Qadın idmanı fiziki və mənəvi tərbiyədə özünəməxsus uğurları ilə seçilir



İkinci dünya müharibəsindən sonra dünya yeni inkişaf mərhələsinə qədəm qoydu. Ağır keçən günlər arxada qaldı. Respublikada hər bir sahədə yeni dirçəliş dövrü başladı. Müharibədən əvvəl başlanan işlər yenidən davam etdirildi. Bu işlər idmanda da öz əksini tapdı. İdman və bədən tərbiyəsində yeni dövr başlandı. Kişi və qadın idmançıların kütləvi halda idmana gəlişi təmin edildi.
Böyük Vətən müharibəsi illərində bir çox azərbaycanlı qadınların göstərdiyi misilsiz hünərlərdən az yazılmayıb. Atıcı Ziba Qəniyeva və ilk azərbaycanlı təyyarəçi qadınlardan biri Züleyxa Seyidməmmədovanı xüsusilə qeyd etmək lazımdır. Bu igid qadınlar şöhrətin zirvəsinə idmanda qazandıqları iradə, dözüm və cəsarət kimi fiziki keyfiyyətlər sayəsində çatıblar. 1936-cı ildə 62 nəfər qadının Hacıkənd-Bakı atlı yürüşü, 1938-ci ildə 14 nəfər gənc idmançı qızın min kilometrlik məsafəyə 17 günlük velosiped yürüşü qadın idmançılarımızın tarixə yazılan nəticələridir.
1957-ci ildə Zaqafqaziya respublikaları və Moldovada SSRİ xalqlarının ənənəvi VIII Spartakiadasında voleybolçu qadınlarımız mükafata layiq görülərək ikinci yerə çıxıblar. Bu uğurlar, əlbəttə, təsadüfi idman qələbələri sayılmırdı. Artıq həmin illərdə Azərbaycan bədən tərbiyəsi hərəkatında fəal iştirak edən qadınların sayı 20 mini ötüb keçmişdi.


Azərbaycan ilk dəfə
qadınların I Spartakiadasına ev sahibliyi etmişdi
Respublikamızda keçmiş SSRİ-nin başqa şəhərlərindən idmançı qadınlar dəvət edilərək evlə təmin olunurdu. Gənc kadrlarımız onlarla birlikdə iştirak edərək SSRİ-də yüksək idman nəticələri əldə etmişdilər. Məsələn, 1957-ci ildə dörd qız idmançımız - Z.Ələsgərova, Ş.Manqutova, F.Kasumova və Nina Kosereva SSRİ birinciliyində bürünc medal qazanmışdılar. Belə ki, 1959-cu ildə qadın idmançıların göstərdiyi yüksək nəticələrə görə Azərbaycan komandası Zaqafqaziya və Moldova zona yarışlarında birinci olmuşdu. Bu tərəqqi 1961-ci ildən başlayaraq daha da güclənmişdi. 1961-ci ildə SSRİ respublikaları içərisində Azərbaycan ilk dəfə qadınların I Spartakiadasına ev sahibliyi etmişdi. Bu isə qadın idmanının inkişafı yolunda atılmış böyük addım idi. Bu yarışlarda yüngül atletika üzrə idman ustası Ziba Ələsgərova, gimnastika üzrə idman ustası Məsumə Məmmədova, Züleyxa Hacıyeva, Adilə Yenigeyeva və başqaları uğurla çıxış etmişdilər. Azərbaycanda 67 qadın SSRİ idman ustası, 1000-dən artıq qadın I dərəcəli idmançı yetişib, 8 qadın atlet əməkdar məşqçi fəxri adına layiq görülmüşdü. 32 qadın ümumittifaq və respublika dərəcəli hakim adı almış, 37 nəfər fəal qadın "Bədən tərbiyəsi əlaçısı” nişanı ilə təltif edilmişdi. 800 qadın Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirmişdi. 102 qadın respublika idman təşkilatlarında rəhbər vəzifələrdə çalışırdı. Eyni zamanda 1500 nəfər orta yaşlı və yaşlı qadın sağlamlıq zonalarına cəlb edilmişdi.
1962-ci ildə keçmiş SSRİ-nin hər yerindən qadın bədən tərbiyəçilərin Bakıya gələrək, burada təcrübə mübadiləsində iştirak etmişdilər. Qadınlar arasında idmanın belə kütləvi inkişafı və əldə edilən yüksək nəticələr respublikamızda fəaliyyət göstərən Qadınlar Şurasının əməyi sayəsində ərsəyə gəlmişdi. Məhz buna görə də, SSRİ-də qadın idmanına həsr olunmuş ilk müşavirə Bakıda təşkil edilmişdi.


Görülən işlər təkcə
paytaxtı əhatə etmirdi
1962-ci il oktyabrın 24-27-də Bakıda qadınlar arasında bədən tərbiyəsi işi üzrə təcrübə mübadiləsinə həsr olunmuş I Ümumittifaq Müşavirəsi keçirildi. Bu, respublikada qadınlar arasında bədən tərbiyəsi və idmanın təbliği üçün mühüm stimul olmuşdur.
1962-ci ildə Qahirədə dünya gənclərinin çempionatında Bakı qılınc oynadanı Karelina Mirzəyeva qızıl medal, üzgüçü V.Cenyekova Helsinkdə keçirilən VII Ümumdünya tələbə və gənclər festivalında gümüş medal qazandılar. Voleybolçu İnna Rıskal SSRİ yığma komandasının heyətində dünya çempionu oldu.
Respublikamızın idmançı qadınları böyük qüvvəyə çevrilmişdilər. Onların şöhrəti Azərbaycandan uzaqlara yayılmışdı. Voleybol üzrə SSRİ çempionatın birinci dövrəsi başa çatdırılmış, Bakının "Neftçi” cəmiyyəti qadın komandası bu yarışları yüksək səviyyədə keçirmişdi.
Qəzetlərdə və radio verilişlərində istedadlı qılıncoynadan Karelina Mirzəyevanın adı daha tez-tez çəkilirdi. O, güclü sovet idmançıları sırasına daxil olmaqla kifayətlənməmiş, beynəlxalq yarışlarda da görkəmli qələbələr qazanmışdı. İdman ustası Ziba Ələsgərova aspirant idi. O, təhsilə xeyli vaxt sərf edirdi. Buna baxmayaraq, atletika sahəsində ustalığını artırmaq üçün həvəslə çalışırdı. Yüngül atletikanın beş növü və qısa məsafələrə qaçmaq üzrə Ziba Ələsgərovanın nəticələri getdikcə artırdı. Gənclər öz tərbiyəçiləri Firuzə Qasımovanı hər dəfə yaxşı müəllim kimi qiymətləndirirdilər. O, eyni zamanda yaxşı idmançı idi. Respublika yığma komandasının üzvləri həmişə ona çatmağa çalışırdılar. Tatyana Zatulovskaya şahmat üzrə ölkə birinciliyində yenə də yüksək ustalıq nümayiş etdirmişdi. O, ikinci yeri tutmuş, gümüş medaldan əlavə daha beş xüsusi mükafat almışdı.
Respublikamızda bədən tərbiyəsi və idman qadınlar arasında geniş yayılır. Bunu da qeyd etmək kifayətdir ki, Azərbaycan qadınlarının birinci spartakiadasında yüz min nəfərədək bədən tərbiyəçisi iştirak etmişdir. Bu yarışların gedişində 55 rayon və şəhər, 2 respublika rekordu müəyyən edilmiş, 30 nəfər idmançı birinci, 375 nəfər ikinci və 1500 nəfərə yaxın idmançı isə üçüncü yeri tutmuş, xeyli gənc müxtəlif idman norması dərəcəsini yerinə yetirmişdir.
Qadınları və qızları kütləvi surətdə bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etmək sahəsində Azərbaycanın idman təşkilatlarının iş təcrübəsi ölkəmizin idman ictimaiyyətini maraqlandırırdı. SSRİ idman cəmiyyətləri və təşkilatları ittifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti respublikamızın bədən tərbiyəsi təşkilatlarının bu sahədə gördükləri işə dair hesabatını dinləyərək bəyənmişdir. Rəyasət heyəti qeyd etmişdi ki, Azərbaycan idman təşkilatlarının bu sahədə qazandıqları təcrübə geniş yayılmalıdı. Bundan əlavə göstərilmişdir ki, Azərbaycanda qadınlar arasında kütləvi bədən tərbiyəsinin inkişafına dövlət böyük qayğı göstərir.
Bununla əlaqədar olaraq Bakıda qadınlar arasında iş üzrə bədən tərbiyəsi və idman təşkilatlarının təcrübə mübadiləsi səciyyəsi daşıyan müşavirə keçirmək qərara alınmışdı. Bu müşavirədə Orta Asiya, Qazaxıstan respublikalarının, Rusiya Federasiyası vilayətlərinin və müttəfiq respublikaların nümayəndələri iştirak etmişdilər.
İdman respublikamızın minlərlə tələbə qızları və gənc fəhlə qadınları üçün sağlamlıq mənbəyi olmuşdur. Buna baxmayaraq, şəhərlərin çoxunda, xüsusilə rayonlarda qızlar arasında idman zəif inkişaf etmişdi. 1961-ci ildə vəziyyət dəyişdi. Azərbaycan qadınlarının birinci spartakiadası böyük əhəmiyyətə malik idi. Yarışların startına yüz min qadın idmançı çıxmışdı. Spartakiada bədən tərbiyəsi hərəkatının böyük imkanlara malik olduğu göstərildi.
Bu gün cəsarətlə deyə bilərik ki, respublikada qadınlar arasında idman yeni, daha yüksək pilləyə qalxmışdır.

                                       Vətənin adını ucaldan
                                           qadın idmançılar
Həmin illər Azərbaycanın bədən tərbiyəsi təşkilatları tərəfindən 67 min dərəcəli idmançı, o cümlədən 112 idman ustası hazırlamışdı. Maraqlıdır ki, idman qurumları əsas vəzifə kimi bütün gəncləri, şəhər və kəndlərdə idmana olan qızları idman məşğələlərinə cəlb etməyi qarşıya məqsdə qoymuşdu. Bu ərəfədə rayonlarda atletika, voleybol və basketbol üzrə yarışlar keçirilirdi. Yarışların qalibləri Bakıda təşkil olunan final oyunlarında iştirak etmişidilər. Ən yaxşılar Voronejdə keçirilən ümumittifaq oyunlarında qüvvələrini sınamışdılar. Qeyd edək ki, yarışlarda respublikamızı 150 nəfər (10-14 yaşlı oğlan və qız) təmsil etmişdilər. Belə ki, əgər 1956-cı il yanvarın 1-dək ölkəmizdə 65 min nəfər qadın bədən tərbiyəçisi var idisə, 1961-ci ildə onların sayı təxminən iki dəfə artmışdı.
Ölkədə yerli mütəxəssis hazırlanmasında da bir sıra uğurlar əldə olunmuşdu. 1946-1958-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu 966 idman mütəxəssisi (onlardan 629 kişi, 337 qadın) bitirmişdi ki, onlardan da 510 nəfəri azərbaycanlı idi.
İdman sahəsində görülən işlər tezliklə öz bəhrəsini verməyə başladı.
1957-ci ildə Zaqafqaziya və Moldova respublikalarında keçirilən səkkizinci ənənəvi spartakiadada azərbaycanlı idmançılar yalnız Gürcüstan idmançılarından geri qalmışdı. Qadın həmyerlilərimiz voleybol yarışlarının gümüş mükafatına yiyələnmişdi.
Ölkədə keçirilən II Spartakiada da nəticələr uğurla yadda qalmışdı. Belə ki, voleybolçular 3-cü yerə layiq görülmüşdülər. Respublikanın basketbol komandası ilk altılıqda yer almışdı. Digər idman növlərində də qənaətbəxş nəticələr var idi. Məsələn, Ziba Ələsgərova 100 m məsafəyə qaçışda Azərbaycan rekordunu təzələyərək finişə dördüncü çatmışdı. 4x100m estafet yarışında qadınlar və rapiraçı K.Mirzoyeva fərqlənmişdilər. SSRİ Xalqlarının II Spartakiadasında Azərbaycan idmanının şərəfini məşhur idman ustası voleybolçu Fatma Nəsirova qorumuşdu. Qeyd olunduğu kimi, bu və ya digər yarışlardan belə qənaətə gəlmək olurdu ki, qadınların bədən tərbiyəsi hərəkatı da getdikcə genişlənir. Bu hərəkatın önündə Züleyxa Hacıyeva, Ziba Ələsgərova, Zeynəb Rzayeva, Məsumə Məmmədova, Firuzə Qasımova və başqaları irəliləyirdilər.


İdmanda kütləvilik
yeni uğurlara aparan
yolun başlanğıcıdır
İllər ötdükcə, Azərbaycan qadınları arasında yeni perspektivli idmançılar üzə çıxmağa başladı. Tarixi faktlara nəzər salsaq görərik ki, bədən tərbiyəsi kollektivlərinin bölmə və qruplarında 1973-cü ilin yanvar ayına qədər, ümumiyyətlə, 789311 nəfər məşğul olurdu ki, onlardan 183097-ni qadınlar təşkil edirdi. Bölmələrin sayı isə günü-gündən artırdı. Buna səbəb qadınları bədən tərbiyəsi və idman məşğələlərinə müntəzəm surətdə cəlb etmək üçün xüsusi tədbirlərin təşkil olunması idi. 1971-ci il iyulun 16-da Ümumittifaq spartakiadasında Azərbaycan həndbolçu qızları gümüş medal qazandılar. Həmin heyətdə iki qat Olimpiya çempionu və mükafatçısı İnna Rıskal (Tokio-1964, Mexiko-1968, Münhen- 1972, Monreal-1976), XXI Yay Olimpiya Oyunlarının çempionu (Monreal-1976) Rəfiqə Şabanova, Lyudmila Şubina, Moskva-1980-ın qızıl mükafatçısı Larisa Savkina, Esmira Əsgərova Dostluq-84 yarışlarının da çempionu (Los-Anceles) olmuşdular.
Həmin illər respublikada bədən tərbiyəsi və idman sahəsində müxtəlif vəzifələrdə 1786 nəfər qadın işləyirdi ki, bu da 1961-ci ildə olduğundan 1494 nəfər çox idi. Onların çoxu respublikada bədən tərbiyəsi hərəkatının inkişafına böyük əmək sərf etmişlər. Həmin qadınlardan Zeynəb Rzayeva, Sara Əliyeva, Əminə Nurullaqızı, Sima Dəmirova, Ülkər Qasımova və başqalarını misal göstərmək olar.
1974-cü il avqustun 6-da Azərbaycan KP MK və Respublika Nazirlər Sovetinin "Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onun daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərarı qəbul olundu. Qərarda idman qurğularının tikilməsi, bölgələrdə bədən tərbiyəsi və idmanın inkişafı, respublikanın qabaqcıl idmançılarının ustalığının artırılması və digər məsələlərə yer ayrılırdı. Qərardan sonra idman sahəsində yeni bir canlanma hökm sürməyə başladı. İdmana olan diqqət və qayğı tezliklə daha da artdı. Bunun bariz nümunəsi olaraq bir sıra idman növlərində yeni nailiyyətlər əldə olundu. Belə ki, 1974-cü ildə tennis cütlüyü S.Lixaçev - N.Biryukova ölkə çempionu tituluna yiyələndilər. İdman malları fabrikinin həndbolçu xanımları ümumittifaq birinciliyində fəxri kürsünün üçüncü pilləsində qərarlaşdılar. Sumqayıtlı Valentina Popova stolüstü tennis üzrə SSRİ-nin yığma komandasının tərkibində iki il ardıcıl olaraq qitənin ən yaxşı oyunçusu seçildi.
Statistikaya görə, 1974-75-ci illərdə respublika miqyaslı yarış və spartakiadalarda 673 min nəfərdən çox idmançı iştirak edib. Onlardan 348 min nəfəri ƏMH kompleksinin normalarını ödəmiş, 201 mini isə dərəcə normalarını yerinə yetirmişdilər. 1974-cü ilin kütləvi bədən tərbiyəsi və idman yarışlarında 432 nəfər ustalığa namizəd, 2430 nəfər isə birinci dərəcə normasına yiyələnmişdi.
Respublikanın idmançıları 1977-ci ildə Lvovda qadınlar arasında güllə atıcılığı üzrə SSRİ çempionatında onlara bəslənilən ümidləri doğrultmuşdular. L.Yemelyanova 5 kiçik çaplı tüfəngdən 50 metr məsafədə atəşaçmada ustalıq nümayiş etdirərək, 587 xalla toplayaraq (bu nəticə dünya rekordundan cəmi 2 xal geri qalır) SSRİ çempionatının qızıl medalın sahib olmuşdu.
Həmin illərdən etibarən idmançı qadınlarımızdan "SSRİ idman ustası”, "Əməkdar idman ustası”, "Azərbaycanın Əməkdar məşqçisi”, "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülənlərin sayı xeyli artmağa başlamışdı.
Beləliklə, bu yazıda Azərbaycanın qadın idmançıların əldə etdiyi nailiyyətlərə nəzər saldıq. Qarşıdakı saylarımızda isə müstəqillik illərində ölkə idmanında uğur qazanan qadın idmançılar barəsində ətraflı məlumat verməyə çalışacağıq. Bu məlumatlar idmanda ilk addımlarını atan uşaq, yeniyetmə və gənc idmançıla üçün də maraqlı olacaq.





Bu yazı

9370 dəfə oxunub

Tarix

2018-12-11 15:06:40

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev