Yasin Qarayev: “Xoşbəxtlik sağlam ruhlu insanları sevir”






"Olimpiya dünyası” qəzetinin "Sənətçi idman, idmançı sənət haqqında” rubrikasının budəfəki qonaqları Azərbaycanın tanınmış aktyoru, rejissor, xalq artisti Yasin Qarayev və sərbəst güləş üzrə 3 qat dünya, 2 qat Avropa çempionu Hacı Əliyevdir.

-Xalq artisti Yasin Qarayev özünü hecə hiss edir?

- Azərbaycan xalqı özünü necə hiss edirsə, mən də o cür hiss edirəm.



- Ali məktəbi bitirdikdən sonra Gənc Tamaşaçılar Teatrında əmək fəaliyyətinə işə başlamısınız o vaxtdan burada çalışırsınız. Bu sədaqətdir, yoxsa tale?

- 1946-cı il mayın ayının 22-də Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində anadan olmuşam. Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirdikdən sonra 1974-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışam. Gənc Tamaşaçılar Teatrı (GTT) mənim ikinci evimdir. Mən teatrımızın ilk təməl daşını qoyan (1927) Məmmədağa Dadaşovdan, sonra Susanna Məçidova, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, eləcə də, Yusif Vəliyev kimi unudulmaz sənətkarlarla çiyin-çiyinə işləmişəm. Hüseynağa Sadıqovdan dərs almışam və onun sözləri həmişə qulaqlarımda cingildəyir: "Yasin, sənin boy-buxunun, göstəricilərin, səs imkanların Gənc Tamaşaçılar Teatrının tələblərinə cavab verir. Heç vaxt bu teatrı başqasına dəyişmə”. Yaxşı ki, o böyük insanın, əziz müəlllimimin dediklərinə əməl elədim və taleyimi yalnız bu teatra bağladım.




-Hacı Qəmbər” tamaşası ilə bağlı söyləmək istədikləriniz varmı?

-Mən teatra gələnədək Kərim Həsənovun rejissorluğu ilə "Hacı Qəmbər” tamaşası ən azı min dəfə oynanılmışdı. Bir 500 yüz dəfə də mən teatra gələndən sonra oynanılıb. Bu tamaşada mən aşıq Vəlini oynamışam. Ağakişi Kazımovun quruluşunda isə eyniadlı tamaşada Mahmud rolunu ifa etmişəm.

-100-ə yaxın teatr və televiziya tamaşasında rol almısınız. Ən sevdiyiniz və sevmədiyiniz rolunuz hansıdır?

- Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilən 25-30 teletamaşada rol almışam. Hansı ki, həmin tamaşalar televiziyanın qızıl fondunda saxlanıır. Məni məhşurlaşdıran, başqa sözlə, karyerama yaşıl işıq yandıran rolum S.S.Axundovun "Tamahkar” tamaşasındakı Qulu obrazı olub. Bu tamaşada rəhmətlik Hüseynağa Sadıqovun nökərini oynayırdım. Əsər uşaqlar və gənclər tərəfindən çox bəyənildi və sevildi. (Gülür) Məni ictimaiyyət arasında görəndə baş rolun adından "Qulu, ay Qulu, basin batsın ay Qulu”,- deyərək, gülürdülər. Bax, beləcə, Qulu obrazı ilə məhşurlaşdım.
Televiziyada isə yaddaqalan rollarımdan ən birincisi Əfqan Əsgərovun "Qız atası” tamaşasındakı Nəroğlan obrazıdır. Bu rol da mənə tamaşaçı rəğbəti qazandırıb və bir aktyor kimi tanınmağımda böyük rol oynayıb. Müəllif bu obrazı sanki məmin üçün yaratmışdı. Həm aktyorluq qabiliyyətim, həm səs diapazonum bu rolu oynamağa imkan verirdi. Sonra İsi Məlikzadənin teatr tamaşalarında maraqlı rollarım olub. Həsən Əbluçun quruluş verdiyi "Sağlıq olsun” tamaşasında baş rolun ifaçıları olan Süleyman Ələsgərov və Firəngiz Şərifovanın oğlunu-Əzizi oynayırdım. Bu əsər də tamaşaçılar tərəfindən çox sevildi.
Sevmədiyim rolum isə, kalmıkiyalı rejissor Boris Manjıyevin "Qohumlar” əsərindəki rolumdur. Bu obraz ağsaqqal bir kişi idi və demək olar ki, bütün günü yatır və danışmırdı. Bir sözlə, bu rol məni qane etmədi.




- Eşitdiyimizə görə, İsi Məlikzadə "Gəl, qohum olaq” komediyasını sizin üçün yazıb.

-Bir gün İsi Məlikzadə ilə çay süfrəsi arxasında oturmuşduq. Söhbət əsnasında mənə dedi ki, sənin üçün bir komediya yazacağam. İsi müəllimin "Gəl, qohum olaq” adlı həmin komediyasındakı Qarakişi obrazı məhz mənim üçün nəzərdə tutmuşdu. Bu hardasa, 1977-ci il idi. Qeyri-obyektiv səbəblərdən həmin pyes tamaşaya hazırlanmadı. Həmin əsər bir müddət sonra Gəncə teatrında Faiq Qasımov tərəfindən oynanıldı. Sonra Şəmkirdə, Ağdamda səhnəyə qoyuldu. Sonra aktyor Rafiq Hüseynovla qərara gəldik ki, bu tamaşanı özümüz hazırlayaq. Tamaşada Qarakişi rolunu mən, dostumu isə Rafiq Hüseynov oynayırdı. "Gəl, qohum olaq” əsəri düz 18 il teatrın repertaurunda saxlanıldı və tamaşaçılar tərəfindən sevildi. Yəni Qarakişi obrazı da mənim üçün yaddaqalan obrazlardandır. Qarakişi obrazında sanki özümü oynayırdım. 2001-ci ildə Azərbaycan Dövlət Televiziyasında Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin quruluşunda həmin tamaşanın əsasında film çəkildi. Bu dəfə Qarakişini deyil, onun dostunu oynamalı oldum. (Gülümsəyir) Saç-baş ağarmışdı axı, Qarakişi isə əsgərlikdən gələn cavan oğlan idi. Deyim ki, film də çox uğurlu alındı. Həmin bu adlarını çəkdiyim obrazlar 45 illik aktyorluq sənətimdə ən sevdiyim rollarımdır.



-Gənclik deyəndə, yadınıza nə düşür?

-Gənclik ömrün bahar çağıdır. Gənclik, həm də təhlükəli bir dövrdür. İnsanın gələcəkdə xoşbəxt və bədbəxt olması onun gənclikdə etdiyi əməlləri ilə müəyyənləşir. Gənclərimizə tövsiyə edirəm ki, gələcəyə, başqa sözlə desək, ahıllığa indidən hazırlıq görsünlər.

-Övladınız sizin yolunuzu davam etdirirmi?

-Gözümün ağı-qarası bir oğlum var - Rövşən. O da Azərbaycan Dövlət İncəsənət Universitetinin "Tarixi abidələrin qorunması və bərpası” fakültəsini bitirb. Hazırda qrafika və dizayn işi ilə məşğuldur.



- İdmana münasibətiniz?

- İdmana münasibətim həmişə yaxşı olub, gənclikdə də, indi də. Gənclik illərində evdə sərbəst şəkildə gimnastika və akrobatika ilə məşğul olurdum. Özüm oynamasam da, futbolu çox sevirəm (gülür). "Futbol+” qəzetinin daimi oxucusuyam.

-İdmançılardan kimləri tanıyırsınız?

-İdmançılardan demək olar ki, çoxunu tanıyıram. Olimpiya, dünya və Avropa çempionları bizim fəxrimizdirlər. Futbolçu dostlarım çox olub. "Neftçi”nin oyunçusu Mübariz Zeynalovla yaxın olmuşuq. Rəhmətlik gəncəli idi və 11 nömrədə meydana çıxırdı. "Neftçi”nin daha bir oyunşusu Yaşar Babayevi də yaxşı tanıyırdım.



- Hacı Əliyevi necə?

-Hacı Əliyevlə şəxsi tanışlığım olmasa da, onun Azərbaycanın tanınmış güləşçilərindən biri olduğundan xəbərim var. Bildiyimə görə, Hacının atası da, qardaşı da idmançıdırlar. Hacının qardaşı Yaşar Əliyev dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. Hacı Əliyev isə sayılıb-seçilən, titullu idmançılarımızdandır, dəfələrlə dünya və Avropa çempionudur, Rio-2016 Olimpiadasının bürünc mükafatçısıdır. Olimpiadada onun çıxışını həyəcanla izləyirdim. İnşallah, Tokio-2020-də çempion olar. Eşitdiyimə görə, incəsənəti, musiqini çox sevir və hətta gözəl səsi var. Bildiyimə görə, Hacı pianoda çalmağı da bacarır.

-Özünüz idmanla məşğul olursunuzmu?

- Yaşadığım evin həyətində özüm yaşda bina sakinləri ilə domino oynayırıq. Evə qonaq gələndə isə nərdi bilən adam olsa, nərdtaxta arxasına keçirik (gülür). Bundan o yanası yoxdur.



-Xəyanətə münasibətiniz?

-Mən duzu yeyib duzqabını sındıran, ona bel bağlayanın belini qıran, dostluğa xəyanət edən satqın insanları iylənmiş ət parçasına bənzədirəm. Ümumiyyətlə, əxlaqsız və tərbiyəsiz insanları görəndə münasibətimdə onlara qarşı "oruc” tuturam. Həmin adam əzizim də olsa belə, onunla əlaqəmi "blok”laşdırıram. Mənim üçün nə qədər çətin olsa da, reallıqla barışmağa, qəbul etməyə çalışıram. Bir də deyirlər ki, bədəməl insan heç vaxt böyük adam ola bilməz. Amma mən neçə-neçə bədəməl sahibi, amma istedadlı adamlar görmüşəm.

-Xoşbəxtlik nədir?

- Xoşbəxtliyin konkret izahı yoxdur. Bircə onu bilirəm ki, xoşbəxtlik sağlam ruhlu insanları sevir.
Dünyada mövcud olan xəstəliklərin sayı və səbəbləri çox olsa da, onun yalnız bircə dənə çarəsi var –sağlamlıq. Əgər insan düşünmək, ağıllı fikir söyləmək və həyatda uğur qazanmaq istəyirsə, mütləq sağlam həyat tərzi sürməlidir. Yəni insan ruhən sağlam olmalıdır. Düşünürəm ki, sağlam düşüncəli insan ucuz həyat axtarmamalıdır. Hər açılan səhər, başlanan gün yeni həyatdır. Hər yaşadığımız gün bizi sona aparır. Onun üçün də insan hər günün, saatın, dəqiqənin qədrini bilməlidir. Xoşbəxt o insanlardırlar ki, həyatla və həyatda mübarizə aparmağı bacarırlar. Mübarizədə qalib gələn insan yaşamağın sevincini yaşayır. Bax, həyat budur.



- Keçmiş və gələcək deyəndə nə düşünürsünüz?

-Müdriklər deyirlər ki, keçmiş ona görə gözəldir ki, o artıq yoxdur. Gələcək isə ona görə xəyaldır ki, hələ gəlməyib.

-GTT-nın 90 illik yubileyinə necə hazırlaşırsınız?

-Teatrımızın 90 illik yubiley gecəsinin hazırlığı xalq artisti, rejissor Vaqif Əsədova tapşırılıb. Bildiyimə görə, tamaşaçılar dekabrın əvəlləri təntənəli yubiley gecəsinin şahidi olacaqlar.

-Yasin müəllim, müsahibə üçün təşəkkür edir, sizə sağlam ömür arzulayırıq!

-Çox sağ olun.


P.S. Yasin Qarayev Azərbaycan səhnəsinin sayılıb-seçilən aktyorlarındandır. Öz dəyərini bilən və qiymətləndirən, eləcə də, yüksək intellekt səviyyəsi ilə valeh etməyi bacaran insandır. Var olun, xalqın artisti! Sizi çox sevirik.



Səadət Hakıyeva











Bu yazı

14453 dəfə oxunub

Tarix

2018-10-09 15:19:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook