Turan Bayramov haqqında deyilənlər...






Turan Bayramov: "Sevincimin həddi-hüdudu yoxdur”

Sərbəst güləşçimiz Turan Bayramov (65 kq) Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qızıl medalına layiq görülüb.
"Olimpnews.az” saytı yeniyetmə idmançımızın bu uğuru barədə Turan Bayramovun, Olimpiya çempionu Zemfira Meftahetdinovanın, AGF-nın rəsmilərinin və klub rəhbərinin fikirlərini təqdim edir.

Turan Bayramov,
Olimpiya çempionu:

- Sevincimin həddi-hüdudu yoxdur. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qızıl medalını qazandığım və və himnimizi səsləndirdiyim üçün çox xoşbəxtəm. Yarışlara çox ciddi hazırlaşmışdım və qalib gələcəyimə inanırdım.
Olimpiadaya hazırlaşmağımda mənə kömək edən, hərtərəfli dəstək olan insanlara öz minnətdarlığımı bildirirəm. Azərbaycan Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına yaratdıqları imkan və şəraitə görə təşəkkür edirəm. Olimpiadanın qızıl medalını qazanmağımda onların rolu böyükdür.




 
"İdmançılarımızın qazandıqları nəticələr ölkənin idman ictimaiyyətini qürurlandırır”

Zemfira Meftahetdinova, 
Olimpiya çempionu:

- Argentinada təşkil edilən III Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları nəticələr ölkənin idman ictimaiyyətini sevindirir və qürurlandırır. Mən fərqi yoxdur, qızıl, gümüş və bürünc medal alan bütün yeniyetmə idmançılarımızı təbrik edir və onlara sonrakı yarışlarda uğurlar arzulayıram. Vüqar Talıbovun, Turan Bayramovun uğuru idmanımızın uğurudur. Qoy bu fidanlarımızın uğurları gələcəkdə də davam etsin və onlar böyüklər arasında keçirilən Olimpiya Oyunlarında da öz sözlərini deyə bilsinlər.




"Güləşçimizin Olimpiya çempionu adına layiq görülməsi gözəl qələbədir”

Firdovsi Umudov,

Sərbəst güləş üzrə yığmanın baş məşqçisi:

- Güləşçimizin Olimpiya çempionu adına layiq görülməsi gözəl qələbədir. Bu uğur idman və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. Turan Bayramov cəmi 2 ildir ki, yığmaya dəvət olunub. Az müddətdə böyük potansiala malik idmançı olduğunu yetərincə sübut edə bilib. Turan bu il yığmanın Türkiyədə, Göy-göldə, Qazaxda keçirdiyi təlim-məşq toplanışlarında fəal iştirak edib. Bunun nəticəsidir ki, güləşçimiz bu il həm dünya, həm də Avropa çempionatının qalibi adını qazanıb. Turan Bayramovun Olimpiya çempionu tituluna layiq görülməsi idmanımızın uğurudur. Sağ olsun ki, ona çəkilən əziyyəti dəyərləndirə bildi. Sevindirici haldır ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən iki güləşçimizin ikisi də vətənə medalla qayıdır. Biz Turan Bayramovu gələcəyin Hacı Əliyevi, Şahanə Nəzərovanı isə gələcəyin Mariya Stadniki kimi görürük. İnanıram ki, bu idmançılar bundan sonra irimiqyaslı yarışlarda öz sözlərini deyə biləcəklər.



"Turan güclü idmançı olduğunu Olimpiya Oyunlarında bir daha sübuta yetirdi”

Əsgərxan Novruzov, 
sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığmanın böyük məşqçisi:

Güləş üzrə yeniyetmələrdən ibarət güləş yığmasının böyük məşqçisi Əsgərxan Novruzov Turan Bayramovun qızıl medal alması ilə bağlı öz ürək sözlərini bölüşüb:

- Olimpiadaya 2 ildir ki, hazırlaşırdıq. Şükür ki, çəkilən zəhmət hədər getmədi və Turan Bayramov yarışları Olimpiya çempionu kimi başa vurdu. Turan bu il həm dünya, həm də Avropa çempionatında qalib gəlmiş, fəxri kürsünün ən yüksək pilləsində qərar tutmuşdu. Turan güclü idmançı olduğunu Olimpiya Oyunlarında da öz qələbə əzmi ilə bir daha sübuta yetirdi. Finalda güclü rəqibi olan İran təmsilçisinə qalib gələrək adını tarixə yazdırmağı bacardı.
Bu qələbə münasibət ilə başda ölkə rəhbəri İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edirik. Eləcə də, federasiyanın rəhbərliyinə, Turanın uğurunda əməyi keçən məşqçilərə, ümumiyyətlə, məşqçilər korpusuna minnətdarlığımızı bildiririk.


 "Turan Bayramov böyük potensiala malik güləşçilərdəndir”

Fazil Hadıbəyov, 

"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri:

- İdmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatında əldə etdiyi nailiyyətlər Azərbaycan idmanına verilən gözəl töhfədir. Yeniyetmələrin III Olimpiya Oyunlarında qazanılan nəticələr hər birimizi sevindirir. Turan Bayramovun uğuru hər birimizin uğurudur. "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsinin Olimpiya çempionu adı alması bu təşkilatın sədri kimi məni çox qürurlandırır.
Turan Bayramov böyük potensiala malik güləşçilərdəndir. Onun peşəkar idmançı kimi yetişməsində şəxsi məşqçisi Abil İbrahimovun, klub məşqçisi Cavid Qurbanzadəninn zəhməti böyükdür. Güləşçilər üçün yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyasının rəhbərlyinə təşəkkürümüzü bildiririk. Biz gələcəkdə onun böyüklər arasında Olimpiya çempionu olacağına da inanırıq. Arzu edirəm ki, idmançılarımız bundan sonra da ölkəmizin şərəfini uca yutaraq irimiqyaslı yarışlardan vətənə medallarla qayıtsınlar.













Bu yazı

5418 dəfə oxunub

Tarix

2018-10-16 10:03:55

Yazını

Çap et

Yazını

Paylaş