Azərbaycan paytaxtında “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşması keçirilib

Prezident İlham Əliyev qarşılaşmaya baxıb


Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında "Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.


AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.
"Bakı 2019: Ulduzlar Finalı”nda "Qərb Ulduzları” və "Şərq Ulduzları” komandaları qarşılaşıblar.
Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfiri Vəli Qasımov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, azarkeşlər arasında keçirilmiş müsabiqə əsasında seçilən Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və Avropa Liqasının finalına həsr olunmuş "İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da meydana çıxıblar.
Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşdü.
UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra oyun başladı.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatdı.
Sonra Prezident İlham Əliyev oyunu izləyən gənc azarkeşlərlə görüşdü, xatirə şəkilləri çəkdirdi.

X X X

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunur. Belə ki, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda dekabrın 22-dən yanvarın 7-dək "UEFA Avropa Liqası Muzeyi” fəaliyyət göstərib. Fevralın 28-də isə UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün bilet satışının qeydiyyatına başlanılıb. Bilet satışının bu mərhələsində həlledici görüş üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü ümumi satışa buraxılıb.
Bu mötəbər futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə start veriləcək. Martın 22-23-də Sevilya, martın 29-30-da Berlin, aprelin 5-6-da London, aprelin 12-də Milan, aprelin 20-də Moskva, mayın 10-da Parisdə olacaq kubok mayın 16-da rəsmi qaydada Bakıya gətiriləcək.
UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın son illərdə bir neçə mötəbər beynəlxalq idman yarışına - I Avropa, IV İslam Həmrəyliyi oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, bu gün ən mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər. Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun, bu il iyunun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarlar bunun göstəricisidir. İdmançılarımızın olimpiada, dünya və Avropa, eyni zamanda, digər beynəlxalq idman tədbirlərində qazandıqları medalların sayının ilbəil artması dövlət səviyyəsində idman sahəsinə göstərilən diqqətin nəticəsidir. Təqdirəlayiq haldır ki, uşaqlar və gənclər arasında idmana böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycan idmanının da inkişafının ən parlaq dövrünü yaşadığını nümayiş etdirir.








Bu yazı

11047 dəfə oxunub

Tarix

2019-03-03 13:05:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev