“Shamkir Chess 2019”: Çempion mükafatına qovuşdu



Azərbaycanın
tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan
"Shamkir Chess 2019” superturnirinin bağlanış mərasimi keçirilib.
Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilən bağlanış mərasimində
Şəmkir Şəhər İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək
Vüqar Həşimov memorialının dünyada ən nüfuzlu turnirlərdən birinə
çevrildiyini vurğulayıb.
Gənclər və idman nazirinin müavini İsmayıl
İsmayılov Azərbaycanda idmana, xüsusilə şahmata göstərilən diqqət və
qayğıdan danışıb. Nazir müavini Vüqar Həşimov memorialının ölkədə
şahmatın təbliğində rolunu xüsusi qeyd edib, turnirin qalibini, norveçli
dünya çempionu Maqnus Karlseni təbrik edib.
Vüqar Həşimovun qardaşı,
"Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan
Həşimov qardaşının xatirəsinə həsr olunan "Shamkir Chess” superturnirin
təşkilinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın digər
növləri kimi, şahmata da yüksək diqqət və qayğısının bariz nümunəsi
olduğunu deyib.
FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti, "Shamkir Chess 2019" turnirinin Təşkilat Komitəsinin
rəhbəri Mahir Məmmədov çıxışında yarışın maraqlı partiyalarla zəngin
olduğunu qeyd edib. O vurğulayıb ki, Təşkilat Komitəsi yarışı Vüqar
Həşimovun adına layiq, yüksək səviyyədə təşkil etməyə ciddi səy
göstərib.
Bağlanış mərasimində ənənəvi olaraq Vüqar Həşimov Şahmat
Akademiyasının təsis etdiyi "Ədalətli oyun" mükafatının qalibləri elan
olunub. Qaliblərə - dünya çempionu Maqnus Karlsenə və Azərbaycan Şahmat
Federasiyasının vitse-prezidenti Faiq Həsənova mükafatı Vüqar Həşimovun
qardaşı Sərxan Həşimov təqdim edib.
Doqquz turdan ibarət turnirdə
Maqnus Karlsen 7 xalla dördüncü dəfə qalib adını qazanıb. Dinq Liren və
Sergey Karyakin 5, Aleksandr Qrişuk, Vişvanatan Anand və Teymur Rəcəbov
4,5, David Navara, Veselin Topalov 4, Şəhriyar Məmmədyarov 3,5, Aniş
Giri isə 3 xal toplayıblar.
Superturnirin Təşkilat Komitəsinin
rəhbəri Mahir Məmmədov yarışda birinci yeri tutan Maqnus Karlsenə
"Shamkir Chess 2019”un kubokunu təqdim edib.
Sonra bağlanış mərasimi bədii hissə ilə davam edib. Bədii hissədə "Çayçı” rəqsi böyük marağa səbəb olub.
Azərbaycan
Respublikasının Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Samir
Cəfərovun "Azərbaycan” mahnısını üç dildə ifa etməsi hərarətli
alqışlarla qarşılanıb. Beləliklə, Azərbaycanın tanınmış şahmatçısı,
qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan altıncı "Shamkir
Chess” superturnirinə yekun vurulub.
Xatırladaq ki, norveçli dünya
çempionu Maqnus Karlsen 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirin
qalibi olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion
adını qazanıb.



Bu yazı

6694 dəfə oxunub

Tarix

2019-04-10 13:14:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev