“Artıq Tokioya gedən yolda ilk addımı atmışam”



Misirin paytaxtı Qahirədə İslam Həmrəyliyi İdman Federasiyasının beşinci ağırlıqqaldırma çempionatında Azərbaycan idmançısı gümüş medal qazanıb. Çempionatda 102 kiloqram çəki dərəcəsində ölkəmizi Əliş Nəzərov təmsil edib. O, 309 kiloqram (142 kq+167 kq) nəticə ilə gümüş medala sahib çıxıb. Onunla yanaşı yarışda daha iki atletimiz də körpücük üzərinə çıxıb. 96 kiloqram çəki dərəcəsində Nailxan Nəbiyev iki hərəkətin cəmində 33 kiloqram (146 kq+187 kq) nəticə ilə 6-cı, Kamran İsmayılov isə 325 kiloqram (145 kq+180 kq) nəticə ilə 8-ci yeri tutub. Qeyd edək ki, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üç üzvü mübarizə aparıb.
Yarış başa çatdıqdan sonra həmyerlilərimiz vətənə qayıdıblar. Çempionatda uğurlu çıxış edərək 3 gümüş medala layiq görülən gənc ağırlıqqaldıranımız Əliş Nəzərov "Olimpiya dünyası” qəzetinə eksklüziv müsahibə verib.


- Əliş, əvvəlcə Misirdəki çıxışın barədə məlumat verərdin.
- Qeyd edim ki, ilk dəfədir ki özümü beynəlxalq yarışda sınayırdım. Bundan əvvəl Türkmənistanda təşkil olunan dünya çempionatında tamaşaçı qismində iştirak etmişdim. Dünya çempionatındakı ab-hava mənə müsbət təsir etmişdi. Qahirədəki yarışda ən güclü idmançılar iştirak edirdi. Çəki dərəcələri üzrə yarışlarda bir qədər geçikmələr oldu. Bu isə əksər idmançıların yarışlardakı çıxışına təsir etdi. Lakin özümdə güc tapıb, mükafatalayiq nəticə əldə etdim. Hesab edirəm ki, daha yaxşı çıxış edib, qızıl mükafat da əldə etmək olardı. Görünür, ilk beynəlxalq yarış həyəcanı buna mane oldu. Düşünürəm ki, bundan sonra daha yaxşı çıxış edəcəyəm.

- Hər bir idmançının əldə etdiyi uğurda məşqçinin xüsusi payı var. Təcrübəli məşqçi və istedadlı idmançı qələbənin əsasını təşkil edir. Bu fikirlə razılaşırsınız?
- Bəli. Nə qədər istedadlı olursan-ol, gərək bu bacarığı lazımi səviyyədə yönləndirən bir məşqçi ilə işləyəsən. Mənim məşqçim Vahid Nəzərovdur. Atam ölkə və dünya idmanında öz sözünü demiş mütəxəssislərdəndir. Onun rəhbərliyi altında bu idman növünün sirlərinə yiyələnmək şərəflidir. Bir valideyn kimi o, nə qədər tələbkardırsa, məşqçi kimi də eyni cürdür. Onun idmançı hazırlığına özünəməxsus yanaşması var. Əgər hər hansı bir idmançı bunlara diqqətlə əmələ etsə, gələcəkdə daha böyük naliyyətlər əldə edə bilər. Mən bunu çox yaxşı başa düşürəm. Hələ kiçik yaşlarımdan məşq zallarında onunla birlikdə iştirak edirdim. Bunun nəticəsidir ki, sonda mən də ağırlıqqaldırma idman növünü seçdim. Hesab edirəm ki, ölkəmizi beynəlxalq miqyaslı yarışlarda layiqincə təmsil edəcəyəm.


- Bildiyimizə görə, sən ali məktəb tələbəsisən. Yarışlardakı iştirakın təhsilində problemlər yaratmır ki?
- Bəli, mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıram. Həmin təhsil ocağının rəhbərliyi mənim yarışlarda iştirakım üçün lazımi şərait yaradır. Ümumiyyətlə, bu qələbəmin qazanılmasında Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Azərbaycan Ağır Atletika Federasiyasına öz minnətdarlığımı bildirirəm. Adını çəkdiyim hər bir qurumdan mənim bu yarışda iştirakım üçün böyük dəstək hiss etdim. Bunun nəticəsidir ki, Misirdə ən güclü ağırlıqqaldıranların mübarizəsində fəxri kürsüdə yer aldım. Bundan sonra məqsədim Tokioda keçirilən Yay Olimpiya oyunların vəsiqə əldə edib, medal qazanmaq olacaq. Artıq Tokioya gedən yolda ilk addımı atmışam. Güman edirəm ki, bu yolun sonunda Olimpiya mükafatçısı adını da qazana biləcəyəm.


Anar Əhmədov


Bu yazı

21808 dəfə oxunub

Tarix

2018-12-18 12:20:21

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev