Üzgüçülüyün dörd əsas üsulu


Əgər özünüzü sağlam və gümrah görmək istəyirsinizsə, idmanla məşğul olun. Yaxınlıqda hovuz, çay, göl, yaxud dəniz varsa üzməyi öyrənin. Üzgüçülük vücudunuzun inkişaf etməsinə, bütün orqanlarınızın hərəkətə keçməsinə kömək edir. Qədim Yunanıstnanda oxumağı və üzməyi bacarmayan adamları həyata ən az uyğunlaşmış şəxslər hesab etmişlər. Ancaq buna baxmayaraq, üzgüçülük uzun zaman idmanla bağlı olmayıb. Bu növ hətta qədim Yunan Olimpiya Oyunları proqramlarına da daxil olmamışdır. Yalnız on doqquzuncu əsrin ortalarında Qərbi Avropanın bir sıra ölkələrin üzgüçülük üzrə yarışlar keçirməyə başlamışlar.

Birinci qış üzgüçülük hovuzu 1842-ci ildə Vyanada açılıb. Olimpiya oyunları dirçəliş tapdıqdan sonra oyunların proqramına üzgüçülük yarışları da daxil edilir. Yaxşı üzgüçü olmaq üçün ahəngdar fiziki inkişafa nail olmaq lazımdır. Bu inkişaf təkcə suda deyil, həm də quruda müntəzəm fıziki məşğələlər nəticəsində yaranır. Üzgüçülük üçün fiziki məşğələlər arasında gündəlik səhər gimnastikası, avarçəkmə və idman oyunlarının xüsusi rolu vardır. Qeyd edək ki, üzgüçülükdə dörd əsas üsul var: krol, arxası üstə, brass və batterflay.

Krol ən sürətli üzgüçülük üsuludur. Krolçu növbəli şəkildə əlləri ilə suda üfüqi istiqamətdə avar çəkməklə və ayaqları ilə suya şaquli istiqamətdə elastik zərbələr vurmaqla irəliləyir. Üzgüçü başını çevirdiyi (sağ və sol) tərəfdəki əli ilə avarçəkməni bitirdiyi anda dərindən nəfəs alır, sonra üzünü suya salıb nəfəsini buraxır.

Arxasıüstə üzərkən sürət nisbətən az olur, əllərin və ayaqların hərəkət sxemi isə krolda olduğu kimidir. Üzgüçülüyün sürət baxımından ikinci yerdə olan üsulu batterflay, daha doğrusu, onun delfın növüdür. Kroldan fərqli olaraq, delfın üsulunda hər iki əllə eyni vaxtda avar çəkilir və bu zaman ayaq iki dəfə dalğavari hərəkət etdirilir. Üzmək üçün və suda boğulanları xilas etmək üçün ən rahat üsul brassdır. Bu üsulun hərəkətləri qurbağanın suda üzərkən etdiyi hərəkətlərə çox bənzəyir. Əgər uşaq 7-8 yaşına qədər özünü suyun üzərində saxlamağı artıq bacarırsa, bu yaşda üzgüçülüyün bütün üsullarının texnikasını öyrənmək daha asandır. 9-10 yaşlarında isə bu növlərdən hər hansı birində daha yaxşı bacarıq özünü göstərir. Ciddi məşqlərə və yarışlarda iştirak etməyə 11- 12 yaşlarından başlamaq daha yaxşıdır. İdman nailiyyətləri də, bu yaşdan etibarən, daha sürətlə artır. Üzgüçülklə məşğul olanlar arasında hər il maraqlı yarışlar keçirilir. Gənc üzgüçülər ayda bir dəfə uşaq-idman məktəblərində starta çıxırlar. Yaxşı olar ki, uşaqlar üzməyi təcrübəli məşqçilərin, təlimatçılann və ya idmançıların rəhbərliyi altında öyrənsinlər. Üzməyi yeni öyrənənlər üçün qış və yay hovuzlarının bir tərəfində kiçik hovuzlar, çimərliklərdə isə təmiz sulu, hamar qumlu dibi olan, küləyin və axının mane olmadığı sahələr ayrılır. Üzmək estetik baxımdan, xüsusilə bədənin yaxşılaşmasına gətirib çıxarır. Qolları, çiyinləri üzərkən yuxarı qaldırmaq sinə nahiyəsini inkişaf etdirir və bu, əzələlərin bərkiməsinə səbəb olur. Mütəxəssislər məsləhət edirlər ki, üzməyə başlamazdan əvvəl və sonra bütün orqanizminizin əzələləri üzməyə hazır vəziyyətə gətirilməlidir. Bunun üçün isə üzməkdən əvvəl və sonra müxtəlif idman hərəkətləri etmək vacibdir.

* Bütün hərəkətləri asandan çətinə doğru edin. Çünki əzələlərinizin gərilə bilməsi üçün bu çox vacibdir.

* Yeməkdən iki-üç saat sonra hərəkətlər edin. Yeməkdən dərhal sonra idmana başlamayın.

* Hovuz kənarında etdiyiniz bütün hərəkətlər estetik olmalı, üzməni xatırlatmalıdır.

* İdman edəcəyiniz yerin, otağın havasına fikir verin.

İdeal temperatur 18-250, hərəkətləriniz rahat, yumşaq və nəzarət altında olmalıdır. Mütəxəssislər məsləhət edirlər ki, üzərkən vücudunuzu heç vaxt qısmayın, yoxsa gözəl vücuda sahib ola bilməzsiniz. Üzgüçülük bədəninizdəki yağ, piy qatlarının azalmasına və gözəl bir bədənə sahib olmanıza kömək edəcək. Su və maye qəbul etməyi unutmayın. Hər idman fəaliyyətindən sonra bir stəkan su için. Sağlam qidalanmaq şərtlərinə əməl etsəniz, bu, sizin artıq çəkidən azad olmanıza da kömək edəcək. Bəzən idmandan sonra problemlərlə qarşılaşa bilərsiniz: spazmalar, qıc olmalar özünü büruzə verə bilər. Buna görə üzdükdən sonra saçlarınızı yaxşıca qurudun, bədəninizi soyuqdan, istidən qoruyun, küləkdə qalmayın. Dincələrkən belə, vücudunuzun simmetrik, estetik və düzgün duruşuna fikir verin.





Bu yazı

12841 dəfə oxunub

Tarix

2019-02-17 18:22:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev