Çingiz Hüseynzadə: “Azərbaycan komandasının Buenos-Ayres-2018 Olimpiadasında çıxışından razıyam”





2018-ci ilin ən mühüm idman tədbirlərindən biri də Avropa Yeniyetmələrinin III Yay Olimpiya Oyunları oldu. Argentinanın Buenos-Ayres şəhərində keçirilən olimpiadada iştirak edən Azərbaycan idmançıları vətənə 7 (3 qızıl, 1 gümüş və 3 bürünc) medalla qayıtdılar. İdmanımızın gələcəyi olan gənc atletlərimiz gələn il ölkəmizdə təşkil ediləcək Avropa Gənclərinin Olimpiya Festivalında qüvvələrini sınağa çəkəcəklər. Bundan başqa, qarşıda idmançılarımızı Minsk-2019 II Avropa Oyunları, eləcə də, dünyanın ən mötəbər idman tədbiri olan Tokio-2020 Yay Olimpiya Oyunları gözləyir.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin yeniyetmə idmançılarımızın olimpiadada çıxışları və Bakı-2019 Olimpiya Festivalı, Minsk-2019 II Avropa Oyunları, Tokio-2020-yə hazırlıq, eləcə də, beynəlxalq Olimpiya Hərəkatında gedən proseslər barədə fikirləri ilə "Olimpiya dünyası” qəzetinə verdiyi eksklüziv müsahibəsində tanış ola bilərsiniz.


- Çingiz müəllim, bu ilin ən böyük idman tədbirlərindən biri də Argentinada təşkil edilən Yeniyetmələrin III yay Olimpiya Oyunları oldu. Yarışdan əvvəl müsahibələrinizdə yarışın təşkilatçılığı ilə bağlı müəyyən problemlərin olduğunu bildirmişdiniz. İdmançılarımızın bu olimpiadada nəticələri və ümumiyyətlə, yarışın təşkili barədə fikirlərinizi bilmək istərdik.

- Son illər Beynəlxalq Olimpiya Komitəsi (BOK) istər yeniyetmələr, istərsə də, böyüklər arasında keçirilən Olimpiya Oyunlarına çəkilən xərcləri azaltmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. BOK xərcləri azaltmaq üçün bu yarışlara rəsmilərin dəvət olunmasını istəmir və VİP-lərin nəqliyyat xərclərindən imtina edir. Bunları hardasa başa düşmək olar, amma Olimpiya kəndində idmançıların yeməyinə qənaət edilməsini anlamaq çətindir.İdmançılarımız Argentinada verilən yeməyin keyfiyyətindən və bolluğundan narazı qaldılar. Adətən, Olimpiya Oyunlarında Avropa və Asiya mətbəxindən istifadə olunur, amma biz Buenos-Ayresdə bunu görmədik. Təbii ki, bu cür hallar olimpiadaya öz təsirini göstərmədi və yarışlar yüksək bayram əhval-ruhiyyəsində keçdi.
Azərbaycan idmançıları Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yaxşı nəticə göstərdilər. Düzdür, bu nəticə Sinqapur-2010 və Nankin-2014 Olimpiadası ilə müqayisədə o qədər də yüksək nəticə deyil, amma etiraf edək ki, Buenos-Ayres-2018-ə seçim qaydaları da çox çətin idi. Olimpiadaya lisenziyanı ancaq çempion olan idmançı ala bilərdi. Burada məqsəd hər idman növü üzrə bütün qitələrədən atletlərin iştirakını təmin etmək idi. Sinqapurda və Nankində ənənəvi idman növü olan güləşdə 5 idmançımız iştirak etdiyi halda, Buenos-Ayresdə cəmi 2 idmançımız yarışırdı. Bu da istər-istəməz medal sayına və əyarına öz təsirini göstərdi. Bu olimpiadanın üstünlüyü müxtəlif idman növlərində təmsil olunmağımız oldu. Məsələn, tennis və üzgüçülük kimi idman növlərində təmsil olunmaqla yanaşı, pis nəticə də göstərmədik. Xüsusilə, tennisçilərimiz komanda yarışlarında gözəl oyun nümayiş etdirdilər. Qadın güləşçimiz Şahanə Nəzərova qızıl medala iddialı idmançılardan idi. Amma güclü qrupa düşdüyü üçün yarışı bürünc medalla başa vurdu. Bu sözləri ağırlıqqaldıranımız Tərmenxan Babayev haqqında da deyə bilərəm.

"Çox güman ki, Bakı-2019 Olimpiya Festivalı başqalarından seçiləcək”

Azərbaycan idmançılarının Buenos-Ayresdə qazandıqları uğurları yaxşı nəticə hesab edirəm. Bu olimpiadada qazanılan 7 medal ayrı-ayrı idman növlərində əldə edilib. Bu da ölkəmizdə idmana olan diqqət və qayğının nəticəsi kimi bu sahənin inkişafının göstəricisidir. Medallardan 6-sı ölkəmizin, 1-i, yəni bədii gimnastımızın qazandığı qızıl medal isə BOK-un komandasının hesabına yazıldı. Mənim fikrimcə, sonuncu medalın dəyəri çox yüksəkdir. Çünki idmançımız beynəlxalq komandanın tərkibində fərqlənə bildi. Ümumiyyətlə, Azərbaycan komandasının Buenos-Ayres-2018 Olimpiadasında çıxışından razıyam. Ümid edirəm ki, medal qazanıb-qazanmamalarından asılı olmayaraq, bu olimpiadanın hər bir iştirakçısı gələcəkdə ölkəmizi böyük idman yarışlarında layiqincə təmsil edəcək.

- Olimpiadanın açılış mərasimi şəhərin ən böyük meydanında təşkil edildi. 2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının açılış mərasimini necə və harada təşkil etmək planlaşdırılır?

- Qeyd etdiyim kimi, BOK yarışların təşkilinə artıq xərc çəkilməsini istəmir və bunun nəticəsi olaraq, son illər olimpiadaların açılış və bağlanış mərasimləri əvvəlki kimi təmtaraqlı keçirilmir. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının açılış mərasimi son dərəcə sadə keçdi və bundan tamaşaçılar böyük zövq aldılar. Gələn il Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının açılış mərasimini də, qaydalara uyğun olaraq, sadə və bayram əhval-ruhiyyəsi ruhunda təşkil də etməyi planlaşdırırıq. Bu tədbir çox güman ki, 20 min tamaşaçı tutumu olan və Xəzərin sahilində yerləşən "Kristal Hall”da təşkil ediləcək. Açılış mərasiminin proqramı, bədii hissə və digər məsələlər gənclərin maraqlarına uyğunlaşdırılacaq. Bağlanış mərasiminin təşkili də eyni qaydada olacaq. Təbii ki, avropalılar Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi kimi möhtəşəm bir tədbiri görməyəcəklər, amma çox güman ki, Bakı-2019 Olimpiya Festivalı başqalarından seçiləcək.



- Bugünlərdə AOK-un 47-ci Baş Assambleyasında iştirak etdiniz. Assambleyada hansı məsələlər müzakirə olunurdu?

- Hər ilin noyabr ayında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyası keçirilir. Hesabat xarakteri daşıyan bu tədbirdə 50 ölkənin milli Olimpiya komitələrinin nümayəndələri iştirak edirlər və il ərzində görülən işlərə yekun vurulur. Baş Assambleyada II Avropa Oyunlarının, Tokio-2020 Təşkilat Komitələrinin hesabatları dinlənildi. BOK-un prezidenti Tomas Bax "Olimpiya gündəliyi-2020” proqramı çərçivəsində çıxış etdi və yeni istiqamətləri müəyyənləşdirdi. Avropa Olimpiya Komitələri Assosasiyasının (ANOCA) prezidentliyinə seçkilər keçirildi və Polşa MOK-nun prezidenti seçildi. Bundan başqa, AOK və BOK-un maliyyə hesabatları dinlənildi. Pyotr Nurovski mükafatına 5 yer uğrunda namizədlərin seçimində avstriyalı idmançı qalib oldu.
Tədbir iştirakçıları Bakı-2019 Avropa Gənclərinin Olimpiya Festivalının hazırlığına dair təqdimatı da dinlədilər. Təqdimat xüsusi maraqla qarşılandı. AOK Koordinasiya Komissiyasının sədri çıxışında Bakıda hazırlıqla bağlı hər şeyin öz qaydasında olduğunu bildirdi.


"Məğlubiyyət acısı idmançını qarşıdakı yarışlara daha əzmlə hazırlaşmağa məcbur edir”

- Çingiz müəllim, Tokio-2020 Olimpiadasına hazırlıqla bağlı mətbuata geniş informasiya verilmir. Bununla bağlı nə deyə bilərdiniz?

- Tokio-2020 Olimpiadası ilə bağlı heç bir problem yoxdur və hazırlıq öz qaydasında gedir. Bunu Tokio-2020 Təşkilat Komitəsi hesabat məruzəsində də qeyd etdi. Təbii ki, yeniliklərin olacağı istisna deyil. Ən birinci yenilik Olimpiya proqramına 5 idman növünün -beysbol (softbol), karate, skeytbordinq, qayaya dırmanma və sörfinq-daxil edilməsidir. Lakin müəyyən məsələlər var ki, hələ öz həllini tapmayıb. Bu yeni daxil edilən idman növləri üzrə təsnifat yarışları ilə bağlıdır. Məsələn, götürək, karateni. Bu idman nözü üzrə lisenziya reytinq xalına görə veriləcək. Yeri gəlmişkən, karateçilərimiz buyaxınlarda keçirilən dünya çempionatında pis çıxış etmədilər. Xanım idmançımız qızıl, Rafael Ağayev isə bürünc medala sahib oldu.
Tokio-2020 Olimpiadası bizim üçün məsuliyyətli və çətin yarışlardan biri olacaq. Çünki idmançılarımız Rio-2016 Olimpiadasında çox sayda -18 medal qazanıblar və çalışmalıyıq ki, bu nəticələri təkrarlamaqla, həm də qızıl medalların sayını artıraq. Bunun üçün potensial imkanları olan idmançılarımız kifayət qədərdir.

- Yeri gəlmişkən, lider idmançımız Rafael Ağayev karyersında ilk dəfə dünya çempionatından bürünc medalla qayıtdı. Buna münasibətiniz?

- Rafael həmişə qələbəyə, həm də, qızıl medala öyrəşib və bizi də öyrəşdirib. Düşünürəm ki, budəfəki dünya çempionatında 3-cü yer tutması lider idmançımızın Tokio-2020 Olimpiadasından əvvəl məsuliyyətini daha da artıracaq. Məğlubiyyət acısı idmançını daha mübariz olmağa və qarşıdakı yarışlara daha əzmlə hazırlaşmağa məcbur edir. Karate Tokio-2020 Olimpiadasının proqramında daxil edilməsəydi, Rafael idmandan bəlkə də, getmişdi. Çünki o, indiyədək istədiyi bütün titulları əldə edib.

- Güləşçilərimiz son dünya çempionatında imkanlarından zəif çıxış etdilər. Bunun səbəblərini nədə görürsünüz?

- İdmançının uğur qazanması üçün bir sıra mühüm məqamlar vacibdir. Bura məşqdən tutmuş federasiyada mövcud abu-hava, şərait, maliyyə və bir sıra məsələlər daxildir. Güləş idman növündə yenilənmə mütləqdir. Yeni nəsil yetişməlidir ki, köhnəni əvəz etsin. Eldəniz Əzizli çempion olması ilə güləşə yeni ad gətirdi. Amma onun dünya çempionu olmasının arxasında illərin zəhməti var. Eldəniz dünya və Avopa çempionu, Olimpiya Oyunlarının 2 qat gümüş mükafatçısı Rövşən Bayramovun çəkisindədir. Acınacaqlı olsa da, deməliyəm ki, güləşdə bəzi çəki dərəcələri var ki, orda ehtiyatımız demək olar ki, yoxdur. Burada məsuliyyət yalnız yığmanın məşqçilərinin üzərinə düşmür. Bölgələrdəki mütəxəssislərdən də çox şey asılıdır. İdman rəqabət deməkdir. İdmançı hər zaman hiss eləməlidir ki, onun yerinə keçə bilən namizəd var. Əgər o bunu hiss eləməsə, yerində sayacaq. Bu, şübhəsizdir. Düşünürəm ki, güləş federasiyasında vəziyyət tədricən öz axarına düşür və güləşçilərimiz yenə də uğurları ilə bizi sevindirəcəklər.

- Minsk-2019 Avropa Oyunları ilə bağlı qısa fikirlərinizi bilmək istərdik.

- Gələn il Belarusun Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarına hazırlıq prosesi davam edir. Yarışların proqramında nümayiş etdirilən 10 idman növü olimpiadaya lisenziya verəcək. İdmançılarımızın bu yarışlarda əldə etdikləri nəticələr Tokio-2020 Olimpiadasına nə dərəcədə hazır olduğumuzu ortaya qoyacaq. Təbii ki, Minsk-2019 Oyunlarında da müəyyən təcrübələrin aparılması istisna deyil. Onlardan biri atletika idman növünün proqrama daxil edilməməsidir. Atletika elə bir idman növüdür ki, top idmançılar gərgin qrafik səbəbi ilə bu formatda olan yarışlarda iştirak edə bilmirlər. Xatırlayırsınızsa, I Avropa Oyunlarında güclü atletlər yarışmırdılar. Avropa Atletika Federasiyasının dəstəyi və mənim təşəbüssümlə 3-cü divizionun və Avropa komanda qrupunun yarışlarını burada keçirdik. Bu qayda normativlər əsasında lisenziya verən üzgüçülük yarışlarına da aiddir. Mənim fikrimcə, bu, düzgün deyil. Məhz belə səbəblərdəndir ki, Beynəlxalq Üzgüçülük Federasiyası üzgüçülük yarışlarının Olimpiya proqramından çıxarılması tələbi ilə çıxış edir. Mən deyərdim ki, üzgüçülük, basketbol, atletika idman növləri üzrə federasiyalar maliyyə cəhətdən o qədər gücləniblər ki, artıq onların BOK-un maliyyə dəstəyinə ehtyacları yoxdur. Yəqin ki, bu məsələ ilə bağlı ortaq məxrəcə gəlinəcək.

"Əvvəllər olimpiada uğrunda dünyanın nəhəng ölkələri mübarizə aparırdılar”

- Çingiz müəllim, necə düşünürsünüz, Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı sanki əvvəlki rəqabət hiss olunmur?

- Tamamilə doğrudur. Əvvəllər olimpiada uğrunda dünyanın nəhəng ölkələri, şəhərləri mübarizə aparırdılar və bununla bağlı güclü rəqabət var idi. Amma sonuncu olimpiadada bu rəqabətin zəiflədiyinin şahidi olduq. Belə ki, BOK İcraiyyə Komitəsi Rio-2016 Olimpiadasının gedişində Olimpiada-2024 və Olimpiada 2028-in ev sahiblərini tez-tələsik müəyyənləşdirdi. Bu bir tərəfdən, yuxarıda qeyd etdiyim kimi, BOK tətəfindən xərclərin azaldılması məsələsi ilə bağlıdır. Çünki bu proses həddən artıq böyük xərc tələb edir. BOK bununla həm də vaxt qazanmış oldu. Bu, həm də "Olimpiya gündəliyi-2020” proqramından irəli gələn müddəlarla bağlıdır.



"Futbol ulduz oyunçular üzərində qurulur”

- Necə düşünürsünüz, qlobal istiləşmə və tamaşaçı marağının azalması qış Olimpiadasını təhlükə altına alırmı?

- Mən belə düşünmürəm. Qış Olimpiadalarına maraq həmişə var və olacaq da. Düşünürəm ki, qış idman növləri üzrə federasiyalar yay idman növləri ilə müqayisədə daha çevik və işgüzar təsiri bağışlayırlar. Bunu Olimpiya proqramında edilən yeniliklər də sübut edir. Növbəti qış Olimpiadası 2022-ci ildə Pekində keçiriləcək və əminəm ki, bu yarışların yüksək səviyyədə təşkili bu ağ Olimpiadaya marağı daha da artıracaq.

- Olimpiya proqramında edilən dəyişikliklərə münasibətiniz necədir?

- Əvvəllər Olimpiya Oyunlarının qaydaları və proqramı sabit idi. Medalların sayı 300 dəst olmalı, Olimpiya kəndində atletlərin sayı isə 10 500-dən artıq olmamalı idi. Eləcə də, proqramda yalnız 28 idman növü nümayiş etdirilirdi. Yeni növün daxil edilməsi üçün köhnəsinin xaric edilməsi mütləq idi. Yeni idman növünün Olimpiya proqramına daxil edilməsi üçün ən başlıca şərt onun bütün qitələr üçün qəbul olunmasıdır. Bir vaxtlar beysbolun proqramdan çıxarılması da bununla bağlıdır. Bu idman növü yalnız Amerikada, Asiyada və Avstraliyada oynanıldığı üçün proqramdan xaric edildi. Xuan Antonio Samarançın dövründən əvvəl isə təşkilatçı ölkə proqrama istədiyi bir idman növünü daxil etmək imkanına malik idi. Cüdo, taekvondo kimi idman növləri proqrama məhz belə daxil edilib. Otüstü hokkeylə bağlı maraqlı bir hadisəni danışmaq istəyirəm. Moskva-1980 Olimpiadasında ruslar proqrama sambonu daxil etməyi təklif etsələr də, BOK bunu cüdo ilə oxşar olduğu üçün qəbul etmədi. Belə olan halda Hindistan prezidenti İndira Qandi SSRİ-nin rəhbəri L.İ.Brejnevə zəng vuraraq xahiş edib ki, otüstü hokkeyi proqrama daxil etsinlər. Axı Hindistan bu idman növündə çox güclü idi. Seul-1988 Olimpiadasından sonra bu prinsip ləğv edildi. Tokio-2020-nin proqramında isə 28 deyil, artıq 33 idman növü yer alacaq.

- "Qarabağ” klubu Avropa liqalarında uğurlu çıxış edə bilmədi. Halbuki ötən il klubumuz Çempionlar Liqasında daha yaxşı oyun nümayiş etdirmişdi...

- "Qarabağ”ın azarkeşi kimi deyə bilərəm ki, komandanın builki heyəti zəif olduğundan yaxşı oyun nümayiş etdirə bilmədi. Uğursuzluğun başlıca səbəbi komanda oyununun olmamasıdır. Klubdan gedən futbolçular tam şəkildə əvəz olunmadı. Müdafiədə eyni oyunçular olsa da, əvvəlki oyunu nümayiş etdirə bilmədilər. Götürək, Rəşad Sadıqovu. Yaş amili öz sözünü deyir və o artıq oyunda əvvəlki kimi çatdıra bilmir. Komanda hücumda da uğurlu deyil. Çünki hücuma keçmək, taktikanı qurmaq üçün çox vaxt sərf edirlər. Bu da istər-istəməz öz təsirini göstərir. Millidə də vəziyyət eynidir. 
Dünya təcrübəsi də göstərir ki, klub və yığmanı eyni mütəxəssisin çalışdırması düzgün deyil. Çünki məşqçi eyni adam olduğu üçün klub da, yığma da eyni oyunu oynayacaq. Başqa cür mümkün deyil. Bu, bir klub, bir yığma halında uğurlu ola bilər. Necə ki, bizdə əvvəllər voleybolda var idi. Vaxtilə Madrid "Real”ı İspaniya yığmasından dəfələrlə güclü oyun nümayiş etdirirdi. Məsələn, götürək elə Messini. O, klubda göstərdiyi oyunu millidə göstərə bilmir. Ya da ki, futbolçu var ki, klubda oynaya bilməsə də, yığmada əla oynayır.

Qurban Qurbanov yaxşı məşqçi olduğunu artıq çoxdan sübut edib. Yaxşı məşqçinin də uğursuzluqları olur. Hamı futbolu eyni gözlə görmür. Ronaldo "Real”dan getdi. Amma yeni klubda heç nə edə bilmir. Kollektiv başqa bir şeydir. Mən öz fikrimdə qalıram ki, futbol ancaq ulduz oyunçular üzərində qurulur. İnanıram ki, "Qarabağ” klubu gələcəkdə daha yaxşı uğurlar qazanacaq.


Səadət Hakıyeva






Bu yazı

5733 dəfə oxunub

Tarix

2018-11-21 16:42:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook