Qran-prinin sonuncu günündə Kardi B konsert proqramı ilə çıxış edəcək


Dünya musiqisində özünəməxsus ifası ilə seçilən reper Kardi B Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramı ilə möhtəşəm yarış həftəsonuna yekun vuracaq. Ötən il olduğu kimi, bu il də dünya ulduzlarının verəcəyi axşam konsertləri "Baku Crystal Hall”da baş tutacaq.

Əsl adı Belkalis Almanzar olan Kardi B reperlik fəaliyyətindən əvvəl etdiyi mübahisəli paylaşımları ilə sosial şəbəkələrdə məşhurlaşıb. O, 2015-2017-ci illər arasında VH1 televiziya kanalınının "Love & Hip Hop: New York” realiti şousunun daimi üzvü olub və 2017-ci ilin fevralında "Atlantic Records” səsyazma şirkəti ilə ilk böyük müqaviləsini imzalayıb. Onun həmin şirkətlə birgə buraxdığı "Bodak yellow” adlı sinql ifaçıya solo Lorin Hildən (1998) sonra ABŞ-ın "Billboard Hot 100” hit-paradında 1-ci yeri tutan 2-ci qadın reper statusunu qazandırıb. Üç həftə ardıcıl 1-ci yerdə olan reper Taylor Svift ("Look What You Made Me Do”) ilə birgə 2017-ci ildə qadın ifaçılar arasında hit-paradın ən uzunmüddətli nömrə 1-i olub. Həmin sinql reperin 2018-ci ildə buraxdığı "Invasion of privacy " adlı ilk musiqi albomuna da daxil edilib.

2017-ci ilin mayında açıqlanan "BET” mükafatlarının namizədləri arasında Kardi B "Ən yaxşı yeni ifaçı” və "Ən yaxşı qadın hip-hop ifaçısı” kateqoriyaları üzrə yer alıb. Digər məşhur ifaçılarla birgə buraxdığı "No limit” və "MotorSport” mahnıları ilə isə "Hot 100” hit-paradı və "Hot R&B/Hip-Hop Songs” siyahısında ilk 10-luğa daxil olub.

Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Kardi B-nin Bakıya gəlişinə münasibət bildirərkən deyib: "Dünya musiqisinin ən istedadlı nümayəndələrindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Qısa müddət ərzində özünəməxsus tərzi ilə digərlərindən olduqca fərqlənən Kardi B artıq musiqi aləmində bənzərsiz səslərdən biri kimi özünü sübut edib. Azərbaycan Qran-Prisinin bağlanış mərasimini ən gözəl şəkildə qeyd etmək və gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarış həftəsonundan sonra tamaşaçılarla xoş təəssüratlarla ayrılmaq üçün Kardi B ən uyğun seçimdir. Aprelin 28-də "Baku Crystal Hall”da baş tutacaq konserti səbirsizliklə gözləyirəm”.

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Tamaşaçıların Bakı şəhər halqasından "Baku Crystal Hall”a rahat gediş-gəlişi xüsusi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq pit-yolu gəzintisində iştirak edə biləcəklər. Bilet sahibləri gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarına, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib Dənizkənarı Milli Park boyunca uzanan ərazidə müxtəlif əyləncə proqramlarına qatıla biləcəklər.



Bu yazı

1747 dəfə oxunub

Tarix

2019-04-14 12:37:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev