“Azərbaycan Ədalətli Oyunlar Hərəkatının ən fəal iştirakçılarından biridir”



Sentyabrın 16-dan 21-dək Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti Azərbaycanda səfərdə olub. Macarıstanlı qonaq Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 20 illik yubiley mərasimində və BƏOK Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasimində iştirak edib. Jeno Kamuti "Olimpiya dünyası” qəzeti və "olimpnews.az" saytı ilə fikirlərini bölüşüb.
- İndiyədək Azərbaycana müxtəlif tədbirlərlə bağlı bir neçə dəfə səfər etmişəm. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarına qatılmaq mənim üçün unudulmaz bir təcrübə idi. Yarışların yüksək təşkilatçılıq, eləcə də ədalətli oyun ruhunda keçirilməsi diqqətimi daha çox cəlb etmişdi. Budəfəki səfərim AzƏOK-un 20 illik yubileyi və BƏOK-un Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasimində iştirakla bağlı idi. Yeri gəlmişkən, yubiley münasibəti ilə AzƏOK-a təbriklərimi çatdırır və ən xoş arzularımı bildirmək istərdim. Azərbaycan Ədalətli Oyunlar Hərəkatının ən fəal iştirakçılarından biridir. Azərbaycan Milli Olimpiya Komitəsi həmişə Ədalətli Oyunlar Hərəkatına öz töhfələrini verib. Komitə yarandığı gündən etibarən, Beynəlxalq və Avropa Ədalətli Oyun Hərəkatının tədbirlərində fəal iştirak edir. Ölkə rəhbərliyi Ədalətli Oyunlar Hərəkatının təbliğinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirlər. Əlbəttə ki, bütün bunlar çox qürurvericidir.
Bildiyiniz kimi, Bakıda 2009-cu ildə Avropanın Ədalətli Oyun Hərəkatının 15-ci Assambleyası, 2015-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının birgə Konqresi, Baş Assambleyası və Gala gecəsi yüksək səviyyədə keçirilib.
Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ədalətli oyun dəyərlərinə həssaslığı və bu idealların beynəlxalq səviyyədə yayılmasında təşəbbüsü yüksək dəyərə layiqdir. Bakıda yüksək səviyyədə iki konqres və ümumi iclasların keçirilməsi cənab İlham Əliyevin dəstəyi ilə mümkün olub.
Xatırladım ki, təşkilatın Beynəlxalq Konqresində 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev BƏOK-un xüsusi medalına layiq görülüb.
Görülən uğurlu işlərin nəticəsidir ki, BƏOK tərəfindən Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin məhz Azərbaycanda açılmasına qərar verilib. Bu Mərkəz yaxın dövlətləri ətrafında birləşdirərək ədalətli oyunlar hərəkatının təbliğinə öz töhfələrini verəcək.
Qeyd etdiyim kimi, sentyabrın 18-də Azərbaycan həmçinin BƏOK-un Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasimini təşkil etdi. Bu tədbirə azərbaycanlı dostlarımızla birgə qatılmaqdan böyük məmnunluq hissi duyduq. Bildiyiniz kimi, Azərbaycanın birinci xanımı, respublikanın I vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "Dünya idmanında və ədalətli oyunların təbliğində nümunəvi xidmətlərinə görə” BƏOK-un Xüsusi Medalına layiq görülüb. Sevindirici haldır ki, bu gün Azərbaycanda idman, sağlam həyat tərzi, sivilizasiyaya və tərəqqiyə məhəbbət Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də dəstəklənir.
Hörmətli Mehriban Əliyevanın Bakı şəhərində keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti, eləcə də, idmançılara birbaşa dəstəyi, ölkə və dünya idmanının inkişafına verdiyi töhfələr yüksək qiymətə layiqdir.
Ümumiyyətlə, isti qonaqpərvərliyə və dəstəyə görə tədbirlərin Təşkilat Komitəsinə, Azərbaycan Gənclər və idman Nazirliyinə, Azərbaycan Milli Olimpiya Komitəsinə və AzƏOK-a öz təşəkkürümü bildirir, müvəfəqiyyətlər və uğurlu gələcək arzulayıram.


Bu yazı

4828 dəfə oxunub

Tarix

2018-09-25 10:42:57

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook