Güləş üzrə Avropa çempionatında uğurlarımız davam edir


Aprelin 13-də Azərbaycan güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında biri gümüş, ikisi bürünc olmaqla üç medal qazanıblar.
Beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizəyə qoşulublar.
Güləşçimiz İslam Abbasov (87 kq) ilk görüşündə çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü səkkizdəbir finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən İ.Abbasov Rusiya təmsilçisini də məyus edərək dörddəbir finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə ermənistanlı dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonunadək rəqibindən üstün olan təmsilçimiz parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. İslam yarımfinalda da əla güləş nümayiş etdirərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, İ.Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə əldə edib. Həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu ukraynalı Jan Belenyukla üz-üzə gələn İslam rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Bu, onun böyüklər arasında qitə çempionatında ilk medalıdır.
Dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk görüşündə Serbiya güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz dörddəbir finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans verməyib və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan E.Əzizli bürünc medal uğrunda türkiyəli idmançı ilə güləşib və çətinlik çəkmədən qalib gəlib.
Digər idmançımız Taleh Məmmədov (63) təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Sonra yerli idmançı ilə görüşdə yenə sevinən tərəf güləşçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb. Ancaq bu mərhələdə Norveç idmançısına uduzan T.Məmmədov üçüncü yer uğrunda mübarizə aparıb. Rəqib fiziki göstəriciləri ilə seçilən erməni güləşçi olub. Əsl güləşçi xarakteri nümayiş etdirən Taleh parlaq qələbə qazanaraq Avropa üçüncüsü olub.




Bu yazı

6913 dəfə oxunub

Tarix

2019-04-13 11:50:10

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev