Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına bu gün start veriləcək





Oktyabrın 6-da Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına start veriləcək. Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edəcək. Oyunlarda Kosovo və Cənubi Sudan ilk dəfə çıxış edəcəklər. Olimpiadanın Bakı vaxtı ilə gecə saat 1-də başlayacaq açılış mərasimində əvvəlki illərdən fərqli olaraq atletlərin paradı keçirilməyəcək.

"Olimpnews.az” xəbər verir ki, Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. İdmançılarmız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.
Buenos-Ayres-2018-də idmançılarla yanaşı, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər rəsmilər də iştirak edirlər.

Məlumat üçün bildirək ki, Yeniyetmələrin Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi və himayəsi altında 14-18 yaşlı idmançılar arasında keçirilir.
İlk belə yarışlar 2010-cu il avqustun 14-dən 26-na kimi Sinqapurda təşkil edilib. Sinqapur-2010 Yay Olimpiya Oyunlarında dünyanın 204 ölkəsindən 3531 idmançı 26 növ üzrə yarışlarda mübarizə apardı. Olimpiadada 6 idman növü üzrə 12 idmançı (5 güləşçi, 3 boksçu, 1 ağırlıqqaldıran, 1 cüdoçu, 1 taekvondoçu, 1 kanoeçi) ilə təmsil olunan Azərbaycan komandası yarışları 8 medalla uğurla başa vurdu. 12 gün davam edən və yalnız 97 ölkənin medal qazandığı yarışlarda ölkəmiz ABŞ, Çin, Rusiya kimi ölkələrlə bir sırada yer aldı. Ölkəmiz 8 medalla (5 qızıl, 3 gümüş) dünya ölkələri sırasında 11-ci, Avropa ölkələri sırasında 6-cı yeri tutdu.
İdmançılarımızdan Sinqapur-2010 Olimpiadasında Murad Bazarov (yunan-Roma güləşi, 42 kq), Elman Muxtarov (yunan-Roma güləşi, 50 kq), Patimat Baqomedova (qadın güləşi, 52 kq), Nicat Rəhimov (ağırlıqqaldırma, 69 kq), Əli Maqomeddabirov (sərbəst güləş, 100 kq) qızıl medal qazandı. Kənan Quliyev (sərbəst güləş, 54 kq), Salman Əlizadə (48 kq) və Elvin İsayev (boks, 57 kq) isə olimpiadanın gümüş medalına layiq görüldü.
Yeniyetmələrin II Olimpiya Oyunları isə avqustun 16-dan Çinin Nankin şəhərində keçirildi. Nankin-2014 Olimpiadasında 201 ölkədən 3600-ə qədər atlet 28 idman növündə mübarizə apardı. Azərbaycan yığması Yeniyetmələrin II Olimpiya Oyunlarını 12 medalla 10-cu pillədə başa vurdu. Əldə olunan medallardan 5-i qızıl, 6-sı gümüş 1-i isə bürünc medal idi. Qeyd edək ki, yarışlarda yalnız 87 ölkənin təmsilçiləri medal qazana bildilər.
Təmsilçilərimizdən Teymur Məmmədov (63 kq), İqbal Hacızadə (100 kq), Rüfət Hüseynov (49 kq), Leyla Qurbanova (52 kq, qadın güləşi), İslambek Dadov (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Boris Yotov (akademik avarçəkmə) gümüş və Nazim Babayev (atletika) bürünc medala layiq görüldü.
Yeniyetmələrin III Yay Olimpiya Oyunları isə bu il oktyabr ayının 6-dan 18-dək Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil ediləcək. Yarışlarda dünyanın 206 ölkəsindən 4 min idmançı 32 idman növündə qüvvəsini sınayacaq. Azərbaycan komandası Cənubi Amerikada 9 idman növündə 17 idmançı ilə təmsil olunacaq. İdmançılarımız boks, atletika, stolüstü tennis, taekvondo, cüdo, güləş, gimnastika, ağırlıqqaldırma və üzgüçülük yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.
Yeniyetmələrin III Olimpiya Oyunlarının keçirilməsi əsasən dörd ərazi üzrə planlaşdırılıb. Bunlar Urban, Yaşıl, Teknopolis və Olimpiya parklarıdır. Yeniyetmələrin Olimpiya Oyunlarına daxil olan idman və yaşayış qurğularının ümumi sayı 16-dır.



Bu yazı

5630 dəfə oxunub

Tarix

2018-10-06 13:10:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook