Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib



Dekabrın 14-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK), Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) "Gömrükçü” idman klubunun birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri, DGK İSM-ın baş direktoru Xəzər İsayev çıxış edərək, seminarın təşkilində əsas məqsədin antidopinq qayda pozuntuları və dopinqə nəzarət prosesi haqda idmançıları məlumatlandırmaq olduğunu bildirib. Dopinq preparatlarının insan həyatı üçün böyük təhlükə yaratdığını qeyd edən X.İsayev idmançıların, xüsusən də gənc idmançıların maarifləndirilməsi, dopinq preparatlarının ziyanlı təsiri barədə məlumat əldə etmələrinin vacib məqamlardan olduğunu vurğulayıb.
Xəzər İsayev Azərbaycanda müvafiq qurumların sıx əlaqədə çalışaraq ümumi bəlaya qarşı birgə mübarizə apardıqlarını da qeyd edib.

Sonra çıxış edən Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hüseynli dopinqlə mübarizə sahəsində müasir konsepsiyanın işlənib hazırlandığını, buna Dünya Antidopinq Agentliyi tərəfindən nəzarət olunduğunu bildirib. 2016-cı ilin sonundan Azərbaycanda dopinqə qarşı mübarizənin daha da gücləndiyini vurğulayan Ş.Hüseynli bu sahəyə dövlət tərəfindən nəzarətin həyata keçirildiyini də vurğulayıb.
"Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, "İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev çıxış edərək, dopinqlə mübarizənin əsasında fəal təbliğatın durduğunu diqqətə çatdırıblar. Nəinki ölkə mediasında, ümumiyyətlə, dünya mətbuatında bu qorxulu bəlaya qarşı təbliğatın yetərincə olmadığını vurğulayıblar. Bildiriblər ki, bu sahəyə cavabdeh olan qurumlar problemin həlli ilə bağlı həyata keçirdikləri tədbirlər, gördükləri işlər barədə mətbuata vaxtaşırı məlumat verməli, media qurumları bu tədbirlərlə əlaqədar təbliğat kampaniyasını peşəkar səviyyədə qurmalıdır.
Sonra AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva antidopinq qaydalarına riayət olunmayacağı təqdirdə tətbiq ediləcək cəzalar barədə ətraflı danışıb. Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib.
İclasda, həmçinin dinləyici qismində DGK İSM "Gömrükçü” idman klubunun üzvləri və məşqçi heyəti də iştirak edib.


Bu yazı

12307 dəfə oxunub

Tarix

2018-12-18 11:39:53

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev