Dilqəm Quliyev: “Mənə həyat eşqi verən və yorulmağa qoymayan yaradıcılığımdır”




Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Dilqəm Quliyevi idman ictmaiyyəti yaxşı tanıyır. O, yüksək insani keyfiyyətlərə, sağlam düşüncəyə malik olan bir pedaqoqdur. Onun tələbələri bu gün cəmiyyətin müxtəlif sahələrində özünəməxsus mövqeyə malikdir. "Olimpiya dünyası” qəzeti hər zaman bu cür insanları diqqət mərkəzində saxlayır, təcrübəli mütəxəssislərə böyük hörmətlə yanaşır. Dilqəm müəllimin yazılarına qəzetimizdə tez-tez rast gəlmək olar. Avqust ayının 6-da Dilqəm müəllimin 68 yaşı tamam olur. Elə bu məqsədlə Dilqəm Quliyevlə redaksiyamızda görüşüb, onunla söhbət etdik.

- Dilqəm müəllim, Siz ömrün müdriklik çağını yaşayırsınız. Şübhəsiz ki, bu illər ərzinə həyatınızda yadda qalan hadisələr az olmayıb.
- Bəli, sizinlə razılaşıram. Geridə qalan bu illər ərzində mənim yaşamaq, həyatdan zövq almaq üçün kifayət qədər səbəblərim olub. Acılı-şirinli günlər məni sınağa çəkib. Lakin heç vaxt ruhdan düşməmişəm. Uğurlarım məni qane etməyib, səhvlərimlə hesablaşmışam. Ən yadda qalan illər isə 1989-1991-ci illərə təsadüf edir. Qarabağ hadisələri mənim həyatımdan da yan keçməyib.
O dövrə aid xatirələrim, yetərincədir. Çətin və unudulmaz günlər idi. Bu barədə saatlarla danışmaq olar. Həmin anları gözümün önünə gətirib, bir neçə dəfə özüm-özümə məktub yazmışdım. Həmin məktubda həyatımda iz qoyan bütün məqamları xatırlayıram. Yadımdadır bir dəfə fəlsəfə dərsindəTahir müəllim məktublarımdan birini görmüşdü. Demişdi ki, sən Markssan, özünə məktub yazırsan? Mən isə susmuşdum.

- Yeri gəlmişkən, öz-özünə məktub yazmaq necə hissdir?
- Bunu sözlə ifadə etmək mümkün deyil. Maraqlı hisslərdir. Sanki yenidən həyata gəlirsən. Hər şeyə əvvəldən başlayırsan. Səhvlərindən nəticə çıxarırsan. Özün-özünə qarşı tələbkar olursan. Iradlarınla razılaşırsan. Çalışırsan ki, bir daha o səhvlərə yol verməyəsən. Bu təbii ki, məktubda belədir. Həyat isə başqadır. Onun öz qanunları, öz tələbləri var.

- Həmin məktubda yəqin ki, Qarabağ haqqında sətirlərə də rast gəlmək olar.
- Əlbəttə, Qarabağ haqqında olan xatirələrimdən neçə-neçə kitab yazmaq olar. Döyüş bölgəsində yaşadığım anlar hələ də ğözlərimin önündədir. Bir vətənpərvər ziyalı kimi dəfələrlə şəhid valideyinləri ilə görüşlər keçirmişəm. Qeyd edim ki, uzun müddət (1988-1994) Akademiyada yaradılmış Qarabağ Müharibə Fondunun sədri olmuşam. Rəhbərliyim altında Akademiyanın tələbələri Kəlbəcərdəki yerli tabora 37 min manatlıq yardım etmişdilər. Milli qəhrəmanlarla görüşlərin təşkilində, hərbi hissələrdə, fotosərgi, albomların hazırlanmasında və başqa tədbirlərin keçirilməsində yaxından köməklik göstərmişəm.

- Dilqəm müəllim, Sizin yazı üslubunuz bizə bəllidir. Kəskin qələminiz, iti zəkanız var. Bu Sizin yaradıcılığınızda da öz əksini tapıb. Söhbət məqalə və kitablarınızdan gedir.
- Bu günə qədər xeyli sayda kitabların, tədqiqat əsərlərinin müəllifiyəm. Təxminən dövrü nəşriyyatda 400-dən artıq əsərim, 100-dən çox kitabım və 40-a yaxın monoqrafiyam çap olunub. Buna baxmayaraq hesab edirəm ki, mən hələ heç nə etməmişəm, necə deyərlər, həmişə özümdən narazıyam. İlk məqaləm 1989-cu ildə "Azərbaycan müəllimi” qəzetində "Üfüqdə parıltı”adı altında işıq üzü görüb.

- Daha çox hansı mövzuda yazmağa üstünlük verirsiniz?
- Təbii ki, bədən tərbiyəsi və idman xüsusilə, idman tarixi mövzusunda yazıram. Artıq 10 ildir ki, ardıcıl olaraq ölkədə bu mövzuda "Ən yaxşı yazan müəllif” elan olunmuşam. Məqalələrimin bir hissəsi də hərbi-vətənpərvərlik mövzusundadır.

- Bir yazıya başlamazdan əvvəl hansı ideyaları əsas götürürsünüz?
- Azərbaycan Respublikasının Mərkəzi Ensiklopediyasında bədən tərbiyəsi və idman sahəsinin müəllifi kimi daha çox ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına dair yazılar yazıram. Ümumiyyətlə, deyə bilərəm ki, ideya seçdiyim mövzu əsasında formalaşır.

- Siz həm idman mütəxəssisi, həm də təcrübəli idman yazarısınız. Fikrinizcə, idmançı olmaq daha asandır, yoxsa müəllif?
- Əslində heç biri asan deyil. Amma düşünürəm ki, müəllif olmaq və bu adı qoruyub saxlamaq daha çətindir. Yazdığın yazının altından qoyduğun imzaya hörmət etməlisən. Çünki sənin yazdıqların bütün cəmiyyət üçün nəzərdə tutulub.

- Təhsil və elm bir-birləri ilə vəhdətdə inkişaf etməlidir. Sizin bu məsələyə münasibətiniz necədir?
- Təhsil elmin bazası olduğu kimi, elm də təhsilin hərəkətverici qüvvəsidir. Elmlə təhsili bir-birindən ayırmaq mümkün deyil. Elm və təhsilin bağlılığının səbəbi hər ikisində bilik, məzmun və praktik bacarığın formalaşdırılmasındadır. Təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Hazirda 40 ildən artıq çalışdığım ali təhsil ocağını buna misal çəkə bilərəm. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ixtisasından və xüsusiyyətlərindən asılı olaraq vahid tədris planlarının hazırlanması sahəsində də xeyli işlər görülmüşdür.

- Bəs, sizcə, idman və təhsilin paralel inkişafı mümkündürmü?
- Bu, uzun illərdir ki, ən problemli məsələlərdən biridir. Mənim də çalışdığım Azərbaycan Dövlət və Bədən Tərbiyəsi Akademiyasında indiyə kimi 200-ə yaxın olimpiya, dünya və Avropa çempionları, mükafatçıları yetişib. Onlar dərslərə cədvəl üzrə gəlirdilər. Məsələn, məzunlarımızdan biri olan dünya çempionu Xəzər İsayev hər dərsdə iştirak edirdi.

- İdmançıların vətənpərvərlik ruhunda böyüməsi çox vacibdir. Vətənpərvərlik sonradan yaranır, yoxsa əvvəldən olur?
- Vətənpərvərliyin sonradan yaranması mümkün deyil. Bu, hələ körpə yaşlarından uşağa aşılanmalıdır. Əks halda, sonra gec olur. Biz sosial mövqeyimizdən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşıyıq.

- İndiyə kimi ən yaddaqalan ad gününüz hansı olub?
- Düzü, mən heç vaxt ad günü qeyd etmirəm. Amma bu dəfəki doğum günüm digərlərinə nisbətən fərqləndi. 68 yaşımı redaksiyanızın kollektivi ilə qeyd etdik. Buna görə onların hər birinə minnətdaram.

- İstirahətinizi necə planlaşdırırsınız?
- Yaradıcı insanlar istirahəti işdə tapır. 48 illik fəaliyyətim ərzində vaxtımı səmərəli keçirməyə çalışmışam. Görüləsi işlər çoxdur. Həyatın hər məqamından istifadə etmək lazımdır. Bunun öhdəsindən gəliriksə, özü də bir istirahətdir.

- Demək istəyirsiniz ki, Sizi yalnız yazı masası önündə görmək olar?
- Xeyir, bu belə deyil. Fürsət düşəndə mən təbiət qoynunda da oluram. Ondan ilham alıram. Ovçuluqla məşğul oluram. Boş vaxtlarımda balıq tuturam. Ova gedirəm. Təbiətin gözəlliyinə məftunam. Qeyd edim ki, ilin bütün fəsillərində təbiətin qoynunda dincəlməyi və ov etməyi hər şeydən üstün tuturam. Belə anlarda mənəvi cəhətdən sakitlik tapıram. Onu da qeyd edim ki, ova gedirəmsə, əliboş qayıtmıram (gülür). Musiqidən daha çox zövq alıram. Saz havalarını sevirəm. İş otağımda iki sazım var. Biri milli, digəri türk sazıdır. Hər iki sazda aşıq havalarını ifa edirəm.

- Dilqəm müəllim, bilirik ki, arzular sonsuzdur. Bəs Sizin ən böyük arzunuz nədir?
- Ən böyük arzuma, demək olar ki, elm sahəsində çatmışam. Amma bu barədə hələ ki, açıqlama vermək istəmirəm. Növbəti ayda məlumat verəcəyəm. Gəlin, bir az səbr edək.

Kənan Novruzov







Bu yazı

32986 dəfə oxunub

Tarix

2018-08-07 12:58:54

Yazını

Çap et

Yazını

Paylaş