Ölkəmiz Beynəlxalq Olimpiya Hərəkatında xüsusi yer tutur



Azərbaycan beynəlxalq idman və Olimpiya Hərəkatında xüsusi yer tutub və inkişaf etmiş güclü idman dövlətlərindən birinə çevrilib. Bu uğurların əldə olunması ölkəmizdə idmana və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsində mümkün olub. Müstəqil Azərbaycanın atletləri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında bir qayda olaraq uğurla çıxış edir, respublikamızın idman və Olimpiya Hərəkatı tarixinin şanlı səhifələrini yazırlar. İdmançılarımız xalqımızın, dövlətimizin onlara olan etimadını doğruldaraq qələbələrin sayını ildən-ilə artırırlar. "Olimpiya dünyası” qəzeti də ölkəmizdə idmanın və Olimpiya Hərəkatının təbliği sahəsində fəaliyyət göstərir. Atletlərimizin Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, müxtəlif beynəlxalq turnirlərdəki çıxışlarını daim öz səhifələrində işıqlandırır.
İlin sonunda "Olimpiya dünyası” qəzeti olaraq, ölkəmizin idman və Olimpiya Hərəkatının tarixinə qısa nəzər salmaqla, bu tarixi salnamənin şanlı səhifələrini çoxsaylı oxucularımzla birgə yenidən vərəqləmək istədik.
Azərbaycan Respublikasının inkişaf modeli və bütün parametrlər onun Cənubi Qafqazın lider dövləti olduğunu bir daha təsdiqləyir. 1991-ci ildə müstəqil inkişaf yoluna qədəm qoyan ölkəmiz ilk onillik ərzində bütün istiqamətlərdə böyük uğurlara imza ataraq regional əhəmiyyət daşıyan gücə çevrilməyi bacardı. Siyasi, iqtisadi və mədəni sahələrdə yüksək inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikasının dövlət siyasətinin əsas məsələlərindən biri də əhalinin firavan yaşaması, asudə vaxtın səmərəli təşkili, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam olması, ümumiyyətlə, genofondun qorunmasıdır.

Ölkəmizdə idman və Olimpiya Hərəkatının sürətli inkişafı onu deməyə imkan verir ki, Azərbaycan dünyanın idman dövlətlərindən birinə çevrilib. Əhalisinin sayı cəmi 10 milyon olan ölkəmiz beynəlxalq aləmdə tanınan və seçilən dövlətlərlə rəqabət aparmaq gücünə malikdir. 1992-ci ildən etibarən dünyanın mötəbər idman tədbirlərində - Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında müstəqil ölkə kimi iştirak edən Azərbaycan qısa zaman kəsiyində çox mühüm nailiyyətlərə və parlaq uğurlara imza atmağı bacardı. 1997-ci ildə Milli Olimpiya Komitəsinin yenidən qurulması ilə Azərbaycan idman və Olimpiya Hərəkatında yeni, məhsuldar dövrə start verdi. Həmin vaxtdan indiyə böyük və güclü idmançı ordusuna, möhkəm maddi-texniki bazaya malik olması ölkəmizi müxtəlif mötəbər idman tədbirlərinin mərkəzinə çevirdi. Azərbaycanın tarixdə ilk dəfə Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə tanınmasının, eləcə də, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi tərəfindən sayılıb seçilməsinin bir göstəricisi idi. Azərbaycan I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə yanaşı, həm də bu yarışları uğurla başa vurdu. İdmançılarımız dövlətimizin, xalqımızın onlara bəslənilən etimadını doğruldaraq, 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc) ümumi komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer aldılar. Oyunların yüksək səviyyəli təşkilatçılığı və əldə olunan uğur Azərbaycanın yüksək potensiala malik idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Beləliklə, Bakı-2015 ilk Avropa Oyunlarının ardınca 42-ci Ümumdünya Şahmat Olimpiadasına, "Formula-1” üzrə Avropa Qran-pri yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan 2017-ci ildə daha bir mötəbər tədbirə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. 21 idman növü üzrə 54 ölkədən 6 000 idmançının iştirak etdiyi yarış Azərbaycan komandasının qələbəsi ilə yekunlaşdı. Şərqlə qərb arasında körpü rolunu oynayan IV İslam Həmrəyliyi Oyunlarını 162 (75 qızıl, 50 gümüş və 37 bürünc) medalla ilk pillədə başa vuran Azərbaycan bütün gücünü və həmrəyliyini dünyaya nümayiş etdirdi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev 2018-ci il dekabrın 13-də ilin yekunlarına həsr olunmuş tədbirdə bir daha qeyd etdi: "Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. Əlbəttə ki, biz Avropa, İslam Həmrəyliyi Oyunlarını xatırlaya bilərik. Bu il ölkəmizdə dünya, Avropa çempionatları keçirilmişdir. Formula-1 yarışı üç ildir Azərbaycanda, Bakıda keçirilir. Bu il və keçən il ümumi rəyə və bu məsələ ilə məşğul olan ictimai qurumların fikrinə görə, bizim yarışımız - Bakı yarışı ən gözəl yarış olmuşdur. Bu da çox gözəl hadisədir. Çünki bu da göstərir ki, bizim qəbul edilmiş hər bir qərarımız düzgün qərardır, gözəl nəticə verir”.
Azərbaycan idmanında xidmətləri olan idmançıları, idman mütəxəssislərini mükafatlandıran dövlət başçısı 2018-ci ilin idmanımız üçün uğurlu illərdən biri olduğunu vurğulayaraq bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edildiyini bildirdi: "İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara hər zaman yüksək qiymət verilir, diqqət göstərilir. Mən 21 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi həmişə çalışmışam ki, idmançılara qayğı, diqqət göstərim, onların problemlərini həll edim, onların gözəl çıxışları üçün şərait yaradım. Əlbəttə ki, hər bir nəticə, hər bir uğur gərək qiymətləndirilsin. Ənənəvi olaraq, biz ilin sonunda idmançıları yüksək dövlət mükafatları ilə, pul mükafatları ilə və mənzillərlə mükafatlandırırıq”.
Bütün bunlar bir daha göstərir ki, ölkə başçısı, MOK-un prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan idmanı sürətlə inkişaf yolundadır və bizi irəlidə növbəti Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında daha böyük qələbələr gözləyir.


Bu yazı

11363 dəfə oxunub

Tarix

2019-01-03 10:15:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev