Mükafatçılarla Gənclər və İdman Nazirliyində görüş təşkil edilib



Parisdə keçirilmiş Karate1 Premyer Liqa turnirində, Təl-Əvivdə cüdo üzrə Qran-Pridə və İsveçrənin Sankt-Moritz şəhərində qış polosu üzrə ənənəvi "Snow Polo World Cup St. Moritz” dünya kuboku turnirində uğurla çıxış etmiş idmançılarla yanvarın 30-da Gənclər və İdman Nazirliyində görüş olub.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək idmanın cüdo, karate və digər növləri üzrə lisenziya xarakterli yarışlara start verildiyini və idmançılarımızın nüfuzlu turnirlərdə iştirak etdiklərini bildirib. 2019-cu ilin idman ictimaiyyəti üçün həlledici illərdən biri olduğunu qeyd edən nazir müavini qarşıda idmançılarımızı "Minsk 2019” ikinci Avropa Oyunlarının və Tokio -2020 XXXII Yay Olimpiya Oyunlarına lisenziya turnirlərinin gözlədiyini vurğulayıb: "Azərbaycanda dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı yüksək nəticələrin qazanılması üçün geniş imkan yaradır. Ölkəmizdə təkcə may ayında səkkiz beynəlxalq yarış keçiriləcək ki, bu da Azərbaycanın idman ölkəsi olmasının bariz nümunəsidir. Azərbaycanda cüdo inkişaf edir və cüdoçularımızın növbəti yarışlarda daha böyük nailiyyətlər əldə edəcəklərinə inanırıq. Karateçi Rafael Ağayev ötən illər ərzində çox böyük uğurlara imza atıb. Onun Tokio 2020-də də öz sözünü deyəcəyinə əminik. Karatenin Olimpiya Oyunlarının proqramına daxil edilməsi sevindirici haldır”.
"Land of Fire” polo komandasının qış polosu üzrə ənənəvi "Snow Polo World Cup St. Moritz” dünya kuboku turnirində uğurla çıxış etdiyini xüsusi vurğulayan nazir müavini nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirib.
ARAF-ın baş katibi Bəhruz Nəbiyev poloçularımızın qazandıqları nailiyyətlərdən danışıb və gələcəkdə daha böyük uğurların əldə olunacağına əminliyini bildirib: "Polo komandamız bir sıra uğurlara imza atıb. İsveçrədə donmuş gölün üzərində keçirilən yarışda poloçularımızdan daha böyük nəticələr gözləyirdik. İdmançılarımızın səhhətində bəzi problemlər yarandığından komandamızın çıxışı istədiyimiz kimi alınmadı. Amma üçüncü yer uğrunda görüşdə komandamız əzmlə mübarizə apararaq 5:0 hesabı ilə qalib gəldi. Növbəti turnirlərdə poloçularımızın daha yüksək nəticələrə nail olacaqlarına ümid edirik”.
Baş katib 2020-ci ildə polo üzrə Avropa çempionatının Azərbaycanda keçiriləcəyini və yarışlarda səkkiz komandanın iştirak edəcəyini bildirib. O, əvvəllər Olimpiya Oyunlarının proqramında yer alan polonun yenidən olimpiadaların proqramına salınacağına ümid etdiyini vurğulayıb.
Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Elxan Məmmədov isə komandamızın Təl-Əviv Qran-Prisinə güclü cüdoçularla yollandığını deyib. Komandadan daha yüksək nailiyyət gözlədiklərini bildirən məşqçi qazanılan nəticənin qənaətbəxş olduğunu vurğulayıb. O, Rüstəm Orucov, Orxan Səfərov, Hidayət Heydərovun yarış ərəfəsində xəstələnmələrinin onların çıxışına mənfi təsir göstərdiyini, Elmar Qasımovun isə ilk görüşdə zədələndiyini vurğulayıb. E.Məmmədov yığmada Murad Fətiyevin (81 kq) yaxşı perspektiv vəd etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu çəki dərəcəsində uzun müddət boşluq var idi. Ümid edirik ki, komandamız Tokio Yay Olimpiya Oyunlarına tam heyətlə qatılacaq.
Beşqat dünya və dəfələrlə Avropa çempionu Rafael Ağayev 2019-cu ilin idmançılarımız üçün ən məsuliyyətli illərdən biri olduğunu bildirib. İdmançı vurğulayıb ki, əsas hədəf "Tokio 2020”yə lisenziya qazanıb ölkəmizi uğurla təmsil etməkdir.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov karatenin Olimpiya Oyunlarının proqramına salınmasından sonra yarışların səviyyəsinin xeyli artdığını bildirib: "Komandamızda çox güclü karateçilər yer alıblar. Karate Olimpiya Oyunlarının proqramına daxil edildikdən sonra yarışların səviyyəsi xeyli artıb, rəqabət güclənib. İdmançılarımız artıq dünyada ən ciddi rəqiblərdən sayılırlar. Rafael Ağayev finala qədər, eləcə də finalda inamla mübarizə apardı. Çalışacağıq ki, karateçilərimiz növbəti yarışlarda daha böyük uğurlar əldə etsinlər”.
Karate üzrə yığma komandanın böyük məşqçi Qurban Tağıyev idmanın bu növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsinin önəmini vurğulayıb. O bildirib ki, karateçilərimiz olimpiadadan əvvəl "Minsk 2019” ikinci Avropa Oyunlarına vəsiqə qazanmağa çalışacaqlar.
AMKF-in baş katibi Mirhəsən Seyidov 2019-cu ilin karateçilər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, karateçilərimiz lisenziya xarakterli yarışlarda uğurla çıxış etməyi qarşıya məqsəd qoyublar.
Qeyd edək ki, Parisdə Karate 1 Premyer Liqa turnirində Rafael Ağayev (75 kq) gümüş, Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-Pridə İrina Kindzerskaya (+78 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal əldə ediblər. "Land of Fire” polo komandası isə İsveçrənin Sankt-Moritz şəhərində keçirilən qış polosu üzrə ənənəvi "Snow Polo World Cup St. Moritz” dünya kuboku turnirində üçüncü yeri tutub.






Bu yazı

20255 dəfə oxunub

Tarix

2019-02-05 12:42:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev