Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışlarına yekun vurulub








Dekabrın 6-9-da Milli Gimnastika Arenası bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışlarına ev sahibliyi etdi. 4 gün davam edən turnirdə 300-ə yaxın gimnast xalça üzərində öz bacarıqlarını nümayiş etdirdi. 

"Olimpnews.az” xəbər verir ki, yarışların ilk üç günündə fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər, qrup hərəkətləri komandaları isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında qüvvələrini sınadılar. Medallar uğrunda yarışlarda "Ocaq Sport” İdman Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi (RKİM), "AyUlduz” klubu, "Zirvə” İdman Klubu, "Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Su İdmanı Sarayı, "Zabrat” İdman Klubunun təmsilçiləri, eləcə də, Sumqayıt şəhərinin, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri mübarizə apardılar.

Yeniyetmələr (2006-2007) arasında qrup hərəkətləri üzrə lentlərdə yarışda qaliblərin adlarına yarışların ilk günündə aydınlıq gəldi. Bütün rəqiblərini üstələyən "Ocaq 2” komandası birinci yerin sahibi oldu. 2-ci yeri Bakı Gimnastika Məktəbinin təmsilçiləri tutdular. Bürünc mükafatı isə boynundan "Ocaq 1” kollektivi asdı.
Dekabrın 7-də isə bədii gimnastlar gənclər (2003-2005) və yeniyetmələr (2006-2007) yaş kateqoriyasında halqa, top, gürzlər və lentlərdə mübarizə apardılar. Günün sonunda 2003-2005-ci il təvəllüdlü bədii gimnastların çoxnövçülük yarışlarında Mükafatalayiq yerlərə "Ocaq Sport” İdman Klubunun təmsilçiləri layiq görüldülər. Fatimə Əkbərova həmin yaş kateqoriyasında ən güclü gimnast kimi Azərbaycan çempionu titulunu aldı. Gümüş və bürünc medallara isə Məryəm Səfərova və İlona Zeynalova layiq görüldülər.
Yarışların üçüncü günündə 2008-2010-cu il təvəllüdlü gimnastlar alətsiz, halqa və iplə, 2006-2007-ci il təvəllüdlü gimnastların halqa, top, gürz və lentlərlə fərdi proqramda, eləcə də, 2008-2010-cu il təvəllüdlü gimnastlar halqalarda qrup hərəkətləri üzrə proqramda yarışdılar. Çoxnövçülük üzrə fərdi çıxışların yekunlarına əsasən, 2008, 2009 və 2010-cu il təvəllüdlü gimnastlar arasında qaliblər müəyyənləşdi. Beləliklə, fəxri kürsünün ən yüksək pilləsində "OcaqSport İK-nun təmsilçiləri Nərminə Bayramova, Gövhər İbrahimova ("Ocaq”) və İlahə Bahadırova qərar tutdular. Həmin yaş kateqoriyasında qrup hərəkətlərində hamıdan güclü olmağı BGM 1 kollektivi bacardı. Yeniyetmələr yaş kateqoriyasında isə birinciliyi Kamilla Seyidzadə ("Ocaq”) qazandı.

Turnirin sonuncu günündə bölgələrarası kubok yarışları keçirildi. Sayca beşinci olan bu yarışda ölkımizin müxtəlif bölgələrini təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında bacarıqlarını nümayiş etdirdilər. 2008-2010 təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə Aişə Rəcəbli (Sumqayıt), Yasəmən Nəsirova (Mingəçevir) birinci yeri, Dəniz Əsgərova ("Zirvе International" idman klubu) və Sevil Hüseynli ("Zirvə International" idman klubu) birinci yerə layiq görüldülər. 2006-2007-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə isə qalib adını Cənnət Bayramlı (Sumqayıt), Nənəbacı Şəfiyeva (Qusar rayonu) qazandılar.

Komandalar yarışlarında halqa ilə qrup hərəkətlərində 2008-2010-cu il təvəllüdlü gimnastlar arasında birinci yeri "Zirvə 1" ("Zirvə International" İdman Klubu) tutdu. 



Səadət Hakıyeva






Bu yazı

18933 dəfə oxunub

Tarix

2018-12-10 10:17:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev