“Ölkəmizi 5 Olimpiya Oyunlarında təmsil etdiyim üçün çox xoşbəxtəm”



Azərbaycan idmanı son illərdə yüksək səviyyədə inkişaf edib. Bu sahənin inkişafı cəmiyyətin və gənc nəslin sağlam həyat tərzinin möhkəm bünövrə üzərində qurulmasına zəmin yaradır. Tarixən böyük ənənələrə malik olan Azərbaycan idmanı bu gün özünün ən yüksək mərhələsindədir. Son dövrlərdə idman sahəsində qazanılan uğurlar, idmançıların beynəlxalq miqyaslı mötəbər yarışlarda əldə etdiyi medallar bunun bariz nümunəsidir. Bu uğurların qazanılmasında dövlət qayğısını xüsusilə qeyd etmək lazımdır. Bundan başqa keçmiş SSRİ dövründə yetişən idman mütəxəssisləri bu gün əldə olunan nailiyyətlərin qazanılmasında müstəsna rol oynayırlar. İstər həmin dövrdə, istərsə də, indi azərbaycanlı idman mütəxəssisləri illlər boyu topladıqları təcrübəni yeniyetmələr üzərində tətbiq edərək, onları istedadlı atlet kimi yetişdirməyə müvəffəq olublar. Göründüyü kimi, bu cür bacarıqlı idman mütəxəssilərimizin sayı kifayət qədərdir. Onlardan biri də tanınmış idman mütəxəssisi, məşqçi və Olimpiya dərəcəli hakimimiz olan Vahid Nəzərovdur. Ağırlıqqaldırma üzrə böyük biliyə, bacarığa və təcrübəyə malik olan Vahid müəllim həyatını idmana sərf edən mütəxəssislərdən biridir. Bu yaxınlarda redaksiyamızın qonağı olan Azərbaycan Ağır Atletika Federasiyasının Hakimlər Kollegiyasının üzvü, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov bizi maraqlandıran sualları cavablandırdı.
- Vahid müəllim, idman sahəsində böyük təcrübə və nəticə əldə edən mütəxəssislərimiz arasında sizin özünəməxsus yeriniz var.
- İdmana olan həvəsim hələ gənc yaşlarımdan başlayıb. Arzum sağlam həyat tərzi keçirmək və idmanda böyük nailiyyətlər qazanmaq idi. Elə bu məqsədlə 1971-ci ildən etibarən "Neftçi” İdman Cəmiyyətində ilk məşqlərimə başlamışam. Qısa zaman ərzində bir sıra uğurlara sahib olmuşam. Belə ki, 1976-cı ildə SSRİ idman ustası normasını yerinə yetirmişəm. Uğurlarım bir-birini əvəzləyib. Onları sadalamaqla bitməz. O gündən bu günə qədər illərlə topladığım təcrübənin bəhrəsini görmüşəm. İdmançı, məşqçi, hakim və federasiya rəsmisi kimi fərqlənmişəm. Bütün bunlara gərgin zəhmət sayəsində nail olmuşam. İdmanda göstərdiyim fəaliyyət dövlət tərəfindən layiqincə qiymətləndirilib. 5 dəfə Olimpiya Oyunlarının iştirakçısı olmuşam. Onlardan 3-də - Atlanta-1996, Sidney-2000, Pekin-2008-də ölkəmizi məşqçi kimi təmsil etmişəm. Buna görə həmişə qürur hissi keçirmişəm. Bir daha qeyd edim ki, ağırlıqqaldırma üzrə müstəqil Azərbaycanı Olimpiya Oyunlarında ilk dəfə mən təmsil etmişəm. Bu, 1996-cı ildə Atlantada təşkil olunan olimpiadaya təsadüf edirdi. 2010-cu ildə Sinqapurda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, 2012-ci ildə isə London Olimpiadasında isə ölkəmizi hakim kimi təmsil etmişəm. Azərbaycanda yeganə hakiməm ki, ağırlıqqaldırma üzrə dünya, Avropa və Olimpiya Oyunlarında ədaləti qorumuşam. Paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə Hakimlər Kollegiyasının prezidenti olmuşam. Bir sözlə ölkəmizi 5 Olimpiya Oyunlarında təmsil etdiyim üçün çox xoşbəxtəm.
- Vahid müəllim, 18 il ağırlıqqaldırma üzrə yığma komandamızın baş məşqçisi vəzifəsində çalışmısınız. Bu böyük məsuliyyət, yüksək bacarıq tələb edir.
- 38 ildir ki, "Təhsil” Respublika İdman Mərkəzində baş məşqçi vəsifəsində çalışıram. Bu illər ərzində Təhsil Nazirliyi tərəfindən 4 dəfə fəxri fərmanla təltif olunmuşam. Məşqçilik fəaliyyətim ərzində SSRİ idman ustası, beynəlxalq dərəcəli idman ustası və əməkdar idman ustası hazırlamışam. Müstəqillikdən sonra (1992) Azərbaycan Ağır Atletika Federasiyasının I vitse -prezidenti və yığma komandanın baş məşqçisi vəzifəsində çalışmışam. Bu dövr ərzində Avropa və dünya çempionları, mükafatçıları hazırlamışam. Məşqçi kimi ilk uğurum 1995-ci ilə təsadüf edir. Belə ki, həmin il Yunanıstanın Kavala şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında yetirməm Turan Mirzəyev gümüş medal qazanıb. Komandamız 1996-ci ildə Norveçin Stefangel şəhərində keçirilən qitə yarışında üçüncü yerə layiq görüldü. 1997-ci ildə Macarıstanın Tatabanya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov və Zahid Nəzərov gümüş medallara sahib oldular. Azərbaycana ağırlıqqaldırma idman növündə ilk qızıl medalı 1998-ci ildə İspaniyanın Lakoruna şəhərində keçirilən qitə çempionatında məhz Zahid Nəzərov qazandırdı. Əfqan Bayramov isə həmin çempionatda gümüş medal əldə etdi. Yetirməm Nizami Paşayev iki dəfə gənclər, iki dəfə isə böyüklər arasında dünya çempionu tituluna sahib çıxıb. O həmçinin böyüklər arasında ikiqat Avropa çempionu tituluna layiq görülüb. Mənim Azərbaycan ağırlıqqaldırması tarixində ən böyük uğurum 2009-cu ilə təsadüf edir. Həmin vaxt Rumıniyada keçirilən Avropa çempionatında komandamız 39 ölkə arasında 3-cü yeri tutmuşdu.
- Qeyd etdiyiniz kimi, bu nailiyyətləriniz dövlət tərəfindən layiqincə qiymətləndirilib.
- Ağırlıqqaldırma idman növündə əldə etdiyim uğurlar dövlət tərəfindən də qiymətləndirilib. Belə ki, 1985-ci ildə ümumittifaq dərəcəli hakim adını qazanmışam. 1987-ci ildə Azərbaycanın Əməkdar məşqçisi adına layiq görülmüşəm. 1990-cı ildə beynəlxalq dərəcəli hakim adını almışam. Bundan başqa idman sahəsindəki xidmətlərimə görə 2005-ci ildə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülmüşəm. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr Sərəncamı ilə mənə Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi adı təqdim olunub. 4 dəfə ilin ən yaxşı hakimi seçilmişəm.
- Bir neçə ölkədə yarışlarda olmusunuz. Bu illər ərzində sizin üçün ən yadda qalan hadisə hansı olub?
- (Düşünür). Düzünü desəm, maraqlı hadisələr çox olub. Lakin bunlardan birini indiyə qədər unutmuram. Pekin Olimpiya Oyunlarında Nizami Paşayevin çıxışı bu gün də yadımdadır. Nizami həmin yarışda ayağından zədə almışdı. Buna baxmayaraq o, böyük əzmkarlıq və iradə nümayiş etdirdi. Üçüncü yanaşmasında zədəli olmasına baxmayaraq birdənqaldırmada 181 kq nəticəni ram etdi. Üçüncü yanaşmada hər idmançı zədəli halda belə bir nəticəyə nail ola bilməz. Həmin nəticə Pekin Olimpiya Oyunlarında birdənqaldırma hərəkətində ikinci nəticə oldu. Təkanla qaldırmada isə Nizami Paşayev 215 kq çəkini ram etdi. Həmin yarışda mən həyəcandan dişimi necə sıxdımsa, dişim qırıldı. Digər hadisə isə Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına təsadüf edir. Mən həmin yarışda münsiflər heyətinin üzvü idim. Avqustun 17-də Nicat Rəhimov yeniyetmələrin Olimpiya Oyunlarında çempion oldu. Bu, əlamətdar hadisə mənim ad günümlə eyni vaxta təsadüf edirdi. Həmin gün Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq mənim ad günümü təntənəli şəkildə təbrik etdilər.
- Avqust ayı sizin üçün əlamətdar bir aydır. Doğum gününüz avqust ayına təsadüf edir. Ad gününüzü necə qeyd edəcəksiniz?
- Mən ad günlərimi hər zaman ailəmlə qeyd etməyi sevirəm. Əsasən, ad günlərimdə Azərbaycanın gözəl guşələrinə səfər edirəm. Bu il də belə olacaq. Mən hər zaman öz işimdə məsuliyyətli olmağa çalışıram. Qarşıda böyük planlarım var. Bir sıra yarışlarda iştirak edəcəyəm. Bunun özü də bir səfərdir.
Qeyd edim ki, bu il Türkmənistanın paytaxtı Aşqabad şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatı təşkil olunacaq. Mən də həmin yarışa dəvət almışam. Həmin yarışda ölkəmizi hakim qismində təmsil edəcəyəm. Arzum budur ki, ölkəmizi Tokio Olimpiadasında da hakim qismində təmsil edim. Qeyd edim ki, Türkmənistanda keçirilən dünya çempionatı hakimlər üçün lisenziya xarakterli əsas yarışlardan biri sayılır.
- Vahid müəllim, xaraktercə çılğın və emosional insansınız. Sizi özünüzdən çıxaran səbəblər hansılardır?
- Mən heç vaxt haqsızlığa göz yuma bilmirəm. Həyatda hər zaman düzgünlüyün tərəfdarı olmuşam. Yəqin ki, elə buna görə tez özümdən çıxıram. Amma aqressiyanı yaxın buraxmıram. Hər zaman çalışmışam ki, gənclərimiz milli ruhda yetişsinlər, millətini dövlətini sevsinlər. Qeyd etdiyim kimi, 1971-ci ildən idmandayam. Bu gün sözün həqiqi mənasında ölkəmizdə idmana diqqət və qayğı göstərilir. Dünya ölkələri arasında əhalisinə və ərazisinə görə elə də böyük olmayan ölkəmiz idman sahəsində parlaq uğurları ilə diqqət çəkir. Sevindirici haldır ki, balaca dövlət olmağımıza baxmayraq, idmanda çox böyük nəticələr qazanmışıq. Biz idmançılar və məşqçilər çalışmalıyıq ki, bu qayğıdan yararlanaraq dövlətimizin bayrağını hər zaman yüksəklərdə dalğalandıraq.
- Bölgələrdə ağırlıqqaldırmanın səviyyəsi nə yerdədir?
- Federasiyamızın vitse-prezidenti Tofiq Heydərov regionlarda ağırlıqqaldırmanın inkişafına diqqət və qayğı ilə yanaşır. Onun qayğısı sayəsində bölgələrdə yeniyetmə ağırlıqqaldıranlarımız yetişirlər. Bölgələrdə məşq zallar təmir olunur. Bu yaxınlarda Lənkəranda və Lerikdə zallar təmir olunduqdan sonra yenidən gənclərin istifadəsinə verildi. Bir sözlə, bölgələrdə də bu idman növünün inkişafı üçün müəyyən işlər həyata keçirilir. Çalışacağıq ki, bütün gücümüzü ortaya qoyaraq ağırlıqqaldırma idman növünün əvvəlki ənənələrini geri qaytaraq. Ən böyük arzum ölkəmizdə bu idman növü üzrə Olimpiya çempionu yetişdirməkdir.
- Ağırlıqqaldırma idman növündə sizi narahat edən məsələ nə ilə bağlıdır?
- Mütəxəssislərlə bağlı məsələ məni çox düşündürür. Yığma komandaya təcrübəli məşqçilər rəhbərlik etməlidirlər. Belə məşqçilər əsasən, müəyyən göstəricilər əsasında yığmaya götürülməlidirlər. Bu göstəricilər nailiyyət qazanan məşqçilərə aid edilməlidir. Təcrübəsiz məşqçinin nəticə gözləməsi qeyri-mümkündür. Hazırda bizim üçün sevindirici haldır ki, gənc məşqçilərimiz də nəticə qazanmaq üçün böyük səy göstərirlər.
- Buenos-Ayres-2018-də iştirak etmək üçün ağırlıqqaldıranlarımız 1 lisenziyanı təmin ediblər. Amma bu lisenziya üçün bir neçə namizəd var. Təcrübəli bir mütəxəssis kimi hansı atletimizin bu yarışda iştirakını məqsədəuyğun sayırsınız?
- İtaliyada keçirilən yeniyetmələrin Avropa birinciliyini təhlil etdim. 3 idmançı arasında əsas namizəd kimi Tamerxan Babayevi görürəm. Rüstəm Qasımov bu yarışda o qədər də uğurlu çıxış edə bilmədi. Digər lisenziya qazanan idmançımız Füqan Əliyev də çox perspektivli idmançıdır. Lakin mənim ən real namizədim Tamerxandır. Onun şansları digər komanda yoldaşlarına nisbətən çoxdur. Hələ vaxta var. Ola bilər ki, Buenos-Ayres-2018-ə kimi əsas favorit dəyişilsin. Yekunda əsas qərarı Məşqçilər Şurası verəcək. İnanıram ki, atletimiz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ilk üçlükdə qərarlaşmağa müvəffəq olacaq.
Azər Əlizadə


Bu yazı

10449 dəfə oxunub

Tarix

2018-08-17 10:36:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook