“Arpaçay”da gələcəyin yeniyetmə karateçiləri yetişir


İdman növləri arasında karate özünəməxsus xüsusiyyətlərə malikdir. Şərq əlbəyaxa döyüş növləri arasında böyük nüfuza vəauditoriyaya malik olan karate həm fiziki, həm də mənəvi cəhətdən insana kamillik bəxş edir. Karate ilə məşğul olan insanlar ətrafdakılara və özünə qarşı diqqətli və məsuliyyətli olur. Əsrlərdən günümüzə qədər öz ənənələrini qoruyub saxlayan karate günü-gündən populyarlığını qoruyur. Statistikaya əsasən dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda karate valideynlər tərəfindən övladlarına tövsiyə olunan idman növlərindən biridir.
Bu idman növü haqqında müxtəlif mənbələrdə fərqli fikirlər söylənilsə də, məzmun dəyişmir. Karate incəsənət, karate özünümüdafiə üçün ən güclü silahdır. Bu fikirlər karatenin hərfi mənada təcəssümündə də öz əksini tapıb.
"Karate” yapon mənşəli termin olub, "kara” - boş, "te” - əl deməkdir. Karatenin digər mənası "pis əməllərdən uzaq olan əl”deməkdir. Qədim əlbəyaxa döyüş növü olaraq insanlara hörmət və məhəbbət, digər tərəfdən ədalət və sakitlik bəxş edir. Karatenin əqidəsi "ilk hücum edən sən olma” şərəf kodeksidir. Karate - özünü və digərlərini məcburi müdafiə vəziyyəti olmadan istifadə edilməsini qadağan edən döyüş sənətidir. Karate bədəni, ruhu möhkəmləndirərək yeni bacarıqlar və imkanlar sayəsində sərhədlərini genişləndirən həyat yoludur.
Karatenin fəlsəfəsinin əsasını "zor tətbiq etməmək” ideyası durur. Müasir karetedə qədim üslubun yaradıcısı Xoşu İkedanın fikirlərindən bunu aydın görmək olur: "Siz karateni ziyan vurmaq vasitəsi kimi təlim edə bilməzsiniz, bu təbiətin harmoniyasını pozur, lakin karateni sizə və ya başqalarına zərər verənləri dayandırmaq imkanı verən vasitə kimi öyrədə bilərsiniz. Beləliklə, siz təbiətin ahəngini bərpa etmiş olursunuz”.

