TARİXDƏ NƏTİCƏ QALIR



Üçüncü yazı

Rəqabət komandanı uğurlara aparır

Dünya çempionatında proqnoz vermək çox çətindir. Ancaq bununla belə Belçikanı favoritlər sırasına daxil edənlər yanılmadılar. Bu çempionata qədər Belçikanın ən yüksək nailiyyəti 1986-cı il dünya çempionatında dördüncü yer olmuşdur.
Təvazökar məşqçi təsiri bağışlayan Roberto Martines hələ çempionata qədər müsahibələrində çox da iddialı danışmırdı. Sadəcə bildirirdi ki, ciddi hədəflərə nail olmaq fikrindədirlər. Ənənəsinə sadiq qalaraq son açıqlamalarında da ehtiyatla danışırdı. Amma mütəxəssislər bilirdilər ki, Belçikanın güclü heyəti vardır və bu komandadan istənilən sürprizi gözləmək olar.
Belçika yığmasının adı çəkiləndə, görün, azarkeşlərin gözünün qabağına kimlər gəlirdi: Kurtua, Kompani, Vermalen, Vertonqen, Vitsel, Karrasko, Şadli, Kevin de Bryune, Musa Dembele, Fellayini, Januzay, Azar, Lukaku, Mertens, Batşuayi...

Mundialda mütəxəssislərin əksəriyyəti bu fikirdə idilər ki, Belçikanın güclü heyəti yox, qızıl heyəti vardır. Həqiqətən bu yığmada yetərincə səviyyəli futbolçular olduğundan oyunçular və məşqçi burada real rəqabətlə qarşılaşmışdı.
Məlumdur ki, rəqabət komandanı uğurlara aparır. Məsələn, hələ çempionatdan əvvəl Belçikada, Fransada, Xorvatiyada, İngiltərədə, Braziliyada qapıçıdan hücumçuya qədər bütün mövqelərdə rəqabət müşahidə edilirdi. Uzaqgörən, iddialı, peşəkar məşqçi nəyin bahasına olursa-olsun bu rəqabəti yaratmalıdır.
Martines islahatçı məşqçi olduğunu sübut etdi. Ötən illərlə müqayisədə komandada müsbət dəyişikliklər, xüsusən oyuncuların fiziki və texniki hazırlıqlarının ən yüksək səviyyəyə çatması açıq şəkildə hiss olunurdu.
Belçika-Braziliya oyunu çempionatın ən yaxşı oyunlarından biri sayıldı. Təsadüfi deyil ki, Tite bu oyunu çox maraqlı bir teatra bənzətmişdi.
Bu qarşılaşmada Belçika komandasının bütün üzvlərinin əla oynaması ilə yanaşı, bəxt də onların üzünə güldü. Hər bir halda onlar 2-1 hesabı ilə layiqli qələbə qazandılar. Yaxşı oyun sərgiləmək, hansısa komponentlərdə rəqibdən üstün olmaq, habelə, bəxtin gətirib-gətirməməsi, ümumiyyətlə, nisbi anlayışdır. Tarixdə nəticə qalır.
Yarımfinalda Belçika güclü Fransa komandası ilə üz-üzə gəldi. Mən deyərdim ki, bütün parametr göstəriciləri hər iki komandada bərabər idi. Şansları da əllinin əlliyə kimi qiymətləndirmək olardı. Umtitinin vurduğu yeganə qolla fransızlar qalib gəldilər. Düşünürəm ki, bu oyunda ədalət prinsipləri pozulmadı. Fransa bu cütlüyün qalibi olmağa layiq idi.

Yenə də hər bir halda Belçikanın bu mundialdakı bütövlükdə çıxışını və üçüncü yerə sahib olmasını böyük uğur kimi qiymətləndirmək lazımdır. Eden Azar bu çümpionatda rəqib komandanın müdafiəçilərinə çətin anlar yaşatdı (Mbappe də həmçinin). Və haqlı olaraq da çempionatın ən yaxşı oyunçularından biri kimi tanındı. Bu mundialda Azar demək olar ki, hər şeyi ustalıqla bacardı: oyunlara diktə edirdi, hücumlarda təhlükəli idi, texnikasının yüksək səviyyədə olması nəzərə çarpırdı, keçidləri, driblinqləri heyranedici idi, hətta yeri gələndə gözəl tərzdə vaxtı udmağa da nail olurdu. İlk baxışda görkəmi ağır görünən Lukaku meydanda çox cəld, sürətli təsir bağışlayırdı. Ona görə də bu futbolçunu "maşına” bənzədirdilər: çəkisi ağırdır, amma bərk gedir!.. Kurtua, Kompani, Vitsel, Kevin de Bryune, Fellayini isə hər oyunda tərifə layiq idilər. Digər oyuncular barədə də ancaq xoş sözlər söyləmək olar.
Ələ düşən fürsətlərdən yaralanmaq həmişə uğur gətirir. Fürsət də ki, tez-tez ələ düşmür. Belçika həm də ələ düşən fürsətlərdən əla yararlanmağı bacaran bir komanda kimi yadda qaldı.



28 ildən sonra yarımfinala çıxan komanda

İngiltərə yığması da yaxşı oyunculardan təşkil edilmişdi. Özü də furbolçuların demək olar ki, hamısı İngiltərədə nəhəng klubların heyətində oynayanlardan ibarət idi. Gəlin, komandanın tərkibinə nəzər yetirək: Kayl Uolker, Eşli Yanq, Erik Dayer, Fabian Delf, Cordan Henderson, Dele Alli, Linqard, Vardi, Sterlinq, Uelbek, Raşford, Harri Keyn. Yerigəlmişkən, mən Uolkeri dünyanın ən yaxşı müdafiəçilərinin siyahısında görürəm (Ramos, Pike, Umtiti, Varan, Alba, Qodin, Marselo, Kyelini, Tiaqo Silva, Otamendi də bu siyahıdadırlar).
Kolumbiya ilə oyunda əsas və əlavə vaxt 1-1 hesabı ilə başa çatanda ingilis azarkeşləri təşviş içində idi. Ona görə ki, dünya çempionatlarında bu oyuna qədər İngiltərə üç dəfə penaltilərdə uduzub mərhələ keçə bilməmişdi. Yəni, penaltilərdə bəxti gətirməyən komanda kimi yaddaşlarda qalmışdı. Bu dəfə isə tale ingilislərin üzünə güldü və onlar penaltilərdə qalib gəlib növbəti mərhələyə çıxdılar (4-3). İngiltərə ¼ final mərhələsində çempionatda ən yaxşı oyununu keçirərək İsveçi 2-0 hesabı ilə məğlub etməklə 28 ildən sonra yarımfinala çıxdı. Axırıncı dəfə ingilislər 1990-cl ilin dünya çempionatında bu uğura nail olmuşdular.
İngiltərə Xorvatiya ilə yarımfinal oyununa çox yaxşı başladı. Hesabı açdıqdan sonra da oyun ingilislərin üstünlüyü ilə davam edirdi. Amma 36-cı dəqiqədə Linqard qol şansını qaçırdı. Üç dəqiqə sonra Keyn bir epizodda iki dəfə yaranmış əlverişli qol imkanından istifadı edə bilmədi. Hərçənd ki, burada mübahisəli oyundankənar vəziyyəti də görüntüyə gəldi. Hər bir halda əgər qol vurulsaydı, çox güman ki, VAR qrupunun köməyinə müraciət olunacaqdı. Beləliklə, birinci hissəni ingilislərin ayağına yazmaq olardı. İkinci hissənin də ilk 15 dəqiqəsinə qədər İngiltərə oyuna diktə edirdi.

Lakin bundan sonra tədricən təşəbbüsü ələ olan Xorvatiya daha inamlı görünmyə başladı. İngiltərə orta sahədə hökmranlığı rəqibə verməli oldu. Bunun nəticəsi olaraq 68-ci dəqiqədə Periçiç hesabı bərabərləşdirdi. Qoldan ruhlanan xorvatlar böyük qüvvə ilə irəli atıldılar. Artıq psixoloji üstünlük Xorvatiyanın tərəfində idi.Əsas vaxtın yerdə qalan hissəsində və əlavə vaxtda xorvatlar ikiqat güc sərf etməyi bacardılar. Xorvat futbolçuları sanki, necə deyərlər, bir nəfərin deyil, iki nəfərin yerinə qaçmağa başladılar. Duruxub qalan ingilislər oyunun penaltilərə getdiyini düşündükləri bir zamanda Manzukiç gözlənilmədən qələbə topunu vurdu. İngilislərin yorulması da təsirini göstərdi. Əvəzetmələr bitdiyindən Manzukiç son dəqiqələri zədəli oynayırdı. Modriçin isə nəhayət gücü tükənməsinə baxmayaraq, var qüvvəsini toplayıb yenə də mübarizələrdə üstün olurdu.


Boks qarşılaşması və yaxud başgicəlləndirici futbol

Beləliklə, Xorvatiya çempionatda keçirdikləri beş oyunda yaxşı təsir bağışlayan güclü İngiltərə komandasına "badalaq” vura bildi. Əslində bu görüşdə də ingilislərin oyunu tərifə layiq idi. Amma nə edəsən ki, Xorvatiya başgicəlləndirici futbol sərgilədi. Yeri gəlmişkən, elə burada sözügedən oyunu peşəkarlar arasında keçirilən çoxraundlu boks qarşılaşmasına bənzətmək istəyirəm. Son raundları yüksək əzmkarlıq, fiziki hazırlıq hesabına daha güclü keçirən və qəflətən ardıcıl olaraq irəli atılan boksçu əvvəlki raundları əldən verməsinə baxmayaraq, nəticədə nokdaun və yaxud nokautla qalib gəlir (Məsələn, əfsanəvi Co Frezer əksər görüşlərini belə sonluqla bitirirdi).
Dünya çempionatlarında üçüncü yer uğrunda oyunlar bir qayda olaraq adətən yoldaşlıq görüşünə bənzəməklə cansıxıcı görünür. Bu dəfə də belə oldu. Gərgin, dramatik yarımfinal qarşılaşmasından sonra İngiltərə sönük təsir bağışladı. Bu görüşdə Keyn də lazımi səviyyədə oynaya bilmədi. Digər oyunçular da qətiyyətli, mübariz təsir bağışlamadılar. Beləliklə, İngiltərə bu oyunda da "axsadı”. Belçikanın qələbəsini azarkeşlər, mütəxəssislər, təbii, normal qəbul etdilər. Bu ölkə tarixində ilk dəfə olaraq üçüncü yeri tutdu.
Ümumiyyətlə, bu çempionatda ən çox qol şanslarından istifadə edə bilməyən komanda İngiltərə oldu (qol imkanlarını ispanlar və braziliyalılar da qaçırdılar).
Bununla belə hər bir halda dördüncü yer İngiltərə üçün böyük uğur sayılmalıdır. Qaret Sautqeytin baş məşqçisi olduği gənc İngiltərə millisi haqqında yalnız xoş sözlər söyləmək olar. Hətta İngiltərə yığması vaxtı ilə Lempard, Terri, Ferdinand, Runi və digər ulduz futbolçularla da belə nəticəyə nail ola bilməyib.


"Qol buraxan yox, qol vuran qalib gəlir”

Futbolsevərlərə bəllidir ki, Fransa yığma komandasının heyətində son illər dünyaca məşhur futbolçular forma geyinirlər. Bu dünya çempionatında da komandada çox güclü oyunçular cəmləşmişdi. Heyətə nəzər yetirəndə bir daha buna əmin olursan: Loris, Pavar, Varan, Umtiti, Poqba, Kante, Tolisso, Matuldi, Nzousi, Mbappe, Jiru, Qrizman, Dembele və başqaları. Hətta, Ben-Jedder, Koman, Luka Din, Rabio, Sissoko, Lyakarett, Marsial kimi ulduz futbolçular heyətdən kənarda qalmışdı. Daxil olduğu qrup fransızlar üçün heç bir narahatçılıq doğurmurdu və gözlənildiyi kimi, onlar asanlıqla növbəti mərhələyə keçdilər. Növbəti mərhələlərdə Fransa artıq əsil gücünü göstərməli oldu. Etiraf etmək lazımdır ki, komandalar Fransanın nüfuzlu futbolçularından çəkinirdilər. Və həqiqətən də bu komandanın oyun keyfiyyəti daha yüksək idi.
Fransada bütün heyət fəallığı ilə seçilirdi. Qrizman həmişə olduğu kimi müafiəçilərə böyük problemlər yaşadırdı. Mbappe isə öz enerjisi, sürəti və istedadlı futbolçu ağlı ilə oyunları öz üzərinə götürməyi bacardı. Final görüşü də daxil olmaqla keçirdikləri yeddi oyuna baxmayaraq, fransızlarda cüzi yorğunluq belə hiss olunmadı. Nəhayət, gəlib çatdıq final qarşılaşmasına. Oyunun havasının "ağır” olacağı gözlənilirdi. Hətta görüşün əlavə vaxta keçəcəyini, penaltilərə qədər davam edəcəyini deyənlər də çox idi. Mən isə düşünürdüm ki, matçın taleyi elə əsas vaxtda həll olunacaq. Şansları da təxminən bərabər dəyərləndirirdim. Amma final oyununda altı qol vurulacağını böyük əksəriyyət kimi ağlıma gətirmirdim.

Ümumiyyətlə, final qarşılaşmaları həmişə azarkeşlərdə, tamaşaçılarda bayram ovqatı yaradır. Bu dəfə də final bizə möhtəşəm axşam yaşatdı. Həmişə müdafiəçilərin köməyinə gələn Manzukiç gözlənilmədən avtoqola imza atsa da, Periçiç hesabı bərabərləşdirəndə hələ oyunun sonrakı gedişinə qabaqcadan proqnoz vermək çətin idi. Belə ki, 38-ci dəqiqədə mübahisəli penalti epizodu yarandığından VAR sisteminin köməyindən istifadə olundu. Oyunun videoassisent qrupunun rəhbəri İrrati epizodu təsdiqləyəndən sonra hakim Nestor Pitana 11 metrlik cərimə zərbəsi təyin etdi. Qrizman həmişə olduğu kimi, penaltini soyuqqanlı tərzdə və ustalıqla yerinə yetirdi (yeri gəlmişkən, çempionatda dörd qoldan üçünü penalti ilə vurdu). Bu penalti epizodu olmasaydı, bəlkə də hələ oyunun taleyini bilmək olmazdı. Ona görə də ikinci hissə başlayan kimi xorvatlar irəli atıldılar. Ümumiyyətlə, müdafiə olunmağı sevməyən Xorvatiya komadasının arxa xəttində təbii ki, hərdən boşluqlar yaranmağa başladı. Belə boşluqların ikisindən fransızlar dərhal istifadə etdilər. Xorvatların sürətli Mbappeni dayandırmaqda çətinlik çəkmələri hiss olunurdu. Üçüncü qolun vurulması şəraitini məhz o, yaratdı. Dördüncü qolu isə özü vuraraq qələbə nöqtəsini qoydu. Təəssüf ki, final qarşılaşmasında qapıçı Subaçiç əvvəlki oyunlardan fərqli olaraq inamsız çıxışı ilə yadda qaldı. Bu cür qol üstünlüyündən sonra Xorvatiya nə qədər cəhd etsə də, oyunda dönüş yarada bilmədi. Əslində Fransa kimi komanda ilə buna nail olmaq heç mümkün də deyildi. Amma yenə də xorvatların hər hücumu təhlükəli olurdu. Böyük təzyiq yaratmaqla hücuma keçən xorvatlar daha bir qol vura bildilər. Belə hücumlar zamanı ən etibarlı müdafiə xəttinə malik olan fransızlar da özlərini itirirdilər.Hətta Poqba, Mbappe də daim müdafiəçilərin köməyinə gəlirdi. Xorvatiyanın bütün heyəti, xüsusən Lovren, Modriç, Rakitiç, Rebiç, Vida, Periçiç, Manzukiç sanki cəngavər kimi döyüşürdülər.

Bəli, Xorvatiya zirvəyə çox yaxınlaşmışdı. Amma çempionluğa bir addım qalmış dayandı. Hər bir halda futbolsevərlər, tamaşaçılar Xorvatiya komandasının oyunundan məmnun qaldılar. Çünki ürəyə yatan, bəyənilən final izlədik.
Oyun bitdikdən sonra hər iki komandanın baş məşqçisinin fikirləri diqqət çəkdi. Didye Deşam: "Fransa finalda əla oyun göstərməsə də, psixoloji cəhətdən rəqibi üstələdik, şanslarımızdan istifadə etdik, ikinci hissədə daha yaxşı oynayıb nəticə qazandıq.”
Zlatko Daliç: "Məyus olmaq lazım deyildir. Futbolda uduzmaq da mümkündür. Penaltiyə gəlincə isə demək istəyirəm ki, final oyunlarında belə epizodlarda penalti təyin etmirlər. Fransanın qələbəsinə kölgə salmaq fikrim yoxdur. Yaxşı oynasaq da, yekunda məğlub olduq. Ancaq Xorvatiya komandası vətənə başı uca qayıda bilər”.
Futbolçulardan isə Deyan Lovrenin dedikləri maraq kəsb edə bilər: "Oyunu şərh etsək, hər sahədə bizim üstünlüyümüz var idi. Fransanın müdafiə xətti daha etibarlı idi. Onlar sadəcə öz şanslarını gözlədilər və yararlandılar. Biz daha yaxşı oynadıq, amma uduzduq. Çünki qol buraxan yox, qol vuran qalib gəlir”.

(ardı var)


















Bu yazı

15351 dəfə oxunub

Tarix

2018-08-02 13:39:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook