“Özünə inanmayan idmançıya heç kim inanmaz”


Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin ev sahibliyi edəcəyi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına çox az vaxt qalır. Xəbər verdiyimiz kimi yarış oktyabrın 6-dan 18-nə kimi davam edəcək. Oyunlarda dünyanın ən güclü yeniyetmə idmançıları 32 idman növündə qüvvələrini sınayacaqlar. Yarışlarda Azərbaycanı 9 idman növündə 17 idmançımız təmsil edəcək. Atletlərimiz Cənubi Amerikada boks, atletika, stolüstü tennis, taekvondo, cüdo, güləş, gimnastika, ağırlıqqaldırma və üzgüçülük yarışlarında öz bacarıqlarını nümayiş etdirəcəklər. "Olimpiya dünyası” qəzetivə olimpnews.az saytılisenziya qazanan idmançılarımla bağlı müsahibələri oxucularına təqdim edir.Həmsöhbətlərimiz Rüstəm Məmmədovdu.

- Rüstəm, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıq necə gedir?
- Yaxşıdır. Bütün diqqətimizi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yönəltmişik. Təlim-məşqlərdə, sınaq xarakterli yarışlarda iştirak etmişik. Lakin bu barədə çox danışmaq istəməzdim. Əsas sözlər yox, əməldir. Düşünürəm ki, əgər gördüyün işinlə dediyini təsdiqləyə bilmirsənsə, söylənilənlərin əhəmiyyəti yoxdur. Ona görə də yaxşısı budur ki, səbrli olub, nəticəni gözləyək.

- Buenos-Ayres-2018-ə lisenziyanı hansı yarışda qazanmısan?
- İyul ayında Macarıstanın Gyor şəhərində yeniyetmələr arasında atletika üzrə Avropa çempionatı keçirilirdi. Oyunlara lisenziya xalı verən bu yarışda mən də iştirak edirdim. Çempionat mənim üçün uğurlu oldu. Üçtəkanla tullanma yarışlarında 15,16 metr nəticə göstərərək, bürünc medal qazandım. Ən əsası isə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə etdim. Təbii ki, bu nəticəyə görə çox sevinirəm. Mənə yaradılan şəraitə görə Azərbaycan Atletika Federasiyasına minnətdarlığımı bildirirəm.

- Bəs psixoloji hazırlığın nə yerdədir?
- Heç bir problem yoxdur. Özümə inanıram. Özünə inanmayan idmançıya heç kim inanmaz. Lakin atletika idman növündə gərək psixoloji hazırlıqdan savayı diqqətin də maksimum olsun. Başqa idman növlərində necə olduğunu deyə bilmərəm. Amma atletikada bir saniyəlik cüzi diqqətsizlik belə, idmançının çıxışına mənfi təsir göstərə bilər. Hətta zədə də ala bilərsən. Bu səbəbdən vurğulamalıyam ki, atletikada diqqət amili də çox mühümdür.

- Nəticə barədə düşüncələrin necədir?
- Dediyim kimi, özümə inanıram. Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmışamsa, deməli, bu çətin yarışda mübarizə aparmağa qadirəm. Amma nəticənin necə olacağını deyə bilmərəm. Bildiyim odur ki, Argentinaya yollanacağımız son günə kimi çalışmaq lazımdır.

- Məşqçilərinin yarışla bağlı düşüncələri necədir?
- Düşünürəm ki, onlar da mənə inanırlar. Hər halda inanmasalar bu qədər əziyyət çəkməzdilər. Bizim qədər onlar da yorulurlar. Bir də ki, inanmaq şərtdir. Çünki inam qələbənin yarısıdır.



Bu yazı

6174 dəfə oxunub

Tarix

2018-09-19 12:40:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook