Komandamız Dünya Çimərlik Oyunlarında 1-ci yeri tutub



Martın 29-30-da Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçirilib. Ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 4 güləşçimiz təmsil edib. Pənah İlyaslı (70 kq) portuqaliyalı Nuno Enrike Lopes Fraqa, braziliyalı Joao Viktor Dos Santos Silva, rumıniyalı Stefan Yonut Koman və yunan Niko Aruzmanidisə qalib gələrək finala yüksəlib. Son görüşdə gürcü Levan Kelexşaşviliyə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib.
İbrahim Yusubov (80 kq) iranlı Omid Şabanali Jelodar, rumıniyalı Vasile Madalin Minzala, portuqaliyalı Edmilson Brito Qomes və yunan Georgios Kuluçidisi üstələyərək finala vəsiqə qazanıb. Son qarşılaşmada gürcü Davit Xutsişviliyə məğlub olan təmsilçimiz ikinci yeri tutub. Kənan Əliyev (90 kq) türk Murat Özkana qalib gəlsə də, Yunanıstan güləşçilərinə - Xristos Samartsidis və Qriqorios Kriaridisə uduzaraq fəxri kürsüdən kənarda qalıb. Oyan Nəzəriani (+90 kq) gürcü Mamuka Kordzayaya məğlub olsa da, ispan Xose Kuba Vaskesə, Gürcüstanın digər təmsilçisi Rolandi Andriadzeyə, türk Baki Şahinə və yunan Yannis Karqiotakisə gücünü göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beləliklə, yığmamız Portuqaliyada 1 qızıl və 2 gümüş medala sahib olub. Bu nəticə ilə yığmamız 65 xal toplayaraq, komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (62) ikinci, Yunanıstan (50) isə üçüncü olub.
Növbəti analoji yarış mayın 10-11-də Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək. Xatırladaq ki, bu yarışlar oktyabrda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.



Bu yazı

11443 dəfə oxunub

Tarix

2019-04-01 10:12:26

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev