Barselonadan Rioya qədər: dəyişən rəqəmlər və dəyişməyən çempionlar



Dünya idman elitasında elə idmançılar var ki, adları ilə bu günə qədərdə milyonların yaddaşlarında silinməz iz qoyublar. Onların planetin ən böyük idman tədbiri olan - Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətlər idman tarixinə qızıl hərflərlə həkk olunub. Azərbaycan idmançıları da öz uğurları ilə dünyada tanınırlar. Atletlərimiz müxtəlif idman tədbirlərində, xüsusilə Olimpiya Oyunlarında mükafatçılar sırasına düşüblər. "Olimpiya dünyası” qəzeti ilin yekunlarına həsr olunmuş xüsusi buraxılışda idmançlarımızın Olimpiadalardakı uğurlarına həsr olunmuş yazını təqdim edir.
Məlumat üçün bildirək ki, Azərbaycan idmançıları Olimpiya oyunlarında 1952-ci ildən 1992-ci ilə kimi ölkəmizi SSRİ yığmasının tərkibində təmsil ediblər. Zəfər yolu Helsinki-1952 Olimpiadasından başladı desək, yanılmarıq. Finlandiya paytaxtında təşkil olunan Oyunlarda SSRİ yığmasının tərkibində güləşçimiz Rəşid Məmmədbəyov gümüş medal əldə edərək, Azərbaycan idmanının ilk Olimpiya medalçısı adını qazandı. Onunla birlikdə atletika yarşlarında Xandadaş Mədətov bürünc medala yiyələndi.
4 il sonra həmin uğuru Melbrunda atletika idman növündə Yuri Konovalov (4x100 m, estafet) yarışlarında, uğurla çıxış edərək vətənə daha bir gümüş medal qazandırdı. Bu, Azərbaycan idmançılarının üçüncü Olimpiya medalı oldu.
1960-cı ildə Roma Olimpiadasında SSRİ yığmasının tərkibində ölkəmizi iki idmançımız - Melburn Olimpiadasının gümüş mükafatçısı atletimiz Yuri Konovalov və vaterpolçu Yevgeni Saltsin təmsil etdilər. Onlar yarışda gümüş medala layiq görüldülər.
Tokio-1964 Olimpiadasında təmsilçilərimiz ilk qızıl medala yiyələndilər. Viktor Mineyev beş növüçlükdə topladığı xalların (198) sayına görə birinci yeri tutaraq qızıl medal qazandı.
İnna Rıskal voleybol üzrə yığmanın tərkibində gümüş mükafatçı oldu. Vaterpolçularımız - Nikolay Kuznetsov, Zenon Bortkeviç yığma komandada uğurla çıxış edərək XVIII Yay Olimpiya Oyunlarının bürünc medalına yiyələndilər.
Aydın İbrahimov sərbəst güləş növündə bürünc medala layiq görüldü.
1968-ci ildə Mexiko Olimpiadası Azərbaycan idmançılarının uğuru ilə yadda qaldı. İnna Rıskal və Vera Lantratovanın da heyətdə çıxış etdiyi yarışlarda yığma komanda Olimpiya çempionu tituluna yiyələndi. İnna Rıskal Mərkəzi Amerikada əldə etdiyi nailiyyəti Münhendə də təkrarladı. XX Yay olimpiya Oyunlarında daha bir medalı isə atletimiz Aleksandr Kornelyuk qazandı. O, 4x100 m estafet yarışının gümüş medalına sahib oldu. Monrealda keçirilən Oyunlarda SSRİ yığmasının tərkibində çıxış etmiş həmyerlimiz İnna Rıskal dörd Olimpiya medalı əldə etdi: - iki qızıl, iki gümüş. Həndbol ilk dəfə Monrealda Olimpiya Oyunlarının proqramına daxil edildi. Bu Olimpiadada SSRİ yığması və onun azərbaycanlı üzvləri Rəfiqə Şabanova və Lüdmila Şubina qızıl medala yiyələndilər.
Moskva- 1980-də həndbolçumuz Larisa Savkina qızıl medala layiq görüldü. Akademik avarçəkmə yarışlarında idmançımız Vasili Yakuşa gümüş medal qazandı. Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov isə ikinəfərlik qayıqda ölkəmizə daha bir gümüş medal gətirdilər. Tatyana Şviqanova isə qadınlar arasında otüstü hokkey yarışlarının gümüş mükafatçısı oldu.
Seul- 1988-də Azərbaycan idmançıları altı medal qazandılar: İlqar Məmmədov, Boris Koretski (qılıncoynatma), İqor Ponomaryov (futbol) - qızıl medal, Aleksandr Lukyanov (avarçəkmə), Yelena Quseva isə (həndbol) bürünc medal.


XXII Yay Olimpiya Oyunları,
Barselona- 1992
1992-ci ildə keçiriləcək 25-ci Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişdi. 1991-ci ilin sonunda SSRİ-nin dövlət quruluşuna son qoyuldu. Onun tərkibinə daxil olan müttəfiq respublikalar müstəqillik qazandılar. Suverenlik əldə etmiş respublikalar öz milli olimpiya komitələrini yaratsalar da, 1992-ci ildə BOK bu komitələrdən çoxunu tanımırdı. Bu da müstəqil dövlətlərin böyük əksəriyyətinin Olimpiya oyunlarında sərbəst iştirak etmək hüququnun olmadığını göstərirdi. Buna görə də keçmiş SSRİ-nin tərkibində olan 15 müttəfiq respublika Olimpiya oyunlarında Müstəqil Dövlətlər Birliyinin (MDB) komandası adı altında çıxış etdi.

Barselona- 1992- 3 medal:
cüdo - 1 qızıl
idman gimnastikası - 1 qızıl (komanda),
1 bürünc (şəxsi)

Beləliklə, komandamız açılış mərasimində təşkil olunan paradda tribunanın altından üçrəngli Azərbaycan bayrağı altında keçirdi. Azərbaycanı Barselona -1992-də 5 idmançımız - Nazim Hüseynov (cüdo), Valeri Belenki (gimnastika), İlqar Məmmədov (qılıncoynatma), Valerii Timoxin (stend atıcılığı), Valentina Popova (stolüstü tennis) təmsil edirdir.
İdmançılarımız arasında ilk qızılı Nazim Hüseynov qazandı. Bu, Azərbaycan idmanının tarixində əlamətdar oldu. İlk dəfə dünyanın ən mötəbər idman yarışında Azərbaycan bayrağı qaldırıldı və himnimiz səsləndi.
Azərbaycan gimnastı Valeri Belenki komanda yarışında Olimpiya qızılına sahib oldu. İdmançımız şəxsi birincilikdə isə bürünc medala layiq görüldü.


XXVI Yay Olimpiya Oyunları,
Atlanta - 1996
Atlanta Olimpiadasında 197 ölkədən 10788 idmançı iştirak edirdi. Atletlər burada idmanın 26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. Azərbaycan, yarışlarda 4 yüngül atlet (Elvira Cabbarova, Arif Axundov, Vasif Əsədov, Aleksey Fatyanov), 2 yunan-Roma güləşçisi (Vilayət Ağayev və Tahir Zahidov), 6 sərbəst güləşçi (Namiq Abdullayev, Arif Abdullayev, Eyvaz Allahverdiyev, Məmmədsalam Hacıyev, Məhəmməd İbrahimov, Davud Məhəmmədov), 2 cüdoçu ( Nazim Hüseynov, Zülfiyyə Hüseynova), 2 boksçu (Ədalət Məmmədov, İlham Kərimov), 2 ağırlıqqaldıran (Asif Məlikov, Tofiq Heydərov), qılıncoynadan Elxan Məmmədov, üzgüçü Emin Quliyev, suya tullanan Emin Cəbrayılov, atıcılıq idmanı üzrə İradə Aşumova və Sergey Timoxin təmsil edirdilər.

Atlanta - 1996 - 1 medal:
güləş (Sərbəst güləş) - 1 gümüş


Komandamızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev isə ona olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan pəhləvanlarının Olimpiya Oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal idi.
Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu.


XXVII Yay Olimpiya Oyunları,
Sidney - 2000
199 ölkənin iştirak etdiyi növbəti XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edirdi. Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu.
Azərbaycan idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, atletika, ağırlıqqaldırma, suyatullanma və güləş yarışlarında güclərini sınayırdılar. Atletlərimiz cüdo, boks, güləş, atıcılıq yarışlarında uğurlu nəticələr göstərdilər. Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftaxetdinova qazandırdı.

Sidney - 2000 - 3 medal:
atıcılıq (stend) - 1 qızıl
güləş (Sərbəst güləş) -1 qızıl
boks - 1 bürünc

Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya Oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi. Ölkəmizə ikinci qızıl medalı Atlanta Oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi.
Sidney-2000 Yay Olimpiya Oyunlarında Azərbaycan boksunun salnaməsinə də ilk Olimpiya medalı yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.
Azərbaycan komandası cüdoda dörd idmançı ilə təmsil olundu.
İki qızıl və bir bürünc medalla Azərbaycan medal alan ölkə arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmanı Sidney sınağından zəfərlə çıxdı.


XXVIII Yay Olimpiya Oyunları,
Afina - 2004
Afina-2004 Olimpiya Oyunlarında Azərbaycan idmanının yeni şanlı səhifəsini yazıldı. 21-ci minilliyin ilk Olimpiya Oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi.
Yarışlarda 11039 idmançı 2021 medal, o cümlədən 669 qızıl, 666 gümüş və 686 bürünc medal uğrunda mübarizəyə qoşulmuşdu. Azərbaycan milli komandası 38 idmançı ilə idmanın 12 növündə təmsil olunurdu.

Afina - 2004- 5 medal:
güləş (yunan-Roma) - 1 qızıl
atıcılıq (stend) - 2 bürünc
boks - 2 bürünc

Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandılar. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftaxetdinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar.
Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.


XXIX Yay Olimpiya Oyunları,
Pekin- 2008

XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 - güləş (sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3)), taekvondo (1), gimnastika (qrup hərəkətləri üzrə komanda 6, fərdi yarışlarda 2), boks (2), atıcılıq (1), atçılıq (1), üzgüçülük (2), cüdo (6), atletika (2) və ağırlıqqaldırma (5) idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya Oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallar qazandılar.

Pekin - 2008 - 6 medal:
cüdo - 1 qızıl, 1 bürünc
güləş - 1 gümüş, 2 bürünc
boks - 1 bürünc

Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə apardığı ilk olimpiada kimi tarixə düşdü.
Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) qazandırdı. Gümüş medalları yunan-Roma güləşində əldə etdik. Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq) yarışları ikinci pillədə başa vurdular. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq) bürünc medala layiq görüldü. Mariya Stadnik (48 kq) təsəlliverici yarışlarda qalib gələrək yeni nəticə göstərdi. Boksçumuz Şahin İmranov (57 kq) zədə üzündən bürünc medalla kifayətləndi. 1/2 finalda uduzan Mövlud Mirəliyev (100 kq) cüdo yarışında üçüncü yeri tutdu.
Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.


XXX Yay Olimpiya Oyunları,
London-2012
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. 16 gün ərzində keçirilən möhtəşəm idman tərdbirində 26 idman növündə 302 dəst medal öz sahibini tapıb. Bu ölkələrin 54 idmançısı çempionluq zirvəsinə yüksəlib. Medalçı ölkələr siyahısında 1-ci yeri ABŞ, 2-ci yeri Çin, 3-cü yeri isə Böyük Britaniya tutub. Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb.
Azərbaycan Respublikasının dövlət bayrağını London-2012 Yay Olimpiya Oyunlarında Pekin-2008 Olimpiadasının çempionu Elnur Məmmədli aparırdı. Azərbaycanın Olimpiya yığmasının 53 üzvü idmanın 16 növündə təmsil olunurdu. Velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar.

London - 2012- 10 medal:
güləş - 2 qızıl, 2 gümüş, 3 bürünc
boks - 2 bürünc
ağırlıqqaldırma -1 bürünc

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı ağırlıqqaldırma üzrə yarışlarda 56 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Valentin Xristov qazandırıb. 286 kq nəticə göstərən idmançımız bürünc medala sahib çıxıb.
London-2012 Olimpiadasında güləşçilərimizdən Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq görüldülər. Xetaq Qazyumov isə olimpiadanın bürünc mükafatını qazandı. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan komandası London Olimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Sevindirici haldır ki, sərbəst güləş üzrə Azərbaycan yığması dünyanın aparıcı ölkələrini qabaqlayaraq ABŞ-la birgə 1-ci yeri tutdu. London-2012 Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış qazanan Toğrul Əsgərov həm də ən gənc çempion kimi Olimpiya tarixinə düşdü.
Yunan-Roma güləşi üzrə yarışlarda yığmamızın 2 üzvü Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü yeri tutdular. Bununla komandamız London-2012-də yunan-Roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlaşdı.
Qadın güləşi üzrə yarışlarda Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxdı. Bununla da ölkəmiz qadın güləşi yarışlarında 3-cü oldu. Olimpiadanın güləş proqramında 18 dəst medal uğrunda 13 atletimiz yarışdı. Güləşçilərimiz ümumilikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla mükafat qazanan 29 ölkə arasında 4-cü oldular. Beləliklə, Azərbaycan Olimpiya yığması, London-2012-də 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazanaraq yarışları medalçılar siyahısında 30-cu pillədə başa vurdu.


XXXI Yay Olimpiya Oyunları, Rio-2016

Rio-2016 XXXI Yay Olimpiya Oyunları Azərbaycan idmanı üçün əlamətdar və yaddaqalan olub. Avqustun 5-dən 21-dək Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada keçirilən Olimpiadada 306 yarış təşkil edilib və ümumilikdə, 2102 medal sahiblərinə təqdim olunub. XXXI Olimpiadada rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb.
XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparıblar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunub. Olimpiadada iştirak edən ölkələrdən yalnız 87-si müxtəlif əyarlı medallar qazana bilib.
Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazanaraq bu möhtəşəm yarışı medal qazanan ölkələr arasında 39-cu pillədə başa vurublar. Bu göstərici ilə Gürcüstandan geri qalan ölkəmiz Belarus, Türkiyə və Ermənistandan önə keçib. Medal sayında isə Azərbaycan Yeni Zelandiya ilə birgə 14-15-ci yerləri bölüşüb.


Azərbaycan atletləri 1992-2016-cı
illərdə keçirilən Yay Olimpiya
Oyunlarında 47 medal qazanıb ki,
onun 8-i qızıl, 13-ü gümüş və 26-ı isə
bürünc medaldır.

Qeyd edək ki, Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) təmsil olunub. Bu, London-2012 Yay Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarında iştirak edib. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında 3 hakimlə də təmsil olunub. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar.
Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər.
Olimpiadada hesabında 121 medal (46 qızıl, 37 gümüş və 38 bürünc) olan ABŞ birinci olub. Böyük Britaniya 67 medalla (27 qızıl, 23 gümüş, 17 bürünc) ikinci, Çin 70 medalla (26 qızıl, 18 gümüş və 26 bürünc) üçüncü pillədə yer alıb.
İlk onluğu Rusiya (19-18-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.


Rio-2018-də yeni bir "ilk”
Rio-2016 Azərbaycan Olimpiya yığması üçün maraqlı məqamları ilə yanaşı, rekordları ilə də yadda qalıb. Olimpiyaçılarımız həm qazandıqları medal sayına görə, həm də taekvondo, boks və avarçəkmədə yeni tarix yazmaqla çoxsaylı rekordlar əldə ediblər.
Şübhəsiz ki, Olimpiya yığmamızdan ən yaxşı nəticəni taekvondoçularımız göstəriblər. Yay Olimpiya Oyunlarına ilk dəfə tam heyətlə (4 idmançı) yollanan taekvondoçularımız yüksək nəticəyə imza atıblar. Ölkəmiz yeganə qızıl medalı da məhz bu idman növündə qazanıb. Bu, həm də Olimpiya Oyunlarında ölkəmizin idman tarixində taekvondo idman növündə ilk "qızıl”ıdır. Komandamızın aparıcı üzvlərindən olan Radik İsayev öz çəkisində (+80 kq) planetin ən güclü, olduğunu sübut edib. O, həlledici görüşdə Abdulrazzak İssufu 6:2 hesabı ilə məğlub edərək Olimpiya çempionu adını qazanıb.
Olimpiadada Patimat Abakarovanın (49 kq) və Miladi Beiqi Herçeqaninin (80 kq) bürünc mükafatları taekvondo üzrə milli komandamızın qadınlar və kişilər arasında əldə etdiyi ilk medal idi. Qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) isə olimpiadada 5-ci yeri tutub. Təmsilçilərimiz 1 qızıl və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanaraq bu idman növündə tarixi nailiyyət əldə ediblər. 4 taekvondoçumuzdan 3-nün medal qazanması idmançı sayına nisbətdə 75 faiz nəticə anlamına gəlir. Bu da taekvondoçuların olimpiadada möhtəşəm uğuru deməkdir. Rio-2016-da qazanılan nəticələrə görə 4-cü yeri tutaraq, ən yaxşı yığmalardan biri kimi tarixə düşən taekvondo üzrə Azərbaycan millisi Olimpiadanı MDB ölkələri arasında 1-ci, Avropada isə 2-ci yerdə başa vurub.

Güləş
Yay Olimpiya Oyunlarında medal qazanan atletlərimiz arasında güləşçilərimiz, bir qayda olaraq, xüsusilə fərqləniblər. Rio-2016-da qələbə uğrunda mübarizə aparan güləşçilərimizdən də təbii ki, yüksək nəticələr gözlənilirdi. Ən müxtəlif səviyyələrdə verilən bu proqnozları olimpiadada iştirak edən güləşçilərimiz ləyaqətlə doğrultdular. Olimpiadanın güləş yarışlarında 14 idmançı ilə çıxış edən milli komandamız 3 gümüş və 6 bürünc olmaqla 9 medal qazandı. Bu nəticə ölkəmizin müstəqil dövlət kimi indiyədək iştirak etdiyi Olimpiya Oyunları ilə müqayisədə güləş idman növündə ən çox medal qazanılan yarışlardır. Ölkəmizin Olimpiya tarixində yeni bir səhifə açan güləşçilərimiz qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdürüblər - hərəyə 9 medal.
Yarışların ilk üç günündə baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə yunan-Roma üzrə yığmamız Dünya Güləş Birliyinin (DGB) ənənəvi reytinq sıralamasında 3-cü olub. Qadın güləşçilərin yarışında 3 idmançımız 1 gümüş və 1 bürünc medal əldə edib. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş, Nataliya Sinişin (53 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə qadın güləşi yığmamız DGB-nin reytinq sıralamasında 4-cü yerdə qərarlaşıb.
Sərbəst güləş üzrə yarışlarında öz qüvvəsini sınayan 6 pəhləvanımızdan - Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) gümüş, Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan pəhləvanlarının Rio-2016-da qazandıqları bu nəticələr yeni mərhələ hesab olunur. Statistik göstəricilər də medalların sayındakı artımı sübut edir. Belə ki, 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında 1 gümüş, 2000-ci il Sidneydə keçirilən Olimpiadada 1 qızıl, 2004-cü ildə Afinada keçirilən Olimpiadada 1 qızıl, 2008-ci ildə Pekində keçirilən Olimpiadada 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda keçirilən Olimpiadada isə 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz Rio-2016 Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 9 medal əldə ediblər.
Qeyd edək ki, Mariya Stadnik və Xetaq Qazyumov ardıcıl üç Olimpiadada mükafatçı olan ilk idmançılar kimi ölkənin idman tarixinə imza atıblar.
Müstəqillik qazandıqdan sonra Azərbaycan 6 yay Olimpiya Oyunlarında iştirak edib. Müqayisə üçün bildirək ki, olimpiyaçılarımız üçün ən uğurlu növ, şübhəsiz ki, güləşdir. Qazanılan medalların yarıdan çoxu (23 medal) məhz pəhləvanlarımızın aktivindədir. Əldə etdiyimiz 7 qızılın da yarıdan çoxu (4 medal) bir nömrəli idman növünün payına düşür. Müstəqillik illərimizdə iştirak etdiyimiz bütün yay Olimpiya Oyunlarında güləşdə medal qazanmağımız, bu idman növünün fərqləndirən cəhətlərdən biridir. Rio-2016-da 9 medal əldə edən pəhləvanlarımız əvvəlki olimpiadada bütün yığmamız üçün arzulanan bir göstəriciyə imza atıblar.

Cüdo
Olimpiyaçılarımız cüdo yarışlarında 7 gün ərzində 14 dəst medal uğrunda mübarizə aparıblar. Olimpiadada 6 kişi cüdoçu ilə qələbə uğrunda mübarizəyə qoşulan Azərbaycan millisi 2 gümüş medal qazanmaqla Olimpiya komandamıza ilk medal sevincini yaşadıb. Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) finaladək olan rəqiblərini məğlub edərək, yalnız həlledici qarşılaşmada uduzublar. Digər cüdoçularımız da qələbə uğrunda səylə mübarizə aparsalar da, medal qazana bilməyiblər. Lakin Olimpiya Oyunlarında ilk səkkizlikdə yer almaq özü də bir nəticədir. Belə ki, cüdoçularımızdan Orxan Səfərov (60 kq) Olimpiadanı 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci yerdə başa vurub.

London-2012 ilə müqayisədə cüdoçularımızın nəticələrini qənaətbəxş hesab etmək olar. Cüdo yarışlarında iştirak edən 136 ölkədən yalnız 26-sı medal qazanıb. Azərbaycan cüdoçularının qazandıqları 2 gümüş medal yığmamızı medal sıralamasında 12-ci yerə yüksəldib. Ölkəmiz postsovet məkanında yalnız Rusiyadan geri qalaraq 2-ci olub. Qeyd edək ki, kişilərdən ibarət komandaların medal sıralamasında yığmamız daha yüksək- 6-cı yeri tutub. Bu nəticəyə cüdo üzrə milli komandamızın yalnız kişi cüdoçularla təmsil olunması təsir edib. Belə ki, ümumi sıralamada olduğu kimi kişilərin hesabında da Yaponiya 1-ci olub. Maraqlıdır ki, 7-si kişi, 5-i qadın olmaqla asiyalılar isə ümumilikdə 12 medal qazanıblar.

Boks
Azərbaycan atletlərinin Rio-2016-da qazandıqları medalların sırasına boksçularımız da 1 gümüş və 1 bürünc medal əlavə etməklə, həm bu idman növündə, həm də ölkəmizin Olimpiya tarixində böyük bir uğura imza atıblar. Azərbaycan boksçusunun finala yüksəldiyi 12 ölkədən biri olub. Belə ki, Olimpiadanın proqramına daxil olan boks idman növündə 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan - Lorenzo Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanıblar. Ölkəmizin boks tarixinə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız L.Stomayorun qızıl medalı boynundan asmaq şansı olsa da, o, final qarşılaşmasında özbəkistanlı rəqibi Fazliddin Qaybnəzərova uduzaraq, gümüş medal qazanıb. Qeyd etmək lazımdır ki, hakimlərin ədalətsizliyi də boksçumuzun qızıl medal qazanmaq uğrundakı mübarizəsinə mane olub. Nəticədə Olimpiya Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vuran boks komandamız Olimpiadada 10-cu yerə çıxıb. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz, Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından, Fransa, Rusiya və Böyük Britaniyadan sonra Avropada 4-cü olub. Medal sayında birinci yeri tutan Özbəkistan Kuba ilə eyni sayda qızıl medal qazansa da, digər mükafatlarda onları qabaqlayıblar. Fransa isə üçüncü olub. Ümumilikdə, bu idman növündə 19 ölkənin boksçusu medal qazanıb.
London-2012-də Teymur Məmmədovla Məmmədrəsul Məcidovun hər birinin fəxri kürsününü üçüncü pilləsində qərarlaşdığını nəzərə alsaq, Rio-2016-nı boksçularımız üçün də uğurlu hesab etmək olar.

Avarçəkmədə gümüş medal və
idman salnaməsində yeni səhifə
XXXI Yay Olimpiya Oyunları ölkəmiz üçün həm də onunla əlamətdar oldu ki, ilk dəfə olaraq avarçəkmə idman növündə də 1 gümüş və 1 bürünc olmaqla 2 medal qazanılıb. Belə ki, Valentin Demyanenko birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş, İnna Osipenko-Radomskaya isə birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə bürünc medal əldə edib. Azərbaycan Olimpiya Oyunlarında avarçəkmə idman növündə ilk dəfə medal qazanaraq idman tariximizdə yeni səhifə yazıb.
Beləliklə, olimpiyaçılarımız yüksək əzmkarlıq sayəsində 18 medal qazanıblar. Bunun sayəsində Azərbaycan Olimpiya Hərəkatında və idman tarixində yeni səhifə açılıb. Şübhəsiz ki, qazanılan 18 medal uşaq və gənclərimizi idmana həvəsləndirən əsas stimullardan biridir. Ümid edirik ki, adıçəkilən idmançılardan ilhamlanıb zallara ayaq basan uşaq və yeniyetmələr növbəti olimpiadalarda ölkəmizi ləyaqətlə təmsil edərək, başqalarına da nümunə olacaqlar.



Bu yazı

2312 dəfə oxunub

Tarix

2019-01-03 15:13:23

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook