Balaxanı İdman Mərkəzində uşaqların fiziki sağlamlığı diqqət mərkəzində saxlanılır



Ölkəmizdə uşaq və gənclərin fiziki sağlamlığına xüsusi diqqət göstərilir. Çünki fiziki sağlamlıq mənəviyyatın da inkişafına öz müsbət təsirini göstərir. Fiziki sağlamlığın əsasını təşkil edən amillərindən biri, bəlkə də birincisi idmandır. İdmanla məşğul olan uşaq və gənclər dözümlü, iradəli, fiziki cəhətdən güclü olur. Azərbaycan dövləti gənc nəslin bu cür keyfiyyətlərə malik olmasında maraqlıdır. Ölkəmizdə uşaq və gənclərə yaradılan şərait, inşa edilən müasir idman qurğuları məhz gənclərimizin sağlamlığına xidmət edir. Hazırda paytaxtla yanaşı, bölgələrdə fəaliyyət göstərən idman ocaqları da ən müasir idman avadanlıqları ilə təchiz edilib.
İdman həm də insanlara mənəvi qüvvə, nikbinlik, həyat eşqi bəxş edən böyük əyləncə mənbəyi sayılır. Bu baxımdan, hələ çox kiçik yaşlardan idmanla məşğul olmaq insanın sağlam həyat tərzinin formalaşmasında əhəmiyyətli rol oynayır. Xüsusilə yeniyetmələr və gənclərin bədən tərbiyəsi, mənəvi və estetik tərbiyəsinin düzgün formalaşması onların əxlaqına, davranışına müsbət təsir edir. İdmanla məşğul olmaq gənclərin həyat yolunu arzuolunmaz istiqamətlərə deyil, sağlam həyat tərzinə, mədəniyyətə, incəsənətə yönəldir, intellektual səviyyəsinin formalaşmasına yardımçı olur. Bu həm də insan orqanizminin normal fiziki inkişafına güclü təsir edir. İdman genefondumuzun sağlamlığı üçün də əsas vasitələrdən biri hesab olunur. 1993-cü ildən başlayaraq ölkədə bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı daimi xarakter aldı. Çünki Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyırdı. İdmanın ictimai həyatın mühüm hissəsi olması dövlət səviyyəsində diqqət yetirilən bir məsələdir. Bu baxımdan, tikilən idman kompleksləri, idman infrastrukturunun yenilənməsi və sağlam həyat tərzinin formalaşması üçün nəzərdə tutulub.
Ümummilli lider Heydər Əliyev ölkədə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. Azərbaycanın idman sahəsində uğurlu beynəlxalq əməkdaşlığı, Olimpiya Hərəkatının əsasının qoyulması da idmanın vətəndaşlarımızın həyat tərzinin ayrılmaz bir hissəsinə, uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən düzgün formalaşmasına yönələn addımlar sırasında qeyd edilməlidir.


Uşaq və gənclərin asudə vaxtının
səmərəli
təşkili əsas şərtidi

Hazırda ölkə əhalisinin əsas aparıcı qüvvəsi olan gənclərin sağlam həyat tərzinin formalaşması və inkişafında idmanın rolunun həlledici olması üçün xüsusi dövlət siyasəti həyata keçirilir. Bu baxımdan, "Gənclər siyasəti haqqında” qanunda sözügedən məsələ ilə bağlı xüsusi müddəalar əksini tapıb. Məsələn, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin aradan qaldırılması sahəsində tədbirlər həyata keçirilir. İstedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün geniş şərait yaradılır. Uşaq və yeniyetmələrin, eləcə də gənclərin fiziki və mənəvi sağlamlığının qorunması sahəsində tədbirlər görülür. Ölkəmizdə kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi və sair bu kimi müddəalar bu gün gənclərin düzgün tərbiyəsi və sağlam həyat tərzinin formalaşmasını uğurla reallaşdırır. Həmçinin ölkədə gündən-günə artan Olimpiya idman komplekslərinin, ən müasir idman mərkəzlərinin yaradılması xalqımızın, xüsusən gənclərin sağlamlığına, milli-mənəvi və estetik dünyagörünüşünün formalaşmasına güclü təsir etməklə, onlara dövlət qayğısını əks etdirir. Ölkə rəhbərliyi tərəfindən idmanın inkişafı üçün uşaq, yeniyetmə və gənclər üçün hər cür şərait yaradılıb. Ölkəmizdə yüksək peşəkar biliyə, təcrübəyə malik kifayət qədər məşqçilər dəstəsi də yetişib. Yeni yaradılmış müasir idman komplekslərində təlim keçmək üçün hər idman növünə uyğun məşq zalları, qurğular, açıq meydançalar fəaliyyət göstərir.
Azərbaycanda yeniyetmə və gənclərimizin idmana cəlb olunması, sağlam formalaşması və yüksək səviyyəli idmançıların hazırlanması üçün hər cür şərait var. Bu cür komplekslərdə məşq edən idmançılar dünyanın ən nüfuzlu beynəlxalq yarışlarında, xüsusilə Olimpiya Oyunlarında ən yüksək nəticə əldə etmək iqtidarındadırlar. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkənin hər bir guşəsində istifadəyə verilən Olimpiya idman komplekslərinin açılış mərasimində iştirak edir, bu qurğuların məhz gənc nəslin sağlamlığının qorunması üçün inşa edildiyini vurğulayır.
Ölkəmizdə idmanın kütləviliyinin artmasında xüsusi rol oynayan belə idman ocaqlarından biri də Balaxanı İdman Mərkəzidir.
Balaxanı qəsəbəsində yerləşən bu idman ocağında yeniyetmə və gənclərin idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, idman zalı "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər proqramı”na əsasən inşa edilib. 2007-ci ilin yanvarından tikintisinə başlanılan zal üçün Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 0,48 hektar torpaq sahəsi ayrılıb.
İkimərtəbəli idman mərkəzi binasının ümumi ölçüsü 54 m x 30 m-dir. Zalın birinci mərtəbəsində universal idman zalı, 2 soyunub geyinmə otağı, 2 duş kabinəsi, foye, həkim otağı, 2 sanitar qovşağı vardır. İkinci mərtəbə isə inzibati və texniki otaqlar yerləşir. Mərkəzin ayrıca olaraq içməli su, yanğın su anbarı, transformator yarımstansiyası, nasosxana binası var.
Buyaxınlarda Balaxanı İdman Mərkəzinin direktoru, cüdo üzrə idman ustası Müşfiq Hüseynovla görüşdük. Təcrübəli idman mütəxəssisi bizimlə söhbətində gənclərin idmanla məşğul olması üçün inşa olunan qurğunun əhəmiyyətini yüksək qiymətləndirdi. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman siyasəti yüksələn xətlə inkişaf edir. Paytaxtla yanaşı, bölgələrimizdə gənclərin idmanla məşğul olması və sağlam həyat tərzi keçirməsi üçün yeni idman qurğuları, Olimpiya idman kompleksləri istifadəyə verilib. Balaxanı idmançıları adından Gənclər və İdman nazirinə məktub yazdıq. Bu məkubu nəzərə alaraq qəsəbəmizdə idman mərkəzinin inşası üçün şərait yaratdılar. Sevindirici haldır ki, Bakı və Bakıətrafı kənd və qəsəbələrdə də belə idman qurğuları istifadəyə verilib. Ölkə idmanına göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq arenalarda uğurlu nəticələr əldə edirlər. Demək olar ki, ölkəmiz mötəbər idman yarışlarının keçirildiyi bir məkana çevrilib. Balaxanı İdman Mərkəzi Sabunçu rayonunda istifadəyə verilən üçüncü idman qurğusudur. Qeyd edim ki, buna qədər Sabunçu rayonunda Pirşağı, sonra isə Kürdəxanı idman mərkəzləri istifadəyə verilmişdi. Belə mərkəzlərin tikintisi, sözsüz ki, ilk növbədə yeniyetmə və gənclər üçün həmçinin biz məşqçi-müəllimlər üçün sevindirici oldu. Bu cür idman mərkəzlərinin olması uşaqların idman və bədən tərbiyəsi ilə mütəmadi məşğul olmasına və gənclərin asudə vaxtının səmərəli təşkil olunmasına xidmət edir”, - deyə Müşfiq müəllim bildirdi.


Cüdo ilə yanaşı, futbol da Balaxanı
gənclərinin sevimli məşğuliyyətidir

Müşfiq Hüseynovla söhbətimiz zamanı məlum oldu ki, o, 1999-cu ildən məşqçi-müəllim kimi fəaliyyətə başlayıb. Əvvəllər "Təhsil” Respublika İdman Mərkəzində məşqçi kimi fəaliyyət göstərən müsahibimiz 2011-ci ildə Balaxanı İdman Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Müşfiq müəllim elə həmin ildən bu mərkəzin həm dirketoru vəzifəsində çalışır, həm də yeniyetmə və gənclərə cüdo və sambo idman növlərinin sirlərini öyrədir. Hazırda Balaxanı İdman Mərkəzində cüdo və sambo idman növü ilə yanaşı, futbol bölməsi də fəaliyyət göstərir. Müsahibimizlə söhbət zamanı öyrəndik ki, yeni dərs ilindən başlayaraq idman ocağında fəaliyyət göstərən bölmələrin sayı artırılacaq. "Hazırda idman mərkəzində cüdo və sambo üzrə məşqlər keçirilir. Burada cüdo üzrə məşqləri mən və yetirməm Elnur Tağıyev keçir. Futbol bölməsinə isə təcrübəli mütəxəssis Muxtar Şərifov rəhbərlik edir. Futbol klubumuz hələ yenidir. Çalışırıq ki, klubumuzu AFFA-dan qeydiyatdan keçirərək lisenziya alaq. Lisenziya aldıqdan sonra futbol üzrə keçirilən bütün yarışlarda "Balaxanı” futbol klubu adından çıxış etməyi düşünürük. Onu da deyim ki, Muxtar Şərifov futbol aləmində öz dəsti-xətti ilə seçilən bir mütəxəssisdir. Onun tələbələri bu gün bir sıra klublarda və aşağı yaş qruplarında uğurla çıxış edirlər. Fəhmin Muradbəyli, Ramiz Çovdarov və digər gənc oyunçular onun yetirmələri olub. Balaxanı İdman Mərkəzində hazırda 70-dən çox uşaq idmanın sirlərinə yiyələnir. Yeni dərs ilindən etibarən idman bölmələrinin sayını artırmağı düşünürük. Cüdo, sambo və futbol növləri ilə yanaşı, karate, güləş, qaydasız döyüş, kikboksinq növləri üzrə yeni qruplar fəaliyyətə başlayacaq. Qeyd edim ki, ötən il mərkəzdə bədii gimnastika üzrə də qrup açılmışdı. Burada Balaxanı ilə yanaşı, qəsəbəətrafı ərazilərdə yaşayan yeniyetmə qızlar da idmanın gimnastika növü məşğul olmaq üçün zalımıza məşqlərə gəlirdilər”, - deyə Müşfiq Hüseynov əlavə etdi.
Müsahibimiz qeyd etdi ki, burada məşğul olan uşaqlar fiziki, texniki və taktiki hazırlıqlarını artırmaq məqsədi ilə tez-tez təlim-məşq toplanışlarında və bir sıra yarışlarda iştirak edirlər. Ötən il yarışlara hazırlığı Nabranda keçən Balaxanı idmançıları bu il də böyük qələbələri hədəfləyib. Bu məqsədlə hazırlıqlarını ciddi şəkidə davam etdirən idman mərkəzinin yetirmələri Müşfiq Hüseynovun rəhbərliyi altında Oğuz rayonunda təşkil olunan təlim-məşq toplanışında iştirak edəcəklər.
"İdman mərkəzində uşaq, yeniyetmə, gənc və böyüklərdən ibarət qruplar yaradılıb. Məşqlər hər gün səhər və axşam olmaqla müxtəlif qruplar üzrə keçirilir. Zalımızda məşq etmək üçün hər cür şərait var. Bu il zalımıza nazirlikdən yeni idman döşəkləri də verildi. Mərkəzdə fiziki hazırlığı inkişaf etdirmək üçün trenajor alətləri də var. Məşqlərə gələn yeniyetmə və gənclər həmin alətlər vasitəsi ilə fiziki hazırlıqlar üzərində çalışırlar. Bacardığımız qədər təmsilçilərimizin bütün mümkün yarışlarda iştirakına şərait yaradırıq. İdmançılarımızın fiziki hazırlığını yüksəltmək üçün təlim-məşq toplanışlarında da iştirak edirik. Buyaxınlarda təlim-məşq toplanışı üçün Oğuz rayonuna yola düşəcəyik. Bu hazırlıqda təxminən 15 yeniyetmə cüdoçumuz iştirak edəcək. Təbii ki, bu təlim-məşq toplanışının əsas məqsədi qarşıdan gələn Bakı, respublika çempionatlarına, həmçinin Avropa kuboklarına və beynəlxalq yarışlara hazırlıqla bağlıdır. Elə təlim-məşqə yollanacaq idmançıların əksəriyyəti də bu yarışlarda iştirak edəcək idmançılar olacaq. Hazırlığımız 10 gün davam edəcək. Bu günlər ərzində taktiki, fiziki hazırlıqlar üzrə məşqlər edəcəyik. Ötən il cüdoçularımızın Gürcüstan, Rusiya və Türkiyədə bir sıra yarışlarda, həmçinin təlim-məşq toplanışlarında iştirakı təmin olunub. Bundan əlavə, ölkə daxilində də uşaqların hazırlıq səviyyəsini və psixoloji hazırlığını yüksəltmək üçün mütamadi olaraq təlim-məşq toplanışlarında iştirak edirik. Hər il Nabranda yerləşən məşq bazasında Balaxanı İdman Mərkəzinin təşkilatçılığı ilə ongünlük təlim-məşq toplanışları təşkil edirik. Bundan əlavə biz paytaxtda fəaliyyət göstərən müxtəlif klublarla qarşılıqlı razılıq əsasında birgə yarışlar təşkil edirik. Razılığa əsasən klublar öz təcrübəli idmançıları ilə zalımıza təşrif buyururlar. Tələbələrimizin təcrübəsini artırmaq məqsədi ilə burada həmin idmançıların iştirakı ilə yarışlar keçiririk. Elə olur ki, bizim idmançılar da həmin klublara yarışlarla bağlı yollanır. Belə hazırlıqların uşaqlar üçün əhəmiyyəti çox böyükdür. Fikrimcə, uşaqlar özündən güclü idmançılarla nə qədər çox güləşərsə, onda nəticə əldə etmək də çox rahat olar. Yığma komandanın heyətində bir neçə idmançımız yer alıb. Asim Əhmədov cüdo üzrə gənclərdən ibarət yığmanın, həmçinin, sambo üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvüdür. Qızlarımızdan isə Aytac Qardaşxanlı gənclərdən ibarət yığma komandanın heyətində yer alıb”, - deyə mərkəzin direktoru vurğuladı.


Perspektivli
idmançıların olması gələcəyə böyük
ümidlər vəd edir

Balaxanı İdman Mərkəzinin idmançıları qısa zaman ərzində böyük nəticələr qazanıblar. Burada demək olar ki, 7 il ərzində idmanın inkişafı, kütləviliyin artırılması və uşaqların idmana cəlb olunması sahəsində böyük işlər həyata keçirilib. Bu idman ocağının yetirmələri iştirak etdikləri yarışlarda mükafatçılar sırasına düşməyə müvəffəq olublar. Belə ki, bu il cüdo üzrə yeniyetmələr və kiçik yeniyetmələr arasında təşkil olunan Bakı birinciliyində Balaxanı İdman Mərkəzinin yetirmələri 2 qızıl və 2 gümüş medala layiq görülüblər. Kiçik yeniyetmələrin yarışlarında Emil Qasımlı (46 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. 48 kq çəki dərəcəli idmançıların yarışında isə Aytac Qardaşxanlı qızıl medala sahib çıxıb. Yeniyetmələrin paytaxt birinciliyində isə Nihat Quliyev (34 kq) və Rza Əliyev (46 kq) gümüş medal qazanıblar. Tofiq Hüseynov (24 kq) və Aşur Əliyev (34 kq) turniri beşinci sırada başa vurublar.
Yeniyetmələrin respublika birinciliyində də Balaxanı idmançıları uğurları ilə fərqlənməyi bacarıblar. Belə ki, respublika birinciliyində idman ocağının təmsilçilərindən Aytac Qardaşxanlı (48 kq) ikinci, Nihat Quliyev (34 kq) isə üçüncü yeri tutub. Kiçik yeniyetmələrin yarışında Roman Uğurəliyev (34 kq) beşinci yerlə kifayətlənib. Gənclərin respublika çempionatında isə Asim Əhmədov 73 kq çəki dərəcəsində 5-ci olub. O, sambo üzrə keçirilən respublika kubokunda isə 74 kq çəki dərəcəsində birinci yeri tutaraq oktyabr ayında Gürcüstanda təşkil olunacaq dünya çempinatına vəsiqə qazanıb.
Balaxanı idmançılarının uğurları təkcə ölkədaxili yarışlarla kifayətlənməyib. Müşfiq müəllimin perspektivli yetirmələrindən olan Aytac Qardaşxanlı (48 kq) bu il Tunisdə keçirilən Afrika kubokunda bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Mərakeşdə keçirilən Afrika kubokunda isə Aytac ikinci yerlə kifayətlənib. Aytac Qardaşxanlı Portuqaliyada təşkil olunan Avropa kubokunda da uğurla yarışaraq üçüncü yerə sahib çıxıb. Bu ilin ilk yarısında əldə olunan uğurları yüksək qiymətləndirən Müşfiq Hüseynov nəticələri daha da yaxşılaşdırmaq üçün bütün gücünü səfərbər edəcəyini bildirdi. "Balaxanı İdman Mərkəzi artıq 7 ildir ki, fəaliyyət göstərir. Belə bir idman obyektinin inşası qəsəbə sakinləri üçün çox sevindirici oldu. Yeniyetmə və gənclərimiz pis vərdişlərdən uzaqlaşaraq sağlamlıqlarının qeydinə qalmaq üçün zalımızda fəaliyyət göstərən idman bölmələrinə yazıldılar. Üşaqların məşq etmək üçün şəhərə və digər uzaq yerlərə getməsinə ehtiyac yox idi. Hər şeyə demək olar ki, sıfırdan başladıq. Zaman keçdikcə tələbələrimizin sayı da artdı. Bu illər ərzində yüksək uğurlar əldə edən idmançılarımız olub. Ümumiyyətlə, Balaxanı cüdo məktəbi uzun illərdir yüksək nəticələr qazanır. Hazırda cüdo idman növündə Aytac Qardaşxanlı, samboda isə Asim Əhmədov Balaxanı idmanı üçün çox gözəl nəticələr qazanıblar. Yetirmələrimdən Asim Əhmədov 2016-cı ildə Fransada keçirilən yeniyetmələr arasında sambo üzrə Avropa çempionatında qızıl medal qazanıb. O, həmçinin yeddiqat respublika çempionudur. Aytac Qardaşxanlı isə üç dəfə respublika çempionu, üç dəfə isə ikinci yerin sahibi olub. O, həmçinin Bakı birinciliyinin və Avropa kubokunun mükafatçısıdır. 13 yaşı olmasına baxmayaraq, 23 yaşlılar arasında respublika üçüncüsüdür. Bu, Balaxanı idmanı üçün çox yüksək nəticədir. Hər il olduğu kimi, bu il də bir sıra yarışlarda iştirak etdik. Nəticələrimizi qənaətbəxş hesab etmək olar. Hətta deyərdim ki, bu nailiyyətlər ilin ilk yarısı üçün çox gözəl nəticələrdir. Gələcək üçün perspektiv vəd edən idmançılarımız var. inanıram ki, onların hər biri gələcəyin dünya, Avropa və Olimpiya çempionları olacaqlar”, - deyə təcrübəli mütəxəssis bildirdi.


İdman Mərkəzi
ölkədaxili yarışlara da ev sahibliyi edir

Balaxanı İdman Mərkəzində ölkədaxili yarışların keçirilməsi üçün də gözəl şərait var. Müxtəlif klublarla bağlanan müqavilələrə əsasən burada hər il yarışlar keçirilir. İdman Mərkəzi cüdo, sambo, kikboksinq və digər idman növləri üzrə yarışlara ev sahibliyi edib. Burada bir sıra beynəlxalq yarışlar da təşkil olunub. Bu ilin mart ayında Balaxanı İdman Mərkəzində 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə cüdo üzrə turnir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 10 komanda mübarizə aparıb. Qaliblər diplom və medallarla təltif olunublar.
İdman Mərkəzində bu il karate, pençak-silat, MMA növləri üzrə də yarışlar keçirilib. Aprel ayında isə burada Balaxanı İdman Mərkəzinin təşkilatçılığı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş futzal turniri təşkil olunub. Yarışda 12 komanda mübarizə aparıb. Turnirdə birinci yerə "Balaxanı” İdman Mərkəzinin komandası layiq görülüb. "Cüdo klub” ikinci, "Tornado” futbol klubu isə isə üçüncü yerə sahib çıxıb. Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Balaxanı İdman Mərkəzində müşahidə etdiklərimizdən sonra bir daha əmin olduq ki, ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi sağlamlığının önə çəkilməsi üçün lazım olan bütün addımları atır. Məhz buna görədir ki, ölkəmizin gənc nəsli fiziki cəhətdən güclü, mənəvi cəhətdən kamil insanlar kimi formalaşır.


Azər Əlizadə


Bu yazı

12884 dəfə oxunub

Tarix

2018-08-08 16:22:45

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook