Azərbaycan nümayəndə heyəti AƏOH-un 24-cü Konqres və Assambleyasında ölkəmizi təmsil edib



Noyabrın 22-23-də Belçikanın paytaxtı Brüsseldə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 24-cü Konqres və Assambleyası keçirilib. Tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər.
Noyabrın 23-də Avropa Regionlar Komitəsində keçirilən Konqresdə AƏOH-a üzv olan 30-dan çox ölkənin, eləcə də, Belçikada yaşayan müxtəlif dinlərin nümayəndələri iştirak ediblər.”İdman bəşəriyyətin ruhudur” mövzusunda geniş müzakirələr aparılıb, məruzələr dinlənilib.
Həmin gün Brüssel Parlamentində AƏOH-un ilin yekunlarına həsr olunmuş "Qala Mükafatlandırma” mərasimi keçirilib. Mərasimdə dünya idmanında fərqlənən idmançılar və mütəxəssislərə AƏOH-un ədalətli oyunlar sahəsində mükafatları təqdim olunub.
Noyabrın 24-də Belçika Olimpiya Komitəsində AƏOH-un 24-cü Baş Assambleyası keçirilib. Tədbirdə gündəlikdə dayanan bir sıra məsələlər müzakirə olunub, iştirakçı nümayəndələr öz təcrübəsini bölüşüb, ideyalarını paylaşıblar. Qurumun hesabatı dinlənilib və növbəti il üçün büdcəsi təsdiqlənib.
Assambleya çərçivəsində iştirakçı ölkə nümayəndələri arasında interaktiv seminar təşkil edilib. Müxtəlif qruplara bölünən işçi qrupları ədalətli oyunlar hərəkatının müxtəlif akpektlərdən təbliğ və inkişaf etdirilməsi istiqamətində müzakirələr apararaq təcrübələrini paylaşıblar.
Azərbaycan nümayəndə heyəti tərəfindən bu il AzƏOK-un 20 illik yubiley mərasiminin, BƏOK-un Qala Mükafatlarının təqdimetmə mərasiminin Bakıda keçirilməsi barədə məlumat verilib. Bildirilib ki, yubiley ərəfəsində AzƏOK-un sədri Xəzər İsayevin müəllifi olduğu qurumun 20 illik fəaliyyətindən bəhs edən "Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabı və təşkilatın yeni loqosu ictimaiyyətə təqdim edilib. Qeyd olunub ki, BƏOK tərəfindən Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin Azərbaycanın paytaxtı Bakıda yaradılması qərara alınıb. Assambleya zamanı "Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabı tədbir iştirakçılarına təqdim edilib.
Assambleyanın sonunda növbəti Konqresin 2019-ci ildə hansı ölkədə keçirilməsi məsələsi gündəmə qoyulub və müzakirələr aparılıb. Qeyd edək ki, tədbirin hansı ölkədə keçirilməsi növbəti ilin əvvəlində AƏOH-un İcraiyyə Komitəsi tərəfindən təsdiq olunacaq.










Bu yazı

9720 dəfə oxunub

Tarix

2018-11-30 09:07:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev