aşağı yaşlı badmintonçularımızın beynəlxalq turnirlərdə iştirakı zamanı bölgələri təmsil edən uşaqlara da yer verilir.
Bundan əlavə, planımızda bölgələrdəki məşqçilərin təcrübəsini artırmaq üçün əcnəbi mütəxəssisin iştirakı ilə davamlı seminarlar təşkil etmək də var. Həmyaşıdları arasında fərqlənən uşaqlara Bakıda və Gəncədə yerləşən xüsusi idman məktəblərində intensiv qaydada badmintonla məşğul olmaq üçün hər cür şəraiti yaratmağı düşünürük.

- Nəsimi müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik.

- Sağ olun. Minnətdaram.


Bu yazı

6919 dəfə oxunub

Tarix

2018-07-17 09:51:21

Yazını

Çap et

Yazını

Paylaş