Azər Bağırov: “Yeniyetmələrimlə fəxr edirəm”


Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar məşqçi Azər Bağırov ölkəmizdə cüdo idman növü üzrə fəaliyyət göstərən tanınmış mütəxəssislərdən biridir. O, 1963-cü il də Bakı şəhərində anadan olub. İdmanın cüdo bölməsinə yazılan Azər müəllim bu idman növünün sirlərinə Tərlan Həsənovun köməyi ilə yiyələnib. Məşqçilik fəaliyyətində bir sıra klublarda çalışan mütəxəssis yeniyetmə və gənc cüdoçuların uğur qazanmasında böyük pay sahibi olub. Bu yaxınlarda cüdo mütəxəssisi ilə redaksiyamızda görüşüb, söhbət etdik. Müsahibimiz ona ünvanlanan sualları səmimi cavablandırdı.

- Azər müəllim, əvvəlcə sizi ad gününüz münasibəti ilə təbrik edirik. Əvvəlcə, istərdik, bir qədər özünüz haqqında oxucularımıza məlumat verəsiniz.
- 1970-1980-ci illərdə 13 saylı orta məktəbdə təhsil almışam. Uşaqlıqdan idmana böyük həvəsim var idi. 1972-ci ildə cüdo ilə məşğul olmaq üçün "Lokomotiv” idman cəmiyyətinə üz tutdum. Burada məni təcrübəli məşqçi Tərlan Həsənov qarşıladı. Elə məşqlərimə də Tərlan müəllimin rəhbərliyi altında başladım. O, mənə səbr və təmkinlə cüdonun sirlərini, incəliklərini öyrədirdi. Mənə düzgün istiqamət verən və uğurlar qazanmağımda köməyini əsirgəməyən qocaman mütəxəssisimizə minnətdarlığımı bildirirəm. Tərlan müəllimin, həqiqətən də, üzərimdə çox böyük əziyyəti olub. Onu da qeyd edim ki, məndən böyük iki qardaşım da cüdo idman növü ilə məşğul olublar.

- Azər müəllim, sizin üçün bu günə kimi ən yadda qalan ad günü hansı olub?
- Valideynlərimlə keçirdiyim doğum günlərimi hələ də untmuram. Həmin günlərin yerini heç nə verə bilməz. 55 yaşım tamam olur. Builki doğum günümü isə hər zaman olduğu kimi, öz ailəmlə qeyd etdim. Ümumiyyətlə çox istəyərdim ki, cavanlıq illərimi indiki dövrdə keçirim. Çünki bugünki dövrdə ölkəmizdə idmana diqqət və qayğı çox böyükdür. Bizim vaxtımızda isə belə deyildi. Yarışlarda iştirak etmək çox çətin idi.

- Cüdo idman növündə hansı nailiyyətləri qazanmısınız?
- Qeyd etdiyim kimi, bu idman növündə ilk addımlarımı "Lokomotiv” idman cəmiyyətində atmışam. 1973-cü ildə "Lokomotiv” İC-in təşkil etdiyi birincilikdə qalib adını qazandım. 1975-ci ildə keçirilən Bakı birinciliyində fəxri kürsünün ən yüksək pilləsində yer aldım. Bundan başqa dəfələrlə SSRİ-nin tərkibində keçirilən müxtəlif beynəlxalq yarışların qalibi və mükafatçısı olmuşam. 1984-cü ildə hərbi xidmətimi başa vurduqdan sonra Azərbaycan Pedaqoji Universitetinin ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fakültəsinə daxil oldum. İdman sahəsində qazandığım nailiyyətlərə görə 1987-ci ildə SSRİ idman ustası adına layiq görüldüm. 1989-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirdim.

- Siz, həmçinin Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmisiniz. Həmin anları necə xatırlayırsınız?
- Bəli. 1992-1993-cü illərdə Qarabağ döyüşlərinin iştirakçısı olmuşam. O, odlu-alovlu müharibə illəri bu gün də gözlərimin önündə canlanır. Həqiqətən də çox çətin günlər idi. Mən həmin vaxtı Yasamal taborunda komandir müavini idim. Onu da qeyd edim ki, tabor komandirimiz Mirələkbər İbrahimova ölümündən sonra milli qəhrəman adı verildi. Taborumuz müharibə illərində böyük rəşadət göstərib. Sonuncu döyüş yerimiz Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində olub. Bir sözlə, həmin müharibə illəri bü gün də yaddaşımda silinməz izlər qoyub.

- İstərdik bir qədər də məşqçilik fəaliyyətiniz barədə məlumat verərdiniz?
- Məşqçilik fəaliyyətimə Azərbaycan Dövlət İqtisad Universitetinin idman kafedrasında başlamışam. Həmin kafedrada tələbələrə cüdo və sambo bölməsi üzrə məşqlər keçirdim. 1994-cü ildən isə fəaliyyətimi klublarda davam etdirməyə başladım. Müxtəlif illərdə "Neftçi”, "Lokomotiv”, "Zenit”, "Dinamo” idman cəmiyyətlərində məşqçi kimi çalışmışam. 1998-ci ildə "Şahin” idman klubu yaradıldıqdan sonra bu kluba cüdo üzrə baş məşqçi vəzifəsinə təyin olundum. Həmin gündən indiyədək burada fəaliyyətimi davam etdirirəm. Bundan başqa uzun illər Azərbaycan Tibb Universitetinin idman kafedrasında cüdo bölməsinə rəhbərlik etmişəm. Yetirmələrim dəfələrlə Azərbaycan birinciliyinin qalib və mükafatçıları olublar. Tələbələrimdən Emin Fətullayevin yetirməsi Kəramət Hüseynov gənclər arasında Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı adını qazanıb.

- İdman sahəsindəki xidmətləriniz lazımi səviyyədə qiymətləndirilib?
- Uzun illərdir ki, ölkəmizdə idmanın inkişafı və perspektivli idmançıların hazırlanmasına ximət göstərirəm. Bu gün məni sevindirən odur ki, bu illər ərzində çəkdiyim əziyyət bəhrəsiz qalmayıb. 2009-cu ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. 2011-ci ildə isə mənə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı verilib. Tələbələrimin beynəlxalq yarışlarda göstərdikləri nəticələrə əsasən isə 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçi fəxri adına layiq görülmüşəm.

Azər Əlizadə


Bu yazı

10323 dəfə oxunub

Tarix

2018-08-14 16:45:11

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook