Güləş üzrə Avropa çempionatı davam edir



Sərbəst güləşçilərdən sonra qadın güləşçilərimiz mübarizəyə başlayıblar.
Türkan Nəsirova və Elmira Qəmbərova gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub. Ancaq rəqibləri finala yüksəldiyi üçün həmyerlilərimiz aprelin 11-də bürünc medal uğrunda güləşib. Türkan türk rəqibinə də boyun əyərək medalsız qalıb. Əvəzində Elmira ukraynalı rəqibinə qalib gələrək Avropa 3-cüsü oldu. Dünya 3-cüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb.
Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında son dünya çempionuna müqavimət göstərə bilməyib. Netreba aprelin 11-də bürünc medal görüşündə İsveç təmsilçisinə də yenilib. Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb.
Dördüncü yarış günündə daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub. Tatyana Varansova ilk mərhələdə ikiqat dünya və Avropa çempionuna müqavimət göstərə bilməyib. Alyona Kolesnik startda isveçli rəqibini elə ilk dəqiqədə "tuşe" ilə məğlub edib. Macar idmançıyla görüşə də yaxşı başlayan Kolesnik 5 xal fərqiylə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən Alyona xalçadan məğlub ayrılıb. Rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü aprelin 12-də təsəlliverici görüşə çıxacaq. Tatyana Omelçenko da qitə birinciliyinə inamlı qələbəylə start verib. Yığma üzvü Norveç təmsilçisini vaxtından əvvəl üstələyib. Omelçenko daha sonra gücünü polşalı rəqibinə göstərib və adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzub. Tatyana aprelin 12-də "bürünc” üçün güləşəcək. Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Elis 1/4 finalda alman güləşçini də məyus edərək yarımfinala yüksəlib. Bu mərhələdə dünya və Avropa çempionu ilə qarşılaşan Manalova möhtəşəm güləş sərgiləyib. Titullu rəqibini "tuşe” ilə məğlub edən Elis ötən il Kaspiyskdə
keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl 2-ci il AÇ-nin finalına yüksəlib.
Yarışlara aprelin 14-də yekun vurulacaq.




Bu yazı

7718 dəfə oxunub

Tarix

2019-04-12 13:11:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev