Dünya çempionatının əks-sədası və ya bizə növbəti mundialı gözləmək qalır



Dördüncü yazı

İstənilən çempionatın əks-sədasından danışmaq mümkündür. Elə mundial olur ki, bolluğa düşürsən, eləsini də izləyirsən ki, əks – səda sarıdan qıtlıq müşahidə edilir. Bu baxımdan hər bir halda başa çatmış çempionat yadda qalanlardan oldu. Əks – sədadan söz açanda dərhal Xorvatiya gündəmə gəlir. Futbolsevərlərə, azarkeşlərə yaxşı məlumdur ki, Xorvatiya keçid görüşündə qalib gəlməklə mundiala vəsiqə qazanmışdı. Çempionatlara keçid qarşılaşmalarından gələn, yaxud son anda qoşulan komandaların sonradan böyük uğur qazanması sanki tarixin ironiyasıdır. Gəlin, ən maraqlı hadisəni yada salaq. 1992-ci ildə Danimarka gözlənilmədən Avropa çempionu oldu. Yarışların ilkin mərhələsində danimarkalılar Yuqoslaviya komandasından sonra qrupda ikinci yeri tutduqlarına görə çempionata vəsiqə qazana bilməmişdilər. Lakin qəflətən BMT Yuqoslaviyaya qarşı sanksiyalar tətbiq etdi və UEFA bu ölkəni yarışlardan kənarlaşdırmağa məcbur oldu. Yuqoslaviyanın yerini Danimarka tutdu. Və bir-birinin ardınca gözəl oyunlar nümayiş etdirən danimarkalılar qitə çempionu oldular. Bu çempionatda da elə Xorvatiya dünya çempionu adını qazanmağa doğru gedirdi ki, güclü Fransa komandası onların yolunu kəsdi.
Son illərdə İslandiya yığma komandası birdən-birə parladı, tanındı və təbii ki, sevilməyə başladı. Mundialda isə Xorvatiya futbolsevərlərin sevimlii komandasına çevrildi. Əslində əvvəlcə İslandiya, bu dəfə də Xorvatiya kimi komandalar dünya futbolunun nüfuzunu qaldırır.

Xorvatiya komandasi da indi dünyanın hər yerində tanınır və sevilir. Əlbəttə, etiraf etmək lazımdır ki, Xorvatiya bu çempionatda ən şanslı komanda oldu. Xüsusən, penaltilərdə onların bəxtinin gətirməsini nəzərdə tuturam. Xorvatiya iki mərhələni penaltilərlə keçdi. Amma hər bir halda bu, ədalətin təntənəsi oldu. Onlar qələbəyə layiq idilər. Xorvatiyanın elə ilk oyunundan hiss olundu ki, bu yığma tam formaya düşmüş səviyyədə Rusiyaya gəlmişdir. Futbolçular ideal vəziyyətdə bir-birinə uyğunlaşmışdılar. Qarşılıqlı anlaşma o qədər yüksək səviyyədə idi ki, istər-istəməz belə bir təsəvvür yaranırdı ki, oyunçular klub komandasında olduğu kimi uzun müddətdir ki, fasiləsiz birlikdə oynayırlar. Futbolçuların ustalıq səviyyəsini nəzərə almaqla mən deyərdim ki, əgər bu uyğunlaşma və anlaşma Belçika yığmasında olsaydı, onlar yəqin ki, dünya çempionu olardılar.
Xorvatiyanın timsalında biz bir daha əmin olduq ki, tam formada olan futbolçular nəinki 90 dəqiqə, hətta 120 dəqiqə meydanda əzmkar mübarizə apara bilərlər. Hansı komandanın oyunçularının 120 dəqiqə oynamağa gücü çatırsa, həmin komanda uğur qazanmağa daha şanslı olur.


Futbolçuların transfer qiymətləri də artacaq

Müasir futbolda dərhal geriyə qayıtmaq da çox vacib şərtdir. Xorvatlar yüksək fiziki hazılrıq və sürət hesabına bunu yaxşı bacarırdılar. Xorvatiya yığmasında bütün futbolçuların səviyyəsi yüksək və demək olar ki, eyni idi. Hətta ehtiyatda olan futbolçuların da. Ehtiyatda isə görün, kimlər var idi: Kovaçiç, Kramariç, Çorluka və başqaları. Belə potensialı olan futbolçularla istənilən yığma fəxr edə bilər.

Xorvatlar bütün oyunlarının çox hissəsini meydanın rəqibə aid olan hissəsində keçirirdilər. Hücumları, keyfiyyət göstəriciləri də buna görə çox kəsərli olurdu. Təkcə elə Fransa ilə final oyunundakı bəzi statistik rəqəmlərə nəzər salmaq kifayətdir. Ötürmələrin sayı: 528-289, künc zərbələri: 6-2, qapılara zərbə: 14-7, topa sahib olma faizi: 66%-34%. Diqqət yetirin, bu açıq-aşkar üstün rəqəmlər dünya çempionu olmuş komanda ilə oyunda əldə edilmişdir.
Bu çempionatda bütün xorvat futbolçular sanki yenidən kəşf olundular. Onlar inkişaflarının pik həddinə çatmış səviyyədə mundiala gəlmişdilər. Xüsusən, Vidanı, Çorlukanı, Striniçi, Brozoviçi, Rebiçi yaxşı mənada tanımaq olmurdu. Təbii ki, bu futbolçuların transfer qiymətləri də artacaq.
Modriç haqqında isə ayrıca danışmağa dəyər. Modriç artıq neçə illərdir ki, saç düzümünü əfsanəvi holland futbolçu Yohan Kruffin gənclik illərinin saç quruluşuna oxşatmaqla elə öz oyunu ilə də ona bənzəməyə çalışır. Yığmanın kapitanı bu çempionatda komandanı irəliyə aparmağı bacardı. Xorvatlar kollektiv şəkildə əzmkar oyunlar sərgiləməklə əslində vaxtı ilə tarixə düşmüş total holland futbolunu təkrar etdilər. Komanda yoldaşlarına nümunə olmağa layiq Modrici meydanın hər yerində görmək mümkün idi. Modriç bütün oyunlarda dirijorluq edirdi. Komandanın digər üzvləri isə sanki bir-biri ilə assisentlik yarışına girmişdilər.


Xorvatiya məcarası

Bu çempionatda xorvat futbolçuların şöhrəti artdı. Onlar azarkeşlərin sevimlilərinə çevrildilər. Axı, bu komandanın oyunları tamaşaçılara xüsusi zövq verdi. Bəli, xorvatlar öz oyunları ilə milyonlarla azarkeşin qəlbində taxt qurdular. Bu çempionatdan sonra bu komanda haqlı olaraq dillər əzbərinə çevrildi. Buna görə də Xorvatiya yığması bu gün də mətbuatın gündəmindən düşmür. Son illərin İslandiyası kimi Xorvatiya da bu mundialın tapıntısı oldu. Xorvatiya komandası rəğbət və dəyərlər spektrinə nail oldu. Bu yığmanın yeganə zəif yeri standart vəziyyətlərdə bir qədər ehtiyatsız, riskli oynamaları idi. Xorvatiyanın qapısına daxil olan qollar da əsasən məhz standart vəziyyətlərdən vurulurdu. Hətta Rusiya da belə vəziyyətdən istifadə edərək oyunun sonunda hesabı bərabərləşdirdi. Qalan bütün komponentlərdə xorvatlar mundialın ən yaxşıları idilər. Hər bir halda obrazlı desək, Xorvatiyanın oyununu məcara kimi də qəbul etmək olar. Xorvatiya məcarası!...
Hə, istəkli azarkeş ... Millinin, ölkənin şərəfini belə qoruyarlar, nüfuzunu belə qaldırarlar. Əbəs yerə ölkənin xanım prezidenti uşaq kimi sevinmirdi ki...



Penaltilərdə əvvəlcədən üstün tərəf olmur

Dünya çempionatı daha hansı maraqlı hadisələrlə, nüanslarla, xarakterik xüsusiyyətlərlə yadda qaldı? Mundialın əks-sədalarına daha nələri aid etmək olar?
Bu sualların bir qisminə əvvəlki üç yazıda əsasən cavab verilmişdi. Nəhayət, budur, mundial seriyasından oxuculara təqdim olunan son yazıda yerdə qalan, ən diqqəti çəkən məsələlərə, məqamlara da yer ayrılmışdır.

Bu mundialda Fransanın dünya çempionu olmasını qanunauyğun, normal nəticə kimi qəbul etmək olarmı?
Fransızlar son illərdə güclü heyəti və səviyyəli oyunları ilə daim diqqəti cəlb edirlər. Fikrimcə, son Avropa çempionatında Portuqaliya sırf təsadüf nəticəsində qitə çempionu oldu. Əslində hamı Fransanın Avropa çempionu olacağını düşündüyü halda bu, baş vermədi. Halbuki Fransa qitə çempionu olmağa layiq idi.
Bu mundiala Fransa daha güclü və optimal heyətlə gəlmişdi. Və təbii ki, əsas favoritlər sırasında adı çəkilirdi.
Müasir futbolda qələbə ruhunun güclü olması ən vacib, ən əsas keyfiyyətdir.
Bu amil Xorvatiya, Fransa və Belçika komandalarında daha parlaq şəkildə hiss olunurdu. Məhz bu komandalarda qələbə ruhu oyunlara hakim kəsildiyinə görə onlar uğurla mübarizə aparırdılar. Fransa hər oyunda maksimum nəticə üçün meydana çıxırdı. Əhval-ruhiyyə də eyni olurdu. Fransızlar hər oyunda sanki əziyyət çəkmədən, əlavə güc sərf etmədən çox rahat oynayırdılar. Bütün bunlar oyunçuların peşəkarlığının yüksək olmasından xəbər verirdi. Bəzi favorit komandaların (Almaniya, Braziliya, İspaniya və Argentina ) gözlənilmədən yollarına davam edə bilməməsindən sonra futbol mütəxəssisləri, ekspertlər Fransanın dünya çempionu adını qazanmasını haqlı və düzgün olaraq qanunauyğun hal kimi qiymətləndirdilər. Həqiqətən də obyektiv, qərəzsiz, hərtərəfli analitik təhlil aparılsa, məncə də Fransanın dünya çempionu olması məntiqi, təbii və normal sonluq kimi qəbul edilməlidir.
Əlbəttə, burada idman xoşbəxtliyi anlayışı da gündəmə gələ bilər. İdman xoşbəxtliyi Danimarkanın, Rusiyanın da tərəfində ola bilərdi. Axı, penaltilərdə əvvəlcədən üstün tərəf olmur.Amma yenə də hər bir halda faktın faktlıqda qalması ilə yanaşı, gərək yekun nəticə, sonluq da qəbul olunsun.
Bütün bunlarla bərabər eyni zamanda etiraf etmək lazımdır ki, tamaşaçılar fransızların oyunlarından elə də zövq almadılar. Elə mən özüm də, Fransız futbolunda valehedici zahiri gözəllik görmədim. Tamaşaçıda məmnunluq emosiyaları, duyğuları yaranmadı. Sakit tərzdə daha çox nəticəyə oynayan Fransa komandası rəqiblərinin səhvlərindən ustalıqla maksimum yararlanmağı bacardı Məsələn, mən Meksikanın oyunundan daha çox zövq aldım, nəinki Fransanın . Amma nə edəsən, bu futboldur...


Futbolda nələr olmur?!

