“Əkinçi”dən başlayan şərəfli yol





"Qəzet və ya jurnal oxumaq insanı dünyadan 
xəbərdar edir, öz dilini öyrədir”.

Həsən bəy Zərdabi



22 iyul ölkəmizdə Milli Mətbuat Günüdür. 143 il bundan əvvəl Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan bu tarixi gün respublikamızda hər il böyük ehtiramla qeyd olunur.
"Əkinçi”nin beşiyi başında durmuş qeyrətli, vicdanlı vətəndaş, vətən və millət təəssübkeşi Həsən bəy Zərdabi xalqımızın milli dirçəlişi üçün o vaxta qədər heç kəsin etmədiyi və edə bilmədiyi bir iş gördü. Sonrakı illərdə "Əkinçi”nin başladığı işi davam və inkişaf etdirən, onun ənənələrini yaşadan çoxlu mətbuat orqanları meydana gəldi. Həmin mətbuat orqanları xalqın savadlanması, maariflənməsi, milli şüurun dirçəlməsi üçün çox böyük iş gördülər.
Arxada qalan müddətdə mətbuatımız böyük inkişaf yolu keçmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra söz azadlığına daha geniş yer verildi. Dövlətin diqqəti və qayğısı sayəsində bu sahədə bir sıra mühüm işlər görüldü. 1995-ci il iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqımızı təbrik etmişdi. Ümummilli lider Heydər Əliyev mətbuata xüsusi diqqət göstərməklə KİV-lərin müstəqilliyinə nail oldu.
"Əsası 120 il bundan öncə böyük alim, pedaqoq, jurnalist, ictimai xadim Həsən bəy Zərdabinin "Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımız Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazmış, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanılmasında misilsiz rol oynamışdır.
Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.
Özünün azad, müstəqil, demokratik dövlətini qurmuş Azərbaycan xalqı bu yolda olmazın məşəqqətlərlə üzləşmiş və üzləşməkdədir. Daxili və xarici düşmənlərin hördüyü hiylə torları, hətta dövlət çevrilişləri həddinə gəlib çıxmış məkrli niyyətlər xalqımızın və dövlətimizin iradəsini dönə-dönə sınağa çəkmişdir. Bu problemlərin həll edilməsində, baş verən hadisələrə obyektiv qiymət verilməsində mətbuat və söz azadlığı şəraitində fəaliyyət göstərən, demokratik dəyərlərlə bəhrələnən Azərbaycan jurnalistlərinin böyük xidməti vardır.
Jurnalistləri, nəşriyyat-poliqrafiya işçilərini, ümumiyyətlə, bu sahədə çalışanların hamısını Mili Mətbuat Günü münasibətilə təbrik edir, Vətənimizin daha işıqlı gələcəyi, sülh, azadlıq ideyalarının, demokratik prinsiplərin bərqərar edilməsi naminə uğurlar arzulayıram”.


"Əkinçi” xalqın
maarifçilik ideyasını inadla müdafiə edirdi

XIX yüzilliyin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatının ən mühüm hadisəsi Azərbaycan dilli dövri mətbuatın meydana gəlməsi idi. Qəzet nəşr etməyi qərara almış H.B.Zərdabi bu yolda böyük zəhmət sərf etmişdi. Qəzetin nəşrinin təşkilində Zərdabiyə o zamankı Bakı qubernatoru D.S.Staroselski (1832-1884) xeyli yardım göstərmişdi. "Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci iyulun 22-də işıq üzü gördü. Bu xəbər bütün Qafqazda geniş əks-səda doğurdu. Ayda iki dəfə 300-400 tirajla nəşr edilən "Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunurdu.
1875-1877-ci illərdə "Əkinçi”nin 56 nömrəsi çıxmışdı. İlk dövrlərdə bu qəzetin buraxılışı maliyyə cəhətdən zərər gətirirdi. Geniş kütlələrin "Əkinçi”yə marağını oyatmaq üçün H.B.Zərdabi qəzetin pulsuz yayılması vasitəsinə əl atdı. O, tədricən "Əkinçi”nin ətrafında ziyalılar və təhsil alan gənclərdən ibarət kifayət qədər böyük bir fəallar qrupunu birləşdirdi. S.Ə.Şirvani, H.B.Vəzirov, A.Adıgözəlov, Moskvada Petrovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almış Əsgər Ağa Gorani, Hacı Məmmədsadıq (Əbdülhəsən Nəvai), Mirzə Həsən Əlqədəri, Ələkbər Şeydəri, Məhbus Dərbəndi (Əli Mədəd) və başqaları qəzetlə fəal əməkdaşlıq edirdilər. M.F.Axundov da "Əkinçi”nin səhifələrində yazıları ilə çıxış edirdi. Cənubi Qafqaz və Dağıstanın bir sıra şəhərlərində, İranda qəzetin müxbirləri var idi. Qəzetin nəşrinin bütün müsəlman Şərqi üçün böyük əhəmiyyəti var idi. "Əkinçi” beynəlxalq əks-səda doğurmuşdu. Bu qəzet bütün Şərq dünyasında Avropa üslubunda nəşr olunmuş birinci mətbu orqanı idi. "Əkinçi” mütərəqqi maarifçi, demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə və avamlığa qarşı çıxırdı. Azərbaycan gerçəkliyinin bir çox zəruri problemlərini qabardırdı. Qəzet öz dövrünü keçirmiş sosial-iqtisadi qaydaları aradan qaldırmaq və azadlığa çıxmaq üçün məhz elm və maarifin ən mühüm vasitə rolu oynadığına əmin idi. "Əkinçi” xalqın maarifçilik ideyasını inadla müdafiə edirdi. O, təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və tərbiyə tətbiq edilməsinə tərəfdar çıxırdı. "Əkinçi” Azərbaycanda qadın təhsilinin, qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk qəzet idi. Qəzet ana dilinin saflığı uğrunda yorulmaz mübarizə aparırdı. Azərbaycan milli puplisistika dilinin yaradılmasında bu qəzetin böyük xidməti olmuşdur. "Əkinçi”nin demokratik ideyaları bəzi mürtəce qüvvələr - bəylər, ruhanilər və çar məmurları tərəfindən narahatlıqla qarşılanırdı. Nəticədə, 1877-ci ilin əvvəllərində qəzetin abunəçilərinin sayı azaldı. 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsinin başlanması ilə çar senzurası qəzetdə siyasi xarakterli məsələlərə toxunmağı qadağan etdikdən sonra "Əkinçi” üçün ağır vəziyyət yarandı. Hökumət 1877-ci ilin sentyabrında qəzetin nəşrinin dayandırılması barədə fərman verdi.
"Əkinçi”nin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində başqa bir qəzet - "Ziya” çıxmağa başladı. Qəzet həftədə bir dəfə litoqrafiya üsulu ilə çap olunurdu; həcmi 4-8 səhifə idi. Qəzetin 1880-ci ilə qədər 76 nömrəsi buraxılmışdı. 1880-ci il dekabrın 6-dan etibarən "Ziya” qəzeti "Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başladı. Özü də bu qəzet mətbəə üsulu ilə çap olunurdu. Onun nəşri 1884-cü il iyunun 1-dək davam etdi. Bu müddət ərzində qəzetin 104 nömrəsi çıxdı. "Ziya” ilə müqayisədə "Ziyayi-Qafqaziyyə” qəzeti daha geniş proqram üzrə nəşr olunurdu. Bu proqramda ictimai-siyasi problemlərə də geniş yer verilirdi. Lakin o, irəliyə doğru elə bir ciddi addım ata bilmədi. 1880-ci ildə Tiflisdə Seyid Ünsizadənin qardaşı Cəlal Ünsizadə tərəfindən "Kəşkül” adlı yeni qəzet nəşr olunmağa başladı. "Kəşkül” qəzetdən çox jurnala bənzəyirdi. Onun naşiri C.Ünsizadə təhsilli, Avropa və rus mədəniyyəti ilə tanış olan bir adam idi. "Kəşkül” öz ideya istiqamətinə görə "Əkinçi”yə daha yaxın idi. Qəzet siyasət, ticarət, sənaye, sənətkarlıq və mədəniyyət məsələlərinə toxunurdu. 1884-cü il yanvarın 1-dən "Kəşkül” həftəlik qəzetə çevrildi və 1891-ci ilədək nəşr edildi. "Kəşkül”də publisistik məqalələr, dil, ədəbiyyat, incəsənət, ictimai-siyasi məsələlər üzrə yazılar, orijinal ədəbi parçalar, Avropa, Şərq və rus ədəbiyyatından tərcümlər çap olunurdu.
S.Ə. Şirvani, F.Köçərli, M.Şahtaxtılı, A.Qayıbov və başqaları "Kəşkül” qəzeti ilə fəal surətdə əməkdaşlıq edirdilər. Qəzet Cənubi Qafqaz, Rusiya, Avropa və Asiya xalqlarının mədəni irsinin təbliğ edilməsinə böyük diqqət yetirir, öz oxucularını rus klassiklərinin əsərləri ilə tanış edirdi. "Kəşkül” klassiklərin təbliğində müəyyən rol oynayırdı. Xəyyam, Sədi, Hafiz və başqalarının irsinə böyük əhəmiyyət verirdi.
Tiflsdə çıxan "Vozrojdenye”, jurnalında, "Zakafqazskaya reç”, "Yejenedelnoye obozrenie” qəzetində CMəmmədquluzadə, Q.Qabulov-Şirvanski, Ə.Sultanov, N.Nərəmanov və H.Minsazov "Müsəlman şöbələri” adında xüsusi rubrika açaraq, orada öz məqalələrini dərc edirdilər. M.Ə.Şahtaxtınski "Moskovskie vedomosti” və "Novoye vremya” qəzetlərinin İstanbuldakı müxbiri vəzifəsində işləyirdi. Azərbaycanda mətbuat XIX əsrin sonunda ilk addımlarını atmasına baxmayaraq, 25 il ərzində sürətlə inkişaf etmişdi. Bu illərdə 10 yaxşı həm azərbaycandilli, həm də rusdilli mətbuat orqanları işıq üzü görmüş, Azərbaycan publisistikasında isə parlaq bir nəsil yaradıcı fəaliyyətə başlamışdı.
Bu gün də Azərbaycan Respublikası söz, fikir və məlumat azadlığının inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq edir, üzərinə götürdüyü öhdəliklərdən irəli gələn vəzifələri yerinə yetirir. Qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verən ictimai yayım xidmətlərinin yaradılması istiqamətində əməkdaşlıq davam etdirilir.


Mətbuat cəmiyyətin
ayrılmaz atributuna çevrilib

Demokratiyanın, azadlığın, insan hüquqlarının qorunması uğrunda daim mübarizə aparan, ictimai rəyin formalaşmasına fəal kömək edən mətbuat bütün proseslərin önündə gedir, cəmiyyətin inkişafına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuatımızla bağlı dediyi fikirlər yuxarıda qeyd olunanları təsdiqləyir: "XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini qazanmış ölkəmizdə milli dövlət ideyalarının və ənənələrinin möhkəmləndirilməsində, demokratik dəyərlərin bərqərar olunmasında beynəlxalq aləmdə Azərbaycanın rolunun və nüfuzunun güclənməsində mətbuatımızın xidmətləri xüsusi qeyd edilməlidir.
Milli Mətbuat Gününü qeyd edərkən Azərbaycanda vətəndaşların əsas hüquq və azadlıqlarının, o cümlədən söz, fikir və məlumat azadlığının təmin olunmasında ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Məhz Heydər Əliyevin siyasi iradəsi və məqsədyönlü fəaliyyəti nəticəsində mətbuatın sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradıldı. Bu sahədə jurnalist ictimaiyyətinin təşəbbüsləri dəstəkləndi. Mətbuatın maddi-texnki bazasının möhkəmləndirilməsi üçün vacib addımlar atıldı, jurnalist hüquqlarının etibarlı surətdə qorunması təmin edildi. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri sahəsində MDB məkanında və Şərqi Avropada ən demokratik, liberal qanunvericilik bazası mövcuddur, kütləvi informasiya vasitələrinin inkişaf etmiş şəbəkəsi fəaliyyət göstərir”.
İyulun 22-si Milli Mətbuatımız 143 yaşını qeyd etdi. Həmin gün təkcə jurnalistlərin peşə bayramı deyil, həm də azad, demokratik cəmiyyət quruculuğunda fəal iştirak edən soydaşlarımız üçün ən əziz gündür. Bu münasibətlə idman ictimaiyyəti adından bütün mətbuat işçilərini təbrik edir, azad sözün və azad fikrin keşiyində daim ayıq-sayıq dayanmağa səsləyir və onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.






Bu yazı

7596 dəfə oxunub

Tarix

2018-07-23 16:51:51

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook