CÜDO: “Gündoğar ölkə”dən dünyanı fəth edən idman növü


Bu gün milyonlarla idmançının məşğul olduğu əlbəyaxa döyüş növləri böyük tarixi mərhələlərdən keçib. Asiyada yaranan həmin idman növləri arasında cüdo idman növünü misal göstərmək olar. Yarandığı ilk dövrlərdə böyük nüfuz axtarışında olan cüdonu Yaponiyada "ciu-citsu” adlandırırdılar.
Yalnız XIX əsrin ikinci yarısında ciu-citsu təşəkkül tapmağa başladı. Yaponiya məktəblərindən birinin gənc müəllimi Ciqaro Kanonu (1860-1938) gənclərin fiziki və mənəvi tərbiyəsi problemi tez-tez düşündürürdü. O, bu qənaətə gəlmişdi ki, gənclərə maraqlı bir idman növü gərəkdir.Ciqaro Kano ciu-citsudan ən maraqlı, yaxşı fəndləri seçdi, ağır zədəyə səbəb ola biləcək zərbələri ixtisar etdi. Beləliklə, o güləşin yeni növünü yaratdı və ona "cüdo” adı verdi. Ciqaro Kano bununla sübut etmək istəyirdi ki, cüdo ciu-citsu ilə müqayisədə daha üstündür. Hər iki güləş növünün birinci hissəsi (yaponca "ciu” və "cü” eyni səslənir) elastiklik, çeviklik bacarığı mənasını verirsə, "citsu”- praktika, "do” isə prinsip, dəst-xətt, nöqteyi-nəzər deməkdir. Yəni, əgər ciu-citsu fəndlərə, cəldliyə, sayıqlığa görə müvəffəqiyyət qazandırırsa, cüdo diqqətli olmağı, bir anda vəziyyəti götür-qoy etməyi, qərar çıxarmağı və bu qərarı yerinə yetirməyi tələb edir.
XX əsrin ilk illərində cüdo Asiya, Avropa və hətta Amerikanın bir sıra ölkələrində yayılmağa başladı. Odur ki, Kodokan da məşhurlaşdı. Onun banisi Ciqaro Kano Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçilmişdi. O, 1938-ci ildə 79 yaşında dünyasını dəyişir, vəsiyyətinə əsasən onun işini oğlu Risei Kano davam etdirir. Beləliklə, Risei Kodokanın rəhbəri, sonralar isə Beynəlxalq Cüdo Federasiyasının ilk prezidenti oldu. Hazırda cüdo üzrə yaponiyalı məşqçilər və müəllimlər 100-dən çox ölkədə işləyirlər.
Daha sonra isə Kano cüdonu dünyada yaymaq haqqında fikirləşməyə başlayır. Bu məqsədlə o, öz tələbələri ilə Avropa və Amerikaya səyahətə çıxır. Onlar hər ölkədə cüdonun üstünlüyünü göstərərək Kodokan məktəbinin filiallarını açırdılar. Cüdo ilə məşqul olanlara hətta təqaüd də verilirdi. Beləliklə də, XX əsrin əvvəllərində cüdo Fransada, İngiltərədə, Braziliyada, Belçikada, Hollandiyada, İspaniyada və s. bu kimi inkişaf etmiş ölkələrdə yayılmağa başladı və tez bir zamanda geniş şöhrət qazandı.


Tokiodan başlayan yol Bakıdan keçir
Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradıldı. 1956-cı ildə Tokioda ilk dünya çempionatı keçirildi. Həmin yarış 1958-ci ildə Parisdə təkrarlandı. Əvvəlcə, cüdoda çəki dərəcələrinə bölünmə yox idi və hər iki dünya çempionatında yaponlar qalib gəlmişdilər. Lakin 1961-ci ildə keçirilmiş dünya çempionatında hollandiyalı Anton Hessinkin çempion olması yaponların şöhrətinə zərbə endirdi və bu, onları məcbur etdi etdi ki, çəki dərəcələri sistemini yarışlarda tədbiq etsinlər. İlk çəki dərəcələri belə olmuşdur: 68 kq, 80 kq, +80 kq və mütləq çəki dərəcəsi. Mütləq çəkidə çəkisindən asılı olmayaraq bütün cüdoçular güləşə bilərlər. 1964-cü ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edən yaponlar cüdonun Olimpiya oyunlarının proqramına daxil olunmasına nail oldular. Təkcə 1968-ci il Olimpiya oyunlarında cüdo proqrama daxil olunmamışdır. 1972-ci ildə Münhendə Olimpiya oyunlarında isə cüdo proqrama yenidən daxil olundu və indiyə qədər də bu, davam edir.


Ötən əsrin əvvəllərindən Azərbaycanda başlayan inkişaf dövrü
Azərbaycan Cüdo Federasiyası 1996-cı il dekabrın 29-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1992-ci ildən BCŞ, ACŞ-ın üzvüdür. 1996-2014-cü illərdə Azərbaycan Respublikası Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov olub. 2015-ci iln sentyabrından Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasına rəhbərlik edir. 1964-cü ildə Tokioda artıq Olimpiya Oyunları proqramına daxil edilən cüdonu, hələ o vaxtlar, Azərbaycanın da daxil olduğu SSRİ məkanında tanımırdılar. Bu idman növü respublikamızda 1972-ci ildən müntəzəm olaraq Olimpiya Oyunlarına daxil olunub və daha da inkişaf edib, yayılmağa başlayır. 1972-ci ildə keçmiş SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar verir. Respublikamızın Bədən Tərbiyəsi və İdman Komitəsində bu növə məsul şəxs kimi Ağarza Əhmədov təyin olunur. Ağarza müəllim az sonra həm də milli komandanın baş məşqçisi təyin olunur. 1972-ci ilin dekabrında Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan Ağarza Əhmədov və Viktor Kuznetsov Tallində təşkil olunmuş məşqçilərin ilk ümumittifaq seminarında iştirak etmişlər. Daha sonra Azərbaycandan iki nəfər - Əhməd Rəcəbli və Viktor Kuznetsov ümumittifaq cüdo hakimləri seminarına göndərildi. 1973-cü ildə Ukraynanın Feodosiya şəhərində keçirilmiş məşqçilərin ikinci ümumittifaq seminarında Zair Məmmədov, Tərlan Həsənov, Rauf Şəfiyev iştirak etmişlər. Seminardan sonra Moskva ətrafında cüdo üzrə I ümumittifaq yarışları keçirildi. Bu yarışa əvvəlki ümumittifaq seminarı bitirən hakimlər də dəvət olunmuşdu. Həmin yarışda həmyerlimiz Sahib İsmayılov üçüncü yeri tutub. 1972-ci il dekabr ayının 21-22-də respublika stadionunun idman sarayında Azərbaycan məşqçiləri və hakimlərinin ilk seminarı keçirilir. Bu seminardan sonra Bakı, Sumqayıt, Əli Bayramlı və Gəncədə ilk bölmələr fəaliyyətə başladı.

Cüdo üzrə ilk respublika birinciliyi 1973-cü ildə Sumqayıtda keçirilib. İlk çempionat isə 1973-cü ildə respublika stadionunun idman sarayında keçirilib.
1981-ci ildə Azərbaycan məşqçiləri arasında ilk əməkdar məşqçi adını Əhməd Rəcəbli alıb. Əhməd Rəcəbli cüdo mütəxəssisləri arasında ilk əməkdar bədən tərbiyəsi və idman işçisidir. Ondan sonra isə Ağayar Axundzadə olmuşdur. 1970-ci ildə sambo üzrə beynəlxalq dərəcəli hakim Arif Ələkbərov olub. İlk dəfə SSRİ-nin əməkdar məşqçisi adını Ağayar Axundzadə alıb.
Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası isə Gülşən Şirinova olub. İlk ümumittifaq dərəcəli hakim Rauf Şəfiyev, ilk beynəlxalq dərəcəli hakimlər isə Zair Məmmədov və Valeh Məhərrəmov olublar.
Azərbaycanın ilk cüdo məşqçilərindən Rauf Şəfiyev, Ağarza Əhmədov, Tərlan Həsənov, Rauf Şəfiyev, Viktor Kuznetsov, Cərulla Sinqarov, Səməd Şəhriyarov, Əhməddin Rəcəbli, Ənvər İsgəndərov, Kivi Cəlilaşvili, Sergey Seleznyov, Abbas Şahverdiyev, Arkadi Koretski, Fikrət Zeynalov, Ağayar Axundzadə, Hacıağa Hacıəhmədov, Əli Dərvişov, Musa İsmayılov, Tərlan Poladov və başqalarını göstərmək olar. İlk beynəlxalq dərəcəli idman ustasını Qüdrət Pəncəliyev qazanıb, ilk SSRİ əməkdar idman ustası adına Nazim Hüseynov layiq görülüb.
Qarabağ torpağı uğrunda vuruşmuş, Azərbaycanın müstəqilliyinin qazanılmasında fədakarlığına görə cüdo üzrə idman ustası, polis kapitanı İsmayılov İlqar Sədi oğlu Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Dovlət Təhlukəsizliyi Xidmətinin rəisi, vəzifəsində çalışan cüdo üzrə idman ustası, Mədət Quliyev 26 dekabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Cüdo üzrə ilk klublar "Dinamo”, "Burevestnik”, "Lokomotiv”, "Vodnik”, "Məhsul” Gəncə və Sumqayıt şəhərində fəaliyyət göstərmişdir. Hazırda cüdo üzrə "Attila” İK, AHİTA, "Dinamo” İC, MOİK, "Təhsil”, "Neftçi”, "Məhsul”, "Zenit”, "Lokomotiv”, "Spartak”, "Gənclik” TİC, "Pəhləvan” İK, "Kimyaçı”, "Gömrük”, "Sərhədçi” klubları fəaliyyət göstərir. Respublikamızın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Yevlax, Göygöl, Şəmkir, Samux, Naftalan, Şəki, Zaqatala, Qəbələ, Şamaxı, İsmayıllı, Şirvan, Saatlı, Quba, Xaçmaz, Dəvəçi, Qusar, Siyəzən, Xızı, Masallı, Yardımlı, Ağdam və başqa rayon və şəhərlərində cüdo idman növü inkişaf etdirilir.


Olimpiya zirvəsinə yüksələn qaliblər

1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya Oyunlarında cüdo ilk dəfə olimpiya oyunlarının proqramına daxil edilmişdir.
1992-ci ildə Barselonada keçirilən olimpiadada MDB yığmasını təmsil edən idmançımız Nazim Hüseynov cüdo üzrə ilk azərbaycanlı Olimpiya çempionu olmuşdur.
Eyni uğuru 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Elnur Məmmədli təkrarlamışdır.

Pekin-2008 Olimpiya Oyunlarının 3-cü günündə Azərbaycan idman ictimaiyyətinin, habelə dünyanın müxtəlif yerlərində aparılmış sorğuların nəticəsinə görə, öz çəkisində Olimpiadanın favoritlərindən sayılan 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elnur Məmmədli I yerə çıxdı. İlk olaraq, Belçikalı rəqibi Dirk Van Tiçelt üzərində inamlı qələbə qazanan cüdoçu növbəti görüşdə Belarus idmançısı Konstantin Semyonovu da çətinlik çəkmədən məğlub etdi. 3-cü görüşdə isə o, Koreya Xalq Demokratik Respublikasını təmsil edən Çol Su Kimi məyus edərək, yarımfinala yüksəldi. Elnur artıq 54-cü saniyədə rəqibinin kürəyini yerə vursa da, hakimlər cüdoçumuza xal vermədi. Bununla belə E.Məmmədli çıxışlarını davam etdirərək, saxlama fəndi ilə qələbə qazandı. Burada onun rəqibi favoritlərdən sayılan, güclü yapon cüdoçusu Yusuke Kanamarunu erkən məğlub edən iranlı Əli Malomat oldu. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu görüşdə də rəqibi məğlub etmək üçün Elnura çox vaxt lazım olmadı. Beləliklə, 20 yaşlı gənc idmançımız finala vəsiqə qazandı. Həlledici final mərhələsində Elnur Məmmədli "köhnə rəqibi” koreyalı Ki Çun Vanqla üz-üzə gəldi. Ötən il gənclər arasında dünya birinciliyinin yarımfinalında və Olimpiya lisenziyalı dünya çempionatının finalında Elnurdan üstün olmuş koreyalıdan revanş almaq üçün yaranmış bu əlverişli şansı bu dəfə həmyerlimiz əldən vermədi və onu 13 saniyə ərzində təmiz qələbə ilə -”ippon”la məğlub etdi.
Azərbaycan cüdoçusu Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında ölkəmizə ilk, həm də qızıl medalı qazandırıb.
Qeyd edək ki, cüdo ustası Elnur Məmmədli keçirdiyi 5 görüşün 5-ni də təmiz qələbə ilə başa vuraraq Olimpiya Oyunlarının qalibi olmaqla yanaşı, həm də bir növ ən qısa vaxt ərzində rəqiblərini məğlub etməklə, yeni rekorda imza atıb.
XXIX Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanın axırıncı çıxış edən cüdoçusu Mövlud Mirəliyev uğurlu start götürüb. 100 kq dərəcəsində yarışan idmançımız ardıcıl üç qələbə qazanıb. O, öncə əlcəzairli Hasen Azzounu ippon fəndinə salıb. Növbəti görüşdə isə cüdoçumuz Levan Zorzolianini (Gürcüstan) məğlub edib.

M.Mirəliyev bu görüşdə də ipponla qələbə qazanıb. Püşkə əsasən, həmyerlimiz 1/4 finalda rumıniyalı Daniel Brata ilə qüvvəsini sınayıb. Bu dəfə də M.Mirəliyev rəqibini açıq-aşkar üstələyib. "Vazari” və "yuka” fəndləri işlədən cüdoçumuz bununla da yarımfinala vəsiqə qazanıb.Yarımfinalda təmsilçimizin rəqibi Monqolustan cüdoçusu Tuvşinbayar Naydan olub. Finalın bir addımlığında rəqibinə məğlub olan M.Mirəliyev 3-cü yer uğrunda görüşdə polşalı Prjemislav Matyaseklə qarşılaşıb. Bürünc mükafat uğrunda rəqibinə yuka və vazari fəndləri ilə qalib gələn idmançımız ölkəmizə 4-cü medalı qazandırıb.
Qeyd edək ki, buna qədər Pekin Olimpiadasında tatami üzərinə çıxan 5 cüdoçumuzdan yalnız biri - Elnur Məmmədli (73 kq) qızıl medal əldə edib. Ramil Qasımov (66 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), eləcə də Kifayət Qasımova (57 kq) fəxri kürsüyə yüksələ bilməyib. Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazandılar. Təkcə, 2017-ci ilin cüdo nəticələrini təhlil etdikdə, rəsmi beynəlxalq yarışlarda böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri beynəlxalq səviyyəli yarışlarda 193 medal qazanıblar. Bunlardan 68-i qızıl, 57-si gümüş və 68-i bürünc medaldır. 2017-ci ildə Macarıstanın Budapeşt şəhərində keçirilmiş dünya çempionatında Azərbaycan cüdoçuları 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov və 73 kq çəkidə yarışan Rüstəm Orucov dünya çempionatının gümüş medallarına sahib oldular. Ağır çəkili idmançılarımız Elmar Qasımov və İrina Kindzerska isə mundialın bürünc medalına sahib oldu.
Dünya çempionatının Azərbaycan cüdosu üçün ən əlamətdar hadisəsi isə Beynəlxalq Cüdo Federasiyasının Budapeştdə keçirilmiş növbəti hesabat-seçki konqresində Azərbaycan Cüdo Federasiyasının prezidenti cənab Rövnəq Abdullayevin bu qurumun İcraiyyə Komitəsinə üzv seçilmişdir.
Polşanın Varşava şəhərində keçirilmiş Avropa çempionatında isə cüdoçularımızın ən gənc üzvü Hidayət Heydərov və komandanın kapitanı Elxan Məmmədov bütün rəqibləri üzərində parlaq qələbələr qazanaraq Avropa çempionu adna layiq görüldülər. Daha üç cüdoçumuz Orxan Səfərov, Nicat Şıxəlizadə və Rüstəm Orucov isə çempionatın bürünc medalını qazanıblar.
12-22 may 2017-ci il tarixlərində paytaxtımızda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında tam heyətlə iştirak etmiş kişilərdən ibarət cüdo üzrə milli komandamız fərdi yarışda 5 qızıl, 2 gümüş, komanda yarışında da qızıl medal qazanıb. Qadın millimizin üzvləri isə komanda yarışının gümüş medalını, fərdi proqramda isə 1 qızıl və 5 gümüş medal qazandılar.
Bu həftə ölkəmiz daha bir mötəbər idman tədbirinə ev sahibliyi edəcək. Belə ki, sentyabrın 20-27-də Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı təşkil olunacaq. Dünya çempionatında 133 ölkədən 828 cüdoçu tatami üzərinə çıxacaq. Dünya çempionatında ölkəmizi 9 kişi və 6 qadın cüdoçu təmsil edəcək. Onların hər birindən medal gözləyirik. Ona görə ki, cüdoçularımız Yay Olimpiya oyunlarında 2 qızıl, 2 gümüş və 1 bürünc medal, Avropa cempionatlarında 11 qızıl, 15 gümüş, 16 bürünc (1992-2017), dünya çempionatlarında isə 1 qızıl, 3 gümüş, 10 bürünc medal qazanmışlar (1991-2017).
Azərbaycan Respublikasında müstəqilliyimiz dövründə başqa idman növləri kimi, cüdo idman növünün kütləvi inkişafı, qazanılmış medalların əsas səbəbi xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.









Bu yazı

14719 dəfə oxunub

Tarix

2018-09-18 10:08:18

Yazını

Çap et

Yazını

Paylaş