Azərbaycan idmanı dünyada inkişaf üçün ən yaxşı nümunədir



Azərbaycan idmançılarının beynəlxalq yarışlarda çıxışı dövlət tərəfindən bu sahəyə olan diqqətin təzahürüdür. İdman ictimaiyyəti və ölkəmizi nüfuzlu idman yarışlarında uğurla təmsil edən atletlərimiz bu gün cəmiyyətdə müstəsna rola malikdirlər. İdman sahəsində öz təcrübəsini bölüşən rəsmilər, eləcə də Azərbaycan bayrağını Olimpiya oyunlarında zirvələrdə dalğalandıran idmançılar əldə olunan nailiyyətlər barəsində maraqlı fikirlər bildriblər. Həmin fikirləri oxucularımıza təqdim edirik.

Ağacan Abiyev,
Millət vəkili, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi:

- Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz idmanın kütləviliyinin təmin edilməsi uşaq və yeniyetmələrdə bu sahəyə marağı getdikcə artırır. Prezident İlham Əliyevin idman və bədən tərbiyəsinin sürətli inkişafı, Azərbaycanın beynəlxalq Olimpiya ailəsinin ən qabaqcıl üzvlərindən birinə çevrilməsi istiqamətində atdığı addımlar ölkənin idman ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Ölkəmizin demək olar ki, bütün bölgələrində inşa edilmiş Olimpiya İdman komplekslərində, müxtəlif təyinatlı idman qurğularında uşaqların idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. İdman infrastrukturunun köklü şəkildə yenidən qurulmasının bəhrəsini görürük. Bu gün idmançılarımız möhtəşəm qələbələri ilə dünyaya səs salıblar. Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycan, həm də idman dövləti kimi tanınır”.

Azər Əliyev,
Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini:
- Azərbaycan idman ölkəsidir. Bunu artıq bütün dünya, idman ictimaiyyəti bilir. Azərbaycanda idmanın, Olimpiya Hərəkatının inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır. Artıq neçə illərdir ki, ölkəmizdə irimiqyaslı beynəlxalq yarışlar keçirilir.
Azərbaycan idmançılarının Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazandığı medallar böyük uğurlar sayıla bilər. İdmançılarımızın hamısı layiqincə çıxış ediblər. Ümid edirəm ki, gənc idmançılarımız, hətta medalsız qalmış gənclərimiz böyüklər arasında dördilliyin əsas oyunlarında da qələbə əzmi nümayiş etdirəcək və ölkəmiz üçün medallar qazanacaqlar. Bu idmançılar hələ çox gəncdirlər. Əgər onlar 2020-ci ildə Tokio Olimpiadasında çıxış etməyə macal tapmasalar belə, ümidvaram ki, 2024-cü ildəki Paris Olimpiadasında ölkəmizi layiqincə təmsil edəcəklər”.


Xəzər İsayev,
Milli Olimpiya Komitəsinin vitse-prezidenti:
- 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın sürətli inkişafı başladı. İlk olaraq idman infrastrukturu yenidən quruldu. Hazırda Bakıda və bölgələrdə 45-ə yaxın Olimpiya bazaları tikilib istifadəyə verilib. Bu, idmanın inkişafı prosesində əsas bünövrələrdən biridir. Eyni zamanda, idmançıların stimullaşdırılması məsələsi daim diqqət mərkəzindədir. Bütövlükdə, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır.

Rəfiqə Şabanova,
Olimpiya çempionu:
- Azərbaycan 2015-ci ildə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Ölkə yığması qitənin güclü idman dövlətlərini geridə qoyaraq 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc) 2-ci yeri tutdu. I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi və komandamızın qazandığı uğurlar Azərbaycanın yüksək potensiala malik idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını müvəffəqiyyətlə təşkil etməklə dünyaya idman qüdrətini bir daha bir göstərdi.
Uğurlarımız davam edir və edəcək. Yeni ildə hər kəsə uğurlar arzulayıram.


Lyudmila Şubina,
Olimpiya çempionu:
- Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində hər bir sahədə inamla irəliləyir. İdmançılarımız mühüm beynəlxalq yarışlarda gözəl nəticələr əldə edirlər. Olimpiya, dünya və Avropa çempionlarının sayı durmadan artır. İldən ilə uğurlar bir-birini əvəz edir. 2018-ci ildə ölkəmiz üçün uğurlu illərdən biridir. Hər il ənənəvi olaraq ilin yekunları ilə bağlı tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idman ictimaiyyəti qarşısında çıxış etməsi, fərqlənən idmançıları mükafatlandırması bu sahəyə olan diqqət və qayğının əyani göstəricisidir.


Nazim Hüseynov,
Olimpiya çempionu:
- İdmançı kimi nailiyyətlərim çox olub. Dünyanın ən güclü cüdoçuları ilə mübarizə aparmışam. Lakin Olimpiya Oyunlarının mühiti tam başqadır. Nə qədər təcrübəli olsan da, Olimpiya Oyunlarında təkcə rəqibinlə yox, həm də özünlə mübarizə aparmalı olursan. Çünki həyəcan çox olur. İnsana elə gəlir ki, çempion olmasa, ona bəslənilən bütün ümidlər puç olacaq. Əslindəsə Olimpiya ikincisi, üçüncüsü olmaq da böyük uğurdur. Çox sevinirəm ki, mən o ümidləri doğrultdum. Sağ olsun ki, dövlətimiz bu gün idmançılara belə diqqət və qayğı göstərir.



Zemfira Meftaxetdinova,
Olimpiya çempionu:
- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gender bərabərliyi siyasəti Azərbaycan qadınının cəmiyyətdəki rolunun artırılmasına xidmət edir. Bu gün Azərbaycan qadını ictimai həyatın bütün sahələrində təmsil olunmaqla yanaşı, ölkənin həyatında baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı kimi dövlətçiliyə xidmət edir və vətənin yüksəlişi naminə töhfələrini verirlər.
İdmançılarımız beynəlxalq arenada öz sözlərini deyir, hər bir yarış zamanı xalqımızı və ölkə rəhbərini sevindirirlər. Ötən il keçirilən Rio-2016 Yay Olimpiya Oyunlarında təmsilçilərimiz 18 medal qazanmaqla böyük uğura imza atdılar və nailiyyətlərimiz yarışdan-yarışa davam edir.


Namiq Abdullayev,
Olimpiya çempionu:
- Atlanta-1996 Olimpiadada ilk dəfə müstəqil ölkə kimi təmsil olunan Azərbaycan idmançısının gümüş medal qazanması böyük uğur idi. Ölkəmiz medal alan 197 ölkə arasında 61-ci yeri tutdu. Mən komandanın ən yüngül çəkili güləşçisi kimi fəxri kürsünün ikinci pilləsində yer aldım. Bu, Azərbaycan pəhləvanlarının Olimpiya Oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medalı oldu. Mən yarışlarda finala qədər rəqiblərə heç bir şans verməmişdim. Finalda Bolqarıstan təmsilçisi Valentin Yordanovla qarşılaşdım. Yaxşı güləşməyimə baxmayaraq, hakimlər ədalətsizlik göstərərək qələbəni rəqibə verdilər. Bu görüşü izləyən Heydər Əliyev idmançıları qəbul edəndə dedi: "Namiq Abdullayevin gümüş medalı qızıla bərabərdir”.
Əldə etdiyim uğurları və nailiyyətləri məhz idmanın sayəsində qazanmışam. İdman sağlamlıq və uzun ömür deməkdir. Bunun üçün ölkəmizdə hər cür şərait yaradılıb.



Fərid Mansurov,
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu:
- İdman mənim üçün sağlam həyat tərzidir. İdman güclü xarakter, sağlam düşüncədir, prinsipiallıqdır, digərilərindən seçilməkdir, həyatımın ayrılmaz hissəsidir.
Mən hər şeydən əvvəl, öz ölkəsini, vətənini sevən adi azərbaycanlıyam, əsgərəm. Kimliyindən asılı olmayaraq hər bir insan doğulduğu torpağı sevməli, onun keşiyində durmağı bacarmalıdır. Məncə, vətəni sevməyən insan nə valideynlərinin, nə ailəsinin qayğısını çəkə bilməz, öz işində irəli gedə bilməz.



Elnur Məmmədli,
Olimpiya çempionu:
- 2008-in ilin 11 avqust tarixini hər dəfə xatırlayanda çox qəribə hisslər keçirirəm. Həyəcan, mübarizə əzmi və sevinc... Mənə elə gəlir ki, heç bir sözlə həmin günü təsvir etmək olmaz. Cənab Prezident öz ailəsi ilə birlikdə mənim görüşlərimi əvvəldən axıra kimi izlədi. Bu isə, əlbəttə, həm əlavə məsuliyyət, həm də stimul deməkdir. Məğlub olsa idim, özümü bağışlamazdım. Amma şükürlər olsun ki, çempion adı qazandım. Həmin gün Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva anama zəng edib dedi ki, sizin oğlunuz qəhrəmandır. Bax, mən onda necə böyük bir uğur qazandığımı bir daha başa düşdüm.


Radik İsayev,
Olimpiya çempionu:
- Olimpiya Oyunlarının mükafatçısı olmaq böyük şərəfdir. İllər keçsə də bu nəticə yaddaşlarda qalacaq. Çox sevinirəm ki, mən də Azərbaycan idmanının, Olimpiya Hərəkatının bir hissəsinə çevrildim. Düzünü desəm, heç vaxt hansı əyarlı medal qazanacağım barədə qarşıma məqsəd qoymamışam. Sadəcə intensiv məşq edirdim. Çalışırdım ki, yarışlarda qələbə qazanım. Lakin hansısa bir pilləni mütləq əldə edəcəyəm deyə bir xəyalım yox idi. Çünki hər bir addımımız Tanrı tərəfindən yazılıb. Bu gün mən mümkün olan bütün titullara sahib olmuşam. Avropa və dünya çempionatının, Bakı-2015-in, Rio Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşam. Bunun üçün Tanrıya minnətdaram. Ümid edirəm ki, Azərbaycan idmançılarının uğurlu çıxışı növbəti olimpiadalarda da davam edəcək.










Bu yazı

16611 dəfə oxunub

Tarix

2019-01-03 12:58:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev