İDMAN RUHLU ADAM

Futbol ehtirasları azarkeşlərin həyatının atributlarına çevrilib



- Mobil müəllim, sizin futbol dünyasının ulduzları, ümumiyyətlə, futbolla bağlı maraqlı, eyni zamanda özünəməxsus faktlara söykənən təhlil xarakterli yazılarınız eksklüziv olaraq "Olimpiya dünyası” qəzetində və olimpnews.az saytında dərc olunur. Qəzetimizin çoxsaylı oxucuları, futbol azarkeşləri tərəfindən daim maraqla qarşılanan bu yazıların müəllifini onlar yaxından tanımaq istərdilər....

- İxtisasca hüquqşünasam. Uzun müddət və yalnız prokurorluq orqanlarında çalışmışam. Uşaqlıq çağlarından çox sahələrə maraq dairəm böyük olub: ədəbiyyata,incəsənətə, idmana.... Ümumiyyətlə, uşaqlıqdan, necə deyərlər, "idman ruhlu” olmuşam. Idmanın əksər növlərinə maraq göstərərək yarışları izlərdim. Futboldan savayı, şahmat, hokkey, voleybol, həndbol, basketbol, vaterpol (su polosu) da ön sırada idi. Futbol mövzusunda rəsmlər çəkməyi çox xoşlayırdım. Qəzet-jurnallara baxaraq oradakı şəkilləri, necə deyərlər, improvizasiya edərək albomlara köçürürdüm. Təsəvvür edin ki, Ağcabədidə orta məktəbdə oxuduğum illərdə rayonda yalnız mən iki il ərzində "Шахматы в СССР” jurnalına abunə yazılmışdım. Tələbəlik illərində bütün şahmat jurnallarını müntəzəm olaraq alırdım. Həmin jurnalların böyük əksəriyyəti cildlənmiş şəkildə indi də məndə qalır. Şahmat, futbol, hokkeylə bağlı qəzet və jurnallarda keçirilən viktorinalar və müsabiqələrdə bir qayda olaraq, iştirak etməklə əksər hallarda qaliblər sırasında olardım. Respublika Prokurorluğunda, işlədiyim illərdə də nəinki "idman ruhum” qalmışdı, əksinə daha da alovlanmışdı. Şahmat yarışlarında, müsabiqə və viktorinalarda yenə də iştirak edir, həftədə iki dəfə işdən sonra keçmiş "Spartak” stadionunda mini- futbol oyunlarına qatılırdım. "Neftçi”nin Bakıdakı oyunlarına isə stadionda baxırdım.

SSRİ çempiomatının güclülər dəstəsində çıxış edən Qırmızı Bayraqlı Xəzər Donunmasının (QBXD-vaterpol), Azərbaycan Neft və Kimya İnstitutunun (AZNKİ-voleybol), eləcə də həndbol komandalarımızın (müxtəlif vaxtlarda müxtəlif adlarla çıxış ediblər) oyunlarını idman arenalarından izlədiyim hallar da olurdu.

- Futbola belə böyük maraq sizdə hardandır?

- Uşaqlıq illərim Cəbrayıl və Zəngilan rayonlarında keçib. Uşaqların böyük əksəriyyətində olduğu kimi, mənim uşaqlıq dünyamda da futbolun ayrıca yeri olub. O vaxtlar da uşaqlar indi olduğu kimi, futbola daha çox meyl edirdilər. Siniflər, məhəllələr, məktəblərarası yarışlar uşaqların sevimli əyləncəsi idi. O illərdə dünya şöhrətli hakim Tofiq Bəhramovun "1001-ci matç” kitabı əldən-ələ gəzirdi. Bu kitabın bütün fəsillərini əzbərdən bilirdim. Yolum Bakıya düşən kimi satışda olan futbol kitablarını alırdım. Futbol oynamaqdan doymazdım. Daha çox özümdən yaşca böyük uşaqlarla oynamağa həvəs göstərərdim. Hətta o illərdə bir dəfə çox populyar olan məktəblilərin "Sevinc” kuboku uğrunda respublika birinciliyinin rayonlararası zona yarışında yerli komandanın tərkibində oynamışam da. Atam da futbol həvəskarı olduğundan televiziyada göstərilən oyunlara birlikdə baxardıq. O, çoxsaylı qəzet-jurnallara abunə yazıldığından həmişə idmanla, xüsusən futbola bağlı ətraflı məlumatlara malik olardım. Bir sözlə, uşaqlıq, yeniyetməlik illərindən dünyanın futbol aləmindən xəbərdar idim. Doğma "Neftçi”nin də çıxış etdiyi SSRİ çempionatının güclülər dəstəsinin komandalarının heyətlərini, statistik göstəricilərini, oyunların qrafikini əzbər bilirdim. Artıq çox illər keçmiş, dövranlar bir-birini əvəz etmişdir. Amma mənim idmana, xüsusən futbola olan münasibətim dəyişməmişdir. Futbol dünyası ilə yaxından tanışlığımın, belə demək mümkünsə, dostluğumun kökləri, sirləri bundan ibarətdir.

- Futbolda baş verən hadisələrə özünəməxsus yanaşma tərziniz var. Son vaxtlar imzanızın müntəzəm olaraq "Olimpiya dünyası” qəzetinin səhifələrində və olimpnews.az saytında görünməsi idman ictimaiyyəti, oxucular tərəfindən rəğbətlə qarşılanmaqdadır. Etiraf edək ki, yazılarınız, açıqlamalarınız, çox maraqlıdır. Hətta açıqlamalarınızın, təhlillərinizin çox oxunaqlı olması əslində bütün yazılarınızdan boylanır. Necə düşünürsünüz, fikirlərinizi oxuculara tam çatdıra bilirsinizmi? Bir də necə oldu ki, silsilə yazılarınızı çap etmək üçün bizim qəzetə və olimpnews.az saytına təqdim etdinizı?

- Öncə demək istərdim ki, mən xüsusi olaraq futbol mövzularını axtarmıram. Maraqlı futbol mövzuları, necə deyərlər, özləri gəlib məni tapır. Əslində elə mövzular seçilməlidir ki, geniş oxucu kütləsinin marağına səbəb olsun.Sirr deyildir ki, futbol ehtirasları azarkeşlərin həyatının atributlarına çevrilib. Çılğın azarkeşlər futbolun sevincini də, stressini də paralel olaraq yaşayırlar. Bu hisslər futbolsevərlərin psixologiyasında birdəfəlik özünə yer eləyir. Bəli, futbolu sevənlər istər-istəməz izaholunmaz duyğularla, sevinclə, məmnunluqla, yanaşı, əsəbilik, kədər, streslə də üz-üzə qalmalı olurlar. Dramatik anlar yaşanan futbol oyunlarında nələr olmur.... Təbii ki, dediklərimizin hamısı var. Beşlik ölkələrin çempionatlarının oyunlarının demək olar ki, hamısını seyr edirəm. Eləcə də Çempionlar Liqasının oyunlarını və həmçinin digər matçları da. Elə oyunlar da olur ki, ürək döyüntüləri ilə izləyirəm. Üzücü hisslər keçirdiyim vaxtlar da olur. Hətta yaşadığım gərgin anlar da baş verir. Bu baxımdan futbol hisslərimi, duyğularımı, eləcə də təhlillərimi, arqumentlərimi asanlıqla sətirlərə köçürməyə nail oluram. Və təbii ki, məncə fikirlərimi də oxuculara tam çatdıra bilirəm. Futbolla bağlı yazılarımı yaradıcılığımda son vaxtların ən uğurlu məqalələrimdən hesab edirəm. O ki, qaldı silsilə yazıların sizin qəzetinizdə çap olunmasına. Baş redaktor Murad müəllimlə və olimpnews.az saytının rəhbərliyi ilə arabir görüşəndə idmanla bağlı, xüsusən futbolla əlaqədar diqqəti çəkən söhbətlərimiz olurdu. Günlərin birində o, dedi ki, fikirləriniz, mülahizələriniz, yaxın və uzaq keşmişlə bağlı açıqlamalarınız, bütövlükdə futbol dünyası və ulduzlarla bağlı qeydləriniz oxucular üçün çox maraqlı olar. Beləcə, ardıcıl yazılar qəzetinizin səhifələrində yer almağa başladı. Maraqlıdır ki, yazılarımdakı futbolla bağlı gizlənən, deyilməyən sirrlərin üzə çıxmasını oxucular, mütəxəssislər rəğbətlə qarşıladılar.

- Artıq neçə ildir ki, bütün dünyanın futbol azarkeşləri əsasən iki yerə bölünüblər: Messi və Ronaldo azarkeşləri. Əslində hazırda da belədir. Bu dəyişməzlik çoxmu davam edəcək? Bir futbol azarkeşi və yazarı kimi soruşmaq istəyirik. Bəs niyə onlar səviyyədə üçüncü namizəd yetişmir?

- Əvvəlcə yada salmaq istərdim ki, Messi haqqında yazım "Olimpiya dünyası” qəzetində getmişdir. Əlbəttə, hər ikisi futbol əfsanəsidir. Anadangəlmə istedad baxımından hər ikisi əlçatmaz, möhtəşəm olublar. Bu futbolçular artıq dahi futbolçu imicini qazanıblar. Belə futbolçular yetişmirlər, sadəcə doğulurlar. Amma onlar da yaşlaşırlar. Yaşla bağlı isə ildən-ilə çətinliklər baş qaldırır. Bu da təbii, normal prosesdir. Vaxt gələcək, onlar da gedəcək. Hələ ki, futbol dünyasının üfüqlərində onlara tay üçüncü namizəd görünmür. Ulduz futbolçular vardır. 

Lakin bu iki futbolçunun pik mərhələlərində olduğu səviyyəyə nəinki çatmaq, heç yaxınlaşmaq da hələ görünmür. İki il bundan əvvəl Dibala ortaya çıxanda çoxları düşündü ki, sizin dediyiniz üçüncü namizəd deyəsən yetişir. Amma təəssüf ki, sonradan Dibalanın oyununda eniş və sönüklük müşahidə olunmağa başladı. Ola bilər ki, bəlkə də bu müvəqqəti, keçici haldır. Çünki o, hələ çox gəncdir. Qalan namizədlərə gəlincə isə demək istərdim ki, Neymar, Harri Keyn, Salah, Qrizmann ulduz futbolçular kimi yetişsələr də, heç vaxt Messi, Ronaldo ola bilməcəyəklər.Son vaxtlar Eden Azarın və Mbappenin oyununu futbolevərlər, mütəxəssislər çox bəyənirlər. Hər ikisi gəncdir, uğurları yəqin ki, hələ qabaqdadır. Bir sözlə, Messi və Ronaldo ilə rəqabət apara biləcək, onlara oxşayan, yaxınlaşan real üçüncü namizədi hələlik görmürəm. Ancaq düşünürəm ki, perspektivli gənc futbolçuların içərisindən yeni namizədlər yetişəcək. Belələri yenə futbola gələcək.

- Pele, Puşkas, Eysebio, Banişevski, Maradona və digər keçmiş futbol əfsanələri bügünki dövrdə futbol oynasaydılar, onlar əvvəlki kimi futbol dahiləri ola bilərdilərmi?

- Ümumiyyətlə, paralel, müqayisəli təhlilər aparılarkən hər bir sahə üzrə məsələlərə konkret dövrə, zamana uyğun qiymət vermək lazımdır. Eləcə də bu baxımdan ayrı-ayrı məşhur futbolçuya təkcə zamana, dövrə görə deyil, eyni zamanda onun istedadının miqyasına görə dəyər verilməlidir. Adlarını çəkdiyiniz futbolçular artıq tarixdə iz qoyublar. Vaxtı ilə bu oyunçuları, necə deyərlər, ancaq yerə yıxmaqla dayandırıblar. Onlar bu gün də oynasaydılar, yenə də müdafiəçiləri çaş-baş salardılar. Qeyd etdiyiniz futbolçular bu gün də zirvədə olardılar. Bu gün də onlar oynasaydılar, öz "qızıl” dövrlərini yaşayardılar.

- Böyük beşlik ölkələrinin futbol çempionatlarını qısaca necə xarakterizə etmək olar?

- Futbol bir idman növü kimi bu ölkələrdə çox populyardır. Böyük beşlik ölkələri – səs-küylü futbol ölkələridir. Tamaşaçı, azarkeş kontingenti bu ölkələrdə fərqlidir. Bu ölkələrin adı çəkiləndə dərhal gözümüzün önünə böyük azarkeş kütləsi, tamaşaçı bolluğu gəlir. "Böyük beşlikdə” formalaşmış tamaşaçı, stadionlara axın ənənəsi var. Hamıya bəllidir ki, futbol bu ölkələrdə çox sevilir. Sirr deyildir ki, oyunların ab-havası gözəl olur. Azarkeşlər hər oyunu səbirsizliklə gözləyirlər. Tamaşaçılar futbol ulduzlarına həvəslə baxmağa gəlirlər. Azarkeş stadiona ümidlə, əminliklə daxil olur. Futbolun möcüzələrini, gözəlliklərini görmək, duymaq istəyir. Azarkeşlər futbol ulduzlarının işığı altında stadionlarda hər şeyi unudurlar. Onlar şedevr nümunələrini stadionlardan izləyirlər. Sevimli komandalarını alqışlamağa gələn tamaşaçılar gözəl futbol günlərini elə bayram günləri kimi yaşayırlar. Onlar haldan çıxmaq istəyirlər, qeyri-adi hisslər içində üzürlər. Stadionlarda olduqları müddətdə bütün hissləri yaşayırlar. Sevinc göz yaşları axıdırlar, kədərdən də ağlayırlar. Riqqətə gəlirlər. Hayqırtıları sanki buludlara çatır. Qışqırmaqdan az qala səs telləri qırılır. Onlara elə gəlir ki, ani yuxular görürlər. Bir sözlə, bu ölkələrin çempionatları ayrı bir aləmdir. Sizin təklifinizlə suala qısaca cavab verdim. Amma əslində böyük, maraqlı bir mövzunun söhbətidir.

- Sizi daha çox nə düşündürür: Hakimin bilməyərəkdən çıxardığı səhv qərar, yoxsa bu qərardan sonra ruhdan düşən futbolçunun psixiloji gərginliyi?

- Əslinə qalsa, hər bir halda hakimin bilməyərəkdən də verdiyi səhv qərarı, əgər oyunun nəticəsinə təsir edirsə, bir mənalı şəkildə ən azından futbolçuların psixoloji gərginliyinə səbəb olur. Həlledici, prinsipial görüşlərdə hakim səhvi daha ağrılı təsir bağışlayır. Psixoloji gərginliyini aradan qaldıra bilməyən futbolçuda ruh düşkünlüyü yaranır, içindəki ümid sönür, özünü toparlayıb, yenidən irəli atıla bilmir, qələbə ruhu sınır. Hakimin səhv qərarı onun əzmkarlığını "öldürür”. Əzmkarlıq isə ən vacib keyfiyyətdir. Futbolçu oyuna canını, varlığını qoyur. Bir hakim səhvi isə hər şeyi alt-üst edir. Super, iddialı komandaların oyunlarındakı hakim səhvləri daha dözülməz olur və heç vaxt yaddan çıxmır. Avropa nəhənglərinin oyunlarındakı hakim səhvlərini təsəvvür edin və yaxud bir anlığa yadınıza salın. Məsələn, "Bavariya”-"Real” oyununda hakimin açıq-aşkar səhvləri almanlara baha başa gəldi. "Bavariya” kobud hakim səhvindən uğursuzluğa düçar oldu və növbəti mərhələyə "Real” çıxdı. İndi, hakim səhvlərinin yaratdığı stress hisslərini də təsəvvür edin... Belə oyunlarda əksər hallarda oyunun taleyini bir qol həll edir. Bu qələbəyə də hakim səbəb olursa...Tamaşaçılar, azarkeşlər də kədərlə, ürək ağrısı ilə stadionu tərk edirlər... Amma, nə etmək olar. Hakim də insandır.

Bilməyərəkdən yaranan hakim səhvləri normal haldır. İdeal, tam, mükəmməl hakim ola bilməz.Hakim səhvi taleyin kəskin dönəmi də ola bilər. Necə deyərlər, belə hallarda bəxt komandadan üz döndərir.Başqa sözlə, gün uğurlu olmur, tale komandaya hakim səhvi ilə zərbə vurur. Ümumiyyətlə, hər bir halda mən hakim səhvindən yararlanan komandanın ədalətsiz qəlbəsini qəbul edə bilmirəm.

- Belə deyirlər ki, futbol səhvləri ilə də böyük maraq doğurur. Qərarlar uzun müddət müzakirə edilir. VAR sisteminin köməyi ilə bu səhvlər aradan qaldırılır. Sizcə, futbol səhvləri ilə gözəl deyilmi?

- Futbolda da səhvlər qaçılmazdır. Futbolun gözəlliyi də, sizin dediyiniz kimi, həm də yəqin ki, elə bundadır. Bəli, futbol səhvləri ilə maraqlıdır, amma hakim səhvləri ilə yox. Hər hansı tanınmış futbol ulduzu və yaxud, məşhur qapıçı həlledici anlarda səhvlərə yol verə bilər. Hətta belə səhvlər əksər hallarda oyunun nəticəsinə də təsir edir. Dahi futbolçular da hərdən penaltini yerinə yetirə bilmirlər. Yaxud, təcrübəli, tanınmış qapıçılar ağlasığmaz, adi topları belə buraxırlar. Qurban Qurbanov 22 noyabr 2017-ci il tarixdə Bakıda "Qarabağ-Çelsi” oyunundan sonra diqqəti cəlb edən, düşündürücü bir fikir söyləmişdi: "Bizə kiçik komanda kimi baxırlar. Böyük komandaların oyununda belə vəziyyətə görə nə penaltı verərdilər, nə də qırmızı kart göstərərdilər”.Həmin oyunda portuqaliyalı hakim Rəşad Sadıqova qırmızı kart göstərmiş və penalti təyin etmişdi. Həqiqətən də hakimin bu hərəkəti anlaşılmaz idi. Məhz, hakimin bu hərəkətinə görə azarkeşlər çox üzüldülər. Elə bu epizod komadamızı mənəvi cəhətdən sındırdı. Belə halların qarşısının alınması üçün VAR sisteminin tətbiqi müsbət yenilikdir. VAR yaxşı mənada hakimə "təzyiqdir”. Hakim hiss etməlidir ki, ona qarşı yaxşı mənada "təzyiq”, nəzarət var. Belə olan halda o, daim peşəkarlığını artırmaq barədə düşünəcək və daha da məsuliyyətli olacaq.

- Futbol yarandığı gündən təkmilləşir. Əgər imkanınız olsaydı, siz bu təkmilləşmədə hansı yenilikləri tətbiq edərdiniz?

- Əslində bu maraqlı sual geniş bir yazının mövzusuna çevrilə bilər. Amma qısaca bir neçə təklifimi bildirmək istərdim. Ümumiyyətlə, mütəxəssislər, nüfuzlu futbol xadimləri, hətta fantaziyalı azarkeşlər tərəfindən futbol qaydalarına əlavələr tez-tez irəli sürülür. Məsələn, mən "oyundan kənar” vəziyyətləri ləğv edərdim. Təsəvvür edin ki, bu yenilik tətbiq olunsa, təhlükəli vəziyyətlərin sayı çoxalar və eyni zamanda qolların vurulması perspektivi də artar. Fikrimcə, autdan topu ayaqla daxil etmək qaydası tətbiq olunsa, müdafiə olunan komandanın oyunçuları topu tez-tez, yerli-yersiz yan xətdən çıxarmazlar. Bununla da oyun dinamik xarakter alar. Hakimlə mübahisə edilməsini də qadağan edərdim. Belə ki, mübahisə hər bir halda futbolun imicinə neqativ təsir edir. Bundan başqa oyun sonrası penaltilər seriyasını ləğv edərdim... Belə... Məncə, kifayət edər hələlik..

- Ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafını ardıcıl olaraq izləyə bilirsinizmi?

- Hələ orta məktəbdə oxuduğum illərdə SSRİ xalqlarının spartakiadaşını ardıcıl olaraq diqqətlə izləyirdim. Azərbaycan idmançıları bir qayda olaraq güləş, sambo,yüngül atletika, voleybol, həndbol, su polisu, şahmat yarışlarında uğurlar qazanırdılar. O illərdə və sonrakı dövrlərdə də yay və qış Olimpiya oyunlarına da həvəslə baxırdım. SSRİ komandası əksər hallarda bu yarışların qalibi olurdu. Azərbaycan müstəqillik qazandıqdan sonra Yay Olimpiya Oyunlarında yaxşı göstəricilər əldə etməkdədir. Xüsusən, axırıncı iki Olimpiadada medallarımızın sayı çox olmuşdur. Idmançılara yaradılan şəraitə, idman, olimpiya komplekslərinin sayına görə Azərbaycan dünya ölkələri sırasında ən qabaqcıl yerlərdən birini tutur. Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı hər cür tərifə layiqdir. Buna görə də əminliklə deyə bilərik ki, gələcəkdə də uğurlarımızın, medallarımızın sayı artmaqda davam edəcək

- Bəs futbolumuz?....

- Başqa idman növlərində uğurlar qazansaq da, təəssüf ki, futbolda "yerimizdə sayırıq”. Bunu ətraflı şərh etməyə lüzum görmürəm. Həm də geniş bir mövzunun söhbətidir. Onu da deyim ki, futbolumuzun problemləri ilə bağlı artıq qəzetinizdə bir yazım getmişdir. Bəli, bu gün futbolumuzun taleyi məni çox düşündürür. Yeni mövsüm başlayıb. Ancaq yenə də sevindirici bir şey yoxdur. Hər il ümid edirəm ki, nəhayət, Azərbaycan futbolu alovlanacaq. Komandalarımız pərəstişkarlarını nəhayət sevindirməyə başlayacaq. Ancaq hələ də gözlədiyimiz dəyişikliklər baş vermir. Hələ də canlanma yoxdur.Stadionlar yenə də boşdur. Hər şey stadionların dolmasından başlamalıdır. Azərbaycana gələn legionerlər də stadionların boş olmasından təəccüblənirlər. Bu iştiqamətdə ciddi tədbirlər görülməlidir. Necə deyərlər, dəyirmi masalar, müzakirələr kömək etmir. Səmərəli, real işlər aparmaq lazımdır. Futbolla alışıb yanan, meydana yalnız qələbə ruhu ilə çıxmağı qarşılarına məqsəd qoyan, məşhur futbolçuları özlərinə nümunə seçən, onların ruhu ilə pərvazlanan futbolçularımız təəssüf ki, yetişmir. Bəs, futbolumuz publikanı nə vaxta qədər intizarda saxlayacaq? İnanıram ki, Azərbaycan futbolu azarkeşlərə, tamaşaçılara sürprizlər bəxş edəcək, hətta əməlli-başlı bizləri heyrətə salacaq.

- Kosovo və Maltanı da məğlub edə bilmədik....

- Lap qısa şəkildə sadəcə belə deyərdim: Hər iki oyunda futbolçularımız "ya indi, ya da heç vaxt” düşüncəsi, prinsipi ilə meydana çıxmalı idilər. Yalnız bu halda qələbənin yaxında olduğunu duyub, anlaya bilərdilər!...

- Həyat bir futbol matçına bənzəyir. Biz isə həmin matçın iştirakçısıyıq. Bu oyunda, necə deyərlər, hakim Uca Yarada, etdiyimiz səhvlərə görə verilən cəza isə bizə edilən xəbərdarlıqdır. Əgər sarı vərəqə göstərilibsə, nə üçün əksəriyyətimiz qırmızı vərəqənin təhlükəsini düşünmürük?

ardı var








Bu yazı

6870 dəfə oxunub

Tarix

2018-09-24 11:50:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook