“Sumonun Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması bu idman növünə olan marağı daha da artırıb”


Bu yaxınlarda Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Sumo Federasiyasını (BSF) rəsmi olaraq tanıyıb. Bu qərar BOK-un Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 133-cü sessiyasında qəbul olunub. BOK-un hesabatında BSF-yə 84 milli federasiyanın üzv olduğu, həmçinin hazırda 40 min peşəkar idmançının sumo ilə məşğul olduğu qeyd edilib. 1992-ci ildən yaradılan bu federasiyanın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması sumo həvəskarları və mütəxəssisləri üçün sevindirici hadisə olub. Bu qərar təbii ki, ölkəmizdə də müsbət qarşılanıb. Çünki respublikamızda da qədim ənənələrə malik olan bu idman növü ilə kifayət qədər yeniyetmə və gənc məşğul olur.
Yaponiyada uzun illərdir ki, mövcud olan və dünyanın bir çox ölkəsində tanınan bu güləş növü Azərbaycanda 2005-ci ildən inkişaf etməyə başlayıb. Azərbaycanın ilk sumoçularından biri olan Samir Abdullayev hazırda bu idman növünün ölkəmizdə inkişafı üçün səy və bacarıqlarını əsirgəmir.
Bu yaxınlarda qeyd etdiyimiz məsələ ilə bağlı məlumat öyrənmək üçün Azərbaycan Sumo Federasiyasının prezidenti, Avropa Sumo Federasiyasının vitse-prezidenti Samir Abdullayevlə görüşdük. Müsahibimiz sumo güləşi və idmanın bu növünün Azərbaycanda inkişaf perspektivləri və Beynəlxalq Sumo Federasiyasının BOK tərəfindən rəsmi olaraq tanınması qərarına münasibətini bildirdi.

- Samir müəllim, bu yaxınlarda Beynəlxalq Olimpiya Komitəsi Beynəlxalq Sumo Federasiyasını tanıyıb. Bu onu deməyə əsas verirmi ki, yaxın zamanlarda sumo yarışları Olimpiya Oyunlarının proqramına daxil edilə bilər?
- Beynəlxalq Olimpiya Komitəsinin Beynəlxalq Sumo Federasiyasını tanıması bizim üçün, doğrudan da, sevindirici hadisədir. Fikrimcə, sumo nümunəvi idman növü kimi Tokio-2020-nin proqramına daxil ediləcək. Lakin sumo Olimpiya Oyunlarının proqramına rəsmi olaraq 2024 və ya 2028-ci il Olimpiadalarında daxil edilə bilər. Bunun üçün artıq heç bir maneə qalmayıb. Bildiyiniz kimi, Olimpiya idman növlərinin müəyyən tələbləri və qaydaları var. Biz də bu tələblərə cavab vermək üçün sumo idman növündə müəyyən işlər görməliyik. Hələ Beynəlxalq Sumo Federasiyası tərəfindən qarışda görüləcək çox işlər var. Əvvəlcə, paralimpiyaçılar arasında da bu idman növü yer almalıdır. Bizim bu məsələlər barəsində müəyyən təkliflərimiz olub. Bundan başqa bu idman növünün televiziya tamaşaçılarına daha baxımlı olması üçün də müəyyən işlər həyata keçirmək lazımdır. Qeyd edim ki, sumo əvvəllər də BOK tərəfindən tövsiyə edilən idman növü olub və Ümumdünya Döyüş Sənətləri Oyunlarının proqramına daxil edilib. Bundan başqa, sumo idman növü bir neçə kompleks yarışların proqramında da yer alıb.

- Bəs bu məsələnin nə vaxt rəsmiləşəcəyi gözlənilir?
- Gələn il ABŞ-da sumo üzrə dünya çempionatı keçiriləcək. Çempionat çərçivəsində Beynəlxalq Sumo Federasiyasının Konqresi təşkil olunacaq. Həmin konqresdə bu barədə dəqiq məlumat veriləcək. Düşünürəm ki, Beynəlxalq Sumo Federasiyasının BOK tərəfindən tanınması bu idman növünün inkişafına güclü təkan verəcək və tezliklə sumonu Olimpiya Oyunlarının proqramında görəcəyik.

- Yarışların qaydalarında necə, dəyişikliklərin olacağı gözlənilirmi?
- Bildiyiniz kimi, sumonun iki növü var - ənənəvi sumo və idman sumosu. Ənənəvi sumo yalnız Yaponiyada mövcuddur. Orada orta əsrlərdən bu günümüzə gəlib çatan idman ənənələri tam qorunub saxlanılıb. İdman sumosu isə bir qədər fərqlidir. Bütün dünyada sumo yarışları idman sumosunun qaydalarına görə keçirilir. Burada həm çəki, həm də yaş kateqoriyaları var, təkcə kişilər deyil, qadınlar da mübarizə aparırlar. Ənənəvi sumoda isə bu qaydalar yoxdur. Əgər sumo Olimpiya proqramına daxil olarsa, bu idman növündə çəki dərəcələrində də dəyişiklik olacaq. Sumoda bu günə qədər 85 kq, 115 kq, 115 kq-dan yuxarı və mütləq çəki olub. Sonuncu dünya çempionatında Beynəlxalq Sumo Federasiyasının Konqresində əksər ölkələrin nümayəndələri təklif ediblər ki, yarışlara yeni çəkilər əlavə olunsun. Beləliklə, bundan sonra yaponlar 100 kq çəki dərəcəsini qəbul etdilər. Gələcəkdə də yeni 2-3 çəki dərəcəsinin qəbul olunacağı gözlənilir. Yəqin ki, siz də fikir vermisiniz, sumoda çəki dərəcələri arasında fərq çox böyükdür. Digər idman növlərində isə bu qədər böyük fərq yoxdur. Çəkisi 92-95 kq olan idmançılar məcbur olurlar ki, birdən-birə 12-15 kilo çəki salsınlar. Bu isə çox çətindir. İnanıram ki, bu məsələlər də gələcəkdə öz həllini tapacaq.

- Ölkəmizdə bir neçə dəfə sumo üzrə beynəlxalq yarışlar təşkil olunub. Paytaxtımızda yenidən belə bir yarışın keçirilməsi gözlənilirmi?
- Biz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə 2009-cu ildən başlayaraq müntəzəm olaraq beynəlxalq sumo yarışları təşkil edirik. Bu yarışlar təkcə böyüklər arasında deyil, yeniyetmələr arasında da keçirilir. Ötən il təşkil etdiyimiz açıq Azərbaycan çempionatında idmançılarımızla yanaşı, bir neçə ölkənin ən güclü sumoçuları iştirak etmişdi. Onların arasında dünya və Avropa çempionları və mükafatçıları da var idi. O cümlədən Avropa Sumo Federasiyasının prezidenti Dariuş Rozum da yarışda qonaq qismində iştirak edərək çempionatın təşkilatçılıq səviyyəsinin şahidi oldu. Gələn ilin fevral-mart aylarında yenidən açıq Azərbaycan çempionatı təşkil edəcəyik. Bir sıra ölkələrin də bu yarışda iştirak edəcəyi gözlənilir. Yay aylarında isə sumo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirməyi planlaşdırırq.
Bundan başqa 2020-ci ildə sumo üzrə Avropa çempionatının Bakıda keçirilməsi üçün müraciət etmişik. Avropa Sumo Federasiyası, demək olar ki, Avropa ölkələrinin hamısının milli federasiyaları bizim bu qərarımızı dəstəkləyiblər. Beləliklə, sumo üzrə ən mühüm yarışlardan biri olan Avropa çempionatı 2020-ci ilin aprel və ya may aylarında Bakıda təşkil oluna bilər.

- Siz həm də Avropa Sumo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışırsınız. Təmsil olunduğunuz qurumda sumonun gələcək fəaliyyəti ilə bağlı daha hansı mühüm məsələlər müzakirə olunur?
- Avropa Sumo Federasiyası tərəfindən yeni layihələr hazırlanır. Bu layihələrdən biri də çimərlik sumosu ilə bağlıdır. Belə ki, hazırda 2020-ci ildə ilk dəfə olaraq çimərlik sumosu üzrə Dünya kuboku yarışlarının təşkil olunması məsələsi müzakirə olunur. Bu yarışın harada keçiriləcəyi isə hələlik dəqiq deyil. Lakin bu Dünya kubokunun Gürcüstan, Polşa və Azərbaycanda keçirilməsi ehtimal olunur. Hələlik, Gürcüstan və Polşa şəhərləri bu yarışa namizədliyini irəli sürüb. Ola bilər ki, gələcəkdə biz də bu yarışa ev sahibliyi edək.

- Ölkəmizdə digər idman növləri ilə müqayisədə sumoda legioner idmançılar yoxdur.
- Hazırda bizim legioner idmançılara ehtiyacımız yoxdur. Çünki bizim hər bir çəkidə güclü idmançılarımız var. Düzdür, əvvəllər ağır çəkidə bir qədər problemlərimiz olurdu. Lakin hazırda ağır çəkilərdə də çox perspektivli idmançılarımız yetişir. Əgər gələcəkdə sumo Olimpiya Oyunlarının proqramına daxil olunarsa, bəlkə, o zaman yığmaya qadın legionerləri dəvət edə bilərik. Hazırda ölkəmizdə qadın sumosu o qədər də inkişaf etməyib. Bununla belə qadın sumoçularımız var. Burada da əsas problem ağır çəkilərdə qadın sumoçuların olmamasıdır. Lakin Buenos-Ayresdəki Konqresdə sumonun Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması bu növə olan marağı bir qədər də artırıb. Yəqin ki, bu hadisə sumonun gələcəkdə kütləviləşməsinə və geniş auditoriya kütləsi qazanmasında müsbət təsir göstərəcək.

Azər Əlizadə


Bu yazı

6761 dəfə oxunub

Tarix

2018-12-05 13:16:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook