Uşaqlar arasında futbol turniri keçirilib


"Amasiya” İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş futbol turniri keçirilib. Turnir 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında təşkil olunub. Olimpiya sistemi üzrə keçirilən yarışda iki yaş qrupu üzrə 16 komanda mübarizə aparıb. 2009-cu illər təvəllüdlü idmançıların çıxış etdiyi yarışda "Neftçi” PFK, "Zirə”, ROFM, "Units Starts”, "Neftçi” İK, "Amasiya”, "Sərhədçi” və "Vətən” komandaları yer alıb. Bu yaş qrupu üzrə keçirilən yarışların finalında "Neftçi” PFK və "Amasiya” komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən yarışda "Neftçi” PFK rəqibini 8:4 hesabı ilə məğlub edərək, turnirin qalibi adını qazanıb. Turnirin ən yaxşı qapıçısı Ömər Məhəmməd (ROFM), ən yaxşı müdafiəçisi Cəmil Səlimov ("Neftçi” PFK), ən yaxşı yarımmüdafiəçisi isə Zeyid Nəsrullah ("Vətən”) seçilib. Rüstəm Hüseynli ("Neftçi” PFK) isə turnirin ən məhsuldar futbolçusu olub -13 qol.

2010-cu il təvəllüdlü futbolçuların yarışında isə ROFM-1, "Sərhədçi”, "Units Stars”, "Zirə”, "Qarabağ”, ROFM-2, "Neftçi” PFK və "Vətən” komandaları qalib adı uğrunda yarışıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın finalında "Qarabağ” və "Sərhədçi” komandaları qarşılaşıb. Görüşdə rəqibinə 4:0 hesabı ilə qalib gələn "Qarabağ” futbolçuları birinci yerə layiq görülüb. Bu yaş qrupu üzrə yarışlardan sonra turnirin ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib. Turnirin ən yaxşı qapıçısı Rail Hacızadə ("Units Stars), ən yaxşı müdafiəçisi Maksim Qrizin ("Sərhədçi”), ən yaxşı yarımmüdafiəçisi isə Nazim Əliyev ("Vətən”) seçilib. Ən məhsuldar oyunçu nominasiyasına isə rəqib qapılarından 7 top keçirən Uğur Qurbanlı ("Qarabağ”) layiq görülüb.
Turnirin bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin futbol sektorunun əməkdaşı Əliniyaz Mirzəyev, Əməkdar məşqçilər Böyükağa Ağayev və Bəhmən Həsənov çıxış edərək yarışın əhəmiyyəti barəsində danışıblar. Natiqlər bu cür turnirlərin keçirilməsinin uşaq futbolunun inkişafında, eləcə də uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsində böyük rolu olduğunu qeyd ediblər. Sonda turnirin qalib və mükafatçıları kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


"Komandaların
heyətində ən yaxşı futbolçuları
seçmək çox çətin oldu”
Futbol üzrə respublika ixtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatı məktəbinin (FÜİUGOEM) direktoru, veteran futbolçu Kazbek Tuayev yarış başa çatdıqdan sonra turnirlə bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdü.
"Uzun müddət idi ki, bu cür yarışın keçirilməsi üçün hazırlıq işləri görürdük. Peşəkar insanların birgə dəstəyi sayəsində futbol yarışının keçirilməsinə nail olduq. Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Hava şəraitinin soyuq olmasına baxmayaraq, yarışı böyük insan kütləsi seyr edirdi. Kiçikyaşlı uşaqlar valideynləri qarşısında daha inamlı çıxış etdilər. İştirak edən komandaların heyətində ən yaxşı futbolçuları seçmək çox çətin oldu. Onların hər biri meydanda öz bacarığını nümayiş etdirdilər. Hiss olunur ki, uşaqların hər biri bu idman növünə böyük maraq göstərirlər. Biz də öz tərəfimizdən buna böyük qiymət verməyə çalışdıq. İstərdik ki, bu turnir ənənə halını alsın və hər il təşkil olunsun. Bununla da yeni futbolçuların yetişməsində öz töhfəmizi verək. Qeyd edim ki, yarışda iştirak edən komandaların hər biri ödənişsiz olaraq çıxış etdilər. Biz isə öz növbəmizdə yarışda fərqlənən komandalara, onların futbolçularına kubok, diplom və qiymətli hədiyyələr təqdim etdik. Fürsətdən istifadə edib, Gənclər və idman nazirliyinə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə, "Amasiya” idman kompleksinin rəhbərliyinə, eləcədə turnirin təşkilində bizə yaxından köməklik göstərən insanlara minnətdarlığımızı bildirirəm. Hesab edirəm ki, bu kimi turnirlər Azərbaycan futbolunun yüksəlişində əsas rol oynayacaq”.

Anar Əhmədov


Bu yazı

2044 dəfə oxunub

Tarix

2019-01-08 15:19:53

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook