AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub


Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi (EVENTOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb.
Müqaviləni AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və EVENTOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.
Tərəfdaşlıq müqaviləsinə əsasən, AZƏRTAC-ın rəsmi saytında festival haqqında bütün məlumatların yerləşdiriləcəyi "Bakı-2019” adlı xüsusi bölmə yaradılacaq. Agentlik Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə işıqlandırmaq üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorları cəlb edəcək. Oyunlarla bağlı informasiyalar oxuculara 8 dildə, videoxəbərlər isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq.
EVENTOC-un korporativ direktoru Elçin Səfərovun sözlərinə görə, bu, yerli mətbuat qurumları ilə ilk tərəfdaşlıq müqaviləsidir və həm Azərbaycanda, həm də dünyada Avropa Gənclər Yay Olimpiya Festivalının təbliğində mühüm rol oynayacaq. Habelə festivalla bağlı xəbərlərin xarici KİV-lər vasitəsi ilə də yayılmasına şərait yaradacaq.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov agentliyin Azərbaycanda keçirilmiş bir çox idman tədbirlərinin, o cümlədən ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi və digər beynəlxalq yarışların işıqlandırılmasında böyük təcrübəyə malik olduğunu vurğulayıb. Qeyd edib ki, AZƏRTAC əvvəlki tədbirlərdə qazanılmış təcrübəyə əsaslanaraq Avropa Gənclər Yay Olimpiya Festivalını da yüksək səviyyədə işıqlandırmaq üçün əlindən gələni edəcək.
İdarə Heyətinin sədri onu da bildirib ki, bu gün AZƏRTAC 150-dək xarici informasiya agentliyi ilə mütəmadi xəbər mübadiləsi aparır və 21 ölkədə müxbir məntəqəsi var. Bu, keçiriləcək festival haqqında informasiyaların geniş coğrafiyada yayılmasında və böyük auditoriyaya çatdırılmasında mühüm rol oynayacaq.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 50 ölkədən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək


Bu yazı

17036 dəfə oxunub

Tarix

2019-04-25 12:22:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev