AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASINDA MADDİ-TEXNİKİ BAZANIN YENIDƏN QURULMASI SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR



Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası qarşısında qoyulan böyük vəzifələrdən və təhsil islahatlarının dünya standartlarına uyğunlaşdırılması zərurətindən irəli gələrək hal-hazırda akademiyada yenidənqurma və təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq işlər aparılır.
23 dekabr 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınin rektoru təyin edilmişdir. Akademiyanın yeni rektorunun fəaliyyəti nəticəsində qısa müddətdə bu ali təhsil ocağının maddi-texniki bazası əhəmiyyətli dərəcədə dəyişilmiş, tədris yüksək səviyyədə təşkil olunmuş, tələbələrin dərsə davamiyyəti artmış, ən başlıcası isə rektorun Daxili İntizam Qaydalarının təsdiq edilməsi haqqında 11 fevral 2016-cı il tarixli əmrinə əsasən təlim-tərbiyə prosesinin səviyyəsi yüksəlmişdir.

Akademiyada maddi-texniki təchizat sahəsində ən müasir texnologiyalardan istifadəyə üstünlük verilir. Görülən hər bir işdə beynəlxalq standartlar prinsipi gözlənilmiş və bu standartlara cavab verən auditoriya və laboratoriyalar yaradılmışdır. Akademiyada foye, iclas salonu, otaqlar əsaslı təmir edilmişdir. Burada müasir idman kompleksi və şahmat otağı, idman müzeyi, yeməkxana, kitabxana kompleksi, yüksək informasiya texnologiyalarına əsaslanan tədris kabinəsi, kompyüterlə təchiz olunmuş auditoriyalar fəaliyyət göstərir.
Tələbələrimizi daha keyfiyyətli, beynəlxalq standartlara cavab verən təhsillə təmin etmək və eyni zamanda yerli və xarici əmək bazarına rəqabət qabiliyyətli mütəxəssislər hazırlamaq məqsədi ilə Akademiyada məqsədyönlü işlər aparılır. Tədris proqramlarının təkmilləşdirilməsi, tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, İKT-nin tətbiqi, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, bu sahədə yeni ixtisaslaşmanın və ona müvafiq kafedraların yaradılması həyata keçirilmişdir. Bütün sadalananlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin böyük dəstəyi ilə həyata keçirilir.

Geniş miqyaslı yenidənqurma işləri çərçivəsində inzibati binanın, professor-müəllim və tələbə heyətinin təhlükəsizliyini təmin etmək, əməkdaşların iş rejimi və tələbələrin dərsə davamiyyətini, həmçinin elektron kitabxanadan istifadəni tənzimləmək məqsədi ilə akademiyanın giriş və çıxışlarında elektron buraxılış sistemi tətbiq edilir.
Son illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra yeniliklərə imza atılmışdır. Belə ki, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Akademiyanın əməkdaşları Rusiya, Belarus, Türkiyə, Sloveniya, Bolqarıstan və Almaniyaya səfər etmiş, idman təhsili sahəsində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri ilə iş əlaqələri qurmuşlar. Geniş təhlil və müzakirələrdən sonra Akademiyada daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir.

Proqramın yeniliyini nəzərə alaraq, 17-23 may 2016-cı il tarixlərdə akademiyanın bütün tələbələri üçün ilk dəfə online sınaq test imtahanları keçirilmiş, proqramdan istifadə qaydaları izah edilmişdir. Bu proqram imtahanların online rejimində keçirilməsinə imkan yaradır və tədris prosesinin bütün tərəfləri - müəllim, tələbə və inzibati heyət arasında daimi əlaqənin olmasını təmin edir. Bunun nəticəsində tələbələrin biliklərinin həm semestr zamanı, həm də imtahan sessiyası zamanı qiymətləndirilməsində tam şəffaflığa nail olmaq mümkün olmuşdur. Şəffaflığın təmin edilməsi ilə yanaşı tələbələrin müvafiq dərsliklər və informasiya resursları ilə təmin olunması istiqamətində də işlər aparılmışdır. Belə ki, müasir standartlara cavab verən yeni metodik vəsaitlər hazırlanmış, müvafiq dərs vəsaitlərinin alınması və xarici dillərdən Azərbaycan dilinə tərcüməsinə başlanmışdır. Tədris prosesinin keyfiyyətini artırmaq məqsədilə rəqəmsal resurslardan istifadə üçün də geniş imkanlar yaradılmışdır: Amerikanın Follet Destiny Elektronlaşdırma Sistemi əsasında fəaliyyət göstərən tam funksional elektron kitabxana istifadəyə verilmiş, akademiyanın elmi potensialının artırılması üçün zəmin yaradılmışdır. 

Akademiyanın pedaqoji və elmi potensialının təcrübələrinin artırılması məqsədilə professor-müəllim heyəti Türkiyə, Almaniya, Rusiya, Belarus, Bolqarıstan, Böyük Britaniya və digər ölkələrin aparıcı idman universitetlərində ixtisasartırma kurslarına (idman psixologiyası, gimnastika, futbol, atletika və s.) ezam olunmuşdur. Bu günə kimi 5 nəfər ixtisasartırma kurslarını bitirmiş, 15 nəfərin namizədliyi xarici universitetlərə təqdim olunmuşdur. Tələbə və müəllim heyətinin beynəlxalq proqramlarda iştirakı üçün tədris prosesinin Boloniya tələblərinə uyğunlaşması və optimallaşması istiqamətində işlər aparılır, akademiyanın Erasmus + və Mevlana beynəlxalq mübadilə proqramlarına qoşulması üçün danışıqlar gedir.
Akademiyanın 12 800 m2 olan ümumi sahəsindən 8000 m2-dən çoxunda, inzibati və tədris hissələrini əhatə edən - 1-ci və 2-ci mərtəbələrdə əsaslı təmir və yenidənqurma işləri əsasən başa çatmışdır, müasir standartlara uyğun İKT sistemi (sürətli optik internet xətləri, elektron proqramların tətbiqi, virtual təhsil mühitinin yaradılması və s.) və kommunikasiyaların (istilik, havalandırma və soyutma sistemləri, su təminatı, elektrik sistemi,təhlükəsizlik sistemləri,yanğından mühafizə və s.) quraşdırılması işləri yekunlaşdırılmışdır.

Yaradılan elektron və rəqəmsal tədris materialları və metodiki resursların təhlükəsiz istifadəsi, həmçinin akademiyanın idarə olunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınmışdır. Tələbələrin biliyinin qiymətləndirilməsi prosesində şəffaflığın, müəllim və tələbə arasında əlaqələrin effektivliyini təmin etmək məqsədilə tədris prosesində beynəlxalq SCORM standartını dəstəkləyən "Online University” sistemi adaptasiya edilmişdir. Bu sistem əyani dərslər və imtahanlardan başqa, həmçinin distant təhsil funksiyasına malikdir, tələbələr üçün dünyanın aparıcı universitetlərinin kitabxana və elektron bazalarından istifadəni mümkün edir.
"İdman menecmenti”, "İdman jurnalistikası” və "İdman tibbi və reabilitasiyası” ixtisasları üzrə akademiyanın tədris proqramının hazırlanması üçün Köln Alman İdman Universiteti ilə birgə iş barədə ilkin razılıq əldə edilmişdir. Köln Alman İdman Universitetinin professor-müəllim heyətinin akademiyanın tədris prosesinə cəlb edilməsi üzrə növbəti addımların müzakirəsi üçün hələ 2-5 iyun 2016-cı il tarixlərdə akademiyada Alman İdman Universitetinin vitse-prezidenti, professor Kristofer Bruerlə bir neçə görüş keçirilmişdir. Professor Bruerin gənclər və idman naziri və təhsil naziri ilə görüşləri zamanı akademiyada daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir. Qeyd etdimiz kimi, tədris prosesinin keyfiyyətinin artırılması, akademiyanın tələbələri və pedaqoji heyətinin elmi potensialı və innovativ fəaliyyətinin stimullaşdırılması məqsədilə bədən tərbiyəsi və idman sahəsində həm yüksək keyfiyyətli təhsilə, həm də elmi tədqiqatların aparılmasına imkan yaradan müasir avadanlıqlarla təchiz olunmuş elmi-tədris laboratoriyası yaradılmışdır.

Akademiyanın binasında bütün kommunikasiyalar (istilik, ventilyasiya və soyutma sistemləri, su təminatı, kanalizasiya, elektrik sistemi, internet xətləri və s.) çəkilmiş, 33 adda 545 ədəd yeni mebel və 360 ədəd kompyuter GİN tərəfdən akademiyaya verilmiş, 650 ədəd tədris partaları və stulları, 50 ədəd kitab stellajı və 186 ədəd müvafiq mebel alınmışdır. Müvafiq auditoriyalarda 8 proyektor, o cümlədən prezentasiyaların təqdimatı və interaktiv tədris metodlarının tətbiqi üçün 18 TV-monitor qoyulmuşdur. Akademiya binasına əsas girişin və foyenin yeni dizaynı işlənmiş, fasad yeni mərmər ilə üzlənmişdir. Foyedə dünyada qabaqçıl texnologiyaları ilə tanınan "Barrisol” işıq və müvafiq səs sistemlərindən istifadə edilmişdir.
Akademiyanın foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə büst qoyulmuş, Milli Qəhrəmanların şərəfinə və idmançı şəhidlərin xatirəsinə müvafiq stendlər yaradılmışdır. Birinci mərtəbənin əsaslı təmirindən sonra burada ümummilli lider Heydər Əliyevin adına İnteraktiv Muzey, tam funksional müasir elektron kitabxana, sakitçilik və şəffaflıq tələblərinə uyğun yeni oxu zalları, müasir və gənclərin gözünü oxşayan Tələbə Mərkəzi, geniş və işıqlı görüş və təlim otaqları müəllim və tələbələrin istifadəsinə verilmişdir.

Eyni zamanda, tibb məntəqəsi təmir edilmiş və müvafiq avadanlıqla tam təmin olunmuşdur, həmçinin tirin (10, 25, 50 m) divarları təhlükəsizlik tələblərinə cavab verən ağac materialları ilə üzlənmişdir. Yenidənqurma işləri çərçivəsində akademiya tarixində ilk dəfə yanğın təhlükəsizliyi sistemi və bütün ərazidə videonəzarət tətbiq edilmişdir. Ümumi sahəsi 360 kv.m. olan bütün sanitar qovşaqlar, duş kabinaları və dəyişmə otaqları yenidən qurulmuş və akademiyanın ərazisində landşaft dizaynı və abadlaşdırma işləri başa çatmışdır.
Tədrisdə informasiya-kommunikasiya texnologiyaları və internetdən geniş istifadəni təmin etmək üçün 2016-cı ilin yanvar ayından akademiyada mövcud tədris bazasının əsaslı təmirinə başlanmışdır. Bu məqsədlə aşağıdakı işlər görülmüşdür:
- Müəllim və tələbələr üçün yüksəksürətli internetdən istifadə imkanını yaradan fiber-optik kabel çəkilmişdir;
- Yaradılan elektron və rəqəmsal tədris materialları və metodik resursların təhlükəsiz istifadəsi üçün, həmçinin akademiyanın idarə olunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınmışdır;
- Virtual təhsil mühitinin yaradılması üçün müxtəlif işlər aparılmışdır;
- Təhsildə və təhsilin idarə olunmasında məlumat mübadiləsinin sürətini və effektivliyini artırmaq məqsədilə Microsoft Azerbaijan ilə birgə akademiyanın müəllim, tələbə və inzibati işçiləri üçün rəsmi elektron ünvanlar yaradılmışdır.
Texniki təhizat, komendantlıq və mühafizə şöbəsi, akademiyanın fəaliyyəti üçün zəruri şəraitin yaradılması, inventar, dəftərxana ləvazimatları, texnika, rabitə, nəqliyyat, kommunal və digər sahələrdə təminat istiqamətində tədbirlərin görülməsi də diqqət mərkəzindədir. Dövlət satınalmalarının həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müsabiqələr keçirilir, müqavilələr bağlayır və onların yerinə yetirilməsinə nəzarət olunur. Rektorun akademiyada texniki təhizat, komendantlıq və mühafizə şöbəsinə diqqət və qayğının nəticəsidir ki, bu yaxınlarda ölkədə enerji sistemində yaranmış problem zamanı İdman Akademiyasında fasiləsiz olaraq, enerji təminatı olmuşdur. Buna səbəb akademiyada təmir və yenidənqurma işləri zamanı ehtiyat generatorunun quraşdırılması idi. Burada mövcud qazanxana yenidən qurulmuş və müvafiq avadanlıqlar quraşdırılmış, akt və gimnastika zallarına yeni istilik sistemləri çəkilmiş, yeni mini ATS və elektrik qovşağı qoyulmuşdur.
ADBTİA-da texniki təhizat, komendantlıq və mühafizə şöbəsi yenidən yaradılmışdır və bu sahələrin qarşısında genişmiqyaslı vəzifələr durur. Akademiyanın tədris və köməkçi binalarının mühafizəsi, tədris ləvazimatları və inventarlarla, elektrik avadanlıqları, kompyuterlərlə, rabitə sistemi ilə təmin etmək, nəqliyyat təsərrüfatını idarə etmək, digər işlər və xidmətlər bu şöbənin üzərinə düşən vəzifələrdəndir və onlar abadlıq, yenidənqurma və təsərrüfat işlərinin müasir tələblərə uyğun aparılması istiqamətində səylə çalışırlar.










Bu yazı

5533 dəfə oxunub

Tarix

2018-07-25 14:17:19

Yazını

Çap et

Yazını

Paylaş