Hazırda futbol modernizasiya dövrünü yaşayır: Müdafiə meylləri, variantları tədricən daha da təkmilləşir. Bütün komanda müdafiəyə çəkiləndə, hətta tam qapananda, qapıya yol tapmaq da getdikcə çətinləşir. Ona görə də bu çempionatda standart vəziyyətlərin əhəmiyyətinin artması və oyunun gedişində belə epizodların dəyərləndirilməsi (cərimə və künc zərbələri nəzərdə tutulur) daha çox müşahidə edildi. Xorvatiya, Braziliya, İslandiya Argentina, Almaniya, İspaniya, Belçika, Meksika, İngiltərə komandalarını çıxmaq şərti ilə digər yığmalar elə qrup oyunlarından başlayaraq ehtiyatlı müdafiə futboluna üstünlük verirdilər.Rusiya, İsveç, İran komandaları isə bu çempionatda həddindən artıq davamlı müdafiə futbolu seçdilər.
Mundial bir daha göstərdi ki, oyunun gedişində yarana biləcək "qızıl” qol şansları getdikcə azalır, çünki rəqib komanda artıq belə epizodlara imkan vermir. Buna görə də yalnız ələ düşən qol şanslarından yararlanan komanda uğurlu nəticəyə ümid edə bilər. Bu uğur göstəricisi əslində yerdə qalan bütün amilləri çox üstəliyir, hətta əksər hallarda heçə endirir. Qol imkanlarını əldən verən komanda isə nəticədə meydanı məğlub kimi tərk edir.

Bu çempionat bir daha sübut etdi ki, oyunun sonuna doğru əzmkarcasına surət tempini artıran komandanın qələbə şansları daha yüksək olur. Əksər hallarda ardıcıl, kəsərli hücum edən komanda yorulmuş komandaya qalib gəlir. Məsələn, Xorvatiya Yaponiya ilə oyunda 0-2 hesabı ilə geridə olmasına baxmayaraq, nəinki hesabı bərabərləşdirdi, hətta qələbə topunu vurmağı da bacardı. Eyni mənzərə İngiltərə- Xorvatiya oyununda da baş verdi.
Hesabda irəlidə olduğun halda geri də düşə bilərsən. Əsas məsələ odur ki, hesabda geri düşəndə özündə güc tapıb yenidən uğur qazana biləsən. Yorğunluq bəraət ola bilməz. Ən başlıcası əzmkarlıqdır. Əzmkarlıq hər şeyə üstün gəlir. Əslində bu prinsiplər bütün idman növlərinə şamil oluna bilər. Lap elə həyat, yaşamaq gerçəkliklərinə də ...


"Simulyasiya çox pis hərəkətdir”

Gözləntilərin əksinə olaraq çempionatın ən uğursuz komandası fikrimcə, Polşa oldu.
Mundial simulyasiya epizodlarının aşıb-daşması ilə də yadda qaldı. Sanki getdikcə dünya futboluna təhlükəli bir virus darışır. Təəssüf ki, son vaxtlar ümumiyyətlə, ayrı-ayrı futbol ulduzları da simulyantlığa daha çox meyl göstərməyə başlayıblar. Xüsusən, Neymarın bir neçə epizodda açıq-aşkar yersiz halda meydanda uzanıb qalması haqlı olaraq xeyli söz-söhbətə, narazılığa səbəb oldu. Belə lüzumsuz, çirkin məqsədli cəhdlər tanınmış futbolçuların imicinə xələl gətirməklə yanaşı azarkeşlərdə,mütəxəssislərdə də ikrah hissi doğurur.

Hələ 2013-cü ildə "Çelsi”nin baş məşqçisi Joze Mourinyo Britaniya mətbuatına verdiyi geniş müsahibədə oyunçuların özlərini bilərəkdən yerə atmasına nifrət etdiyini bildirmişdi. O, sualları cavablandırarkən bu məsələyə geniş yer ayırmışdı: "Simulyasiya çox pis hərəkətdir. Başqa br oyunçunun qırmızı vərəqə alması, yaxud ədalətsiz şəkildə penalti qazanılması üçün bunu etmək utanvericidir. Məşqçilər belə hərəkətlərin qarşısını almalıdırlar. Mənim oyunçularım belə hərəkətlərə yol verdikləri təqdirdə, onları sərt bir şəkildə tənqid edirəm. Hər dəfə də futbolçulara bu hərəkətləri etməməyi tapşırıram. Xüsusən Çempionlar liqasının oyunlarında bilərəkdən özlərini daha çox yerə atırlar. Buna çox təəssüflənirəm.”


VAR nəyəsə göz yuma bilməz

Bu çempionatda ədalət təmsilçiləri ümumən pis təsir bağışlamadılar. Çempionlar Liqasının oyunları ilə müqayisədə hakimlər oyunları əsasən qənaətbəxş idarə etdilər. Mübahisəli anlarda videotəkrarlar da epizodlara aydınlıq gətirirdi. Bu baxımdan VAR sisteminin tətbiqini uğurlu bir yenilik kimi qəbul eləmək olar. Hər halda VAR dünya futbolunun inkişafında yardımçı bir quruma çevrildi. Kim nə deyir-desin, VAR bu çempionatda normal effekt verdi. VAR –ın mövqeyi ilə əslində hamı hesablaşdı. Hər bir halda mən VAR-ın tətbiqinin tərəfdarıyam. Əlbəttə, sadəcə bu sistemi bir qədər də təkmilləşdirmək lazımdır. Yəqin ki, hələ müxtəlif təkliflər də olacaq. Təbii ki, bu prosesə yalnız peşəkarlar cəlb edilməlidir. VAR nəyəsə göz yuma bilməz. Burada hər hansı bir maraq obyektivliyi, ədaləti üstələyə bilməz. Bu qurumu təmsil edən şəxslər də peşəkar olmaqla müəyyən meyarlar əsasında təyin edilməli və ən azından tərəfsiz mövqe tutmalıdırlar. Əminəm ki, VAR tədricən işlək bir mexanizmə çevriləcək.


Ən böyük güvənc yeri- azarkeşlərdir

Danılmaz həqiqətdir ki, ən böyük güvənc yeri- azarkeşlərdir. Etiraf edək ki, bu çempionatda stadionların dolması, azarkeş dəstəyi elə də yüksək səviyyədə deyildi. Hətta tərkibində ulduz futbolçuların çıxış etdiyi favorit komandaların oyununda, ən vacib qarşılaşmalarda da stadionlar tam dolmurdu. Bu çempionatda hər dəfə boş yerlər daha çox nəzərə çarpırdı. Əlbəttə, burada bəzi obyektiv səbəbləri qeyd etmək olar: Əsas futbol ölkələri olan İtaliyanın və Hollandiyanın mundialdan kənarda qalmaları, çempionluğa iddialı yığmaların gözlənilmədən bir-birinin ardınca mübarizəni dayandırmaları, təşkilatçı ölkə olan Rusiyanın böyük əraziyə malik olması (məsələn, bir oyun Soçidə olanda növbəti oyun Kalininqradda, yaxud Yekaterinburqda baş tuturdu) və s.
Dünya çempionatının hansı səviyyədə keçirilməsi təşkilatçı ölkə, eləcə də əlaqədar futbol qurumları üçün həmişə az qala tale yüklü məsələ olub. Nəzərdə tutulan bütün təşkilatı və texniki məsələlərin, xüsusən də təhlükəsizlik tədbirlərinin tələb olunan qaydalarla təmin edilməsi və həyata keçirilməsi FİFA rəsmilərini və təşkilatçı ölkənin rəhbərliyini hər dəfə ciddi sınaq qarşısında qoyur. 
Yeri gəlmişkən, tarixə nəzər salsaq, görərik ki, qeyri-qənaətbəxş qiymətləndirilən, lazimi dərəcədə təşkil edilməyən, hətta təşviş doğuran çempionatlar da olub.
1934-cü ildə İtaliyada keçirilən dünya çempionatı ərəfəsində çox ciddi narahatçılıqlar var idi. Mussolininin hakimiyyətdə olduğu ölkədə qeyri-sabitlik hökm sürdüyündən çempionatın baş tutması şübhə altında idi. Açılış mərasimində çıxış edən Mussolini hər şeyin qaydasında olacağına söz verdi. Bununla belə çempionat elə narahatçılıq ab-havasında da başa çatdı.
1976-cı ildə Argentinada dövlət çevrilişi baş verdi. Halbuki iki ildən sonra bu ölkədə dünya çempionatı keçirilməli idi. Toqquşmalarda xeyli argentinalı həlak olduğundan və siyasi mühit gərginləşdiyindən ölkədə hərbi vəziyyət elan edildi. Belə vəziyyətin yaranması futbolsevərləri, eləcə də FİFA-nı narahat etməyə bilməzdi. Başda Hollandiya olmaqla bir çox Avropa ölkələri dünya çempionatını, baykot etməyə başladılar. Şəhərlərdə hərbi patrullar keşik çəksə də, dünya çempionatı keçirildi. Hər yerdə və stadionlarda ciddi təhlükəsizlik tədbirləri görüldüyünə görə, hər hansı bir fövqəladə hadisə baş vermədi və çempionat başa çatdı. Təkcə uzaq keçmiş deyil, son dövrlərə aid "nümunələr”də göstərmək olar.
Ümumiyyətlə, bir çox parametr baxımından son dövrlərdə yarıtmaz təşkil edilməsi ilə FİFA-nın tarixinə düşən iki çempionat olub: 1986-cı ildə Meksikada və 2010-cu ildə isə Cənubi Afrika Respublikasında təşkil olunan mundial.
Əlbəttə, oxucular üçün şübhəsiz maraqlı olan bu cür uzaq və yaxın keçmiş ayrıca, daha geniş bir mövzunun söhbətidir. Yəqin ki, gələcəkdə bu mövzuya yenə də qayıtmağa dəyər.
Rusiyada təşkil olunan mundial yaxşı atmosferdə keçdi. Təşkilati məsələlər, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilmişdi. Ölkəyə gələn azarkeşlər, turistlər üçün hər cür şərait yaradılmışdı. Yeri gəlmişkən, 2017-ci ildə Rusiyada keçirilən konfederasiyalar kubokunun təşkili də FİFA rəsmiləri və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdi.
Mundialın açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bağlanışdan sonra çempionatın yaxşı təşkili və uğurla başa çatmasına görə Rusiya Prezidenti Vladimir Putini və rusiyalıları təbrik etdi. Azərbaycan Prezidentinin təbrikində deyilirdi: ” Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu. Rusiyada başa çatmış dünya birinciliyi idmanın xalqları yaxınlaşdıran, dostluğu və əməkdaşlığı möhkəmləndirən böyük qüvvə olmasını parlaq şəkildə nümayiş etdirməklə, haqlı olaraq çempionatlar tarixinə bu cür turnirlərin ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi kimi daxil olacaq. Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm can sağlığı, xoşbəxtlik, yeni uğurlar, bütün rusiyalılara isə sülh və firavanlıq arzu edirəm”. Bundan başqa cənab İlham Əliyev Fransanın dünya çempionu olması münasibəti ilə həmin ölkənin prezidenti Emmanuel Makronu, eləcə də, mundialın finalının iştirakçısı olan Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-kitapoviçi də təbrik etmişdir.
Əlbəttə, mundial başa çatsa da, bu böyük idman tədbirinin əks-sədasından sonra maraqlı təhlillər aparmaq, bu və ya digər gözlənilməz nəticələr haqqında danışmaq mümkündür. Lakin mən xırda detallara toxunmadım. Həm də bir yazı buna kifayət etməz. Axı, futbolda digər idman növləri ilə müqayisədə qalmaqallar daha çox olur. Bununla belə dünya çempionatı bir aylıq dövrü əhatə edir. Ona görə də burada pərdəarxası gizli oyunlara vaxt qalmır, belə hallara şərait də yaradılmır, hər şey hamının diqqət mərkəzində olur. Əslində bir aylıq dünya çempionatı həyəcan dolu maraqlı bir tarixdir. Bəli, mundial da həyəcan dolu anları ilə dünya idman tarixinin parlaq səhifələrindən biri kimi tarixə qovuşdu.
Beləcə növbəti dünya çempionatı da başa çatdı. Gələn çempionat Qətərdə olacaq. Ona qədər hələ çox sular axacaq, çox şey dəyişəcək. Planetimizdə də çox hadisələr baş verə bilər. Getdikcə insanlar da dəyişir, azarkeşlər də. Təbii ki, hələ qarşıdakı dörd il ərzində zövqlər də yeniləcək.
Eh, azarkeş!.. Düşünən, gülən, dərdlənən, ağlayan, sevinən azarkeş...
Sənə də növbəti mundialı gözləmək qalır..














Bu yazı

5825 dəfə oxunub

Tarix

2018-08-15 15:43:49

Yazını

Çap et

Yazını

Paylaş