Cəldliyə və texnikaya
gedən yol, ürəkdən
başlayır

Müasir dövrümüzdə karate haqqında eşitməyən və özünəməxsus təsəvvürü olmayan insan çətin tapılar. Müasir karate bir neçə istiqamətə bölünüb. Kütləvi idman karatesi - fiziki tərbiyə sistemini təqdim edir ki, bu da xüsusi idman keyfiyyətlərinin qorunmasına və inkişafına, hərəki fəallığına xidmət edir. İdman karatesi - idman hərəkatının bir hissəsi sayılır. İdman döyüşündə məqsəd mümkün qədər zədələri azaltmaq və döyüşü baxımlı etməkdir. Döyüş sənəti - əlbəyaxa döyüş növlərindən hesab olunur. Əgər insan karate ilə məşğul olursa, onun öyrəndikləri cəmiyyət üçün faydalı olmalıdır. Karate fəndləri təkcə əl-ayağı əyləncə üçün atmaq deyil. Döyüşdə karate fəndlərini istifadə etmək, yalnız baza texnikasına əsaslı şəkildə yiyələndikdən sonra mümkündür. Cəldliyə və texnikaya gedən yol, ürəkdən başlayır. İnsanın bütün hərəkətləri onun daxilinin, ruhunun əksidir. Karate bu həqiqətlərə əsaslanır. Belə ki, qayda-qanunsuz, nizam-intizamsız heç bir uğura və inkişafa nail olmaq olmaz. Məşq prosesi ciddi təşkil olunmalıdır. Məşqçinin göstərişlərinə diqqət etmək, təcrübəli və irəliləmiş tələbələrin yüksək keyfiyyətlərinə nəzər yetirmək, döyüş zamanı diqqətli olub zədələrdən qaçmaq vacibdir. Özünütəhlil sayəsində hər məşqi təhlil edərək karate məşqini həyat tərzinə çevirməkdə əsas şərtdir.
Uşaq və yeniyetmələrin əlbəyaxa döyüş növlərinə marağını təmin etmək əsas şərtdir. Karate barəsində fəlsəfi fikirləri uşaqlara birbaşa aşılamaq olmaz. Bunun üçün müəllim və ustadların təcrübəsi çox vacibdir.
Bu gün ölkəmizdə şərq əlbəyaxa döyüş növləri böyük nüfuza malikdir. Azərbaycan idmançıları karatenin müxtəlif növləri üzrə keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edərək, yüksək mükafatlara yiyələnirlər. Azərbaycan karateçiləri istənilən idman tədbirində əsas rəqiblərdən sayılır. Bütün bunlar hələ ötən əsrin sonlarında Azərbaycanda məhz bu idman növünə olan maraqdan qaynaqlanır. Həmin ərəfələrdə şərq əlbəyaxa döyüş növlərinə qarşı yaranmış həvəs sayəsində gənc idmançılar formalaşdı. Karatedə kütləvilik hökm sürməyə başladı. Bu gün ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılar ordusu yarandı. Deməli, bu sahədə görülən işlər uğurlu, təməl isə güclü oldu. Ənənələr davam edir. Həmin idmançıların uğurlarına şahid olan uşaq və yeniyetmələrin sayı günü-gündən artır. Artıq ölkəmizdə karate üzrə formalaşan klubların sayında da artım hiss olunur. Demək olar ki, əksər klublarda karate üzrə bölmələr yaradılıb. Həmin bölmələrdə yüzlərlə uşaq qədim şərq əlbəyaxa idman növünün sirlərinə yiyələniblər. "Olimpiya dünyası” qəzeti vaxtaşırı olaraq "uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə yazılarında klubların fəaliyyətinə geniş yer ayırır. Həmçinin həmin idman ocaqlarından idmanın inkişafını diqqətdə saxlayır. Budəfəki sayımızda həmin klublardan biri barədə oxucularımıza geniş məlumat verməyə çalışacağıq. Qeyd etdiyimiz kimi, ölkəmizdə karate idman növü üzrə fəaliyyət göstərən klublar yetərincədir. Onlardan biri "Arpaçay” karate klubudur. Son bir neçə illərdə "Arpaçay” klubu ölkə çempionatında böyük nüfuza yiyələnib. Keçirilən yarışların əksəriyyətində klubu təmsil edən idmançılar mükafatalayiq nəticələr göstəriblər. Elə bu məqsədlə klubun rəhbəri Yavər Hüseynovla görüşüb, görülən işlərlə bağlı ətraflı söhbət etdik. Yavər müəllim ona ünvanladığımız suallara aydınlıq gətirdi.

"Biz bütün yarışlarımızı
vətənpərvərlik ruhunda keçiririk”

"Gənc vaxtlarımdan idmana böyük həvəs göstərmişəm. Bizim dövrümüzdə idman bu səviyyədə inkişaf etməmişdi. İndiki kimi informasiya bolluğu, internet və sosial şəbəkələr yox idi. Biz daha çox Hollivud aktyorlarının, özünü kinofilmlərdə sınayan idmançılara baxıb, onlar kimi olmağa çalışırdıq. Məhz bu səbəbdən karateyə olan həvəsimiz bizi böyük idmana gətirdi. Uzun müddət karate ilə məşğul olub, yarışlarda iştirak etdim. Müstəqillik əldə olunduqdan sonra hər bir sahədə olduğu kimi idmanda da yüksəliş dövrü başladı. Biz idmançılar üçün mövcud imkanlar yarandı. Karateyə olan marağım daha da artdı. Fikirləşirdim ki, nə vaxtsa əldə etdiyim uğurları uşaq və gənclərlə bölüşüm. İstəyirdim ki, bir klub yaradıb, orada karateyə həvəsi olan uşaqlara məşqlər keçim. Nəhayət, bu istəyimə 2015-ci ildən sonra nail oldum. Həmin il "Arpaçay” karate klubunu yaratdım. Klubun adının seçilməsi heç də təsadüfi deyil. Belə ki, mən Şərurda doğulub, boya-başa çatmışam. Yaşadığım ərazidən Arazın bir qolu olan Arpaçay keçir. Həmin ərazi böyük tarixə malikdir. Ona görə də rəhbəri olduğum klubu məhz bu cür adlandırdım. Hazırda "Arpaçay”ın 4 filialı var. Bu zallarda mənimlə birlikdə ümumilikdə 4 məşqçi-müəllim çalışır. Bu gün klubumuzda 200-dən çox uşaq, yeniyetmə və gənc karatenin sirlərinə yiyələnir. Qeyd etmək istərdim ki, bir idman cəmiyyəti üçün üç illik fəaliyyət dövrü o qədər də çox deyil. Ancaq düşünürəm ki, biz bu qısa müddət ərzində öz sözümüzü deməyi, digər klub və cəmiyyətlər arasında müsbət mənada fərqlənməyi bacarmışıq. Əlbəttə, bu, heç də heç də təsadüfi deyil. Bu, bizim səmərəli və məqsədyönlü işlərimizin, çəkdiyimiz zəhmətin bəhrəsidir. Bizim ən əsas məqsədimiz klubumuzda karate ilə məşğul olan uşaq, yeniyetmə və gənclərin sağlam olmaları, vətənpərvər ruhda böyümələridir. Bunun üçün əlimizdən gələni əsirgəmirik. Gənc nəsil sağlam və vətənpərvər ruhda böyüməlidir ki, sabah Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edə bilsin. "Arpaçay” klubu indiyə qədər üç beynəlxalq turnirə ev sahibliyi edib. Sonuncu yarışımızda 11 ölkədən 1100 idmançı iştirak etdi ki, bu, həqiqətən, çox yaxşı göstəricidir. Artıq "Arpaçay” klubunun nəinki Azərbaycanda, dünya miqyasında tanınmasından xəbər verir. Qeyd etmək istərdim ki, biz bütün yarışlarımızı vətənpərvərlik ruhunda keçiririk. Xüsusilə şəhidlərimizin xatirəsinə həsr olunmuş turnirlər təşkil edirik və bununla da yeniyetmə, gənclər arasında vətənpərvərlik hissini təbliğ etməyə çalışırıq. Dediyim kimi, yüksək nəticələr arzulayan idmançı ilk növbədə vətənpərvər olmalıdır”, - deyə Yavər Hüseynov bildirdi.


İdman və təhsil mütləq
paralel inkişaf etməlidir

Müsahibimiz söhbət zamanı bildirdi ki, klubun əsas məqsədi güclü maddi-texniki bazaya sahib olmaq, və uşaqlara fiziki və mənəvi cəhətdən dəstək olmaqdır. Yığma komanda üçün yeni istedadların toplanması da əsas şərtdir. Əslində bu amillərin hər biri digəri ilə zəncirvaridir. Yavər Hüseynov vurğuladı ki, kompleks şəkildə vahid məqsəd - "Arpaçay” klubunu və gənc, perspektivli idmançıları dünyada tanıtmağa xidmət edir.
"Bu gün Azərbaycan karatesinin ən titullu simaları olan Rafael Ağayav, Şahin Atamov, Ayxan Mamayev, Firdovsi Fərzəliyev və digərləri 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasından sonra tədricən peşəkar idmandan uzaqlaşacaqlar. Bu, istər-istəməz belə olmalıdır. Çünki yaş öz sözünü deyir. Biz çalışırıq ki, gələcəkdə həmin idmançılarımızın yollarını davam etdirə biləcək karateçilər yetişdirək. Fərəhlə deyə bilərəm ki, hazırda yığma komandanın heyətindəki idmançılardan 14-ü məhz "Arpaçay”ın yetirmələridirlər. Biz onların hər biri ilə fəxr edirik. Onu da qeyd edim ki, klubun uğurları kütlə arasında böyük əks-səda doğurub. Bu ciddi və məqsədyönlü işimizin sayəsində ərsəyə gəlib. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Əvvəllər olduğu kimi, indi də övladlarını karate bölməsinə yazdıran valideynlər ilk növbədə müəllimin kim olduğunu soruşur, məşq prosesi ilə yerində maraqlanırlar. Lakin deməliyəm ki, indi uşaqlarla işləmək daha çətindir. Əminliklə qeyd edə bilərəm ki, o zamankı məşqçilərin əksəriyyəti indiki dövrdə müəllim kimi çalışa bilməzlər. Çünki indiki vaxtda uşağı aldatmaq mümkün deyil. Məsələn bu gün əgər məşqçi bir fəndi səhv başa salarsa, idmançı sabah deyəcək ki, müəllim, mən internetdə baxdım, bu hərəkət başqa cürdür. Məhz texnika-texnologiyanın inkişafı, informasiya mənbələrinin çoxluğu tələb edir ki, məşqçi savadlı olsun. İkinci əsas cəhət isə ondan ibarətdir ki, əvvəlki peşəkar idmançılar, bəlkə də, təhsili ikinci plana sala bilərdilər. Bu günün tələbi isə fərqlidir. İdman və təhsil mütləq paralel inkişaf etməlidir. Əks halda müasir şəraitdə özünə yer tapmaq çətin olacaq. Növbəti bir fərq isə karate idman növünün özü ilə bağlıdır. Belə ki, əvvəllər bu idman növündə zədə almaq ehtimalı daha çox idi. Amma karate Olimpiya proqramına daxil olduqdan sonra vəziyyət bir qədər dəyişdi. Artıq zərbənin qüvvəti yox, sürət daha vacibdir. Düşünürəm ki, məhz bu amil karateni daha da gözəlləşdirib”, - deyə klubun rəhbəri bildirdi.
Məlumdur ki, Olimpiya oyunlarının proqramına salınan idman növlərinin sayı illər ötdükcə artır. Qarşıda bizi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları gözləyir. Azərbaycan idmançılarının planetin ən böyük idman tədbirində iştirakı uğurlu rəqəmlərlə yadda qalıb. 4 ildən bir keçirilən yarışda atletlərimizin qazındığı medalların sayı da artır. Cüdo, güləş, atıcılıq, boks və digər növlərdə əldə etdiyimiz medallar buna bariz nümunədir. Artıq qarşıdakı olimpiada da medal qazanmaq fürsəti verən daha bir idman növü də karate olacaq.
Məlumdur ki, 2016-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rioda keçirdiyi qurumun 129-cu sessiyasında mühüm qərarlar qəbul etmişdi. Həmin vaxt 5 idman növünün bundan sonra Olimpiya idman növlərinin sırasına qoşulması rəsmiləşmişdi.
Beysbol/softbol, idman dırmanması, su xizəyi, sörfinqlə yanaşı karate də proqrama daxil olunmuşdu. Bu, o deməkdir ki, I Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, dünya və Avropa çempionatlarında, Qran-pri turnirlərində fərqlənən idmançılarımızın Olimpiya çempionu olmaq imkanı yaranıb. Amma unutmaq olmaz ki, böyük uğurların təməlində uşaq idmanı dayanır. Biz bunu daim diqqətdə saxlamalıyıq. İdmana və bədən tərbiyəsinə böyük dəstək olan Azərbaycanda dövlət tərəfindən atletlərimizə böyük imkanlar yaradılır. Çalışıb bu etimadı doğrultmaq lazımdır.

Anar Əhmədov



Bu yazı

14465 dəfə oxunub

Tarix

2019-02-05 12:02:35

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev