Hacı Əliyev: “İnsan həyatı musiqiyə bənzəyir”






"Olimpiya dünyası” qəzetinin "Sənətçi idman, idmançı sənət haqqında” rubrikasının budəfəki qonaqları Azərbaycanın tanınmış aktyoru, rejissor, xalq artisti Yasin Qarayev və sərbəst güləş üzrə 3 qat dünya, 2 qat Avropa çempionu Hacı Əliyevdir.

- Hacı, güclü idmançı olduğun qədər də, sadə və səmimi insansan. Bu, nədən irəli gəlir?

- Düşünürəm ki, insanın cəmiyyətdə özünə yer tapmasında, nüfuz qazanmasında tərbiyə, təhsil, iradə böyük rol oynayır. Əvvəllər idmançı yoldaşlarımızdan biri çempion olanda fikirləşirdik ki, görəsən, o, yenə əvvəlki kimi qalacaq, ya dəyişəcək? Elə olurdu ki, dünya və Avropa çempionu olan güləşçimiz özünü birtəhər aparanda həmin dıqiqə irad tuturdular: "Nə oldu, çempion oldun, dəyişdin?” Mən özümə söz vermişdim ki, nə vaxtsa, məşhur olsam, "ulduz” xəstəliyinə tutulmayacağam. Çalışmışam ki, dünya və Avropa dünya çempionu olandan sonra da yoldaşıarımla, ətrafımdakı insanlarla əvvəlki münasibətimi saxlayım. Evdə, ailədə mən adi insanam – atamanı, anamın oğlu, qızımın həyat yoldaşı, vəssalam. Məni tanıyanlar bilirlər ki, necə insanam. Tanrıya ibadət edən bir insan kimi düşünürəm ki, vəzifə, var-dövlət, şan-şöhrət gəldi-gedərdir. Günlərin birində bunların hamısını itirə bilərsən, amma insanlıq bizimlə qəbr evinə kimi gedir. Yaxşı insanlar sağlığında rəhmət qazanırlar.

"Əsas odur ki, insan etibarını itirməsin”

- Qazandığın şan-şöhrəti ititrmək qorxusu varmı içində?

- Mən idmançıyam, xalqımı, ölkəmi xarici ölkələrdə təmsil edirəm. Günlərimiz, aylarımız uzunmüddətli təlim-məşq toplanışlarında, gərgin məşqlərdə keçir. Yarışlar zamanı ailəmizdən üzün müddət ayrı qalırıq. Düşünmürəm ki, illərlə qazandığım nüfuzu, titulları, bir sözlə, Azərbaycan güləşində əldə etdiklərimi asanlıqla itirim. Çünki bu adı, titulu qazanmaq üçün neçə-neçə gərgin illər sərf olunub.
Dərindən düşünəndə, insan malik olduqlarını hər an bir dəqiqədə itirə bilər. Bu, Tanrının işidir. Vaxtilə 18 il kirayədə yaşamışıq, minbir əziyyət görmüşük. Yəni çətinlik məni qorxutmur. Əsas odur ki, insan etibarını, insanlığını, və sağlamlığını itirməsin.




-Səni Tanrıya ibadət edən idmançılardan biri kimi tanıyıyrıq...

-Uşaqlıqdan evdə anamı, nənəmi, xalalarımı namaz qılan, ibadət edən görmüşəm. Namaz qılmaq müsəlmanlığın beş əsas şərtlərindən biridir. Gündə 5 dəfə ibadət edən insan Tanrı qarşısında hesabat verir, günahlarının bağışlanmasını diləyir. Həmi an insan mənən sakitləşir, saflaşır. Allah böyükdür, rəhmdildir, mərhəmətlidir. O, bütün bəndələrinin günahlarını bağışlayır. Bu dünya əbədi deyildir, hər birimiz köçüb gedəcəyik. Hər bir müsəlman da ölən günə qədər düzgün yaşamalı, yaxşılıq etməyi bacarmalıdır. Allah insana düşünmək üçün beyin, görmək üçün göz, hərəkət etmək üçün əl-ayaq verib. Çox vaxt naşükürlük edirik və bunların əhəmiyyətini başa düşmürük.

-Ramazan ayında oruc tutdun. Bu məşqlərə və yarışlara təsir etdimi?

- Bu dəfə orucluq istirahət vaxtına, yəni Avropa çempionatından sonraya təsadüf etdi. İftardan sonra idmançı yoldaşlarımla futbol oynayırdıq. Həm də hava sərin keçdi. Elə bir problem olmadı.

"Sistem qoşmalı oldular”

-Avropa çempionatının finalı sənin üçün çox ağır keçdi. Məğlub ola biləcəyini düşünürdünmü?

- Əvvəllər yarışa 61 kq çəki dərəcəsində çıxırdım. İlk dəfə Avropa çempionatında Olimpiya çəki dərəcəsində -65 kq-də yarışırdım. Finaldakı rəqibim həmişə bu çəkidə güləşdiyindən uyğunlaşmışdı. Yuxarı çəkiyə uyğunlaşmaq gərgin fiziki güc tələb edir. Qitə yarışından əvvəl həmin rəqibim mənə Hindistanda qalib gəlmişdi. Avropa çempionatında görüşün bitməyinə az qalmış rəqibimin yorulduğunu hiss etdim və fürsəti dəyərləndirdim. Çətin görüş oldu.



- Rəqibin mükafatlandırma mərasimində niyə iştirak etmədi?

- (Gülür) Məğlub olmağı özünə sığışdırmırdı. Onu elə vəziyətə salmışdım ki, görüşdən sonra sistem qoşmalı oldular. Sevinirəm ki, 2 qat Avropa çempionu adını qazana bildim.

-Müəyyən hadisələr baş verəndə özünü necə aparırsan və ya reaksiyan necə olur?

- Hər şeyi ayıq başla anlamaq və səbirli olmağa çalışıram.

-Ətrafında, ailədə baş verən hadisələr, problemlər bir idmançı kimi sənə təsir göstərirmi?

- Yarışlarda olduğum müddətdə özümü yükləməməyə cəhd edir və mümkün qədər hadisələrdən, informasiyadan uzaq dururam. Əks təqdirdə psixoloji cəhətən özümü cəmləşdirə bilmirəm və çətinlik çəkirəm.


-Ədalətli olmaq çoxmu çətindir?

- Bu, insanın şəxsi keyfiyyətlərindən, aldığı tərbiyədən, milli-mənəvi dəyərlərə hörmətindən asılıdır. Düşünürəm ki, hər zaman, hər yerdə ədalət prinsipləri qorunmalıdır. Vicdan deyilə hiss varsa, ədalət də olacaq.

-Yalana münasibətin?

-Yalan insanı nüfuzdan salır. Bir dəfə yalan danışdınsa, bu davam edəcək. Yalançı, istifadəçi adamları sevmirəm və ətrafıma da yaxın buraxmıram.

"İşini sev ki, işin də sənə qiymət versin”

- Qardaşın Yaşar Əliyev indi nə işlə məşğuldur?

- Yaşar hazırda məşqçilik edir. O, I Avropa Oyunlarındakı uğursuzluqdan sonra həvəsdən düşdü. Qeyd edim ki, Yaşar Olimpiya çempionu Namiq Abdullayevin çəkisində ilk medal alan güləşçimizdir, böyüklər arasında Avropa çempionatının (2013) bürünc mükafatçısıdır.



-Səni yorulmağa qoymayan nədir?

- Hər səhər yuxudan durub qaçıram. Hərəkətdə olmağı sevirəm. Bu, yəqin içimdəki enerjidəndir, yəqin. Bizi sağlam, gümrah saxlayan, yorulmağa qoymayan həmin enerjidir.

-Səncə, uğurun səbəbi nədədir?

-Hər kəs işinə vicdanla, peşəkacasına yanaşanda nəticə də ürəkaçan olur. İşə, peşəyə barmaqarası baxmaq olmaz. İşini sev ki, işin də sənə qiymət versin. İnsan çalışdığı sahədə uğur qazandıqdan sonra da yerində saymamalıdır. O, daim çalışmalı, daha yüksək zirvələrə can atmalıdır. Məsələn, Hacı Əliyev 2 dəfə dünya çempionu olubsa, 3-cü dəfə niyə olmasın? Dayanmaq lazım gələndə, onsuz da bu, baş verəcək. Bizə verilən ömür payını şərəfli, dolğun yaşamaq öz əlimizdədir. Həkim, jurnalist 50-60 yaşında da əvvəlki kimi səmərəli fəaliyyət göstərə bilər, amma idmanda belə deyil. İdman yeganə sahədir ki, yaş həddi əsasdır. 30-35 yaşda sən əvvəlki gücü, qüvvəti hiss eləmirsən. İstədin-istəmədin, yorğunluq hiss edirsən. Bax, onda dincəlmək olar. Hələ ki, vaxt var, irəliləmək lazımdır. İdmançılar tanıyıram ki, hər şeyi idmana qurban verdikləri halda, əvəzində heç nə qazana bilməyiblər. Çünki bu sahədə uğur qazanmaq o qədər də asan deyil.

-Karyeranı başa vurduqdan sonra nə etməyi düşünürsən?

- Hazırda sərhəd qoşunlarında zabit rütbəsindəyəm. Bu rütbəni 3 qat Avropa çempionu olduqdan sonra qazanmışam. İdmandan uzaq durmaq ağlımın ucundan belə keçmir. Yəqin ki, karyerama məşqçi kimi davam edəcəyəm.



-Bildiyimizə görə, sənət adamları içində dost-tanışlarınız kifayət qədərdir?

- Müğənnilərdən Abbas Bağırov, İlqar Muradov, Mirələm Mirələmovla yaxın münasibətlərimiz var. Müğənni Abbas Bağırovla çox yaxın dostam. Mirələmlə dostluğumuz IV İslam Həmrəyliyi Oyunlarına təsadüf edir. Mirələm Mirələmov, Tünzalə Ağayeva, Abbas Bağırov, Coşqun və Rafael ulduz elçilər seçilmişdilər. Sonra xasiyyətimiz tutub, münasibətlərimizi davam etdirmişik. Mirələm Mirələmovun gözəl səsi və yüksək səhnə mədəniyyətinə malikdir.

-Yasin Qarayevi tanıyırsanmı?

- Onu tanımayan insan varmı? Xalq artisti Yasin Qarayevi teletamaşalardakı rollarından tanıyıram. Onun kimi aktyorlar əvəzedilməzdir.

"Musiqini çox sevirəm”

- Hacı, sənin, həm də gözəl səsin var...

-(Utanır) Elə deyirlər. İnsan həyatı musiqiyə bənzəyir. Bəzən asta, həzin, bəzən ritmik, şən notlara köklənirik. Musiqini sevməyən insan tanımıram. Uşaqlıqdan musiqini çox sevirəm. Dost-tanışlarım "Yaralıyam”, "Ala göz”, "Sarı gəlin”, "Küçələrə su səpmişəm” "Sənin xatirinə” kimi mahnıları ifamda çox bəyənirlər.



-Qarşıda səni hansı yarışlar gözləyir?

-Oktyabr ayında Macarıstanda keçiriləcəck dünya çempionatında iştirak edəcəyik. Tokio-2020 Olimpiadasına lisenziya verəcək yarışlar isə hələ qabaqdadır.

-Aişə atasını, ya atası Aişəni çox sevir?

-Qızımın 3 yaşı var. Onu çox sevirəm, yarışlara gedəndə darıxıram, elə o da. Axı qızlar atalarını çox istəyirlər. Hamı kimi mən də övladım üçün yaşayıram.


P.S. Hacı Əliyev ölkə idmanında öz sözünü deyən sanballı simalardan biridir. Tanrı ona hər şeyi verib - sadəlik, nəciblik, fiziki güc. Tanrı da saf, səmimi, təkəbbürdən uzaq bəndələrini sevir. Yolun açıq olsun, çempion!



Səadət Hakıyeva















Bu yazı

2673 dəfə oxunub

Tarix

2018-10-10 17:07:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook