Şöhrətin zirvəsinə idmanla yüksələn Azərbaycan xanımları



İdmanı qadınlarsız təsəvvür etmək olmaz. Əks cinsin nümayəndələri uşaq və gənclərin fiziki, mənəvi tərbiyəsində aparıcı mövqeyə malikdir. İdmanın demək olar ki, hər bir növündə qadın idmançılara rast gəlmək mümkündür. Bu isə idman yarışlarına olan marağı birə-beş artırır.
Bu gün atletlərimiz müxtəlif yarışlarda yüksək nailiyyətlərə yiyələnirlər. Həmin idmançılar arasında qadın atletlərimiz də fəallıq nümayiş etdirirlər. Bu hal cəmiyyətimizdə xoş ovqatla qarşılanır. Artıq hər bir valideyn cinsindən aslı olmayaraq öz övladının fiziki və mənəvi cəhətdən sağlam olması üçün idmana müraciət edir. Nəticədə ölkədə gələcəyimiz olan sağlam gənc nəsil formalaşır. "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində bu dəfə azərbaycanlı qadınların idmandakı uğurları və qadın idmanın keçdiyi yola nəzər salmışıq. Böyük və şərəfli yol keçən idmançılarımızın əldə etdikləri nailiyyətləri oxucularımıza təqdim edirik.
Azərbaycanlı qadın idmançılar idmanın müxtəlif növlərində uğurlu addımlar atıblar. Tarixə nəzər salsaq görərik ki, 1923-cü ilin axırları və 1924-cü ilin əvvəllərində əyalətlərdə belə idman bölmələri açılmağa başlayıb. Lənkəranda, Qubada, Zaqatalada, Gəncədə meydana gələn atletika bölmələri buna misal ola bilər. Bu onu göstərir ki, həmin dövrlərdə uşaq və yeniyetmələrin idmanla məşğul olmaları üçün mövcud imkanlar formalaşıb. Atletika bölmələrində bu idman növlərinin sirlərinə yiyələnən yeniyetmələr 1925-ci ildə respublikanın paytaxtında keçirilən birinci Bakı Olimpiadasında öz qüvvələrini sınayıblar. Həmin yeniyetmələr arasında qızlar da fəallıq nümayiş etdiriblər. Bu yarışlarda A. Hüseynova, L.Urbanoviç, N.Samordikor, N.Nikolayeva və digər perspektivli atetlər parlamağa başlayıb.
Tezliklə bu cür yarışların sayı artıb. 1925-ci il noyabrın 6-7-də AHİŞ stadionunda həmkarlar ittifaqları bədən tərbiyəçilərinin atletika turniri təşkil olunub. Turnirdə 14 dərnək və müsabiqədənkənar hərbi dənizçilər dərnəyi iştirak edib. 1925-ci ildə ÜHİMŞ-nin qərarı ilə Moskvada həmkarların birinci bədən tərbiyəsi bayramı keçirilib. Həmin bayramda 6 ən böyük həmkarlar ittifaqlarının təmsilçilərindən (dəmiryolçular, toxucular, metalçılar, mədənçilər və sovet ziyalıları) ibarət 600 idmançı qüvvəsini sınayıb. Elə həmin il Fioletov adına Bakı klubunun atletləri Moskvada keçirilən ÜHİMŞ-nin birinci bədən tərbiyəsi bayramında ölkəmizi təmsil ediblər.


Spartakiadalar idmanın
kütləviliyində yeni bir təkan oldu
O dövrdə idmana olan həvəs tezliklə Azərbaycanda da hiss olunmağa başlayıb. İdman tədbirlərinin artması ilə yeni adlar üzə çıxdı. Bu tədbirlər arasında spartakiadaları da xüsusi qeyd etmək olar.

Azərbaycanda keçirilən spartakiadalar demək olar ki, idmanın kütləviliyində yeni bir təkan idi. Bu yarışlarda demək olar ki, respublikanın bütün atletika rekordları yeniləyirdi. Bununla yanaşı, digər idman növlərində də ilk addımlar uğurla nəticələnirdi. Belə ki, voleybol, üzgüçüçülük və güləşdə yeni nailiyyətlər əldə olunurdu. Həmin yarışlarda iştirak edən yeniyetmə və gənc idmançılar ustalıq nümayiş etdirirdilər. Bunun nəticəsidir ki, I Ümumittifaq Spartakiadasından sonra ən yaxşı idmançılar Zaqafqaziya xalqlarının I Spartakiadasında iştirak etdilər. Bu yarışların keçirilməsinin təşəbbüskarı və təşkilatçısı Zaqafqaziya Federasiyası və Zaqafqaziya Bədən Tərbiyəsi Ölkə Şurası idi. Spartakiadanın proqramına futbol, basketbol, tennis, atıcılıq, üzgüçülük, velosiped idmanı, güləş, kəndir dartma, gimnastika, atletika, həndbol və digər idman növləri daxil edilmişdi. Yarışlarda 750 nəfər idmançı qüvvəsini sınamışdı. Müqayisə üçün bildirək ki, əgər Azərbaycanı spartakiadada 50 qadın idmançı təmsil edirdisə, Gürcüstan bu yarışda 46 qadın idmançı ilə çıxış edirdi. Bu spartakiadada qadın idmançılarımız daha müvəffəqiyyətlə çıxış etmişdilər. Təsadüfi deyil ki, Zaqafqaziya spartakiadasının yekunlarına əsasən, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının seçmə komandası təşkil olunarkən, onun tərkibinə Azərbaycanın 134 nümayəndəsi daxil edilmişdi.
Müxtəlif idman növlərində təmsilçilərimizin uğurlu çıxışı da diqqətdən kənarda qalmırdılar. Belə ki, su idmanı növlərində beşmetrlik trampilindən suyatullanmada A.Pimaşkina gümüş medala sahib olmuşdu.Bununla yanaşı Zaqafqaziyanın yığma komandasına daxil olan idmançılardan, tennisçi N.Nikolayeva, Balaxanı voleybolçuları A.Qoryaçova, T.Potapova, A. Mişanova birinci Ümumittifaq spartakiadasında müvəffəqiyyətlə çıxış etmişdilər. Zaqafqaziya federasiyasının yığma komandası spartakiadada beşinci yeri tutmuşdu ki, bu nailiyyətin qazanılmasında Azərbaycan qadın atletlərinin xüsusi rolu olmuşdu.


İlk addımlar, ildən-ilə
yenilənən rekordlar
Azərbaycan idmanının böyük salnaməsində hər gün öz əlamətdarlığı ilə seçilir. Belə ki, 1930-cu il noyabrın 7-də Azərbaycan idmançıları üçün yaddaqalan bir hadisə baş verdi. Həmin gün Bakıda Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu açıldı. Bu, həm də o deməkdir ki, qızlar da oğlanlarla birlikdə institutda oxumağa gəlmişdilər. Onların arasında institutda təhsil alan yeganə azərbaycanlı qız Məsumə Fərzəliyeva da var idi. Qeyd edək ki, instituta ilk dəfə qəbul olunan qızların sayı cəmi altı nəfər idi.

Sonrakı illərdə (1933-1940) institutu 335 nəfər, o cümlədən 93 qadın bitirdi. Onlardan bu dəfə beş nəfəri azərbaycanlı qızlar idi. Raziya Muradova 1933-cü ildə diplom ala bilməmişdi. Lakin 7 il sonra o, institutu bitirərək diplom əldə etmişdi. Həmin illərdə Humay Zərgərli, Zeynəb Məmmədova və Nina Sultanova məzun adını qazanmışdılar.
Respublikanın ən yaxşı idmançıları ümumittifaq yarışlarında müvəffəqiyyətlə çıxış etməklə bərabər, həm də AzDBİ-də təhsil alırdılar. 1946-cı ildə Bədən Tərbiyəsi İnstitutu 5, 1947-ci ildə isə 27 qadın ixtisasçı hazırlamışdı. Bir il sonra isə institutu 43 qadın tələbə uğurlu bitirmişdi. Bu dövrdə AzDBTİ-nin tərkibində Lenin adına Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun Bakı təlim-məsləhət məntəqəsi açılmışdı. Həmin məntəqə sonra AzDBTİ-nin qiyabi şöbəsinə çevrilmişdi.
Ümumiyyətlə, 1946-1952-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu 212 nəfər qadın bitirmişdi.
1924-cü ilin dekabrında Bakıda ilk dəfə açıq havada atletika üzrə yarışlar keçirilmişdi. Qadın atletlər də həmin yarışda iştirak etmişdilər. Onlardan A.Şahbazova qumbaraatmada 27 metr nəticə göstərmişdi.
1935-ci ilin oktyabrında həmkarlar ittifaqları kollektivlərinin atletika yarışlarında kişilərlə bərabər qadınlar da çıxış edirdi. Bu yarışlarda qadın idmançılarımız Zaqafqaziya və respublika rekorduna yiyələnmişdilər. İştirakçılar arasında Azərbaycan qadın idmançılarımızdan Sona Qasımovanı xüsusi qeyd etmək olar.
O, 1937-ci ildə isə Bakıda keçirilən qardaş respublikaların spartakiadasında Zaqafqaziya rekordçusu olumuşdu. Respublikanın idman həyatında fəal iştirak edən Sona Qasımova 1949-cu ildə Gəncə Bədən Tərbiyəsi Texnikumunu, 1953-cü ildə isə S.M.Kirov adına Azərbaycan DBTİ-ni bitirdikdən sonra Zaqatalada işləyib. Onun əməyi medal və fəxri fərmanlarla qiymətləndirilmişdi. 1964-cü ildə ona Azərbaycan SSR Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı verilmişdi.
1935-ci ilin payızında Bakıda keçirilən nümayiş çıxışlarına Sovet İttifaqının ən güclü yüngül atletlər qrupu dəvət olunmuşdu. Onların arasında N. Maksimova da var idi. Nəzərinizə çatdırım ki, həmin atletlər azərbaycanlı həmkarları ilə birlikdə dostluq yarışlarında da çıxış etmişdilər.
1935-ci il oktyabrın 18-də Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyinə həsr olunmuş həmkarlar ittifaqları kollektivləri yüngül atletika yarışlarının təntənəli açılışı olmuşdu. Orada pataxtla yanaşı, Gəncə, Nuxa (indiki Şəki), Dağlıq Qarabağ Muxtar Vilayəti, Naxçıvan Muxtar SSR və digər rayonları təmsil edən 400 nəfər atlet iştirak edirdi. Həmin yarşlarda 12 Zaqafqaziya və 16 Azərbaycan rekordu qeydə alınmışdı. Komanda hesabında birinci yerə Bədən Tərbiyəsi İnstitutunun tələbələri, ikinci yerə "Vodnik”çilər və üçüncü yerə isə "Dinamo”çular çıxmışdılar.
Atletika barəsində onu da qeyd edək ki, 1936-cı ildə ilk dəfə olaraq atletika üzrə Ümumittifaq vahid idman klassifikasiyası tətbiq edilmişdi. Paytaxtı təmsil edən atletlər arasında 6 nəfər 1-ci dərəcəyə layiq görülmüşdü. Qarşıdakı iki-üç il ərzində respublikada yeni SSRİ çempionları və idman ustaları yetişməyə başladı.
Qadınlar arasında ilk dəfə şahmat üzrə Bakı çempionatı 1934-cü ildə keçirilmişdi. Tamara Coqleva həmin çempionatın qalibi kimi tarixə düşmüşdü. O, 1934-cü ildə SSRİ çempionatında da iştirak etmişdi. Bundan sonra qadınlar arasında şahmatın populyarlığını artırmaq üçün Bakı Bədən Tərbiyəsi Şurası nəzdində M.Makaqonovun rəhbərliyi altında xüsusi qadın şahmat kollektivi yaradılmışdı. Bakılı T. Məmmədova - ilk azərbaycanlı şahmatçı qadın kimi SSRİ-nin Moskvada keçirilən qadın şahmatçılarının qurultayına göndərilmişdi.
1936-cı ildə bakılı şahmatçı A.Polisskaya Zaqafqaziya çempionu olmuşdu. Həmin vaxtlarda Azərbaycanın qadın şahmatçılarından X.N.Abiyeva, S.Ələsgərova, V.Cəbrayılova güclü şahmatçılar hesab edilirdilər. Bundan başqa 1964-cü il Bakı çempionu adını almış A.Pirbudaqova respublika çempionatının ən fəal iştirakçılarından sayılırdı. Həmin çempionatda 13 yaşlı A.Saakova yarışların gümüş mükafatına sahib çıxmışdı.
Azərbaycanın qadın şahmatçılarından ən görkəmlisi, beynəlxalq şahmat aləmində məşhur olan simalarından biri Tatyana Zatulovskaya sayılırdı.
1936-cı ildə (25-29 mart) Moskvada pioner və məktəblilərin gimnastika bayramı keçirilmişdi. Tədbirdə Azərbaycandan 12 gimnast iştirak etmişdi ki, onların arasında V.Bendeyeva, V.Kiryuşova, Z.Belyayeva, Q.Andreyeva və A.Saluraniçeva mükafatçılar sırasında yer almışdılar. Bununla yanaşı, 12 nəfərdən 7-si 10 güclü gənc şahmatçı sırasında yer almışdı. Gənc gimnast V.Bondaryeva təmrinləri dəqiq yerinə yetirməklə ÜİHİM-in xüsusi mükafatına yiyələnmişdi. Beləliklə, 1936-cı ildə Moskvada təşkil olunan məktəblilərin Ümumittifaq gimnastika yarışında Azərbaycan atletləri yaxşı çıxış etmişdilər.
1937-ci ildə məktəblilər arasında keçirilən atıcılıq yarışlarında da oğlan və qızlar öz bacarıqlarını nümayiş etdiriblər. Qızlar arasında Gəncə məktəbliləri İra Bauer 50 mümkün xaldan maksimum nəticə ilə birinci, Anna Ştefan isə 44 xalla ikinci yeri tutmuşdu.



İdman cəmiyyətin
hər sahəsində
mühüm rola malikdir
Həmin dövrlərdə respublika idmanı yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu inkişafa gedən yolda növbəti təkanverici amil ölkədə "Əmək və SSRİ-nin müdafiəsinə hazıram” kompleksinin həyata keçirilməsi olmuşdu. Kompleksin birinci pilləsi aidiyyatı olan qurumun təklifi əsasında işlənib hazırlanaraq, 1931-ci ilin martında təsdiq edilmişdi.
1938-1941-ci illərdə bədən tərbiyəsi ilə məşğul olan kollektivlər, könüllü idman cəmiyyətləri və digər təşkilatları bədən tərbiyəsi hərəkatının yüksəlişinə təkan vermişdi. Məlumdur ki, üzgüçülük, atıcılıq, qumbaraatma, qılıncoynatma böyük əhəmiyyətə malik idman növlərindən sayılırdı. Respublikada kütləvi-idman işinin təşkilində məhz bu idman növlərinə üstünlük verilirdi. Statistikaya görə, respublikanın bədən tərbiyəsi və idman hərəkatının kütləvi təşkilində 1940-cı ildə Azərbaycanın 2036 bədən tərbiyəsi kollektivində 31 mindən artıq mütəxəssis məşğul olmuşdu.

Aparılan müşahidələrə görə, müharibədən əvvəl və sonrakı illərdə Azərbaycan qadınları arasında da bədən tərbiyəsi geniş yayılmışdı.
Həmin ərəfələrdə Azərbaycan qadınlarını mədəni quruculuğun müxtəlif sahələrinə cəlb etmək üçün hərtərəfli tədbirlər görülürdü.
Ona görə də qadınlarla ideya-siyasi iş, onların bədən tərbiyəsi səviyyəsini qaldırmaq üçün idman ən yaxşı vasitə hesab olunurdu. Bu işdə bədən tərbiyəsi və idmanın təbliği üçün ən parlaq vasitə bədən tərbiyəsi nümayişləri idi.
1937-ci ildən Azərbaycanın bədən tərbiyəçiləri Moskvada keçirilən bütün ümumittifaq nümayişlərində iştirak etmişdilər. Azərbaycan SSR-in idman nümayəndələrinin arasında azərbaycanlı qadınlar da az deyildi. O illərdə, xüsusilə gimnastika kütləvi xarakter almışdı. 30-cu illərin sonlarında idman bölmələrində bu növ ilə 15 minə yaxın idmansevər məşğul olurdu. Statistikaya görə, 1940-cı ildə keçirilən respublika yarışlarının finalında 314 idmançı, o cümlədən 147 qadın iştirak etmişdi. 1941-ci ilin sonlarında artıq respublikada M.Məmmədova, Z.Hacıyeva, A.Çervyakova kimi güclü gimnastlar yetişmişdi.
Azərbaycan İdman Komitəsi 1942-ci il yanvarın 29-da müalicə bədən tərbiyəsi üzrə elmi-metodik şuranın tərkibini təsdiq etdi. Şuraya təcrübəli bədən tərbiyə mütəxəssisi, tibb elmləri namizədi, dosent Səlim Əliyev sədr təyin olundu. Komitənin üzvləri arasında bədən tərbiyəsi təlimatçıları Z.Q.Rzayeva, L.Karamurza, L.Lısyakova, L.Burçalova, Y.İkonnikova və başqaları da var idi. Həmin ilin iyulunda şura birinci respublika müalicə bədən tərbiyəsi mövzusunda seminar-müşavirəsini keçirmişdi. Sonralar bu cür seminar-müşavirələr Bakıda müntəzəm təşkil olunmağa başlamışdı. Qeyd edək ki, müalicə bədən tərbiyəsinin inkişafına respublikanın idman cəmiyyətləri də fəal kömək göstərirdilər. Onların səyi nəticəsində 1941-ci ildə hospitalların nəzdində 10 müalicə bədən tərbiyəsi kabineti yaradılmışdı. Onların sərəncamına idman-gimnastika inventarları verilmişdi.
Göründüyü kimi, Azərbaycanda idman ildən-ildən özünün inkişaf mərhəsinə qədəm qoyub. Nəticədə həm kişilər, həm də qadınlar arasında adlı-sanlı idmançılar yetişib, böyük uğurlar əldə olunub və nailiyyətlər Azərbaycan idman tarixində şanlı bir salnaməyə çevirlib. Müstəqil Azərbaycanımızda idmanın və Olimpiya Hərəkatının daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlər bu gün öz yüksək bəhrəsini vermişdir. Azərbaycan dünyanın aparıcı idman dövlətlərindən biridir. Müasir dövrümüzün uşaq, yeniyetmə və gəncləri bu qayğının nəticəsi olaraq idmana böyük maraq göstərir, həm fiziki, həm də mənəvi cəhətdən gələcəyimiz olan sağlam nəsil kimi formalaşırlar.



Bu yazı

4153 dəfə oxunub

Tarix

2018-11-30 10:32:26

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook